Mustafa Ağabəy oğlu Topçubaşov () — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin qurucularından biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat.Azərbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı-1986, səh. 317

Həyatı Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) İrəvan şəhərində anadan olmuşdur. Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, bu dövrdə Kiyevdə qalaraq dövlət imtahanlarına hazırlaşıb.

Reyhan Topçubaşovanın həyat yoldaşıdır. İbrahim Topçubaşovun atasıdır.

Əmək fəaliyyəti 1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi — III cərrahi xəstəliklər kafedrasıAzərbaycan Tibb Universiteti — 80. Bakı, 2010. səh. 24) müdiri seçilir.

Elmi fəaliyyəti M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.

Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

Müharibədən sonra professor M. Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur.М. А. Топчибашев. Библиография. Баky-1965, səh. 16 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.

1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.

Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir.Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0 O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.http://nizami.libmks.az/1305-mustafa-topgubaeov.html

1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.

Xatirəsi ● Bakı, Gəncə, Tovuz, Bərdə, Şirvan və Mingəçevir şəhərlərində mərkəzi küçələrdən biri Mustafa Topçubaşovun adını daşıyır.

● 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.Akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1995-ci il tarixli Sərəncamı — anl.az saytı

● 1995-ci ildə Azərpoçt tərəfindən Mustafa Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş poçt markası buraxılmışdır.

● Bakı şəhərində yerləşən Elmi Cərrahiyyə Mərkəzi Mustafa Topçubaşovun adını daşıyır.

● Kinorejissor Yalçın Əfəndiyev onun haqqında "Mustafa Topçubaşov. Əsrin fonunda portret" sənədli filmini çəkmişdir.Akademik Topçubaşov haqqında sənədli film çəkilib: [rejissor Yalçın Əfəndiyevin "Mustafa Topçubaşov. Əsrin fonunda portret." filmi haqqında] //Ayna.- 2011.- 19 noyabr.- S.20.

● 10 iyun 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mustafa Topçubaşovun anadan olmasının 130 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Təltif və mükafatları Sosialist Əməyi Qəhrəmanı — 4 avqust 1975 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı təqdim edilməklə) "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 23 aprel 1940 "Stalin" mükafatı (2-ci dərəcə) — 22 mart 1943 4 dəfə "Lenin" ordeni — 4 noyabr 1944, 6 noyabr 1951, 4 sentyabr 1954, 4 avqust 1975 "Oktyabr inqilabı" ordeni — 20 iyul 1971 "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946 "Qırmızı Ulduz" ordeni — 3 mart 1942 "Şərəf nişanı" ordeni — 27 yanvar 1936

Mənbə Əsgər Zeynalov. "İrəvan ziyalıları". Bakı. "Oğuz eli", 1999. səh.154

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Topçubaşovlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan cərrahları Kateqoriya:Azərbaycanlı cərrahlar Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan Tibb Universitetinin müəllimləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri