Almalıdağ — Şahbuz rayonu ərazisində dağ (hünd. 2155,9 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə ayrılan Təkəlik qolunun Naxçıvançayın Kükü və Qapıdaşqara (İşgəsuçay) sağ qollarının suayırıcısını təşkil edən cənub-qərb istiqamətli Zırnel şaxəsində    zirvə. Qızıl Qışlaq kəndindən  2 km şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklik. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Şahbuz seqmentində, onun Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən şimal-qərb istiqamətli eyniadlı antiklinal qırışığın tağ hissəsində yerləşir. Zirvə və yamaclarında şimal-şimal-qərb və şimal-şərq istiqamətli faylar izlənilir. Cənub yamacında eyniyaşlı andezit-porfirit tərkibli subvulkanik kütlə açılır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şahbuz rayonunun dağları