Paris Notr-Dam kafedralı (, ) və ya Paris Məryəm ana kafedralı — Paris şəhərinin mərkəzində yerləşən katolik kafedralı, Fransa paytaxtının əsas simvollarından biri. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II İohann Pavel meydanında yerləşir.
Qotik memarlıq üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır. Kilsə tam bir memarlıq üslubunda deyil, belə ki, kilsənin müxtəlif memarlıq həlləri, həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubuna aid xüsusiyyətləri əks etdirir. Transeptin hər iki tərəfindəki 13 metr diametrə malik rozet pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır. Kilsə, inşası tamamlandığında qərbin ən böyük kilsələrindən biri olmuşdu. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə memar Ejen Violle-le-Dyukun rəhbərliyi altında kilsə restavrasiya olunmuş və memarlığına yeni motivlər əlavə edilmişdir.
Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olmuşdur. Öz memarlığı ilə fərqlənən kilsə, uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır və kralların tacqoyma mərasiminə ev sahibliyi edən Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir. Özündə həm dini, həm də tarixi motivləri ehtiva edən abidə, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Belə ki, məbəd, 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun xaç suyuna salınması, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.
Dahi fransız yazıçısı Viktor Hüqonun "Notr-Dam kilsəsi" tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidələrindən birinə çevrilmişdir.
Paris Notr-Dam kilsəsini (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanlarından birinə çevirir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilmişdir. Dünyanın mədəniyyət incisi adlandırılan kilsənin bir hissəsi 2019-cu il 15 aprel tarixində yanğın nəticəsində məhv olmuş, sonradan bərpa edilmiş və yenidən kilsə qapılarını ziyarətçilərin üzünə açmışdır.
Tarix
Tikintinin mərhələləri
Xristianlığın yeni yarandığı dövrdə Notr-Dam kafedralının yerində Yupiterə həsr edilmiş bir Qal-Roma paqan məbədinin olduğu, daha sonralar isə burada qədim bazilikalara bənzəyən böyük bir erkən xristian bazilikasının yerləşdiyi düşünülür. Müqəddəs Etyenə həsr edilən bu tikilinin IV əsrin sonunda və ya ondan sonra təmir edildiyi və VII əsrdən sonra keçmiş ənənələrin qalıb-qalmadığı bilinmir (l Xlodviq və Klotildanın oğlu I Kildebert kilsəsinin hipotezi). Müqəddəs Etyen kilsəsi, zamanı üçün çox böyük idi. Qərb fasadı Notr-Damın indiki fasadından təxminən 40 metr aralıda idi və genişliyi daha kiçik idi (36 metr). Bu tikili 70 metr uzunluğunda idi və bu, indiki kilsənin yarısından bir az daha uzundur. Mərmər sütun sıraları bir nef və dörd dəhliz ayırmışdı, bina isə mozaikalarla bəzədilmişdi.
Sen-Etyen kilsəsinin şimal tərəfində Sen-Jan-le-Rond adında bir vəftizxana olub və Sufflonun kilsədə apardığı təmir zamanına qədər həmin abidə öz mövcudluğunu qorumuşdur. Qal-Roma məbədi ilə Sullinin kilsəsi arasında burada ən az 4 dini məbəd olmuşdur: dördüncü əsrin erkən xristian kilsəsi, sonradan Merovinq kilsəsinə daxil edilmişdir, daha sonra burada Karolinq kilsəsi yaradılmış (857-ci ildə baş verən yanğından sonra yenidən bərpa edilmişdir), bundan sonra burada roman kilsəsi yaradılmış və restavrasiya edilmişdir. Lakin sürətlə artan Paris əhalisi üçün, bu məbədlər kiçik həcmli idilər.
1160-cı ildə yepiskop Moris de Sulli, zaman keçdikcə dağılan roman kilsəsinin yerinə daha böyük bir məbəd inşa etməyə qərar verir. Müqəddəs daşlar ya yenidən boyanır, ya da vəqflərə bağışlanılırdı. XI-XII əsrlərdə Qərbi Avropada baş verən iqtisadi dirçəliş Fransa şəhərlərinə də təsir göstərirdi. Beləliklə şəhərlərdə əhalinin sayı sürətlə artırdı və köhnə kilsələr artıq əhali sayına görə çox kiçik görünürdü. Mütəxəssislər Paris əhalisinin II Filip Avqustun dönəmində sürətlə artmağa başladığını qeyd edirlər. Belə ki, 1180-ci ildə 25000 nəfər əhalisi olan Parisin, 1220-ci ildə əhalisinin sayı 50000 nəfəri keçmişdi və beləliklə Paris İtaliya xaricində Avropanın ən böyük şəhərinə çevrilmişdi.
