“Harri Potter” filmlər seriyası — ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük Britaniya – ABŞ istehsalı olan filmlər seriyasıdır.

Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır .

Filmlərin çəkilişi on ildən artıq davam edib.

Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı.

Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) .

Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub. Ən gəlirli hissə isə romanın sonuncu kitabı əsasında çəkilən filmlərdir ("Harri Potter və Ölüm Hədiyyələri"), sonuncu iki seriyanın çəkilişi birlikdə 250 milyon dollardan az xərc tələb edib, lakin birlikdə 2 milyard 300 milyon dollar gəlir gətirib.

Harri Potter (filmlər seriyası) bütünlükdə 7,7 milyard dollar məbləğində gəlir gətirib və bununla da dünya üzrə yüksəkgəlirli seriallar arasında ikinci yeru tutur.

Filmin əsas mövzusu olan sehrbazlıq ətrafında daha bir neçə filmin çəkilməsi planlaşdırılır ki, onlardan biri – Fantastik varlıqlar və onların məskəni filmi artıq 2016-cı ildə prokata buraxılıb (Bu film Warner Bros. Pictures tərəfindən Wizarding World (Sehrli aləm) fentezi filmlər franşizinin yarandığını təsdiq etdi).

Filmin yaranması 1997-ci ilin sonlarında prodüser Devid Heyman Londondakı ofisinə Coan Roulinqdən "Harri Potter və Fəlsəfə daşı" adlı bir kitab daxil oldu. "Harri Potter"in yeddi romandan ibarət seriya olacağı bildirilirdi. Bu kitaba əvvəlcə aşağı prioritetli əsər kimi yanaşılsa da, Devid Heymanın köməkçisi kitabı oxuyub, müsbət bir rəy ilə Heymana verdi. Nəticədə, Heyman kitabı özü oxudu və Roulinqin əsərindən yüksək dərəcədə təsirlənərək, bu filmi çəkmək qərarına gəldi. Beləliklə, bütün dövrlərin ən müvəffəqiyyətli kino franşizlərindən biri yarandı

Heymanın bu filmi çəkmək həvəsi o qədər güclü idi ki, 1999-cu ildə Roulinq Harri Potter haqqında 7 kitab halında planlaşdırdığı kitabların ilk dördü üzərində hüquqları Warner Bros. Pictures şirkətinə 1 mln.funt-sterlinqə (təxminən 2 mln. ABŞ dollarına) satmağa razı oldu. Filmin çəkilişi üçün Roulinqin qoyduğu şərt ondan ibarət idi ki, əsas aktyor tərkibi Britaniyadan olmalıdır. Buna baxmayaraq, bəzi rollar üçün bu şərt pozulmalı oldu, məs., Dambldor roluna İrlandiya artisti Riçard Harris cəlb olundu. Bundan başqa, əsərdəki personajların hansı ölkədən olduğunu nəzərə almaqla, həmin rollar üçün aktyorlar da uyğun olaraq seçildi, məs., "Alov Qədəhi" filmi üçün çəkilişə fransız aktyor, eləcə də Şərqi Avropadan olan aktyorlar dəvət olundu .

Roulinq bütün əsər üzərində hüquqların tamamilə Warner Bros. Pictures şirkətinə verməyə tərəddüd edirdi, belə ki, hekayənin qalan hissəsi (gələcək hissələri) üzərində nəzarət hüququnu onlara verməyə ehtiyat edirdi, odur ki, Warner Bros. Pictures filmin ardını müəlliflik hüququ olmadan çəkməyə məcbur oldu .

Maraqlıdır ki, ilk filmi çəkmək barədə Stiven Spilberq ilə başlanğıcda danışıqlar aparılsa da, sonda o, bu təklifdən imtina etdi . Spilberq əsər əsasında animasiya (multiplikasiya) filmi çəkmək istəyirdi, Harri Potter obrazını isə amerikalı aktyor Heyli Coel Osment tərəfindən səsləndirilməsini nəzərdə tuturdu . Spilberq bu işin "su içmək kimi" asan bir iş olduğunu söyləyirdi, onun çəkəcəyi multiplikasiya filminin gözlənilən gəliri gətirəcəyini iddia edirdi: "Elə bilin ki, milyard dolları alıb öz bank hesabınıza artıq yatırmısınız. Bu filmi çəkmək üçün heç bir çətinlik yoxdur." . Lakin bu sövdələşmə baş tutmadı. Sonradan bu barədə Roulinq öz veb-saytında filmin çəkilməsi üçün rejissor seçimində heç bir rolu olmadığını sübut etməyə çalışaraq belə yazmışdı: "Əgər kimsə mənim Spilberq üzərinə qadağa qoya bildiyimi və ya qoyduğumu fikirləşirsə, deməli onun sehrli Quick Quotes Quill-in (filmdəki fantastik əşyalardan biri – hər şeyə şahidlik edən, eşitdiyi hər sözü dərhal yazan qələm) xidmətinə ehtiyacı var" .

