Qanlıquzey dağı – Babək rayonu ərazisində dağ (hünd. 1538,6 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının cənub-qərbə yönəlmiş Sarıbulaq tirəsində zirvə. Sirabçayın sol sahilində, Sirab mineral su bulağından 3 km şimal-şərqdədir. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Qaraqaya sinklinalının nüvə hissəsində yerləşir. Zirvə hissəsindən, həmçinin şimal-şərq və cənub-qərb yamaclarından fay və fay-yerdəyişmə qırılmaları keçir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Babək rayonunun dağları