Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi.
Sistem və tipləri Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir.
Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Bitkinin bütün kökləri onun kök sistemini təşkil edir. Quruluşuna və inkişaf xüsusiyyətlərinə görə iki cür kök sistemi müəyyən edilir: mil kök sistemi saçaqlı kök sistemi. Mil kök əsas kökdən, yəni rüşeym kökcüyündən inkişaf edir. Əsas kök milə oxşayır. Buna görə də əsas kökü yaxşı inkişaf etmiş bitkilərin kök sisteminə mil köklər deyilir.
Mil kök sistemində əsas kök yaxşı inkişaf etməklə sürətlə böyüyür, torpağın dərinliyinə doğru uzanır. Özündən yanlara çoxlu şaxələr verərək, geniş kök şəbəkəsi yaradır. Əsas kökdən yanlara inkişaf edən köklər yan köklər adlanır. Onlar da, öz növbəsində, xırda, nazik kökcüklərə şaxələnir. Beləliklə, torpağın hər tərəfinə yayılan çoxlu nazik köklər əmələ gəlir. Üzüm bitkisinin (tənəyin) əsas kökü torpağın dərin qatlarına gedərək, oradaki rütubətdən istifadə edir, bərk süxur və nazik daşlarla qarşılaşdıqda isə, xüsusi turşu ifraz edir. O, bərk süxuru dağıdır, daşı deşir, torpağın dərinliyinə gedir. Köklər şaxələnərək əsas kökdən bir neçə metr yanlara uzanan yan kökləri əmələ gətirir. Üzüm bitkisinin bu xüsusiyyətindən iətifadə olunaraq, respublikanın bəzi rayonlarında dəmyə şəraitində üzümçülüyü inkişaf etdirmək mümkün olmuşdur. Azərbaycanın düzən rayonlarında yayılmış dəvətikanı adlanan ot bitkisinin mil kökü hətta 15–20 m-ə qədər, pambığın kökü 1,5–2 m, qarayoncanın kökü 3,5 m, xiyarın kökü isə 0,4–0,6 m-ə qədər torpağın dərinliyinə keçir. Xüsusilə ağacların kökü daha yaxşı inkişaf edir. Məsələn, yaşlı alma ağacının kökü bitkinin gövdəsindən 15 m-ə qədər yanlara yayılır və 3–4 m dərinliyə gedir. Kök uc hissəsi ilə böyüyür. Əgər kökün ucunu qırsaq, onun uzununa böyüməsi dayanar. Bu zaman yan və əlavə köklər daha yaxşı inkişaf edər və torpağın ən münbit olan yuxarı qatında yayılar. Buna görə də şitillər əkilən zaman onların uclarını vurmaq lazımdır.
Mil kök sistemi, adətən, toxumdan təzə çıxmış cavan İkiləpəli bitkilərdə yaxşı görünür. İkiləpəli bitkilərin çoxu mil kök sisteminə malikdir. Əvəlikdə, lobyada, günəbaxan, yerkökü və yoncada iıikişaf etmiş əsas kök yaxşı nəzərə çarpır.
Saçaqlı kök sistemi daha çox birləpəli bitkilərdə — taxılların hamısında, soğan, sarımsaq və dağ laləsində olur. Bu bitkilərdə əsas kök çox böyümür və gövdənin torpaqda olan hissəsindən topa ilə çıxan çoxlu əlavə köklər arasında nəzərə çarpır.
Deməli, əgər kök rüşeym kökcüyündən inkişaf edirsə, bu əsas kökdür. Gövdədən çıxırsa, bu əlavə kökdür. Əgər kök əsas və əlavə köklərdən inkişaf edirsə, bu yan köklərdir. Əlavə köklər gövdənin yerüstü hissəsində, hətta yarpaqlarda da əmələ gələ bilər.
Nar, üzüm, qızılgül, çinar, söyüd və qarağatın budaqlarını suya qoysaq və ya rütubətli torpağa basdırsaq, onlarda əlavə köklər əmələ gəlir. Buna görə də bu bitkilər, əsasən, çilik vasitəsilə çoxaldılır. Kələm, pomidor, xiyar, qarğıdalı bitkilərinin diblərini torpaqla doldurduqda gövdələrin torpaq altında qalan hissəsindən əlavə köklər əmələ gələcəkdir. Bu da bitkilərin yaxşı qidalanmasına və məhsuldarlığın artmasına səbəb olur.
Bitkilərin həyatında torpağın böyük əhəmiyyəti vardır. Cücərtilərdə köklər inkişaf etdikcə onlar torpağın dərinliyinə doğru uzanır, yan tərəflərə şaxələnib torpağın müəyyən qatını tor kimi tutur, bitkini qida maddələri ilə təmin edir. Bəs torpaq nədir və onda nə kimi qida maddələri vardır? Yerin bitkilərlə örtülü olan münbit üst qatı torpaq adlanır. Bitki örtüyü olan sahəni təxminən bir metr dərinlikdə qazsaq və onun divarlarını kəssək, bu kəsikdə torpağın qatlarla yerləşdiyini görərik.
