Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.

Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.

Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır.

Zəmin 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.

1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.

Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur. 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür. Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir.

Hadisə

Azərbaycan tərəfinin versiyası 4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır. Məlumatda iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulduğu qeyd edilmişdir. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılmış, Azərbaycan silahlı qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulmuşdur.

Ermənistan tərəfinin versiyası Ermənistan tərəfi Alxanlıda dinc əhaliyə atəş açıldığını rədd eləməsə də, günahın Azərbaycan tərəfdə olduğunu bildirmişdir. Hadisələri şərh edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan iyulun 4-də "Artsax və Azərbaycan qoşunlarının təmas xəttində qarşı tərəfin TR 107-dən bölmələrimizə atəş açıldığını" bildirmişdir. Bundan sonra isə Müdafiə Ordusunun qabaqcıl bölmələri Alxanlıda yerləşən atəş nöqtəsinə cavab atəşi açmışdırlar. Dinc əhalinin ölümündə isə nazir müavini Azərbaycanı günahlandırmışdır — "dinc şəxslər adı altında hücumların olması Azərbaycanın ənənəvi siyasətinə uyğundur".

Azərbaycanın Müdafiə Nazirliyi isə bu ittihamları əsassız olduğunu sübut eləmişdir. İyulun 6-da Azərbaycanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokurorluq və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda qeydə hərbi attaşelərin və xarici KİV nümayəndələrinin Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 dinc insanın həyatını itirdiyi Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinə səfəri baş tutmuşdur. Bu ərazidə Azərbaycan silahlı qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunmuşdur. Azərbaycanın Müdafiə Nazirliyi məlumatında hərbi attaşelər və KİV nümayəndələrinin ərazidə Azərbaycan bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olduqlarını bildirmişdir və Ermənistan tərəfinin Alxanlı ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumatının dezinformasiya və yalan olduğu qeyd edilmişdir.

Münasibətlər

Azərbaycan tərəfi thumb|330x330px|alt=|Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyası vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın sessiyasında çıxış edən zaman Ermənistanı barbar və vəhşi dövlət adlandırmışdır Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi sosial media hesablarında yaş yarımlıq Zəhra Quliyeva və nənəsinin öldürülməsi ilə bağlı paylaşım eləmişdir. Paylaşımda qan içində olan uşaq oyuncağı yer almışdır və "Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır" sitatı əlavə edilmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə özünün rəsmi sosial media hesablarında hadisə ilə bağlı paylaşım eləmişdir. Paylaşımında "Azərbaycanın erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşı" olduğunu qeyd edən Mehriban Əliyeva balaca Zəhraya və bütün şəhidlərə Allahdan rəhmət arzulamışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Ermənistan silahlı qüvvələrinin bu təxribatının Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut elədiyi" bildirmişdir. "Ermənistanın Azərbaycan əhalisinə və birbaşa və qəsdən hücumlarının, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi formada pozulması" olduğunu qeyd edən Hacıyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd eləmişdir.

Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Elmira Süleymanova iyulun 5-də bəyanat vermişdir. Bəyanatda "bunun, Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoymuş, insan hüquqlarının pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması, yer üzündən silinməsi ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüzün, təmizləmənin və terror hadisələrinin davamı olan daha bir cinayəti" olduğu qeyd edilmişdir. Bəyanatda həmçinin "bu hərbi təcavüz nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı dinc əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəaları pozulması" olduğu vurğulanmışdır.

Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, dönəmin ATƏT Parlament Assambleyası vitse-prezidenti Azay Quliyev iyulun 5-də Belarusda baş tutan ATƏT Parlament Assambleyasının 26-cı sessiyasında çıxış edən zaman Ermənistanı barbar adlandırmışdır. Azay Quliyev "erməni silahlı birləşmələrinin qəsdən dinc əhalini hədəfə alaraq günahsız insanları — Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirdiyini, bunun Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi addımı" olduğunu bildirmişdir. Azay Quliyev həmçinin bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirdi və ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulamışdır.

