Azərbaycan domları — Azərbaycanda yaşayan etnik qrup.
Ümumi məlumat Azərbaycanın müxtəlif rayonlarında yerli əhalinin qaraçı adlandırdığı toplumlarla qarşılaşmaq mümkündür. Şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində yaşayan bu toplumlar zahiri görünüşləri, yaşam tərzləri, xarakterik cizgilərinə görə yerli əhalidən fərqlənmiş, məhz bu fərqli cəhətlərinə görə də həmişə diqqəti öz üzərlərinə çəkmişlər. Vaxtilə köçəri həyat sürmüş bu toplumları qaynar şəhər həyatı, daşdan, kərpicdən tikilmiş təmtəraqlı evlər cəlb etməmiş, onlar təbiətin qoynunda, keçədən salınmış alaçıqlarda yaşamağa üstünlük vermişlər. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, onlar orada düşərgə salmasın, alaçıqlarını qurmasınlar. Bu toplumların azad həyatı, yaşam tərzi folklorda, ədəbiyyatda yeni-yeni personajların, xarakterlərin yaranmasına səbəb olmuşdur. Qaraçı bu toplumlara kənardan, yeri əhali tərəfindən verilən addır, əslində onlar özlərini fərqli adlarla tanıdırlar. Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarında yaşayanlar özlərini pars, Yevlax rayonu neft kəmərləri adlanan ərazidə yaşayanlar kürd, Ağsu, Ağdaş, Ağdam, Ağcabədi, Bərdə rayonlarında və Yevlax rayonu avtovağzal ərazisində yaşayanlar isə özlərini dom adlandırırlar. Fərqlilik təkcə bu tayfaların adında deyil, onların zahiri görünüşündə, dillərində, adət-ənənələrində də özünü göstərir. Özlərini pars adlandıranlar fars, Yevlax və Bərdə rayonlarında yaşayanlar kürd, domlar isə Azərbaycan dilində danışırlar. Köçəri həyat zamanı bu tayfalar arasında müəyyən yaxınlıqlar yaranmış, bir-birilərini yaxşı tanımışlar, bununla belə özləri də ayrı-ayrı toplumlar olduqlarını iddia edirlərİlkin Rüstəmzadə. Azərbaycan domları: yayıldığı coğrafiya, təsərrüfatı və məişəti. https://www.researchgate.net/publication/370938810_Azrbaycan_domlari_yayildigi_cografiya_tsrrufati_v_misti#fullTextFileContent
Domların oturaqlaşması Domlar Azərbaycanda indiyə qədər qaraçı adı ilə tanınmışlar. Amma müşahidələr göstərir ki, qaraçı onların əsl adı deyil, yerli əhali tərəfindən verilən addır. Qaraçı adı Azərbaycan və Qafqaz ərazisində işlənmiş, dilənçiliklə məşğul olan toplumlara şamil edilmişdir. Domlar Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarında və Dəliməmmədli şəhərində məskunlaşmışlar. Dəqiq sayları bəlli deyildir. Domlar fərqli tayfalardan, özlərinin təbiri ilə desək, təbəqələrdən təşkil olunmuşlar: əmirlilər, qaralar (onlara şirməmmədlilər də deyilir), sarılar, bədirkilər, leştanlılar, iranlılar və s. Tayfalar çox vaxt nəslə görə deyil, ya rənginə, ya da coğrafi mənsubiyyətinə görə adlandırılmışdır. Coğrafi mənsubiyyət zamanı onların hansı əraziyə aid olduqları deyil, haradan gəldikləri əsas götürülmüşdür. Hətta nəsil mənsubiyyəti məlum olan tayfalar da çox