Ən üst qatın rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlanma, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir. Bu qalıqlar mikroorqanizmlərin təsirilə parçalanaraq çürüntü təşkil edən maddələri əmələ gətirir. Həmin çürüntü köklərlə birlikdə torpağın rəngini tündləşdirir. Alt qatlarda çürüntü və bitkilərin kökləri nisbətən azalır. Ona görə də alt qatlarda torpağın rəngi üst qatdan açıq olur. Torpağın alt qatlarında, adətən, qum, gil və daşlar olur. Hər bir torpaqda çürüntü vardır, bununla da o, dağ süxuru, qum və ya gildən fərqlənir.
Tərkibində çürüntü çox olan torpaqların rəngi qara olur. Belə torpaqlar qaratorpaq adlanır. Qaratorpaq rütubəti yaxşı saxlayır, tərkibində qida maddələri çox olur. Çürüntü maddələri ilə zəngin olan torpaq münbit sayılır. Münbit torpaqlardan həmişə yüksək və sabit məhsul əldə edilir.
Torpaq tərkibinə görə mürəkkəbdir. Bunu aşağıdakı təcrübələrlə sübut etmək olar. Əgər bir parça qaratorpağı alovda közərtsək, onun tərkibində olan bitki qalıqları, çürüntülər yanacaq, yerdə torpağın bir qədər açıq rəngli külü qalacaqdır. Deməli, torpağın qara olması onun tərkibindəki çürüntünün miqdarından asılıdır.
Təcrübəni davam etdirək. Közərdilmiş torpağın bir hissəsini stəkana töküb, üzərinə su əlavə edək. Bu suyun rəngi bulanacaqdır. Bulanmış suyu başqa stəkana süzüb kənara qoyaq. Əvvəlki stəkanın dibindəki çöküntünü bir neçə dəfə yusaq, onun dibində təmiz qum qaldığını görərik. Bulanıq su tökülmüş stəkanı bir neçə saatdan sonra nəzərdən keçirsək, suyun durulduğunu və gilin stəkanın dibinə çökdüyünü müşahidə edərik. Deməli, torpağın tərkibində çürüntüdən başqa qum və gil də vardır. Suyu bulandıran da gildir.
İndi yenə közərdilmiş torpağın qalan hissəsini stəkana töküb üzərinə su əlavə edək və su durulana qədər gözləyək. Durulmuş suyu başqa təmiz bankaya boşaldıb süzgəc kağızından süzək. Alınmış suyu çini qaba töküb buxarlandıraq. Su buxarlanıb qurtardıqdan sonra qabın dibində ağ rəngdə ərp qalacaqdır. Bu, torpaq suyunda həllolmuş və süzgəc kağızından süzülən duzlardır. Torpaqda həmçinin su və hava da vardır. Suyun olmasını əl ilə hiss etmək olar. Əgər suya bir parça quru torpaq atsaq, ondan hava qabarcıqları çıxmağa başlayacaqdır. Bu da torpağın içərisindəki havadır. Deməli, torpağın tərkibində çürüntü, qum, gil, mineral duzlar, su və hava vardır. Onların miqdarı ayrı-ayrı torpaqlarda müxtəlifdir.
Çürüntü çox olan torpaqlar münbit torpaqlardır. Qum çox olan torpaqlar qumlu, qumsal, gil çox olan torpaqlar isə gilli torpaqlar adlanır.
Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda şoranlaşır, əkin üçün yararsız olur. Respublikamızın bəzi düzənlik rayonlarında torpağın tərkibində xörək duzu və başqa dıızlar da həddindən çoxdur. Həmmin duzlar nıədəni bitkilər tərəfindən ınənimsənilir və bitkiyə mənfi təsir göstərir. Belə sahələr əkin üçün yararsızdır. Şoran torpaqları yararlı hala salmaq üçün geniş meliorasiya işləri görülür. Bu məqsədlə şoranlaşmış torpaqlarda dərin kanallar çəklir, torpaqdakı artıq duzlar yuyularaq həmin kanallar vasitəsilə axıdılır.
Münbit torpaq qatı uzun illər ərzində ona, müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Belə ki, meşələrin qırılması, çəmənlikİərin düzgün istifadə edilməməsi torpağın aşınmasma, yəni onun münbit qatının su və külək vasitəsilə yuyulub aparılmasına səbəb olur.
Respublikamızdakı torpaq sahələrinin çox hissəsi quraqlıq rayonlardadır. Bu rayonlarda torpağın suvarılması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2–3 dəfə artırır. Bəzi torpaqlarda həddindən artıq rütubət olduğundan bataqlığa çevrilir. Bu zonalarda yüksək məhsul almaq üçün torpağı qurutmaq lazımdır.
Əsrlər və min illər ərzində yaranan torpaq bizim təbii sərvətimizdir, insanın ərzaq məhsullarının, heyvan qidasının, sənaye üçün alınan xammalın əsas mənbəyidir. Torpağı qorumaq və onun məhsuldarlığını artırmaq hamının borcudur.
