Hiroo Onoda (, ) — İkinci Dünya müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən — yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın "Santos Dumont" Medalı və Yaponiyanın "Şərəf" Medalı ilə təltif edilmişdir.

Bioqrafiyası

1922–1945 250px|thumb|left|Horoo Onodo (sağda) və kiçik qardaşı 1944-cü il Hiroo 1922-ci il martın 19-da Vakayama Prefekturasının Kamekava kəndində Onoda Tanedziro və Onoda Tamaenin ailəsində anadan olmuşdur. Oğlanın atası müəllim, jurnalist və prefektura məclisinin deputatı, anası isə müəllimə idi. Gənc Onoda ailənin üçüncü oğlu idi və üç qardaşı, bir bacısı var idi. Gəncliyində Kainan orta məktəbində oxumuş və burada xüsusilə kendo — yapon qılıncoynatma sənətini öyrənmişdi.

1939-cu ilin aprelində, məzun olduqdan sonra Onoda Tadzima adlı özəl ticarət şirkətində işə düzəldi və Çinin Hankou şəhərinə köçdü, burada o, çin və ingilis dillərini mənimsədi. Lakin 1942-ci ilin dekabrında hərbi xidmətə çağrılması səbəbindən vətənə döndü. Əvvəlcə Onoda 61-ci piyada alayının ikinci dərəcəli sıravi əskəri təyin edildi, lakin bir neçə gün sonra o, 218-ci piyada alayına keçirildi. 1943-cü ilin iyul ayında birinci dərəcəli sıravi, sentyabrda yuxarı dərəcəli sıravi, noyabrda isə kapral rütbəsinə yüksəldilmişdir.

1944-cü ilin yanvar-avqust aylarında Onoda komandir heyətini hazırlayan Kurume Birinci Ordu Məktəbində təhsil almışdır. Elə həmin ilin aprel ayında təlim zamanı çavuş rütbəsi, məzun olduqdan sonra isə baş çavuş rütbəsi aldı və təhsilini Yaponiya Baş Qərargahında davam etdirməyə göndərildi. Lakin Onoda döyüş zabiti kimi karyera qurmaq qərarına gəldi və 1944-cü ilin avqustunda kəşfiyyat zabitləri yetişdirən Nakano Ordu Məktəbinin Futamata şöbəsinə daxil oldu. Ancaq cəbhəyə təcili göndərilməsi səbəbindən təhsilini yarımçıq qoymqlı oldu. İki ay ərzində Onoda 14-cü Ordunun qərargahına təyin edildi. 1944-cü ilin dekabrında isə düşmən qüvvələrinin arxasında təxribat əməliyyatları aparmaq üçün xüsusi dəstənin komandiri olaraq Filippinə göndərildi. 1945-ci ilin yanvarında kiçik leytenant rütbəsinə yüksəldi və Filippinin Lubang adasına göndərildi. Bundan öncə isə gənc zabit komandiri general-leytenant Şizuo Yokoyamadan aşağıdakı əmri aldı:

Lubanqa gəldikdən sonra Onoda adanın yapon hərbi rəhbərliyinə uzun müddətli müdafiəyə hazırlaşmağı təklif etdi, lakin onun təklifləri dinlənilmədi. Nəticədə ABŞ qoşunları yaponları asanlıqla darmadağın etdi. Gənc kəşfiyyatçı isə dəstəsi ilə dağlara çəkilməyə məcbur oldu. Onoda cəngəllikdə tabeliyindəki — birinci dərəcəli sıravi Yuiti Akatsu, yuxarı dərəcəli sıravi Kinsiti Kodzuka və kapral Şeyti Simada ilə düşərgə saldı və düşmən qüvvələri arxasında partizan müharibəsi aparmağa başladı.