Spilberqdən ayrıldıqdan sonra, Kris Kolumbus, Conatan Demm, Terri Gilliam, Mayk Nyuell, Alan Parker, Volfqanq Petersen, Rob Reyner, Tim Robbins, Bred Silberlinq və Peter Veyr daxil olmaqla digər rejissorlar ilə danışıqlar oldu . Petersen və Reyner də 2000-ci ilin mart ayında kənara çəkildilər . Daha sonra filmin potensial rejisorları siyahısı Kolumbus, Gilliam, Parker və Silberlinqə qədər qısaldı. Roulinqin ilk seçimi Terri Gilliam idi . Lakin, 28 mart 2000-ci ildə Warner Bros. Pictures tərəfindən, bu vaxta kimi şəkdiyi filmlərin xarakteri nəzərə alınaraq, Kolumbus filmin rejissoru olaraq təyin edildi .

İlk filmin ssenarisini yazmaq üçün isə Stiv Kloves seçildi. O, kitabın kinoya uyğunlaşdırılmasının çox "çətin" olduğunu bildirdi. Lakin Kloves kitabları (birinci və növbəti iki kitabı) oxuyub, əsərin fanatı oldu və Warner Bros. ilə danışıqlarda filmin "britaniyalı" və mütləq kitabdakı xarakterlərə (personajlara) uyğun olmasının vacib olduğunu ifadə etdi . Filmin prodüseri isə David Heyman təsdiq edildi . Romanın müəllifi Roulinqə film üzərində geniş yaradıcı nəzarət hüququ verildi, Kolumbus bu razılaşmaya etiraz etmədi .

Harri Potter filminin əsas süjet xətti və eyniadlı ədəbi əsərə uyğunluğu Filmin əsas qəhrəmanları: Harri Potter və onun dostları Hermiona Qreyncer ilə Ron Uizli balaca sehrbazlardır. Film, eləcə də onların əsslandığı romanlar Hoqvards sehrbazlıq məktəbinin gənc tələbələrinin həyatını təsvir edir. Əsas süjet xəttini Harrinin Lord Voldemorta qarşı mübarizəsi təşkil edir. Lord Voldemort — Sehr Nazirliyini devirmək, bütün sehrbazları və maqlları (maql, ingiliscə muggle, sehrbaz olmayan adi adamları ifadə etmək üçün romanda istifadə olunan termindir) özünə tabe etmək niyyətində olan, nəyin bahasına olursa-olsun, ölməzlik qazanmaq istəyən şər qüvvələr sehrbazıdır. Filmin çəkilməsinə əsas səbəb romanın qeyri-adi, tükənməz fantaziyalarla zəngin olması olub. Belə ki, ilk kitab olan "Harri Potter və Fəlsəfə Daşı" romanı çap olunduğu andan (26 iyun 1997-ci il) "Harri Potter" əsəri böyük populyarlıq qazandı. İstər oxucular, istərsə də tənqidçilər tərəfindən müsbət qarşılanan bu əsər bütün dünyada kommersiya uğuru qazandı. "Harri Potter" əsəri və filmlər seriyası geniş auditoriyanı: istər kiçikyaşlı, istər gənc oxucu və tamaşaçıları, istərsə də orta yaşlı nəsli cəlb edərək, onlarda maraq və heyrət yaradır, odur ki, bu əsər böyüklər üçün müasir gənc ədəbiyyatın təməl daşı hesab olunur .

Əsərin həmişə hamı tərəfindən heyranlıqla qarşılanmasını iddia etmək düzgün olmazdı, bütün əsərlər kimi, "Harri Potter" də öz payına düşən tənqidi almışdır, xüsusən əsərdə hadisələr inkişaf etdikcə gərginlik və narahatlığın artması tənqid atəşinə tutulub. Bununla belə, "Harri Potter" ən çox sevilən, oxunan və baxılan əsərlər siyahısındadır. Ən son tarix — 2018-ci ilin fevral ayı üçün olan məlumata görə, dünya miqyasında bu kitabın 500 milyondan çox nüsxəsi satılmışdır ki, bu da tarixdə ən çox satılan kitablar seriyasıdır. İndiyə kimi "Harri Potter" dünyanın səksən dilinə tərcümə edilmişdir . Son dörd kitab ardıcıl olaraq tarixin ən çox satılan kitabları olmaqla rekord vurmuş, sonuncu satış həcmi — Amerika Birləşmiş Ştatlarında kitab satışa buraxılandan iyirmi dörd saat ərzində təxminən on bir milyon nüsxə təşkil edib.

