Gəncə mədəniyyəti — Gəncə şəhərinin mədəniyyəti. Gəncə şəhərinin əsası 859-cu ildə qoyulmuşdur.

Tarixi

Gəncənin əsasının qoyulması və orta əsrlər dövrü

E.ə. VII əsrdə skiflərin qurduğu İşquzun özəyinin midiya dilindəki adı Sakaşen (Azərbaycan Respublikasının qərbində, indiki Gəncədə) idi.Дьяконов И. М. История Мидии. — М.-.: Академия Наук СССР, 1956.Дамдамаев М. А., Луконин В. Г. Культура и экономика древнего Ирана. — М.: Наука, 1980.The Cambridge History of Iran. — Cambridge University Press, 1985. — С. 103, 105, 125.

Qədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır. Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır. Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində "xəzinə" mənasını verən gənzə sözündən) adlandırılmağa başlayır. İ. Cəfərzadə həm də tarixi mənbələrdə Gəncə şəhərindən daha əvvəl qeyd edilməyə başlayan Arran şəhərini Qədim Gəncə yaşayış yeri ilə eyniləşdirməyin mümkün ola biləcəyini bildirir. Ə. Salamzadə isə bu təklifin əsassız olmadığını qeyd edir. Bu məqamda Şamaxı şəhəri ilə paralel müqayisə aparan Ə. Salamzadə bildirir ki, bu tarixi şəhər də mənbələrdə əvvəlcə Şirvan adı ilə qeyd edilmiş, daha sonra isə Şamaxı adı adlanmağa başlamışdır; Şirvan adı isə daha çox əyalətin adı kimi istifadə olunmağa davam etmişdir. Qədim Gəncə şəhəri isə ehtimal ki, əvvəlcə Arran adlanmış və VII əsrdən isə Gəncə kimi tanınmağa başlamışdır.

X əsrdə artıq böyük şəhər olan Qədim Gəncə, Şəddadilər dövlətinin paytaxtına çevrilmişdir. 1063-cü ildə Qədim Gəncə şəhərini əhatə edən qala divarı tikilir, xəndəklər qazılır və dəmir darvazalar hazırlanır. XII əsrdə Gəncə artıq Ön Asiyanın ən qabaqcıl şəhərləri sırasında qeyd edilirdi. Lakin, 1139-cu ildə baş vermiş zəlzələ şəhərdə ciddi dağıntıların meydana gəlməsinə və inkişafın ləngiməsinə səbəb olur. Buna baxmayaraq, XII–XIII əsrlərdə Gəncə hələ də ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri kimi xatırlanırdı.

XIII–XV əsrlərdə Gəncə əvvəlcə Arran vilayətinin tərkibində Hülakülər dövlətinin (1256–1335), daha sonra isə Qaraqoyunlu (1375–1469) və Ağqoyunlu (1378–1508) dövlətlərinin tərkibində olmuşdur. XVI–XVIII əsrlərdə Gəncə Səfəvilər dövlətinin tərkibinə daxil olaraq Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdur. Şah I Təhmasib (1514–1576) tərəfindən ilk bəylərbəyi kimi Qacar tayfasından olan Şahverdi sultan təyin edilmişdir.

Qacar nəslinin nümayəndələri olan Ziyadoğlular sülaləsi Səfəvilər hakimiyyəti dövründə Gəncəni idarə etmişlər. Şahverdi sultan yalnız Gəncə və Qarabağın Arran hissəsinə deyil (bu zaman Qarabağın dağlıq hissəsi xristian hakimlərinin nəzarətində qalırdı), həmçinin Şəmşəddil və Qazax bölgələrinə də hakim idi. Gəncə bu dövrdə Qarabağ bəylərbəyliyinin ənənəvi inzibati və siyasi mərkəzi kimi çıxış etmişdir.

