Stiven Pinker () — psixolinqvist, populyar elm yazarı, eksperimental psixologiya və idrak elmləri sahəsində ixtisaslaşmış filosof.

Pinker Harvard Universitetində Psixologiya sahəsi üzrə professordur. O, vizual idrak və inkişaf linqvistikası sahəsində ixtisaslaşmışdır. Filosofun eksperimental mövzularına mental təsvir, forma tanıma, vizual diqqət, dildə qaydalılıq və qeyri-qaydalılıq, sözlərin və qrammatikanın neyron əsasları, həmçinin uşaqların dil inkişafı daxildir.

Pinker geniş auditoriyaya xitab edən doqquz kitabın müəllifidir. "Dil instinkti" (1994), "Zehin necə işləyir" (1997), "Sözlər və qaydalar" (2000), "Boş lövhə" (2002) və "Düşüncənin mahiyyəti" (2007) əsərlərində psixolinqvistika və idrak elminin aspektlərini təsvir edir və dilin təbii seçmə nəticəsində formalaşmış və ünsiyyət ehtiyaclarımıza uyğunlaşmış fitri bir davranış olduğunu irəli sürür. "Üslub hissi" (2014) ümumi dil üslubu üzrə bələdçi kitabdır.The Sense of Style Onun "Təbiətimizin daha yaxşı mələkləri" (2010) adlı kitabı bəşər tarixində zorakılığın ümumiyyətlə azaldığını və bu azalmanın əsas səbəblərindən birinin maarifçilik dövründə meydana çıxan humanitar inqilab və onun ağılın inkişafına təsiri olduğunu göstərir. "Maarifçilik indi" (2018) isə ağıl, elm və humanizmin insan həyatını yaxşılaşdırdığını müdafiə edir. "Rasionalizm: Nədir, niyə az görünür, niyə əhəmiyyətlidir" (2021) kitabında isə ağılın mahiyyəti və onun əhəmiyyəti barədə müzakirələr aparır.

2004-cü ildə Pinker Time jurnalının "Dünyanın ən nüfuzlu 100 insanı" siyahısına daxil edilmiş, 2005, 2008, 2010 və 2011-ci illərdə isə Foreign Policy jurnalının "Ən yaxşı 100 qlobal düşüncə adamı" siyahısında yer almışdır. O, 2013-cü ildə Prospect jurnalının "Dünyanın ən yaxşı 10 düşüncə adamı" siyahısına da daxil edilmişdir. Pinker Amerikan Psixoloqlar Birliyi, Milli Elmlər Akademiyası, Kral İnstitutu, İdrak Neyroelmi Cəmiyyəti və Amerika Humanist Assosiasiyası tərəfindən mükafatlara layiq görülmüşdür. O, 2013-cü ildə Edinburq Universitetində Gifford mühazirələrini oxumuşdur. Müxtəlif elmi jurnalların redaksiya heyətində və bir sıra institutların məsləhət şuralarında çalışmışdır. Pinker 2008-2018-ci illərdə American Heritage Dictionary-nin İstifadə Panelinin sədri olmuşdur.

Bioqrafiyası Pinker 1954-cü ildə Kvebekin Monreal şəhərində, ingilisdilli bir icmada orta təbəqəyə mənsub dünyəvi yəhudi ailəsində anadan olmuşdur. Onun babaları 1926-cı ildə Polşa və Rumıniyadan Kanadaya köç etmiş və Monrealdə kiçik bir qalstuk fabrikinə sahib olmuşdular. Atası Harri əmlak sahəsində işləyən bir hüquqşünas idi. Anası Rozlin əvvəlcə evdar qadın olmuş, sonradan isə peşə yönləndirmə məsləhətçisi və orta məktəbdə direktor müavini kimi vəzifələrdə çalışmışdır.

