Ghost of Tsushima () — 2020-ci ildə "Sucker Punch Productions" tərəfindən istehsal olunmuş və "Sony Interactive Entertainment" tərəfindən yayımlanmış döyüş-macəra janrında olan videooyun. Oyunçu Yaponiya üzərinə birinci monqol istilası dövründə Tsuşima adasını müdafiə etməyə çalışan samuray Cin Sakayı idarə edir. Cin öz xalqını qorumaq üçün samuray kodeksinə sadiq qalaraq şərəfli şəkildə vuruşmaq və ya az itki ilə monqolları dəf etmək üçün daha praqmatik, lakin şərəfli hesab olunmayan üsullardan istifadə etmək seçimi qarşısında qalır. Oyun geniş açıq dünyaya malikdir və oyunçu bu ərazini piyada və ya at belində səyahət etməklə kəşf edə bilər. Döyüşlər zamanı oyunçu Cin Sakayın katanasından istifadə edərək birbaşa qarşıdurmaya girə və ya düşmənlərini gizlilik taktikasından istifadə etməklə səssizcə məhv edə bilər. "Ghost of Tsushima: Legends" adlı çoxnəfərli rejim 2020-ci ilin oktyabr ayında təqdim edilmiş, 2021-ci ilin sentyabrında isə ayrıca məhsul kimi istifadəyə verilmişdir.

"Sucker Punch Productions" bu layihənin üzərində işləməyə 2014-cü ildə "Infamous First Light" oyununu satışa çıxardıqdan sonra başlamışdır. Studiyanın məqsədi "Infamous" franşizasından uzaqlaşaraq əsas diqqəti yaxın döyüşlərə yönələn yeni bir layihə yaratmaq olmuşdur. Yaradıcı heyət "Japan Studio" ilə əməkdaşlıq etmiş və oyunun mədəni və tarixi baxımdan mümkün qədər autentik olmasını təmin etmək məqsədilə Tsuşima adasına iki dəfə səfər etmişdir. Layihənin konsepsiyası samuray kinematoqrafiyasından, xüsusilə, Akira Kurosavanın filmlərindən, həmçinin "Usagi Yojimbo" adlı komiks seriyasından güclü şəkildə təsirlənmişdir. Oyunun mənzərəsi və minimalistik incəsənət üslubu "Shadow of the Colossus" oyunundan ilhamlanmışdır, oyun məkanları isə "fotoqraf üçün mükəmməl səhnə" yaratmaq məqsədilə dizayn edilmişdir. Oyun xəritəsi Tsuşima adasının formasına bənzərdir, lakin yaradıcılar onu tam ölçülü rekreasiya kimi nəzərdə tutmamışdılar. Oyunun musiqisini İlan Eşkeri və Şigeru Umebayaşi bəstələmişlər.

"Ghost of Tsushima" 2020-ci ilin iyul ayında "PlayStation 4" üçün buraxılmışdır. 2021-ci ilin avqustunda "PlayStation 4" və "PlayStation 5" platformaları üçün "Director's Cut" adlı genişləndirilmiş versiya, habelə "Iki Island" əlavəsi ilə birlikdə təqdim edilmişdir. Bu versiyanın "Windows" üçün uyğunlaşdırılmış versiyası "Nixxes Software" tərəfindən istehsal olunmuş və 2024-cü ilin may ayında yayımlanmışdır. Oyun tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, onun xüsusilə də yaxın döyüş sistemi, narrativ xətti, personajları, aktyor performansları və musiqisi yüksək rəğbət qazanmışdır. Bununla belə, bəzi rəylərdə gizlilik mexanikasının tətbiq olunması və açıq dünya strukturuna dair tənqidlər səsləndirilmişdir. 2024-cü ilin sentyabr ayına olan məlumata görə, oyun 13 milyon nüsxədən artıq satılmışdır. "Ghost of Tsushima" bir çoxillik mükafatlara, o cümlədən, "The Game Awards" və "D.I.C.E. Awards" mərasimlərində "İlin oyunu" nominasiyasına təqdim edilmişdir. Əsas oyuna əsaslanan film adaptasiyası və "Legends" rejiminə əsaslanan anime hazırda istehsal mərhələsindədir. Oyun seriyasının davamı olan "Ghost of Yōtei" 2025-ci ilin oktyabr ayında buraxılmışdır.