Beynəlxalq səviyyədə thumb|376x376px|alt=|Almaniya Bundestaqının üzvü Katrin Albsteiger hücumu pisləmişdir və dinc əhalinin münaqişənin qurbanı olmamalı olduğu bildirmişdir Belarus: Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 6-da ATƏT-in Parlament Assambleyasının 26-cı sessiyasının rəsmi açılış mərasimində olanda ayaqüstü qısa görüş zamanı Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradovaya hadisədən məlumatlı olduğunu və cəbhə xəttində azərbaycanlı dinc şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirmişdir. Türkiyə: Xarici İşlər Nazirliyi iyulun 5-də rəsmi bəyanat vermişdir. Bəyanat da "Ermənistanın törətdiyi bu mənfur hadisənin şiddətlə qınandığı, xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləndiyi" bildirilmişdir. Həmçinin bəyanat da "Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın sərhəd bölgələrində ağır silahlarla törətdiyi təxribatların, beynəlxalq hüquq və insan haqlarına zidd bir formada dinc şəxsləri, xüsusilə qadın və uşaqları hədəf aldığını bütün çılpaqlığı ilə göstərdiyi" vurğulanmışdır. ABŞ: ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert baş verən hadisədən narahat olduğunu bildirmişdir və həyatını itirənlərin ailələrinə səmimi başsağlığını ifadə eləmişdir. Litva: Litvanın xarici işlər naziri Linas Linkyaviçyus hücum nəticəsində həyatını itirənlərin ailələrinə Litva xalqı adından dərin hüznlə başsağlığı verdiyini bildirmişdir. Nazir həm də Litvanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə — BMT-nin Nizamnaməsində təsbit olunmuş başlıca prinsiplərə əsaslanan danışıqlar yolu ilə nizamlanmasından tərəf olduğunu vurğulamışdır. Latviya: Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu Alxanlı hadisəsi ilə bağlı bəyanat vermişdir. Bəyanat da Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlıda dinc insanların qətlə yetirilməsinin qətiyyətlə pislədiyi bildirilmişdir. Deputatlar həmçinin "fərq qoyulmadan dinc əhalinin, qadın və uşaqların qətlə yetirilməsinin dərhal dayandırılmalı olduğu vurğulanmışdır. Birləşmiş Krallıq: İcmalar Palatasının üzvü Bob Blemen hadisəni şərh edən zaman dinc şəxsləri qəsdən hədəfə almağı iyrənc bir addım olaraq qiymətləndirmişdir və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşi dayandırmalı və sülh danışıqlarına şərait yaratmalı olduğunu bildirmişdir. İcmalar Palatasının digər üzvlərindən Lord Killuney "bu təxribatını mənfur addım", Baronessa Zahidə Mənsur isə "insanlıq faciəsi" adlandırmışdır. Fransa: Fransa Senatının üzvü Natali Qule hadisələri edən zaman Ermənistan tərəfinin törətdiyi qanlı cinayətlə bütün sədləri aşdığını bildirmişdir. "İlham Əliyevin Ermənistana qarşı sanksiya tətbiq olunması ilə bağlı tələbinin reallaşdırılmasının labüd" olduğunu qeyd edən Natali Qule dinc şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməz olduğunu da bildirmişdir. Rusiya: Rusiya Federasiyası Dövlət Dumasının üzvü Dmitri Savelyev G20 görüşü ərəfəsində Qarabağ separatçılarının belə addımlarını açıq təxribat olaraq qiymətləndirdiyini və bunun, günahsız dinc vətəndaşların, o cümlədən uşağın həyatı bahasına başa gəldiyini vurğulamışdır. Almaniya: Almaniya Bundestaqının üzvü Katrin Albsteiger baş verən toqquşmaları pislədiyini, onların dərhal dayandırılmasını və dinc əhalinin toqquşmaların qurbanı olmamalı olduğu bnildirmişdir. Katrin Albsteiger həmçinin Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinin toxunulmaz olduğunu, dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalı olduğunu, qaçqınların öz yurd-yuvalarına qayıtmaq hüququnun olduğunu vurğulamışdır.