XIX əsrdən müasir dövrə qədər 400px|thumb|left|Gəncədəki (o vaxt Yelizavetpol adlanırdı) xalça bazarında azərbaycanlılar XIX əsr—XX əsrin əvvəllərində Gəncədə maddi mədəniyyətin inkişafı şəhərin məhəllələrinin peşə adları ilə adlandırılmasında görünür: Dabbaqlar, Misgərlər, Qırxkilimçi, Zərrabi, Dulusçular, Şərbaflar, Boyaqçılar, Əttarlar, Toyuqçular. Ağa İsmayıl Zəbihin 29 bəndlik "Gəncə əsnafı" şəhrəngizində Gəncənin sosial panoramı təsvir edilmiş, 85 sənət və peşə sahibininin xüsusiyyətləri və müştəri ilə münasibəti göstərilmişdir. Bu şərəngizdə qeyd edilən sənət və peşələr tacir, baqqal, bəzzaz, əttar, xəbbaz (çörəkçi), qəssab, dabbaq, aşbaz, cülah (toxucu), əllaf, şərbaf, çərtab, həllac, sərrac, ərradəçi (arabaçı), kümçi, belçi, nəccar, xəyyat, külahduz, çarıqçı, qalayçı, kababçı, pitibəz, həccam, dəllək, nalbənd, ahəngər (dəmirçi), paçapəz, halvaçı, sabunçu, bazigər, xanəndə, rəqqas, qəzəlxan, çəngi, faytonçu, bənna, kərpicçi, gəcpəz, möhrəkeş, kankan, təbib, nəvasaz, çöpçü, kəhhal (göz həkimi), dəllal, rəmmal, buzçu, qələndər, zərgər, hambal, mirab, bağban, dəyirmançı, dulusçu, ipəkçi, qoltuqçu, zurnaçı, kəffaz, bıçaqçı, şamçı, kəndirbaz, palançı, xərkeş, memar və s.-dir. Bundan bəlli olur ki, Gəncənin o dövrdəki sosial həyatı səs-küylü olmuşdur.

XIX əsrin ortalarında Azərbaycan mədəniyyətinin inkişafı artıq mövcud olmayan Azərbaycan xanlıqlarının təsiri ilə baş verirdi. Şirvan, Qarabağ və Gəncə xanlıqlarının keçmiş paytaxtları olan Şamaxı, Şuşa və Gəncə XIX əsrdə əsas Azərbaycan mədəniyyət institutlarının olduğu yerlər idi. Bu şəhərlərin Azərbaycan mədəniyyətindəki rolu bir çox səbəblərlə izah edilə bilər. Başlıca səbəb odur ki, bu şəhərlər XVIII əsrdə mövcud olmuş ən güclü xanlıqların paytaxtları idi. Gəncə şəhəri həmçinin coğrafi cəhətdən yaxın olduğu Tiflislə tarixən daha çox mədəni mübadilə etmə şansını əldə etmiş, Gəncə xanlığının süqutundan sonra da böyük savadlı əhaliyə malik şəhər statusunu qorumuşdur.

1884-cü ildə Gəncədə kənd təsərrüfatı üzrə sənət məktəbi təşkil edilmişdir. Burada bağçılıq, ipəkçilik və bostançılıq üzrə biliklər öyrədilir, müasir kənd təsərrüfatı sahələrinə aid biliklər aşılanırdı. XX əsrin ilk illərində Gəncədə dərzi, rəsmxət, musiqi təhsili verən kurslar da yaradılmışdı.

Ruslara qarşı sonuna qədər döyüşmüş Cavad xanın nəşinin qalıqları sovet dövründə tapılmış və bunun yığışdırılması əmr edilmişdir. Bunun səbəbi o idi ki, "öz xoşu ilə Azərbaycanın Rusiyaya birləşməsi"nə müqavimət göstərən hər kəs "Azərbaycanın maraqlarına xəyanət və satqınlıq edən" şəxs hesab edilirdi. Bundan fərqli olaraq, Azərbaycanda Rusiyanın maraqları üçün müttəfiq və bələdçi sayılan Qubalı Fətəli xan dərsliklərdə və monoqrafiyalarda qəhrəman kimi göstərilmiş, onun haqqında 1947-ci ildə bədii film çəkilmişdir. Cavad xanın sovet dövründə sevilməməsinin ikinci səbəbi isə düşmən sinfinə aid olan, həlak olmuş, əsilzadə və cəngavər xanın təriflənməsinin SSRİ ideologiyasına zidd olması idi. Azərbaycanın müstəqillik dövründə isə Cavad xana göstərilən münasibət dəyişmiş, onun məzarı üzərində türbə tikilmişdir. Hər 4 yanvar (Cavad xanın öldürüldüyü gün) Gəncə şəhər əhalisi onun türbəsinə yürüş təşkil edir və xanlığın şəhid hesab edilən, son hökmdarının qəbrinə çiçək qoyur.