Geympley thumb|left|"Ghost of Tsushima" oyununda oyunçu Tsuşima adasının açıq dünyasında at belində hərəkət edə bilər.

Oyun döyüş-macəra janrındadır və üçüncü şəxs baxış bucağından oynanılır. Oyunçunun qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir sıra müxtəlif oyun imkanları mövcuddur. O, "qarşıdurma" () adlı rejimdə düşmənlərlə birbaşa qarşılaşaraq katana ilə döyüşə girə bilər. Bu, ardıcıl olaraq bir neçə düşmənin ölümcül zərbələrlə məğlub edilməsinə səbəb olur. Döyüş mexanikası təməlində akrobatik fəndlər və qarşı zərbə, həmçinin zəif və ya güclü zərbələrdən ibarətdir. Döyüş zamanı Cin müxtəlif növ düşmənlərə qarşı fərqli döyüş duruşlarından istifadə edə bilər. Bunlara qılınc daşıyan düşmənlərə qarşı tətbiq olunan "daş duruşu", qalxan ilə qorunan düşmənlərə qarşı tətbiq olunan "su duruşu", nizədən istifadə edən düşmənlərə qarşı tətbiq olunan "külək duruşu", iri cüssəli düşmənlərə qarşı tətbiq olunan "ay duruşu" aiddir. Zaman keçdikcə oyunçu "kabus duruşu"nu () açır. Bu rejim Cinə məhdud zaman ərzində toxunulmazlıq qazandırır və onu düşmənləri bir zərbə ilə məhv etməyə imkan verir. Bu vəziyyəti aktivləşdirmək üçün oyunçu zərər görmədən müəyyən sayda düşməni öldürməli və ya monqol sərkərdələrindən birini "qurban verməlidir". Düşmənləri zəiflətmək üçün oyunçu ya onları tarazlıqdan salmalı, ya da uğurlu qarşı zərbə endirməklə müdafiələrini qırmalıdır. Oyunçu müxtəlif növ oxlar atan yaylardan da istifadə edə bilər. Oyunun müəyyən mərhələlərində Cin unikal hücum taktikalarına malik olan və "boss" rolunu oynayan qeyri-oyunçu personajlar ilə (NPC) duellərə girir. Oyunun ən yüksək çətinlik səviyyəsində daha realist döyüş mexanikası tətbiq olunur. Burada oyunçu və düşmənlər bir-birinə çox böyük zərbə vurur, əksər adi döyüşlər bir və ya iki uğurlu zərbə ilə başa çatır.

Alternativ olaraq oyunçu gizlilik üsullarından istifadə edərək düşmənlərdən yayınmaq və Cinin tantosu ilə səssiz hücumlar həyata keçirmək imkanı qazanır. Oyun irəlilədikcə "zəncirvari sui-qəsd" qabiliyyəti açılır və bu, Cinə bir neçə düşməni ardıcıl şəkildə öldürməyə imkan verir. Bu məqsədlə Cin geniş "kabus silahları" arsenalına malikdir. Bu silahlara diqqəti yayındırmaq üçün istifadə edilən partlayıcı fişənglər və musiqili asmalıqlar, düşmənləri çaşdırmaq üçün tüstü bombaları, bir neçə hədəfi eyni anda vurmaq üçün kunay, habelə, qrupları məhv etmək üçün partlayıcı vasitələr daxildir. Oyunun gedişində oyunçu zəhərli ox atan üfürmə borusunu da əldə edir. Bu silahla vurulan düşmənlər hallüsinasiyaya qapılır və öz silahdaşlarına hücum edirlər. Cinin sağlamlığını bərpa etməsi və ya xüsusi döyüş texnikalarından istifadə etməsi "iradə" səviyyəsini azaldır. Bu iradə düşmənləri məhv etmə və ya uğurlu qarşı zərbələr kimi ustalıq hərəkətləri nəticəsində bərpa olunur.

