thumb|Mikologiya Mikologiya göbələkləri, onların biokimyəvi və genetik xüsusiyyətlərini, təsnifatını, insanların həyatındakı rolunu, insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi, qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Hazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir. Havanı təmizləyir.

Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir. Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır. İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər, antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər. Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər. Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiya adlanır. İnsanlarda patologiya yaradan 200-ə qədər yeni nəsil göbələk növü, yəni ştamı mövcuddur.

Tarix İnsanların göbələkləri qida kimi istifadə etməsi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Göbələklər haqqında ilk dəfə Evripidin (e.ə. 480–406) əsərlərində yazılıb. Yunan filosofu və botaniki Teofrast (e.ə. 371–288) bitkiləri sistematik şəkildə təsnif etməyə çalışan bəlkə də ilk şəxs olub və o, göbələkləri müəyyən orqanlarını itirmiş bitkilər kimi təsnif edirdi. Daha sonra özünün "Təbii Tarix" ensiklopediyasında göbələklər haqqında Böyük Plini də (e.ə. 23–79) yazmışdı.

Orta əsrlərdə ümumiyyətlə göbələklər haqqında yeni məlumatlar öyrənilməmişdir. Bu dövrün ən qədim əsəri 1245-ci ildə Çen Renyu adlı bir Çin aliminin bir çox müxtəlif göbələkləri təsvir edən Junpu adlı bir kitabıdır.

Müasir mikologiya dövrünün başlanğıcı isə Pyer Antonio Mişelinin 1737-ci ildə nəşr etdiyi Nova plantarum genera əsəri ilə başlayır. Florensiyada nəşr olunan bu mühüm əsər otların, mamırların və göbələklərin sistematik təsnifatının əsasını qoymuşdur.

Mikologiya tarixən botanikanın bir qolu hesab olunsa da, 1969-cu ildə göbələklərin heyvanlarla sıx təkamül əlaqəsinin kəşfi tədqiqatın müstəqil bir sahə kimi yenidən təsnif edilməsinə səbəb oldu. Mikologiya termini və mikoloq termininin yaranmasını ənənəvi olaraq 1836-cı ildə Berkliyə aid edirlər. Lakin, mikoloq sözü Robert Kaye Greville adlı ingilis botanikinin yazılarında Schweinitz-ə istinadən 1823-cü ildə ortaya çıxdığı bəlli olur.

Əhatə dairəsi və əhəmiyyəti Meşələrin salınmasında ekosistemlərin becərilməsi bitkilər, xüsusən də ağaclar və göbələklər arasında mikorizal simbiotik əlaqələrdən çox asılıdır. Göbələklər simbiotik əlaqədə bitkilərə xəstəliklərə qarşı dözümlülük, inkişaf, böyümə və mineral qidalanma, stressə qarşı dözümlülük və hətta gübrə istifadəsi kimi bir çox fayda verir.

Son illərdə beynəlxalq ticarətin digər əsas komponenti yeməli və dərman xarakterli göbələklər olmuşdur. Bir çox göbələk növü böyük əkinçilik müəssisələrində becərilə bilsə də, bəzi arzuolunan növlərin becərilməsi hələ mümkün olmamışdır, bu da o deməkdir ki, yalnız təbii şəkildə vəhşi təbiətdə tapıla bilən bir çox növləri var. Son illərdə dünya miqyasında vəhşi göbələk növlərinə tələbat artsa da, bu növlərin nadirliyi dəyişməyib. Buna baxmayaraq, göbələk ovu yerli iqtisadiyyatlarda əsas amilə çevrilib .

Göbələk müxtəlifliyi haqqında elmi biliklərin artması qida istehsalında biotexnoloji irəliləyişlərə səbəb olmuşdur. İnsanlar bu biliklərdən müxtəlif növ göbələkləri, xüsusən də maya göbələyi becərməklə istifadə etmişlər. Müxtəlif məqsədlər üçün becərilən 500-dən çox maya növü mövcuddur ki, bunlardan ən çox yayılmışı çörək mayası kimi də tanınan Saccharomyces cerevisiae -dir. Qədim zamanlardan bəri şərabçılıq, çörəkçilik və dəmləmə üçün istifadə olunur.

Fermentativ növlər qida məhsullarının konservləşdirilməsinin ən erkən formalarından biridir və ən erkən istifadə tarixi 13.000 il əvvəl İsraildə qeydə alınmışdır. Fermentasiya həmçinin müxtəlif qida məhsullarının, pivə və şərab kimi spirtli içkilərin istehsalında mühüm rol oynayır.

Göbələklər arasında patogenlər də var. Bitki patogen göbələkləri məhsulun mövcudluğu və ərzaq təhlükəsizliyi baxımından ciddi təhlükə yaradırlar. Bu göbələklər bitkilərə və qida məhsullarına nüfuz edə bilər ki, bu da bir çox ölkələrdə kənd təsərrüfatı sənayesi üçün ciddi iqtisadi problemlərə səbəb ola bilər.

Puccinia graminis, Afrikadan Avropaya qədər bütün dünyada buğda bitkilərini hədəf alan kök çürüməsidir. Digər bir dağıdıcı göbələk patogeni Hindistanda geniş yayılmış və düyü becərilməsi üçün böyük təhlükə yaradan Sarocladium oryzae - dir. Bu patogen göbələk düyüdə fitoftoroz xəstəliyinin yaranmasına səbəb olur. Tarixən bitki-göbələk pandemiyalarının ən məşhur hallarından biri də Phytophthora infestans kimi tanınan su kifinin səbəb olduğu kartof, pomidor kimi bitkilərin xəstəliyidir. Bu xəstəlik 4 ilə 29 dərəcə arasında olan mühitdə, rütubətli şəraitdə inkişaf edir, lakin isti və quru hava başlayan kimi məhdudlaşır.

Yoluxmuş bitkilər iki həftə ərzində çürüyə bilər, yarpaqlarda, saplaqlarda və gövdələrdə çürüntülər əmələ gəlir. Yarpaqların alt tərəfində spor əmələ gətirən strukturların ağarmış böyüməsi görünə bilər və kartofun kök yumruları çürüyə bilər. Fitoftorozun bu növü 19-cu əsrin ortalarında İrlandiyada Böyük Aclığa səbəb olmuşdu. Bu patogenin torpaqda qalma qabiliyyətinə görə onun tam məhv edilməsi çətin ola bilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Biologiyanın bölmələri Kateqoriya:Mikrobiologiya Kateqoriya:Botanikanın bölmələri