1945–1974 1945-ci il sentyabrın ikisində Yaponiya təslim olmaq haqda kapitulyasiya aktını imzaladı. Tezliklə Onodanın əlinə müharibənin bitdiyini elan edən amerikalıların atdığı vərəqələr düşdü. Elə həmin ilin sonunda təyyarələr cəngəlliklərə 14-cü Ordunun komandiri Tomoyuki Yamaşitanın silahların yerə qoyulması və təslim olmaq barədə əmrini səpələdilər. Onoda bu vərəqləri düşmən təbliğatının vasitəsi kimi qəbul etdi və adanın Yaponiyanın nəzarətinə qayıdacağına ümid edərək, ABŞ-yə qarşı mübarizəni davam etdirdi. Onun qrupu ilə əlaqənin olmaması səbəbindən 1945-ci ilin sentyabrında Yaponiya hökuməti onları həlak olmuş elan etdi. Ancaq 1950-ci ildə Yuiti Akatsu Filippin polisinə təslim oldu. Beləliklə, 1951-ci ildə Onoda və tabeliyində olan iki nəfərin hələ də sağ olduğu bilindi.

Onoda məsələsi yeganə belə hal deyildi. Bununla əlaqədar Yaponiya hökuməti 1950-ci ildə xaricdə qalan yapon əsgərlərini xilas etmək üçün xüsusi komissiya yaratdı. Ancaq Filippindəki siyasi qeyri-sabitlik səbəbindən komissiya dərhal işə başlaya bilmədi.

1954-cü il mayın 7-də Lubanq adasının dağlarında Filippin polisləri Onodonun qrupu ilə toqquşdu. Atışma zamanı yoldaşlarının geri çəkilməsini təmin edən kapral Seyti Simada öldürüldü. Bu hadisədən sonra Filippin hökuməti Yaponiya komissiyasının üzvlərinə yapon əsgərlərinin axtarışına başlamasına icazə verdi. Yuiti Akatsunun ifadələrinə əsaslanaraq komissiya 1954-cü ilin mayında, 1958-ci il bütün il boyu və 1959-cu ilin may-dekabr aylarında axtarış apardı. Ancaq Onoda və tabeliyindəki Kodzuku tapa bilmədi. On il sonra, 1969-cu ilin mayın 31-də Yaponiya hökuməti onları yenidən həlak olmuş elan etdi və ölümlərindən sonra 6-cı dərəcəli "Yüksələn Günəş" ordeni ilə təltif etdi.

1972-ci ilin yanvar ayında Yaponiya ordusunun sağ qalan kapralı Şoiçi Yokoi təsadüfən ABŞ-nin nəzarətində olan Guam adasında tapıldı. Bu hadisə göstərdi ki, bəzi yapon əsgərlər Sakit okean adalarında gizlənməyə davam edir və İkinci Dünya müharibəsinin bitməsindən xəbərsizdilər. Bu arada, 1972-ci il sentyabrın 19-da Filippin polisi patrulu ona hücum edən bir yapon əsgərini gülələdi. Onun Onodanın tabeliyində olan son əskəri Kinsiti Kodzuka olduğu məlum oldu. O, Onoda ilə birlikdə polis patrulunun avtomobilini partlatmaq üçün yola son minalarını qoyurmuşlar. Amma mina uzun zaman keçdiyindən və rütubətdə qaldığından sıradan çıxmışdı. Bu səbəbdən o partlamadı və onlar polislə atışmağa məcbur olmuşdular. Bu hadisə ilə əlaqədar olaraq, həmin il oktyabrın 22-də Yaponiyanın Rifah Nazirliyi yapon əsgərlərini xilas etmək üçün komissiya üzvlərini, həmçinin mərhumun və Onodanın qohumlarından ibarət Filippinə nümayəndə heyəti göndərdi. Lakin sonuncunun axtarışı heç bir nəticə vermədi.