Yeni kilsənin memarlığı qotik incəsənəti ilə əlaqəli olmalı idi. Sen-Etyen kilsəsi tamamlandığı vaxtda artıq qotik üslubunda bir neçə böyük kilsə var idi. Bunlar Sen-Deni bazilikası, Nuoyon Notr-Dam və Lan Notr-Dam kilsələri idi. 1163-cü ildə VII Lüdovik dövründə başlanan inşaat, 1345-ci ilə qədər davam edir. Həmin dövrdə Paris, Lionda yerləşən Roma prefekturasından asılı olan Sens arxiyepiskopluğunun yepiskopluğu idi.
Birinci mərhələ (1163 - 1250) 300px|thumb|left|Sənətşünas Marsel Oberin fikrincə, 1150-ci ildə ilkin Paris Notr-Dam kafedralın yerləşdiyi sahənin sxemi; bu sahə indiki binanın nef, transept və xor hissələrinin yerləşdiyi əraziyə uyğun gəlirdi. Paris Sen-Etyen kafedralı isə indiki kafedralın qərbində, meydan səviyyəsində yerləşirdi. Jan de Sen-Viktorun "Memorial Historiarum" qəzetində yayımlanmış məqaləsində, bir inanca əsasən 24-25 mart 1163-cü il tarixlərində kilsənin təməl daşı atılarkən Papa III Aleksandr və kral VII Lüdovikin birlikdə bu mərasimdə iştirak etdiyi bildirilir. Mövcud məlumatlara əsasən Notr-Dam kilsəsinin inşasına 1163-cü ildə başlanıldığına inanılır. Görülən işin böyük qismi yepiskop Moris de Sulli (1160 - 1197) və xələfi Odon de Sulli (1197-1208) tərəfindən kontrol edilmişdir. Bunlardan əlavə adlarının naməlum olduğu dörd nəfər də bu kilsənin tikilişində iştirak etmişdir: 1163 - 1182: xor və onun iki ambulator quruluşunun tikintisi. Xronikaçı Robert de Torinyiyə görə, xor, 1177-ci ildə tamamlanmışdır. Yüksək altar kardinal Henrix de Şato-Marçay, papa və Moris de Sulli tərəfindən təqdis olunmuşdur. 1182 - 1190: nef, dəhliz və tribunaların son dörd körfəzinin tikintisi. Nefin tikilişi, xorun tikilişindən sonra, yəni 1182-ci ildə başladmışdır. Bəziləri tikintinin 1175-ci ildə başladığını düşünür. Dördüncü körfəz tamamlanandan sonra, nefin tikilişi dayandırılmışdır. 1190 - 1225: əsas fasadın və nefin ilk iki körfəzinin tikintisi. Fasadın tikintisi 1208-ci ildə başlamışdır. Həmin il portallar inşa edilmiş və bəzədilmişdi. Rozet mərtəbəsinin inşası 1220-1225-ci illərdə baş tutur. Fasadın qarşısında olan nefin ilk körfəzlərinin inşasına 1218-ci ildə yenidən başlanılmışdı. 1225 - 1250: fasadın yuxarı hissəsi və iki qüllənin inşası. Qaranlığın aradan qaldırılması üçün hündür pəncərələr daha da genişləndirildi. Təxminən 1230-a yaxın kiçik rozet pəncərələri çıxarıldı. Eyni zamanda tribuna tavanının yeri teraslarla əvəz edildi. Binanın üst qismindən yağış suyunun boşaldılması üçün şaperonlar və su tağları inşa edildi. Nefin yan şapelləri su tağlarının abutmentləri arasında inşa edilmişdi. Cənub qülləsi 1240-cı ildə tamamlanmış və həmin il qüllələrin oxla təmin edilməsi fikrindən daşınılmışdı. 1250-ci ildə şimal qülləsinin inşası başa çatır. Bu zaman kilsənin inşası tamamilə başa çatır və kilsə tam fəaliyyətə hazır olur. Bu zaman Fransada Müqəddəs Lüdovik adlanan IX Lüdovik hökmranlıq edirdi. Sonrakı dövrlərdə kilsənin ümumi dizaynında əlavələr, yeni bəzəmələr və bəzi yerlərində önəmli dəyişikliklər icra edilmişdi.
İkinci mərhələ (1250-ci ildən XIV əsrin ortalarına qədər)
Təxminən 1250-ci illərdən hesablanan ikinci inşaat mərhələsində, roman üslubunda inşa edilmiş transeptik portalların, müasir qotik üslubunda inşa edilmiş fasad ilə ziddiyyət təşkil etdiyi aşkarlanır. Roman memarlıq üslubunda olan parçaların yenidən inşası yepiskop Reno de Korbe tərəfindən həyata keçirilmişdir (1250 - 1268).