vaxt gəldikləri yerə görə tanınmışlar. Məsələn, Ağsu rayonunda məskunlaşan əmirli tayfası digər domlar arasında bakılı, Bərdə rayonunda məskunlaşan temirxanlılar iranlı kimi tanınır. Əmirli tayfasının bakılı adlandırılması vaxtilə Mərdəkan, Bilgə, Buzovna tərəfdə olmaları ilə əlaqədardır. Bədirkilər Ağdam şəhərində məskunlaşmış, şəhər işğal olunduqdan sonra böyük əksəriyyəti Bakı şəhərinə köçmüşdür. Leştanlılar Ağcabədi, qaralar Ağdaş, Bərdə və Dəliməmmədlidə, sırovlular Ağdaş rayonunda məskunlaşmışlar. Azərbaycan domlarının oturaqlaşması 1956-cı ildən sonraya təsadüf edir. 1956-cı ildən başlayaraq Ağsu rayonunda dom ailələri üçün torpaq sahəsi ayrılır və orada məskunlaşdırılır. Ağdaş domlarının da məskunlaşması həmin dövrə düşür. Ağdaş domları oturaqlaşmaları haqqında qərarı Yevlax rayonu Qarxun kəndinin yaxınlığında düşərgə saldıqları zaman öyrənirlər. Yevlax domlarının dediyinə görə, qaraçıların oturaqlaşması haqqında qərar çıxandan sonra onlara köç etməyə imkan verməmişlər. Onlara Yevlax və Bərdə rayonlarında yer ayrılmış və orada məskunlaşdırılmışlar. Məskunlaşan zaman hər tayfa hansı rayonla sıx əlaqələri, dostları, tanışları varsa, o rayonu seçmişdir. Oturaqlaşan zaman dövlət onlara müəyyən imtiyazlar da vermiş, beş il müddətinə onları hərbi xidmətdən azad etmişdir.
Köçəri həyatı Domlar köçəri həyat sürüblər, amma bu köçərilik yazılı ədəbiyyatda vurğulandığı kimi bu xalqın azadlıq və sərbəstlik istəklərindən irəli gəlməyib. N. Q. Demeter haqlı olaraq vurğulayır ki, köçəriliyin qaraçıların azadlığa, sərbəstliyə düşkünlükləri ilə heç bir əlaqəsi yoxdur, sırf iqtisadi təməllərə dayanır.Деметер Н. Г., Бессонов Н. В., Кутенков В. К. История цыган: новый взгляд. Москва: ИПФ "Воронеж", 2000. Məlumdur ki, qaraçılar ələk, xəlbir, şadara kimi bir çox məişət əşyalarının istehsalı ilə məğul olmuşlar. İstehsal etdikləri əşyaları sata bilmək üçün isə onlara yeni bazarlar lazım idi. Ayı oynadanların yeni məkanlara, fala baxanların yeni müştərilərə ehtiyacı var idi. Bu ehtiyac onları bir bölgədən digərinə köç etməyə, özlərinə yeni bazarlar, yeni məkanlar axtarmağa sövq etmişdir. Köçərilik təsərrüfat fəaliyyəti ilə bağlı olduğu üçün oturaq həyata keçdikdən sonra da bu xususiyyət aradan qalxmamış, başqa bir formada yenə davam etdirilmişdir. İndiki dövrdə də domlar səyyar şəkildə kənd-bəkənd gəzərək istehsal etdikləri əmək alətlərini satmaqla məşğuldurlar. Hazırladıqları təsərrüfat əşyalarını sata bilmək üçün məskunlaşdıqları rayonun sərhədlərindən də kənara çıxırlar. Dilənçilik, falçılıqla məşğul olan qadınlar isə başqa rayonlara üz tutaraq öz məşğuliyyətlərini sürdürürlər. Bu faktlar bir daha onu göstərir ki, domların köçəriliyi sırf təsərrüfat fəaliyyəti ilə bağlıdır. Domların köçü yaz qabağı, mart ayında başlayır, payızın