Serial ilk olaraq ingilis dilində iki böyük nəşriyyat: Birləşmiş Krallıqda Bloomsböri və ABŞ-də Scholastic Press tərəfindən nəşr olunmuşdur. Roulinq tərəfindən yazılmış hekayəyə əsaslanan "Harri Potter və lənətlənmiş uşaq" adlı bir oyun (tamaşa) 30 İyul 2016-cı ildə Londonda Saray Teatrında (Palace Theatre) nümayiş olundu və onun skripti (ssenarisi) Little Brown Book Group tərəfindən nəşr olundu. Orijinaldakı yeddi kitab əsasında Warner Bros. Pictures tərəfindən səkkiz hissəli bir film serialı (Harri Potter filmləri serialı) uyğunlaşdırıldı. Warner Bros. Pictures romanın sonuncu – yeddinci kitabını ("Ölüm hədiyyələri") iki kinematoqrafik hissəyə ayırdı. Heyman bildirdi ki, "Ölüm hədiyyələri" romanı bir film kimi çəkilmişdir, amma iki tammetrajlı hissə kimi istehsal olunub .

2018-ci ilin fevralına qədər olan tarix ərzində "Harri Potter" filmlər serialı öz populyarlığına görə 3-cü yeru tutur.

2016-cı ildə Harri Potter franşizinin ümumi dəyəri 25 milyard dollar səviyyəsində qiymətləndirilir və "Harri Potter" tarixin ən yüksəkgəlirli media franşizlərindən birinə çevrilir .

№ Roman Romanın çap olunduğu tarix Romanın orijinalda adı Roman əsasında çəkilmiş film Filmin çəkildiyi tarix 1Harri Potter və Fəlsəfə Daşı 1997 Harry Potter and the Philosopher's Stone Harri Potter və Fəlsəfə Daşı 2001 2Harri Potter və Sirlər Otağı 1998 Harry Potter and the Chamber of Secrets Harri Potter və Sirlər Otağı 2002 3Harri Potter və Azkaban Məhbusu 1999Harry Potter and the Prisoner of Azkaban Harri Potter və Azkaban Məhbusu 2004 4Harri Potter və Alov Qədəhi 2000 Harry Potter and the Goblet of FireHarri Potter və Alov Qədəhi 20055 Harri Potter və Simurq Ordeni 2003 Harry Potter and the Order of the Phoenix Harri Potter və Simurq Ordeni 2007 6Harri Potter və Mələz Şahzadə 2005 Harry Potter and the Half-Blood Prince Harri Potter və Mələz Şahzadə2009 7Harri Potter və Ölüm Hədiyyələri 2007 Harry Potter and the Deathly Hallows Harri Potter və Ölüm Hədiyyələri–I hissə 2010 8Harri Potter və Ölüm Hədiyyələri 2007 Harry Potter and the Deathly Hallows Harri Potter və Ölüm Hədiyyələri–II hissə 2011

Filmin əsas yaradıcıları Harri Potter (filmlər seriyası) böyük kollektivin əməyinin məhsulu olsa da, seriyanın əsasən prodüser Devid Heyman və filmdə Harri Potter və onun dostları Ron Uizli və Hermiona Qreyncer rolunu ifa edən üç aktyor: Deniel Redkliff, Rupert Qrint və Emma Uotson tərəfindən yaradıldığı qəbul edilir.

Serial üzərində dörd rejissor : Kris Kolumbus, Alfonso Kuaron, Mayk Nyuell və Devid Yeyts və iki ssenarist: Stiv Kloves və Maykl Qoldenberq çalışıb (yalnız 5-ci film — "Harri Potter və Simurq ordeni" filminin ssenarisi Maykl Qoldenberq, digər seriyaların ssenarisi isə Stiv Kloves tərəfindən yazılmışdır).

Harri, Ron və Hermiona rollarının kastinqi thumb|right|Deniel Redkliff, Emma Uotson və Rupert Qrint Harri Potter və Ölüm Hədiyyələri (II hissə) filminin dünya premyerası zamanı, London, Trafalqar-Skver, 7 iyul 2011-ci il

2000-ci ildə, yeddi aylıq bir axtarışdan sonra aparıcı rolun Harri Potterin ifaçısı nəhayət ki, prodüser Devid Heyman və yazıçı Stiv Kloves tərəfindən tapıldı — bu, onlarla eyni vaxtda bir teatrda olan, onların arxasındakı yerdə oturan Deniel Redkliff adlı bir uşaq idi.

Sonradan D.Heyman "Los Angeles Times" qəzetinə (jurnalist Bauçer) verdiyi müsahibədə bu barədə belə demişdi:"Mavi rəngində iri gözləri olan bu oğlan mənim arxamda oturmuşdu. Bu, Den Redkliff idi, onu görəndə mənim ilk təəsssüratım indiyə kimi yadımdadır: o, hər şeylə maraqlanan, gülməli və həm də enerjili idi, Həqiqətən də, həm nəcib, həm də şirin uşaq idi. Lakin eyni zamanda o, yeni bir şey öyrənmək üçün həvəsli idi" .