Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri.

Tarixi

SSRİ dövrü Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfindən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.

Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir.

1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub.

1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K. Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.

1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub. thumb|250px|Azərbaycan Dövlət İqtisad Universiteti 1941-ci ildə Böyük Vətən müharibəsi başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi mövcud olub.

1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa edilib.

Bu adla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətini 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.

1966-cı ilin fevral ayında universitet Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.

D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rektorunun təşəbbüsü ilə 1980-ci illərdə institutun elmi şurasında rus bölməsində Azərbaycan dili fənninin tədris proqramından çıxarılmışdır və Azərbaycan dili kafedrasının tamamilə ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Ana dilim – ana köküm" adlı məqaləsində D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun rəhbərliyini kəskin tənqid etmişdir. Vahabzadə bu inzibati addımı ölkənin dövlət dilinə və milli mədəniyyətinə qarşı hörmətsizlik və xəyanət kimi dəyərləndirmişdir. O, vurğulamışdır ki, bir təhsil müəssisəsinin rəhbərinin dövlət dilini lüzumsuz hesab etməsi və onu tədris planından silməsi onun rəsmi səlahiyyət hədlərini aşması deməkdir. Vahabzadə bu cür qərarların qəbul edilməsini həmin dövrdəki idarəçilərin cəzasızlıq mühitinə arxalanması, vəzifə mövqelərini itirmək qorxusunun olmaması və şəxsi karyera maraqlarını milli dəyərlərdən üstün tutması ilə izah etmişdir.

1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandırmışdır. Ali məktəb N. A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilmişdir.

D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu korrupsiya hallarına görə bağlanmışdı. Bəxtiyar Vahabzadə müəllifi olduğu "Dağlıq Qarabağ: İddialar və həqiqət" adlı məqaləsində bu hadisə barədə yazarkən qeyd etmişdir ki, "varlanmaq mənbəyinə çevirən bir qrup ləyaqətsizin ucbatından o boyda institut bağlandı".

Müstəqillik dövrü 1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır.

"Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 349 saylı 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.

Universitet rəhbərliyi 2015-ci ildə rebrendinq etmiş və "UNEC" (UNiversity of EConomics) abbreviaturasını brend kimi patentləşdirmişdir.

Tərkibi

Zaqatala filialı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır.

2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır.

Filialda yenidənhazırlanma və ixtisasartırma təhsilinin təşkili ilə bağlı əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edir.

26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşməsi nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur.

29 aprel 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.

Dərbənd filialı

Dərbənd filialı 1993-cü ildə Azərbaycanın III prezidenti Heydər Əliyevin qərarı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.

Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.

Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili, İqtisadiyyatın hüquqi tənzimlənməsi.

Kolleclər Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec

Quba Kompleksi Kompleksin yaranma tarixi 1969-cu ildən başlayır. Belə ki, həmin vaxt Quba rayonunun İkinci Nügədi kəndində hazırda Azərbaycan Dövlət İqtisad Universiteti adlanan ali təhsil müəssisəsinin balansına verilmiş 7 hektardan artıq olan ərazidə inşa edilmişdir.

Bu kompleks universitet kollektivinin istirahətinin təşkili və onların sağlamlığının möhkəmləndirilməsi məqsədilə nəzərdə tutulmuşdur. Burada tələbələrin yay və qış məktəblərinin, yay düşərgələrinin, müxtəlif idman yarışlarının təşkili üçün şərait yaradılmışdır.

Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və İstirahət Kompleksi inşa edilmişdir. Kompleks universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır. Hoteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədilə bütün meyarlar nəzərə alınmışdır. Kompleksin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.

Kompleksdə beynəlxalq standartlara uyğun qurulan idman bölməsi vardır. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.

Kompleksin tikinti-quraşdırma işləri çərçivəsində kənd yolları yenidən çəkilmiş, işıqlandırma sistemi yaradılmışdır.

Burada beş min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənmişdir.

Departamentlər

Elmi fəaliyyətin təşkili və idarəedilməsi UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.

Elm şöbəsi əvvəllər "Elmi-tədqiqat" şöbəsi adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 11 oktyabr 1994-cü il tarixli 595 saylı əmrinə əsasən, 1995-ci ilin fevral ayından həmin bölmə "Elmi-tədqiqat şöbəsi" adı altında yenidən yaradılmış, 1997-ci ildən isə Elm şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.

Marketinq və Kommunikasiya Marketinq və Kommunikasiya Departamenti bir neçə bölmədən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi. Şöbə ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Mətbuat konfransları, brifinqlər, qəbullar, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq, konfrans və simpoziumları təşkili şöbənin fəaliyyətinə daxildir. Mədəni tədbirlərin təşkili, universitetin nüfuzunun artırılması istiqamətində silsilə fəaliyyətlər də struktur bölmənin səlahiyyətinə daxildir. Şöbə həmçinin, universitetin rəsmi internet saytı üçün məlumatları hazırlayır.