axırlarına qədər davam edirdi. Novruz bayramını artıq köçdə ikən çadırlarda qeyd edirdilər. Onlar dəstələr halında köç edirdilər. Hər bir dəstə ən yaxın ailə üzvlərindən təşkil olunurdu. Dəstə üzvlərinin köçü bir olur, düşərgə saldıqda da alaçıqlarını bir-birinə yaxın qururdular. Müxtəlif dəstələr halında köç etmələrinə baxmayaraq, tayfanın köç marşurutu bir idi. Kimsə ümumi köçdən ayrılıb başqa istiqamətə getmək istəyirdisə, öncə tayfa ağsaqqa-lından icazə alıb sonra köç edirdi. Dəstənin böyükləri, ağsaqqallar at üstündə köç edir, digərləri isə piyada onların arxasınca gəlirdilər. Qadınlar körpələrini kürəklərinə şəlləyir, digər uşaqları isə eşşəyin belində fərməcin üstündə oturdurdular. Ağır yüklərini eşşəyə, qatıra yükləyirdilər. Dom camaatı mal-qaranı qorumaq üçün iri itlər saxlayırdı. İtlər yerli əhaliyə narahatlıq verməsin deyə, əsasən, çay kənarında, kənd ətrafında düşərgə salırdılar. Qaraçıların çay kənarında düşərgə salmaları "Qaraçını çay qırağında axtar" məsəlində də qalmışdır. Onların əsas düşərgə yerləri Girdiman, Türyançay, Araz çaylarının qırağı olmuşdur. Domlar bir həftə, on gün düşərgə saldıqları yerdə qalır, istehsal etdikləri əmək alətlərini – ələk, xəlbir, şadara, həmçinin digər rayonlardan aldıqları ərzaqları – düyü, şabalıd, qoz, fındıq və s. kəndlərdə, Ağsu, Ağdaş, Kürdəmir və s. rayonların bazarlarında satır, sonra yenidən köçə başlayırdılar. Hər tayfanın öz köç marşurutu vardır. Məsələn, Ağsu domları Ağsu, İsmayıllı, Qəbələ istiqamətində köç edirdilər. Ağdaş ərazisində yaşayan domlar isə İrəvandan, Kəlbəcərdən, Şərurdan belə gəzmiş, Göygölün üstündə alaçıqlar qurmuş, yayı isə Şəki şəhərində keçirmişlər. Bərdə domlarının köç yeri isə Qarabağ, Xoşbulaq, Kəlbəcər, Gədəbəy olub. Domların köçü oktyabrın axırına – yağışlar başlayana qədər davam etmiş, qışı isə aran rayonlarında keçirmişlər. Ağsu rayonundakı domlar Kürdəmir rayonunun Kəngərli kəndində kirvələrinin, yaxın tanışlarının evində qışlamışlar. Dost-tanışları yazda ot biçilən zaman onların mal-qaraları üçün ayrıca taya vurmuş, qışda həmin tayanı onlara satmışdılar. Ağdaş rayonundakı domlar da Hüşün, Mürsəl, Hacılı kəndlərindəki dostlarının, tanışlarının evində qalmış, qışlamağa ev tapmadıqda isə Kür qırağında alaçıq qurub orada qışlamışlar. Qışlamaq üçün Kür qırağını seçmələrinin səbəbi orada mal-qaralarını otarmaq üçün örüş sahələrinin, yanacaq üçün odunun olması idi. Bərdə domları isə qış sərt gələndə aran rayonlarında dost-tanışın evinə sığınmış, mülayim keçəndə isə Bərdə rayonunun Gərənə kəndinin yaxınlığın-dakı düzənlik ərazidə qışlamışlar. Qışladıqları dövrdə də boş qalmamış, dom qadınları qışladıqları rayonun bazarında digər bölgələrdən aldıqları ərzaqları satmaqla, kişilər isə bütün qışı ələk, xəlbir toxumaqla məşğul olmuşlar.
