thumb|Otluq ərazidə gəzən erkək takahe. Takahe (Porphyrio hochstetteri) — Yeni Zelandiyanın Cənub adasına endemik olan, uça bilməyən sultan toyuğu növüdür. Rallidae fəsiləsinin yaşayan ən böyük nümayəndəsidir. Növ qısa şəkildə takahe adı ilə tanınır və nəsli kəsilmiş Şimal adası takaheləri (Porphyrio mantelli) ilə yaxın qohumdur. Takahelər Yeni Zelandiyada həm maorilər, həm də sonradan avropalılar tərəfindən ovlanmışdır. XIX əsrin sonunda nəsli kəsilmiş hesab edilən növ 1948-ci ildə yenidən aşkar edilmişdir. Hazırda takahelərin qorunması üçün Yeni Zelandiyada xüsusi mühafizə proqramları həyata keçirilir. 2023-cü ildə populyasiyanın təxminən 500 fərddən ibarət olduğu bildirilmişdir.
Elmi təsviri və adlandırılması Takahe ilk dəfə Avropa elmi ədəbiyyatında canlı quş kimi deyil, fosil qalıqları əsasında tanınmışdır. 1847-ci ildə Yeni Zelandiyanın Şimal adasında tapılan quş sümükləri britaniyalı anatom Riçard Ouena göndərilmiş və Ouen 1848-ci ildə bu qalıqlar əsasında Notornis cinsini yaratmış, növə Notornis mantelli adını vermişdir. Həmin dövrdə quşun nəsli kəsilmiş olduğu düşünülürdü.
1850-ci ildə Fiyordlenddə bir qrup suit ovçusu böyük, uça bilməyən quşla qarşılaşdı. Quş tutulduqdan sonra onun dərisi Uolter Mantell tərəfindən əldə edildi və paleontoloq Gideon Mantellə göndərildi. Gideon Mantell bunun yalnız fosil sümüklərindən məlum olan Notornis cinsinin canlı nümayəndəsi olduğunu müəyyənləşdirdi. Takahe adı maori dilindəki takahi felindən yaranmışdır və “tapdalamaq” və ya “ayaqla basmaq” mənasını verir.
Taksonomiya 1883-cü ildə alman zooloqu Adolf Bernhard Meyer Cənub adasından əldə edilmiş takahe nümunəsinin skeletini araşdıraraq onu ayrıca növ hesab etdi və Notornis hochstetteri adlandırdı. Növ adı avstriyalı geoloq Ferdinand fon Hoştetterin şərəfinə verilmişdir. Daha sonrakı tədqiqatlarda takahelər Porphyrio cinsinə daxil edilmiş və hazırkı elmi adı Porphyrio hochstetteri olmuşdur.
XX əsrin ikinci yarısında Cənub və Şimal adası takaheləri bir müddət eyni növün yarımnövləri hesab edilmişdi. Morfoloji və genetik tədqiqatlar isə onların ayrı-ayrı növlər olduğunu göstərdi. Şimal adası takaheləri (Porphyrio mantelli) nəsli kəsilmişdir. 2024-cü ildə aparılmış mitoxondrial genom araşdırması iki takahe növünün bir-birinə ən yaxın qohum olduğunu və onların ortaq əcdaddan ayrıldığını göstərmişdir.
Xarici görünüşü Takahe Rallidae fəsiləsinin yaşayan ən böyük nümayəndəsidir. Bədəninin orta uzunluğu təxminən 63 sm, erkəklərin orta çəkisi 2,7 kq, dişilərin çəkisi isə 2,3 kq-dır. Bəzi fərdlərin çəkisi 4,2 kq-a çata bilər. Ayaqüstə hündürlüyü təxminən 50 sm-dir. Bədəni iri və güclü, ayaqları qısa və qüvvətlidir. Uça bilməsə də, kiçilmiş qanadlarından yamaclara qalxarkən istifadə edə bilir.
Yetkin takahelərin başı, boynu və bədənin alt hissəsi əsasən tünd göy və bənövşəyi rəngdədir. Bel və qanadların daxili hissələri yaşıl çalarlıdır. Alın qalxanı parlaq qırmızı, dimdiyi qırmızı çalarlı, ayaqları isə qırmızıdır. Erkək və dişilər bir-birinə bənzəyir, lakin dişilər adətən bir qədər kiçik olur. Balalar yumurtadan çıxdıqda qara tüklərlə örtülü olur.
Davranışı və qidalanması Takahe əsasən oturaq həyat tərzi keçirən, əraziyə bağlı və uça bilməyən quşdur. Alp çəmənliklərində yaşayır, qar yağdıqda isə meşəlik və kolluq ərazilərə enə bilər. Qidasının əsas hissəsini otlar, cavan zoğlar və xüsusilə Chionochloa cinsinə aid alp otlarının yarpaqları təşkil edir. Həmçinin həşəratlarla da qidalanır. Takahelərin qar otlarının gövdəsini bir ayaqları arasında saxlayaraq yumşaq hissələrini yeməsi müşahidə edilmişdir.
İstinadlar
Kateqoriya:Uça bilməyən quşlar Kateqoriya:1883-cü ildə təsvir edilən quşlar Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Yeni Zelandiya endemikləri Kateqoriya:1883-cü ildə təsvir edilən taksonlar Kateqoriya:Sufərələri