Oyun böyük açıq dünyaya malikdir və bu dünya küləyin istiqamətinə əsasən ya rəhbərliklə, ya da sərbəst şəkildə kəşf edilə bilər. Oyunun xəritəsi düzənliklər, meşələr, dağlar və kəndlərdən ibarətdir. Tsuşima adasının üç bölgəsi oyun irəlilədikcə tədricən açılır. Əvvəlcə İzuhara, sonra Totoyama, daha sonra isə Kamiaqata kəşf edilir. "Iki Island" əlavəsinə İzuharaya daxil olduqdan sonra DLC sahibi olan oyunçular girə bilərlər. Oyunçular Tsuşima adası boyunca at belində səyahət edə və çətin keçilən ərazilərə qalxmaq üçün abordaj qarmağı kimi işləyən alətdən istifadə edə bilərlər. Oyunçular işğalçıların gücünü zəiflətmək üçün çoxsaylı düşərgələri və ya qalaları monqol işğalından azad edə bilərlər. Kəşfiyyat zamanı əsən külək və sarı quşlar Cini maraqlı məkanlara istiqamətləndirir. Bu məkanlara Cinin maksimal sağlamlığını artıran isti bulaqlar, iradə səviyyəsini artıran "bambuk zərbələri" adlı minisınaqlar, silahlar üçün bəzək dizaynları təqdim edən "şərəf sütunları", eləcə də Cinin hayku yazdığı meditasiya yerləri daxildir. Torii qapılarını izləməklə və platforma tapşırıqlarını yerinə yetirməklə oyunçu şinto məbədlərini tapa bilər. Bu məbədləri ziyarət edən oyunçu passiv bonuslar verən amuletləri açır. Bu amuletlər alınan zərərin azalması, düşmənlərin oyunçunu daha gec aşkar etməsi və sağalma zamanı bərpa olunan sağlamlıq miqdarının artması kimi üstünlüklər təmin edir. Tülkülər Cini İnari məbədlərinə aparır. Bu məbədlər Cinin daşıya biləcəyi amuletlərin sayını və gücünü artırır.

Oyun həmçinin, əlavə kvestlərə və oyunçunun qarşılıqlı əlaqə qura biləcəyi NPC-lərə malikdir. Oyunçular monqolların nəzarətində olan kəndləri və düşərgələri oradakı bütün düşmənləri məhv etməklə azad edə bilərlər. Döyüş mövqeləri Cin monqol sərkərdələrini müşahidə etdikdə və ya onları məhv etdikdə açılır. Əlavə kvestləri yerinə yetirmək və ya NPC-lərə kömək etmək oyunçuya kiçik amuletlər və məbədlərdə toplanan hədiyyələr qazandırır. Xüsusilə "Mifik əhvalat" () adlı tapşırıqları tamamlayan oyunçular unikal zirehlər və xüsusi döyüş texnikaları əldə edirlər. Hər bir zireh dəsti döyüş zamanı müxtəlif üstünlüklər təmin edən fərqli xüsusiyyətlərə malikdir. Əksər zireh və geyim dəstləri oyunda tapılan materiallar vasitəsilə təkmilləşdirilə bilər. Bundan əlavə, Cinin görünüşü maskalar, dəbilqələr və baş sarğıları ilə fərdiləşdirilə bilər. Oyunda həmçinin, foto rejimi mövcuddur.