Kökün zonaları Bitkinin toxumu cücərdikdə əvvəlcə onda toxumdakı rüşeym kökcüyünün inkişafı nəticəsində kök əmələ gəlir. Bu kökcük bitkinin başqa orqanları kimi hüceyrəvi quruluşa malikdir. Rüşeym kökcüyünün hüceyrələri toxumun suda həll olmuş qida maddələrini soraraq bölünür və böyüyür. Beləliklə də kökcük böyüyür və tədricən iri kökə çevrilir.
Noxud, lobya və buğdanın cavan köklərini işığa tutub diqqətlə baxsaq, onlarn uc hissələrinin bir qədər tünd rəngdə olmasını müşahidə edərik. Lobyanın cavan kökünü uzununa bölüb onun nazik kəsiyinə mikroskopla baxsaq, kökün hissələrini aydın görərik. Kökün bir qədər tünd rəngdə görünən zərif ucu üsküyəbənzər sıx hüceyrə qatı ilə örtülmüşdür. Həmin örtüyə kök üsküyü deyilir.
O, kökün ucunu zədələnməkdən qoruyur. Kök böyüyüb torpağın dərinliyinə getdikcə daş, qum və torpaq dənəcikləri ilə rastlaşır. Bu zaman kök üsküyünün hüceyrələri sərt torpaq hissəciklərinə sürtüldükcə sovulub, dağılır. Onları kökün ucunda arasıkəsilmədən əmələ gələn yeni hüceyrə qatları əvəz edir. Beləliklə, kök üsküyü kökün zərif ucunu dağılmaqdan qoruyur. Kök üsküyündən yuxarıda zərif qılaflı sıx yerləşmiş kiçik hüceyrələr vardır. Bu sahə törədici toxumanı təşkil edən bölünmə zonasıdır. Törədici toxumanın, yəni bölünmə zonasının üst hissəsində kökün böyümə zonası yerləşir. Böyümə zonasındakı hüceyrələr uzanır və nəticədə kök uzununa böyüyür. Kökün böyüyən uc hissəsindən yuxarıda sorucu zona adlanan hissə yerləşir. Sorucu zonada çoxlu əmici tellər olur. Onlar kökün səthindən yanlara uzanan hüceyrələrdir. Hər əmici tel kökün xarici hüceyrələrinin uzun çıxıntısıdır. Başqa hüceyrələr kimi əmici telin hüceyrəsi də qılafdan, sitoplazma, nüvə və vakuoldan ibarətdir. Əmici tellər mikroskopla aydın görünür. Bəzi bitkilərin köklərində əmici telləri adi gözlə də görmək mümkündür. Onların uzunluğu 10 mm-dən çox olmur, 10–15 gün yaşayır, sonra tələf olur. Əvəzində kökün səthində yerləşən hüceyrələrdən yeniləri əmələ gəlir. Əmici tellər kökün sorucu hissəsində çox sıx yerləşir. Məsələn, qarğıdalı kökünün 18 mm2 sahəsində 700-ə qədər əmici tel olur. Əmici tellər nə qədər çox olsa, bitki o qədər yaxşı qidalanar. Ona görə də bitkilərin şitillərini tarlaya, tingləri isə bağa köçürən zaman ehtiyatlı olmaq lazımdır ki, əmici tellər zədələnməsin.
Kökün sorucu zonasından yuxarıda onun ötürücü zonası yerləşir. Ötürücü zonada əmici tellər olmur. Torpaqda olan su və suda həllolmuş mineral maddələr əmici tellər vasitəsilə sorulub kökün ötürücü zonasına verilir. Ötürücü zona torpaqdan alınan suyu və suda həllolmuş mineral maddələri bitkinin gövdəsi ilə yarpaqlara çatdırır. Deməli, kök aşağıdakı hissələrdən ibarətdir.
Kök üsküyü — kökün ucunu üskük şəklində örtür, onun ucunu zədələnməkdən qoruyur. Bölünmə zonası -kök üsküyündən yuxarıda yerləşir, kökün böyüməsini təmin edir. Kök üsküyünün dağılmış qatlarını yeni hüceyrə qatları ilə əvəz edir. Böyümə zonası —kök bu hüceyrələrin böyüməsi hesabına boy atır. Sorucu zona — əmici tellər olan sahədir. Bitkini torpaqdan alınan su və suda həllolmuş mineral duzlarla təmin edir. Ötürücü zona — əmici tellərlə sorulmuş suyu və suda həllolmuş mineral maddələri ötürücü borular vasitəsilə gövdəyə ötürür. Beləliklə, kökün hər bir zonasının hüceyrələri eyni quruluşda olub, eyni funksiyanı yerinə yetirir.
Kökün toxumaları Bitkilə müxtəlif hüceyrələrdən ibarətdir. Bu hüceyrələr bitkilərdə nizamsız sürətdə yerləşmir. Onlar qruplar halında yerləşərək, xüsusi funksiyanı yerinə yetirir. Həmin hüceyrə qrupları toxumanı təşkil edir. Quruluşu eyni olan və eyni funksiyanı yerinə yetirən hüceyrələr qrupuna toxuma deyilir.