Lubang cəngəlliyində 30 il yaşadığı müddətdə Onoda çətin yaşayış şərtlərinə uyğunlaşmışdı. O, köçəri bir həyat tərzi keçirir düşmən və dünya hadisələri haqqında məlumat toplayır və Filippin hərbi heyətinə və polis işçilərinə qarşı bir sıra hücumlar təşkil etmişdi. Kəşfiyyatçı tələlərin içində, cəngəllikdə və ətrafdakı tarlalarda topladığı siçovullarla qidalanırdı. İldə bir dəfə yağmurlu havada kəndə gedir və ildırımın çaxması zamanı səs eşidilməməsi üçün yerli sakinlərin inəyini öldürdü. Əti qurudur, yağı ilə isə tüfəngini yağlayırdı. Gülləyə qənaət etdiyindən, demək olar ki, ov etmirdi. Onoda tabeliyindəkilərlə Amerika radar bazasına, Filippin rəsmilərinə və polisə yüzdən çox hücum etmişdi. Bu əməliyyatlar zamanı onlar tərəfindən 30 nəfər hərbçi və mülki şəxs öldürülmüş, 100-dən çoxu ağır yaralanmışdı. Dəfələrlə Filippin polisi və ordu xüsusi təyinatlıları cəngəllikdə ona və qrupuna basqınlar etmiş, hətta müvəqqəti sığınacağını belə tapmışdı. Lakin hər dəfə Onodo və qrupu qaçmağa müvəffəq olmuşdu. Özünün avtobioqrafik kitabında dediyi kimi , cəngəllikdə "yad adamlar" barədə onu əvvəlcədən xəbərdar edən meşə quşlarının narahat səslərini dinləməyi öyrənmişdi.

Düşmən bazasına edilən hücumlardan birində kəşfiyyatçı ələ keçirdiyi radio qəbuledici vasitəsilə ətrafındakı və dünyadakı vəziyyət barədə məlumat almağa başladı. Yerli kəndlilərdən əldə etdiyi batareyalarla qurğunu işlədirdi. Yapon axtarış komissiyalarının üzvləri tərəfindən cəngəllikdə qoyulan yapon qəzet və jurnallarını da oxumaq imkanı əldə edirdi. Yaponiyadakı son hadisələr haqda yaxşı məlumatı var idi: 1959-cu ildə şahzadə Akihitonun evliliyi, 1964-cü ildə Tokioda Yay Olimpiya Oyunlarının keçirilməsi və "Yaponiyanın iqtisadi möcüzəsi" haqqında bilirdi, ancaq ölkəsinin İkinci Dünya müharibəsində məğlub olacağına inanmaqdan imtina edirdi. Cəbhəyə göndərilməmişdən əvvəl Onodaya zabit məktəbində düşmənin müharibənin sona çatması ilə bağlı kütləvi dezinformasiyaya əl ata biləcəyini öyrətmişdilər. Buna görə də o, bütün siyasi hadisələri təhrif olunmuş bir nöqteyi-nəzərdən qəbul edirdi. Beləliklə, kəşfiyyatçı düşünürdü ki, 1945-ci ildən sonra Yaponiyanı idarə edən hökumət ABŞ marionetkasıdır və əsl İmperiya hökuməti Mancuriyada sürgündə fəaliyyət göstərir. 1950–1953-cü illər Koreya müharibəsinin başlamasını Onoda Mancuriyadakı Yaponiyaya hökumətinin Cənubi Koreyadakı ABŞ mövqeyinə qarşı bir hücumun başlanğıcı kimi görürdü. 1959–1975-ci illərdə Vyetnamda uzun sürən müharibəyə, o, Yaponiyanın İmperiya Ordusunun amerikalıları təslim olmağa məcbur edən uğurlu bir kampaniya olaraq qəbul edirdi.

1974-cü il fevralın 20-də gənc yapon tələbə-səyyah Norio Suzuki təsadüfən Lubanq cəngəlliyində Onodanı tapdı. Suzuki müharibənin başa çatması, yaponların məğlubiyyəti və Yaponiyanın müasir firavanlığı barədə danışaraq onu vətəninə qayıtmağa inandırmağa çalışdı.