Jan de Şell, Pyer de Montrey, Pyer de Şell, Jan Ravi, Jan le Buteye, Raymond du Tampl bu dövrün ən məşhur ustalarından idilər. Jan de Şell transepti əvvəl şimala, sonra cənuba doğru uzatdı və transeptin şimal fasadını və rozeti hazırladı. 1265-ci ildə onun ölümündən sonra, kilsənin cənub xaçındakı işləri Pyer de Montrey tərəfindən icra edildi. Pyer de Montrey eyni zamanda cənub fasadını və rozet pəncərəsinin inşasını da tamamlamışdı. O, 1267-ci ildə vəfat edir. Pyer de Montrey həm də kapella və qırmızı qapıların inşasını tamamlayır. Eyni zamanda, xorun tavalarını da dəyişdirməyə başlayır.
Onun xələfi Pyer de Şell 1296-cı ildə lektoriya inşa edir və xor kapellasını inşa etməyə başlayır. Kapellanın inşası 1318-ci ildən 1344-cü ilə qədər Jan Ravi rəhbərliyində tamamlanır. Jan Ravi 15 metr aralıqla xor tağlarını inşa etməyə başlayır. O, həmçinin xor korpusunu da inşa etməyə başlayır. Jan Ravidən sonra, onun qardaşı oğlu Jan le Buteye 1344-cü ildən 1363-cü ilə qədər xor korpusunun inşasına rəhbərlik edir. Onun ölümündən sonra Raymond du Templ xorun inşasını tamamlayır.
XV - XVI əsrlər
İntibah sənətkarları, qotik memarlıq üslubunun barbarlara aid olduğunu düşündükləri üçün, qotik memarlıqdan uzaq durmağa çalışırdılar. Buna görə də divar və qapıları örtmək üçün böyük xalçalar və asmalardan istifadə edirdilər. Sonrakı dövrdə Barokko heykəlləri, altar, masa, məzar, kenotaflar və neflərin bəzəməyə başladılar.
XVII - XVIII əslər thumb|left|230px|Nikola Kustunun əsəri olan əsas kilsə altarı; Altar, Antuan Kuazevoks tərəfindən hazırlanmış XIV Lüdovik və Giyom Kustu tərəfindən hazırlanmış XIII Lüdovik heykəli ilə əhatələnmişdir. 1625-ci ildə memar Avqust Giyan tərəfindən Notr-Dam həyət fəvvarəsi inşa edilir. Bu fəvvarənin inşasında məqsəd Site adası sakinlərini axar su ilə təmin etmək idi. 1699-cu ildə XIV Lüdovik və atası XIII Lüdovikin istəkləri nəticəsində kilsənin iç dekorasiyasında, xüsusilə də xorda böyük dəyişikliklər edilir. Memar Rober de Kot xora doğru gedən dəhlizləri genişləndirmək üçün yüksək relyeflərin bir parçası olan lektoriyaları dağıdır və xora XVII - XVIII əsrlərdə Avropada olan bir çox kilsədəki kimi yeni görünüş verməyə çalışır. Yeni lövhələr yaradılır və günümüzə qədər mövcud olan heykəllərlə yeni altar bəzədilir. XIV Lüdovik atasının istəyini yerinə yetirir və hər ikisi Pyeta qarşısında diz çökürlər. Sonralar, 1756-cı ildə kanoniklər binanın çox qaranlıq olduğunu bildirdilər və bundan sonra Le Viey qardaşları orta əsrlərdən qalma şüşələri çıxartdılar və əvəzinə bəyaz şüşələr yerləşdirdilər. Daha sonra isə kilsənin divarları rəngləndi. Lakin, rozet qorunmuşdu. Sonunda din xadimlərinin xahişləri əsasında Paris Panteonunun memarı Sufflo mərkəzi portaldan məşhur Son Məhkəmə ilə bəzədilən trümo və timpanın bir hissəni çıxartdı. Bunun səbəbi gediş-gəliş üçün daha rahat keçid yaratmaq idi.
Fransa inqilabı zamanı kilsə bir neçə vandalist hücuma məruz qalmışdı. Fasadda olan Krallar qalereyasındakı yəhudi krallarının heykəllərinin başları kəsilir və kilsədən çıxarılır. Beləki, inqilabçılar yəhudi krallarının xatirələrinin monarxiyanı təmsil etdiyinə inanırdılar. Kəsilmiş 28 başdan 21-i və bir neçə digər parçalar 1977-ci ildə tapıldı və hal-hazırda Orta Əsrlər Dövlət Muzeyində saxlanılır. Kluaster portalının trümosunda olan Bakirə heykəlindən başqa, portallardakı bütün heykəllər dağıdıldı. 10 noyabr 1793-cü ildə Azadlıq bayramı günü Paris Notr-Dam kilsəsində Ağıl Kultu həyata keçirildi və verilən qərarla kilsə Ağıl Məbədinə çevrildi. Bu kult Pyer Qaspar Şomett tərəfindən təşkil edilmişdi və kilsənin əsas altarı Ağıl ilahəsi qurbangahına çevrildi. Həmin il noyabr ayının sonunda Parisdə katolik ibadəti qadağan edildi. Kilsə sonralar anbar kimi istifadə olundu.