Dialekt

Gəncə dialekti Azərbaycan dilinin qərb dialektinə aiddir. Azərbaycan dilində i ilə başlayan bəzi sözlərdə (işıq, ilxı, ildırım) ahəng qanunu pozulsa da, Gəncə və bir sıra dialektlərdə ı səsinin istifadəsi ilə ahəng qanunu qorunur: ışıx, ılxı, ıldırım. d, b, g, c samitlərinin kar qarşılıqları olan t, p, k, ç qarşılıqları ilə yazılması (dört, qurt, süt, arvat, noxut, palıt, bulut) da Gəncə dialektinin xarakterik xüsusiyyətidir. Gəncə dialektində işlənən sözlər döl (nəsil mənasında) bağır (qaraciyər), çanax (ölçü qabı) dam (tövlə) yazıpişiyi (çöl pişiyi), yazımaralı (çöl maralı), kiriş ("qoyun bağırsağından hazırlanmış bağ"), şətlə (cır-cındır), avdal (axmaq), dirrix' (yaşayış), hırsız (güclü, zorlu), çəlləşmək (çox işləmək), çalası (araqarışdıran), səkməx' ("axsamaq; yelləncəkdə dizləri qatlaya-qatlaya ayaq üstə yellənmək"), üşənməx' (şübhələnmək) kimi sözlərdir. Gəncə dialektində "diri" sözünün "yaxşı bişməmiş" mənasında işlənməsi belə mümkündür: Aşın düyüsü diri oluf, qonaxların yanında biyavır olajıyıx.Müasir azərbaycanca: Aşın düyüsü diri olub, qonaqların yanında biabır olacayıq. Hırsız sözü isə belə işlənir: Hırsız adamı birəz tüşümməz heysav eliyillər.Müasir azərbaycanca: Güclü adamı bir az düşünməz hesab edirlər. Gəncə dialektində "baylandırmax" sözü "kökəltmək" mənasında işlədilir: Atdarı laf baylandırıfsan.Müasir azərbaycanca: Atları lap kökəltmisən.

Folklor

200px|thumb|right|Əsli və Kərəm təsviri Orta əsr müəllifləri Gəncədə "candar" adı ilə məşhur olan müqəddəs qovaq ağacının olması haqqında məlumat vermişdir. Candar adlı oğuz tayfasının da mövcud olması nəzərə alınarsa, belə qənaətə gəlmək olar ki, insanlar əcdadlarını ağacla eyniləşdirirdi. XVIII əsrdə isə "Əsli və Kərəm" məhəbbət dastanı çoxşaxəli bir dastan idi. Bu dastanın formalaşdığı və yaşadığı mühit Gəncə eli — Gəncəbasar idi. Bunu dastanın cərəyan etdiyi coğrafi şərait və dastanın məzmunu və bir sıra səciyyəvi xüsusiyyətləri sübut edir.

Gəncə folkloruna əfsanələr, rəvayətlər, nağıllar, gülməcələr, dastanlar və s. daxildir. Gəncə uşaq folkloru isə tərbiyəvi əhəmiyyəti və duzlu-məzəli üslubu ilə fərqlənir. Bura dolamalar, yanıltmaclar, cırnatmalar, düzgülər, nazlamalar daxildir. Gəncə aşıq mühiti isə yaxşı inkişaf səviyyəsi keçmiş, bir çox ustad aşıqlar çıxartmışdır. Ona görə də burada aşıq sənəti ilə bağlı janrlar inkişaf etmişdir, tapşırmalar, yanamalar kimi yeni növ janrlar da olmuşdur. Aşıq sənətinin ustalarına Bisavad Teymur, Molla Əsgər, Mülkülü Həsən misal göstərilə bilər.

Lirik janrlarda, xüsusilə Gəncə bayatılarında sevgi, ayrılmaqdan doğan həsrət hissi, vüsal ümidi əsas yer tutur, xalq həyatı haqqındakı fəlsəfi düşüncələr də verilir. Dünyanı başlanğıc və son arasındakı bir səfər kimi təqdim edən bu etnik-bədii şüur bayatılar vasitəsilə insan hislərini, nifrəti, kədəri, həsrəti, sevgini təsvir edir.

