Əli Mahmud bəy oğlu Fərzəlibəyov () — Azərbaycan hərbi həkimi, Azərbaycan SSR əməkdar həkimi (1965). Uzun illər Zuğulba Müalicə Sanatoriyasının baş həkimi olmuş, 1989-cu ildən Azərbaycan Təbabət və Səhiyyə Tarixi Muzeyinə rəhbərlik etmişdir.

Həyatı Əli Fərzəlibəyov 1918-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1941-ci ildə institutu bitirmişdir.

1942-ci ildə Qırmızı Ordu sıralarına çağırılmış və İkinci Dünya müharibəsi dövründə hərbi həkim kimi xidmət etmişdir. Müharibədən sonra da hərbi xidmətdə qalmış, müxtəlif hərbi-həkim vəzifələrində çalışmışdır. Hərbi xidmətinin son illərində Azərbaycan SSR Hərbi Komissarlığında ikinci şöbə rəisinin müavini olmuş və 1971-ci ildə ordudan tərxis edilmişdir.

Hərbi xidmətdən sonra Bakıda müxtəlif tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış, uzun illər Zuğulba Müalicə Sanatoriyasının baş həkimi olmuşdur. 1989-cu ildən öz təşəbbüsü ilə yaradılmış Azərbaycan Təbabət və Səhiyyə Tarixi Muzeyinin direktoru vəzifəsində fəaliyyət göstərmişdir.

Hərbi xidməti Əli Fərzəlibəyov 1942-ci ildə Qırmızı Ordu sıralarına çağırıldıqdan sonra cəbhəyə göndərilmişdir. 200-cü atıcı diviziyanın 400-cü texniki batalyonunda tibbi-sanitar bölməsinin rəisi, daha sonra isə 309-cu atıcı diviziyanın 306-cı tibb batalyonunda hospital şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir.

1942-ci ildə Voronej cəbhəsinin 6-cı ordusunun tərkibində Don çayı ətrafında gedən döyüşlərdə iştirak etmiş və yaralı hərbçilərə tibbi yardımın təşkilində fəaliyyət göstərmişdir. 1943-cü ildə Dnepr uğrunda döyüşlər zamanı yaralıların tibbi təminatı üçün yaradılmış tibb briqadasında xidmət etmişdir.

1945-ci ildə 309-cu atıcı diviziyanın Oder çayı və Breslau ətrafında apardığı döyüşlərdə yaralıların qəbulunun və tibbi yardımın təşkilində iştirak etmişdir. Müharibə illərində xidmət etdiyi 309-cu atıcı diviziya döyüş yolu boyunca bir sıra şəhər və yaşayış məntəqələrinin azad edilməsində iştirak etmişdir.

Əli Fərzəlibəyov müharibədən sonra da hərbi xidməti davam etdirmiş və 1971-ci ilədək Sovet Ordusunda xidmət etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1965 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 8 may 1945 iki dəfə "Qırmızı ulduz" ordeni — 23 iyun 1944, 30 dekabr 1956 "İgidliyə görə" medalı — 14 oktyabr 1943 "Döyüş xidmətlərinə görə" medalı — 19 noyabr 1951 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Səhiyyə əlaçısı" döş nişanı Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:Azərbaycan həkimləri