Bir müsahibəsində Pinker anasını "çox intellektual" və "hər şeyi bilən, həvəskar bir oxucu" kimi təsvir etmişdir. Onun qardaşı Robert Kanada hökumətində uzun illər inzibatçı və siyasət analitiki kimi fəaliyyət göstərmişdir. Bacısı Suzan Pinker isə "The Sexual Paradox" və "The Village Effect" adlı kitabların müəllifi olan psixoloq və yazıçıdır. O, həmçinin The Wall Street Journal qəzetində yazardır.Steven Pinker: the mind reader The Guardian Accessed November 25, 2006.

Pinker 1973-cü ildə Dawson Kollecini bitirmişdir. 1976-cı ildə MakGill Universitetində psixologiya üzrə bakalavr dərəcəsini almış, daha sonra Harvard Universitetində Stiven Koslinin rəhbərliyi altında eksperimental psixologiya sahəsində doktorantura təhsili almış və 1979-cu ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Bir il Massaçusets Texnologiya İnstitutunda tədqiqat apardıqdan sonra Harvard və daha sonra Stenford Universitetində professor kimi fəaliyyət göstərmişdir.

1982-2003-cü illərdə Pinker Massaçusets Texnologiya İnstitutunda Beyin və İdrak Elmləri Departamentində dərs demiş, 1985-1994-cü illərdə Koqnitivistikanın həmdirektoru, 1994-1999-cu illərdə isə Koqnitiv neyrobiologiyanın direktoru olmuşdur. 1995-1996-cı illərdə Kaliforniya Universitetində birillik akademik məzuniyyətdə olmuşdur. 2003-cü ildən etibarən Harvard Universitetində Psixologiya üzrə professor vəzifəsində çalışmışdır. 2008-2013-cü illərdə Harvard Kollecinin professoru adına layiq görülərək tanınmışdır. Hal-hazırda Londonda yerləşən özəl New College of the Humanities universitetində qonaq professor kimi mühazirələr oxuyur."The professoriate" , New College of the Humanities. Retrieved June 8, 2011."Professor Steven Pinker", New College of the Humanities. Retrieved November 4, 2014.

Pinker 1980-ci ildə Nensi Etkoff ilə evlənmiş və 1992-ci ildə boşanmışdır. O, 1995-ci ildə yenidən evlənmiş, lakin bu evlilik də boşanma ilə nəticələnmişdir.Biography for Steven Pinker at imdb . Retrieved September 12, 2007. 2007-ci ildə yazıçı və filosof Rebekka Qoldşteyn ilə üçüncü evliliyini qurmuşdur. Onun iki ögey qızı var: yazıçı Yael Qoldşteyn Lav və şair Daniel Blau."How Steven Pinker Works" by Kristin E. Blagg The Harvard Crimson Accessed February 3, 2006.

Pinker 13 yaşında ateizmi qəbul etmiş, lakin bəzi dövrlərdə yəhudi olduğunu bildirmişdir."Steven Pinker: the mind reader" by Ed Douglas The Guardian Accessed February 3, 2006.

Dilçilik karyerası thumb|Pinker 2011-ci ildə Pinkerin doktorluq rəhbəri Stiven Koslin ilə birlikdə başladığı vizual idrak sahəsindəki araşdırmaları göstərdi ki, zehni təsvirlər səhnə və obyektləri müəyyən bir baxış bucağından təqdim edir, bu da neyroalim Devid Marrın "iki yarım ölçülü eskiz" nəzəriyyəsinə uyğundur.The nature of the language faculty and its implications for evolution of language O, həmçinin göstərdi ki, bu təsvir səviyyəsi vizual diqqət və obyektlərin tanınması üçün istifadə olunur.

