Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi.Aзepбaйджанская Демократичеческая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi.
Diplomatik nümayəndəliyin yaradılmasında məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı. Bu səbəbdən də Azərbaycanın Xarici İşlər naziri iyunun 22-də Gürcüstandakı daimi nümayəndəsinə göndərdiyi məktubda bildirmişdi ki, Ermənistan hökumətinin, o da təşkil edilməyibsə, Erməni Milli Şurasının nəzərinə çatdırsın ki, Azərbaycan–Ermənistan sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmalıdır. Əgər Ermənistan hökuməti bu təklifi bəyənərsə, görüş yerini və vaxtını bildirmək təklif edilmişdi. Lakin Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı, Dağlıq Qarabağa dair ərazi iddiası irəli sürmüşdü.
Ermənistan hökuməti yalnız 1919-cu il fevralın 1-də Azərbaycanın İrəvan şəhərində daimi nümayəndəliyin fəaliyyətə başlamasına razılıq vermişdi. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı məlumatlandırırdı. İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur bəy Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına — yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur.
İrəvan Quberniyası Həmyerliləri Təşkilatının 1919-cu il yanvarın 17-də keçirilən iclasında Azərbaycan hökumətinə müraciət qəbul olunmuşdur. Təşkilatın sədri Teymur bəy Makinskinin imzası ilə göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qəzasını bütünlüklə və Eçmiədzin qəzasının tamamilə müsəlmanlar yaşayan hissəsini ələ keçirmiş, üstəlik, Şərur və Naxçıvan qəzalarını ələ keçirmək üçün hücuma keçmişlər. Məhv olmağa və ölümə məhkum edilmiş İrəvan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil olunması təklif edilirdi.
10 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notada bildirilirdi ki, başda erməni zabiti olmaqla Ermənistan silahlı dəstələri Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini viran etmişlər. Həmin kəndlərin kişilərinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qaçaraq canını qurtarmışdır.
Eçimədzin kilsəsinin xeyir-duası ilə Ermənistan hökuməti, bir tərəfdən azərbaycanlı kəndlərini dağıdır, insanları məscidlərə dolduraraq yandırır, əhalisini kütləvi qırğınlara məruz qoyur, digər tərəfdən isə Azərbaycanla dostluq münasibətlərindən dəm vurur, onun neft potensialından faydalanmaq istəyirdi.
Nümayəndəlik iki dövlət arasında diplomatik münasibətlərin tənzimlənməsində, habelə Ermənistan Respublikası ərazisində keçmiş İrəvan quberniyasının türk-müsəlman əhalisinin mənafelərinin müdafiə olunmasında, onların vəziyyətinin öyrənilməsində, erməni millətçilərinin bölgədəki etnik təmizləmə-soyqırımı siyasətinin, qismən də olsa, qarşısının alınmasında mühüm rol oynamışdır.
AXC-nin Ermənistandakı diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski thumb|Azərbaycan Cümhuriyyətinin Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski Məhəmməd xan Təkinski 1879-cu ildə Türküstanda anadan olmuşdur. 1881-ci ildə rusların Axal-Təkə qalasına hücumu zamanı valideynlərini itirən iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüşdür. Məhəmməd 1901-ci ildə Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhəmməd xan Təkinski 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə cəlb olunmuşdur. Cümhuriyyətin süqutundan sonrakı dövrdə Məhəmməd xan Təkinskinin fəaliyyəti barədə hələlik məlumat əldə edilməmişdir. Professor Ədalət Tahirzadənin verdiyi məlumata görə, Məhəmməd xan Təkinski repressiyaya məruz qalaraq, 18 mart 1938-ci ildə güllələnmişdir.
2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinski xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının zəruriliyindən danışmışlar. M. Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun Ermənistanla müsəlmanlar arasında dostluğun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd vermişdir və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstəriməsi lüzumunu qeyd edirdi.
3 may 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.
Mayın 16-da M. Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçmişlər. Ermənistana təzyiq etmək üçün M. Təkinski təklif edirdi ki, qoşunları Ermənistanla sərhəddə cəmləşdirmək lazımdır.
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M. Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament İstintaq Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu.
İyunun 10-da Azərbaycan XİN Ermənistandakı diplomatik nümayəndə M. Təkinskiyə göndərdiyi şifrəli teleqramda tapşırılırdı ki, dağıdılmış kəndlərin təmsilçilərinin köməyi ilə İrəvan quberniyasında, imkan olarsa, Qars vilayətində zərərçəkmişlərin ad və soyadları, yaşayış yerləri, yaşları göstərilməklə müsəlmanların həm insani, həm də əmlak itkiləri haqqında xəlvəti statistik məlumatlar toplansın. Məlumatlarda öldürülənlər, yaralananlar, əsir götürülənlər, dağıdılmış kəndlər, bağlar, aparılmış sürülər haqqında səhih məlumatların əks olunması tapşırılırdı. Həmçinin qeyd edilirdi ki, Azərbaycan hökumətinin qərarı ilə ingilis, italyan və digər ölkələrin təmsilçilərinin iştirakı ilə ermənilərin azərbaycanlılara vurduqları itkilərin miqyasını müəyyən etmək üçün beynəlxalq komissiya yaradılması qərara alınmışdır.
Şərur-Naxçıvan bölgəsində vəziyyətlə bağlı M. Təkinskinin Azərbaycan xarici işlər nazirinə iyunun 13-də göndərdiyi şifrəli teleqramdan aydın olur ki, bölgədəki silahlı qüvvələrin maddi təminatını Azərbaycan hökuməti İrəvandakı diplomatik nümayəndəliyin vasitəsilə həyata keçirmişdir. Teleqramda bildirilirdi ki, həmin bölgədə 6 min əsgər və süvaridən ibarət yarınizami qoşunlar mövcuddur. M. Təkinski qoşunların döyüş hazırlığının heç də erməni qoşunlarının hazırlığından geri qalmadığını ingilislərin də etiraf etdiklərini bildirir. Daha sonra M. Təkinski yazırdı ki, bölgədəki silahlı qüvvələrin sayını, lazım gələrsə, hərbi əməliyyatlar zamanı 10 min nəfərə də çatdıtmaq olar. Diplomatik nümayəndə Şərur-Naxçıvan bölgəsindəki silahlı qüvvələrin əvvəlki mövqelərində qalmağının və Zəngəzurla sərhəddəki dağlarda yerləşdirməyin vacibliyini qeyd edirdi. M. Təkinski ordunun təchizatı üçün göndərilən vəsaitin düzgün paylanmasına tam zamin ola bilmədiyini də bildirirdi.