Lakin Onoda öz komandirinin əmri olmadığı üçün xidmət yerindən ayrıla bilməyəcəyini izah edərək, təklifdən imtina etdi. Suzuki Yaponiyaya tək qayıtdı. Amma onun gətirdiyi bir yapon kəşfiyyatçısının fotoşəkilləri yapon mediasını yerindən oynatdı. Yaponiya hökuməti təcili olaraq Yaponiyanın İmperiya Ordusunun keçmiş mayoru və müharibədən sonra bir kitab mağazasında işləyən Onodanın birbaşa komandiri olan Yesimi Taniquci ilə əlaqə saxladı. 1974-cü il mart ayının 9-da Taniquci Lubanq adasına uçdu. O, hərbi forma geyinərək Onoda ilə əlaqəyə qurdu və ona aşağıdakı əmri verdi:

1974-cü il martın 10-da Onoda Taniquçi üçün radar stansiyasına hesabat-məruzəsini gətirdi və Filippin qoşunlarına təslim oldu. O, cır-cındır vəziyyətində olan bir hərbi geyimdə idi. Lakin əlində döyüş qabiliyyətli Arisak tipli 99 modelli tüfəng, yüz güllə, bir neçə əl qumbarası və bir samuray qılıncı vardı. Yapon təslim olmaq əlaməti kimi samuray qılıncını baza komandirinə təhvil verdi və ölümə hazır olduğunu bildirdi. Ancaq komandir onu "ordunun sədaqət nümunəsi" adlandıraraq silahını geri qaytardı.

Filippin qanununa görə Onoda soyğunçuluq və qətl, 1945–1974-cü illərdə polisə və orduya hücum etdiyi üçün edam cəzası gözləyirdi. Lakin Yaponiya Xarici İşlər Nazirliyinin müdaxiləsi sayəsində o, əfv edildi.

Kapitulyasiya mərasimində Filippinin ovaxtkı prezidenti Ferdinand Markos da daxil olmaqla hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri iştirak etdilər. 1974-cü il martın 12-də Onoda təntənəli şəkildə vətəninə geri döndü. 250px|thumb|right|Onoda öz qılıncını Filippin Prezidenti Markosa təqdim edir

1974-cü ildən sonra Onodonun Yaponiyaya qayıdışından sonra bütün ölkə mediasının diqqəti ona qarşı yönəldildi. Yaponiya ictimaiyyətinin bir hissəsi, əsasən də yeni siyasi və ictimai şəraitə uyğun olaraq tərbiyə olunan elm adamları və jurnalistlər keçmiş hərbçinin şəxsiyyətinə soyuq reaksiya göstərdilər. Hələ hava limanında Onoda, imperatorun şərəfinə "Əlahəzrət İmperatora şükür!" salamanı verməsi onu qarşılayanları heyrətləndirdi. Kommunistlər və Sosial Demokratlar onu "militarizm xəyalpərəsti" kimi ləkələməyə başladılar. Sol və mərkəzçi mətbuat başda "Asahi Simbun" və "Mayniti Simbun" olmaqla, Onodonun Yaponiyanın məğlubiyyətini bildiyini, lakin militarist təbiətinə görə təslim olmaqdan imtina etdiyini yazırdılar. Hətta onu 1945–1974-cü illərdə yüzlərlə günahsız filippinlini öldürdməkdə günahlandırdılar. Bütün bunlara baxmayaraq, Onodanın məmurlar və adi vətəndaşlar arasında tərəfdarı az deyildi. Ona hətta Yaponiya Parlamentinin Nümayəndələr Palatasına namizəd olmaq təklifi edildi, amma o, rədd cavabı verdi. Qayıdışı ilə əlaqədar mükafat kimi Yaponiya Nazirlər Kabineti Onodaya 1.000.000 yen verdi. Lakin keçmiş zabit bütün məbləği XIX və XX əsrlərdə Yaponiya uğrunda canından keçən əsgərlərin ruhlarına dua edən Tokiodakı Yasukuni ziyarətgahına bağışladı. Onoda Yaponiyanın ozamankı Baş naziri Kakuei Tanaka ilə görüşdü, lakin İmperator ilə xüsusi bir qəhrəmanlıq etməməsini səbəb gətirərək, görüşdən imtina etdi. Ondan 30 il cəngəllikdə gizləndiyini və hərbçilərə hücum etdiyi zamanı nə düşündüyünü soruşduqda, "vəzifəsi haqqında" – deyə qısaca cavab verirdi.