Psixolinqvistika sahəsində Pinker kompüter əsaslı öyrənmə nəzəriyyəsini uşaqların dil əldə etmə prosesini anlamaq üçün bir vasitə kimi təşviq etməklə tanındı. O, bu sahə ilə bağlı təlimat xarakterli icmal yazdı və ardından dil əldə etmə üzrə öz nəzəriyyəsini irəli sürən iki kitab və uşaqların passiv, dativ və lokativ cümlə quruluşlarını necə mənimsədiklərinə dair bir sıra eksperimentlər apardı. Bu kitablardan biri Language Learnability and Language Development (1984) idi və Pinker onu "uşaqların ana dilinin sözlərini və qrammatik strukturlarını necə əldə etdiyini izah edən nəzəriyyə" kimi təsvir etmişdi. Digəri isə Learnability and Cognition: The Acquisition of Argument Structure (1989) idi və Pinker bu kitabın "bu prosesin bir aspektinə – müxtəlif növ felləri uyğun cümlələrdə necə istifadə etmək qabiliyyətinə, məsələn, keçidli, keçidsiz və müxtəlif tamamlıq və dolayı obyektlər qəbul edən fellərə fokuslandığını" bildirmişdi.

Daha sonra Pinker insan dilini formalaşdıran iki əsas prosesi araşdırmağa başladı: sözləri yaddaşdan bütöv şəkildə çağırmaq (məsələn, "bring" fellinin nizamsız keçmiş forması "brought") və söz hissələrini qaydalara əsasən birləşdirmək (məsələn, "walk" fellinin müntəzəm keçmiş forması "walked"). 1988-ci ildə Pinker və Alan Prins dil əldə etmə sahəsində məşhur olan keçmiş zaman formalarının qazanılmasına dair əlaqəçilik modelini tənqid edən bir məqalə dərc etdilər. Bu araşdırmalar uşaqların nizamsız formaları necə nizama saldıqlarını və bu mövzuda etdikləri səhvləri əhatə edirdi. 1999-cu ildə nəşr olunan Words and Rules: The Ingredients of Language kitabında Pinker dilin iki əsas mexanizmdən asılı olduğunu irəli sürdü: səslərin və onların mənalarının assosiativ şəkildə yadda saxlanılması və qrammatik simvolları idarə etmək üçün qaydalardan istifadə edilməsi.

O, uşaqların dil öyrənərkən etdikləri səhvlərin, məsələn, "broke" əvəzinə "breaked" və "came" əvəzinə "comed" kimi sözlər işlətmələrinin, "-ed" şəkilçisini tətbiq edən standart qaydanın istifadəsini göstərdiyini sübut etməyə çalışdı. Pinker həmçinin göstərdi ki, ingilis dilində ən çox işlənən on feli (məsələn, "be", "have", "do", "say", "make" və s.) nizamsız olduğu halda, ən az istifadə olunan min feil içərisində 98.2%-nin müntəzəm olduğunu vurğuladı. O, bunun səbəbini belə izah etdi: nizamsız fellərin hər bir nəsil tərəfindən ayrıca yadda saxlanılması tələb olunur, əks halda onlar unudulur. Daha az istifadə olunan nizamsız fellər zamanla sıradan çıxır və gələcək nəsillər onları müntəzəm fellər kimi qəbul edirlər.

1990-cı ildə Pinker və Pol Blum insanın dil qabiliyyətinin təbii seçmə yolu ilə inkişaf etdiyini irəli sürən bir məqalə nəşr etdilər.Pinker, S. & Bloom, P. (1990). Natural language and natural selection. Behavioral and Brain Sciences 13 (4): 707‐784 Onların məqaləsi, dilin təkamülünü qəfil və təsadüfi bir hadisə kimi görən Noam Çomski və Stiven Cey Quld kimi nəzəriyyəçilərin diskontinuitet yanaşmasına qarşı çıxaraq, davamlılıq əsaslı bir təkamül yanaşmasını müdafiə edirdi. Bu məqalə dilin təkamülü ilə bağlı akademik marağı yenidən canlandırdı və sualı "Dil inkişaf edibmi?" yox, "Dil necə inkişaf edib?" formasına çevirdi.

İstinadlar

Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ dilçiləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:ABŞ psixoloqları