Çoxnəfərli rejim "Ghost of Tsushima: Legends" adlı çoxnəfərli rejim 2020-ci ilin sonlarında təqdim edilmişdir. Oyunçular bu rejimə əsas menyu vasitəsilə və ya birnəfərli rejimdə nağılçı Qyozen adlı NPC-yə yaxınlaşmaqla daxil ola bilirlər. Bu zaman oyunçu "Legends" çoxnəfərli lobbisinə yönləndirilir. Birnəfərli rejimdən fərqli olaraq, "Legends" Yaponiya mifologiyasına əsaslanır və fövqəltəbii aləmlər, eləcə də qeyri-insani düşmənlər təqdim edir. "Legends" dörd sinifdən ibarətdir. Bunlardan samuray qrupun "tank" personajıdır, çoxlu zərbə endirmək və dözümlü olmaq qabiliyyətinə malikdir; ovçu qrupun uzaq məsafədən hücum edən "snayper"idir və yay-ox kimi uzaqmənzilli silahlarda ixtisaslaşmışdır; ronin döyüşlərdə itləri çağırmaq və komanda üzvlərini diriltmək qabiliyyətinə malikdir; son olaraq sui-qəsdçi bir hücumla böyük zərər vurmaq gücünə sahibdir və onu qısa məsafələrə teleportasiya etməyə imkan verən "Kölgə zərbəsi" () qabiliyyətinə malikdir. Oyunçu matçlarda iştirak etdikcə və irəlilədikcə "rütbə" qazanır. Bu rütbə sinifə xas təkmilləşdirmələrin və kosmetik əşyaların açılmasına imkan verir. Oyunçunun döyüş performansı onun təchizatının "Ki" səviyyəsi ilə müəyyən olunur. Oyunçunun ümumi "Ki" səviyyəsi nə qədər yüksək olarsa, onun döyüş gücü bir o qədər artmış olur və bu da yüksək çətinlik səviyyəli tapşırıqların daha uğurla yerinə yetirilməsinə şərait yaradır.

"Legends" müxtəlif oyun rejimlərini əhatə edir. Hekayə rejimində iki oyunçu səsləndirilmiş tapşırıqları və missiyaları birgə yerinə yetirə bilər. Oyunçu irəlilədikcə əlavə çətinlik dərəcələri, yeni məqsədlər və mükafatlar açılır. 2020-ci ilin oktyabr ayında komanda "İyi əhvalatı" adlı üç fəsildən ibarət basqın rejimini təqdim etmişdir. "Hekayənin kulminasiyası" kimi təsvir edilən bu rejim təcrübəli oyunçular üçün nəzərdə tutulmuşdur, dördnəfərlik dəstə dəstəyi tələb edir, komanda işi və koordinasiyanı önə çıxarır, həmçinin birgə həll edilməli tapmacalar təqdim edir.

Həyatda qalma rejimində dörd oyunçu birləşir və 15 dalğa halında gələn düşmənlərlə mübarizə aparır. Oyunçuların dəstəsi sağ qaldıqca və tapşırıqları tamamladıqca, döyüşdə yardım üçün ruhani ayı çağırmaq və ya düşmənləri yandırmaq kimi güclü qabiliyyətlər əldə edə bilər.

Rəqiblər rejimində hər birində iki oyunçu olmaqla iki komanda bir-biri ilə rəqabət aparır. Məqsəd digər komandadan daha sürətli irəliləmək və daha çox düşmən məhv etməkdir. Komanda düşmənləri məğlub etdikcə "Maqatama" adlı oyundaxili valyuta qazanır. Bu valyuta vasitəsilə rəqib komandanın irəliləyişini çətinləşdirən imtiyazlar və lənətlər alınır. Komanda kifayət qədər "Maqatama" topladıqdan sonra son dalğa açılır və qalib gəlmək üçün bu dalğanı digər komandadan daha tez tamamlamalı olur.

Süjet

Personajlar