Gəncə folklorunun mühüm bir hissəsini təşkil edən qarğışlar, alqışlar, mövsüm-mərasim nəğmələri özündə qədim türk sistemini əks etdirir. Qurd ağzı bağlama, bədnəzərdən qorunma, ziyili yox etmə, Xıdır Nəbi, duzyandırma kimi mərasimlər və ovsunlar qədim türk inanc sistemi ilə İslam dininin sintezinin bir nümunəsidir.

Ədəbiyyat

Qətran Təbrizinin həyat və yaradıcılığının əsas hissəsi Şəddadilərin paytaxtı Gəncədə keçdiyi üçün onun əsərlərində vətən həsrəti ilə bağlı şeirlər mövcuddur. Bu, onu mədhiyyəçilikdən uzaqlaşdırırır, həqiqətə dik baxmaq ovqatını onun əsərlərində hiss etdirirdi. Onun yaradıcılığı Əbülüla Gəncəvi və Nizami Gəncəviyə təsir etmişdir. Qivami Mütərrizinin poeziyasında insana, onun keyfiyyətlərinə və ideallarına məhəbbət özünü göstərir. Buna görə o, insanın qabiliyyətlərinin normal inkişafına kömək etməyən dövrana tənqidi yanaşır, şair ideal dünya görə bilmədiyi üçün kədərlənir və düşüncülərə qərq olurdu. Məhsəti Gəncəvi əsərlərində isə məhəbbətin ideya-estetik təzahürü özünü göstərir. Məhsəti Gəncəvinin məşuqlarından bir neçəsi Əmir Əhməd, Sultan Səncər, Əmin Qorçi kimi şəxslər idi. Fars ədəbiyyatının klassiki Fərid əd-Din Əttar Səlcuq hökmdarı Sultan Səncərlə Məhsəti Gəncəvinin macəralarından yazmışdır. Məhsəti şah və əyan məclislərini əyləndirir, buynuz dolusu şərab içirdi.

Cəmaləddin Xəlil Şirvani 1250–1260-cı illərdə Şirvanşah Əlaəddin Fəribürzə ithaf etdiyi "Nüzhətül-məcalis" ("Ürəkaçanlar məclisi") kitabında X–XIII əsrlərdə Gəncədə yaşamış, müasir dövrə qədər adları çatan şairlərdən (Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbülüla Gəncəvi, Rəziyyə Gəncəvi, Ömər Gənci, Əbubəkr ibn Xosrov əl-Ustad və b.) başqa, elmə məlum olmayan 24 şairin, fikir adamlarının adlarını da çəkmişdir.

Gəncədə XIX əsrdə "Divani-hikmət", XX əsrdə "Ədəbiyyat və sənayeyi – nəfisə", "Ədəbiyyat dərnəyi" və "Teatr dərnəyi" adlı məclislər fəaliyyət göstərirdi. Nağı bəy Şeyxzamanlı "İstiqlal mücadiləsinin xatirələri" əsərində Gəncədə milli oyanış, maarifçilik, milli birlik, ümmətçilikdən millətçiliyə keçid hərəkatı haqqında məlumat verilmişdir.

Təhsil Rusiya Dövlət dumasının 27 iyun 1906-cı ildə çağrılan sessiyasında İsmayıl xan Ziyadxanov Gəncədəki təhsil prosesini belə izah edirdi: "Yelizavetpol şəhərindəki məsciddə bir neçə sinifdən ibarət məktəb var idi. Həmin məktəbdə tədris köhnə üsulla aparılırdı. Adamlar tapıldı ki, uşaqların döşəmə üzərində oturmaması üçün məktəbə skamyalar, yazı taxtası vermək istədilər. Bəs nə oldu? Bizim ən yaxşı adamlarımızı tutub zindana saldılar və yalnız iki ildən sonra onları azadlığa buraxdılar." Nəsib bəy Yusifbəyli, Axund Mirzə Ağası və Mirzə Məhəmməd Pişnamazzadə Gəncədə təhsili inkişaf etdirmək üçün mübarizə aparmış, Gəncədə Mədrəsəyi-ruhaniyədə islahatlar edilmiş, Türkiyədən dərslik və müəllim gətirilmişdir.

Musiqi