Domların məşğuliyyəti Tədqiqatçılar vurğulayırlar ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq domların məşğul olduğu sahələr, demək olar ki, hamısında eynidir: ənənəvi sənətkarlıq, ticarət, musiqi və rəqs, heyvan əhliləşdirmək, fala baxmaq və dilənçilik. Domların həyatının ayrılmaz parçası olan, onların özləri ilə assosasiya olunan bu sənət sahələri həm də domları birləşdirən bir amil kimi çıxış edirДеметер Н. Г., Бессонов Н. В., Кутенков В. К. История цыган: новый взгляд. Москва: ИПФ "Воронеж", 2000, 334 с. Sadaladığımız sənət sahələrinin bəziləri başqa xalqlar arasında olsa da, onlar domlarla o qədər özləşmişdir ki, ələkçilik, xəlbirçilik, falçılıq dedikdə göz önünə, ilk növbədə, domlar gəlir. Hindistandan çıxdıqları dövrdən başlayaraq ta bu günə qədər bu sənət sahələri onlar arasında mövcud olmuş, müasir dövrlə ayaqlaşmayan bəzi sənət sahələri sıradan çıxdığı halda, yuxarıda qeyd olunanlar onların həyatının ayrılmaz parçasına çevilmişdir. Əkin-biçin haqqında isə, ümumiyyətlə, təsəvvürləri olmadığından oturaqlaşdıqdan sonra da bu sahəyə maraq göstərməmişlər. Domlar arasında dilənçilik, falçılıqla həyatlarını sürdürən insanlar da vardır. Dilənçiliklə domların hamısı deyil, yalnız müəyyən ailələr məşğul olmuşlar. Domlarda dilənməyə ancaq yaşlı qadınlar gedirdi. Dilənçilik əslində ehtiyacdan irəli gəlmir. Çünki domlar arasında hər cür rahatlığı olan, bununla belə dilənçiliyi tərk etməyən şəxslər də vardır. Dilənçiliyin arxasında duran təsəvvür unudulduğundan onların özləri də onun hansı inamla bağlı olduğu haqda doğru-düzgün məlumat verə bilmirlər. Tədqiqatçılar dilənçiliyi hindlilərin karma haqqında dini-fəlsəfi təsəvvürləri ilə əlaqələndirirlərДеметер Н. Г., Бессонов Н. В., Кутенков В. К. История цыган: новый взгляд. Москва: ИПФ "Воронеж", 2000, 334 с. Karma insanın bu dünyada tutduğu əməllərinin məcmusunu ifadə edir. Karma konsepsiyasına görə, insanın gördüyü işlər, tutduğu əməllər onun gələcək taleyini müəyyən edir. İnsanın yaxşı əməlləri çox olarsa, öldükdən sonra onun ruhunun daha yüksək zümrəyə sahib insanların bədənində dünyaya gələcəyinə, karması pis olan insanların ruhunun isə daha aşağı zümrəyə sahib, hətta heyvanların bədənində dünyaya gələcəyinə inanılır. Eyni təsəvvürə Azərbaycanın Zəngilan rayonunda yaşayan şamlılardan qeydə alınmış ruh qurbanı haqqında etnoqrafik məlumatda da rast gəlinir. Ruhun təkrar dünyaya gəlməsi inancının olduğu şamlılarda insan öldükdən sonra ruhunun pis, murdar bir heyvanın bədəninə keçməməsi üçün ruh qurbanı kəsilir.Qarabağ: folklor da bir tarixdir, X kitab (Zəngilan və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, "Elm və təhsil", 2018, s. 57 Ruh qurbanının burada oynadığı rolu karma konsepsiyasında dilənçilik yerinə yetirir. Kasta sistemində dilənməyə karmanı yaxşılaşdıran vasitə kimi baxılmış, ondan imtina isə cəza kimi qavranılmışdır. Buna görə də dilənçilik Hindistanda vacib və zəruri məşğuliyyət kimi qəbul olunmuşdur.