Xanım Balacayeva () — Azərbaycan şahmatçısı. Qadınlar arasında qrosmeyster (2019).
Erkən illəri Xanım Balacayeva 28 mart 2001-ci ildə Qax şəhərində anadan olub. Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır. Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir.
Şahmat karyerası
Şəxsi 2008-ci ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 2-ci, elə həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında isə 5-ci yeri tutub.
2009-cu ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 1-ci yeri tutmuşdur.
2010-cu ildə 10 yaşadək qızlar arasında Azərbaycan çempionatında və Türkiyənin Kayseri şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə 6-cı dünya çempionatında birinci olmuşdur.
2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatında qızıl medal qazanıb.
2014 və 2015-ci illərdə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatında, 2016 və 2017-ci illərdə isə 18 yaşadək qızlar arasında Azərbaycan çempionatında birinci olub.
2018-ci ildə qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 6 xal yarım toplayaraq, Azərbaycan çempionu adını qazanıb.
Komanda 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasının heyətində mübarizə aparmışdır.
2017-ci ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatında və Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş dünya komanda çempionatında iştirak edib. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
2025-ci ilin noyabrında İspaniyanın Linares şəhərində təşkil olunmuş dünya komanda çempionatında Azərbaycan yığmasının heyətində gümüş medala sahib olub.
İstinadlar
Xarici keçidlər FIDE Chess profili Khanim Balajayeva. Chess-DB.com Khanim Balajayeva. Chessgames.com Khanim Balajayeva. 365Chess.com
Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat beynəlxalq ustaları