Əbdülrəhman əl-Gilani () və ya tam olaraq Qütbül Əqtəb Naqib əl-Əşrəf Seyid Əbdülrəhman əl-Qədri əl Gilani () — İraqın ilk baş naziri.
1841-ci ildə Bağdadda sufi ailəsində dünyaya gəldi. XII əsr sufi alimi Əbdülqadir Gilaninin nəslindəndir. Bağdaddakı Qureyş qəbiləsinin Bəni Haşim sülaləsinin rəhbəri idi. Həyatının çox hissəsini Osmanlı vətəndaşı olaraq yaşadı və gənclik illərində Osmanlı sultanı II Əbdülhəmidin yanında təlim-tərbiyə aldı.
Osmanlı imperiyasının parçalanmasından sonra 1920-ci ildə İraqın ilk baş naziri seçildi. İngilislərə yaxınlığı səbəbilə İraq taxt-tacına namizəd göstərilsə də, bunu qəbul etmədi və baş nazir olmağı seçdi. I Feysəlin İraq kralı seçilməsinə qarşı mübarizə aparsa da, buna mane ola bilmədi. Nəticədə istehfa versə də, I Feysəl müxalifəti nəzarət altında saxlamaq üçün bu istehfanı qəbul etmədi və Əbdülrəhman əl-Gilani baş nazir olaraq qaldı.
Ancaq ölkədə artan ingilis təzyiqinə qarşı çıxdı və 1922-ci ildə vəzifədən öz istəyilə ayrıldı. Qalan illərini evində dövlət məsələlərindən uzaq keçirdi. 13 iyun 1927-ci ildə Bağdadda vəfat etdi. Keçirilən cənazə mərasiminə vəliəhd Qazi əl-Haşim başda olmaqla, bir çox dövlət xadimi qatıldı. Ulu babası Əbdülqadir Gilaninin məzarı yaxınlığına dəfn olundu.
İstinadlar Kateqoriya:İraq baş nazirləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Həsənilər