Zülfüqar Əhməd oğlu Əhmədzadə () — Azərbaycan şairi, publisist, tərcüməçi və ictimai-siyasi xadim. "Sıə tolış" qəzetinin redaktoru.
1918-ci ildə "Hümmət" təşkilatının üzvü olub. 1920–1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalıan kəndində İcraiyyə Komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri işləyib. 1923–1925-ci illərdə Lənkəran Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın, 1926–1928-ci illərdə Zaqatala, 1928–1929-cu illərdə isə Ağdam icraiyyə komitələrində çalışıb. 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilib. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılıb və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilib.
1930-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olub. İlk dəfə olaraq latın qrafikası ilə Talış əlifbasının yaradılması onun adı ilə bağlıdır.
1932-ci ildə bir müddət Respublika Mərkəzi İcraiyyə Komitəsində işləyib. 1933–1935-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında Ali Məktəblər idarəsinin rəisi, 1935–1938-ci illər ərzində Azərnəşrdə "Azlıqda Qalan Xalqlar" şöbəsinin müdiri işləyib.
15 mart 1938-ci ildə əks-inqilabi fəaliyyətlərdə günahlandırılıb və evində tapıldığı iddia edilən tapancaya görə həbs edilib.
Həyatı
Erkən həyatı Zülfüqar Əhmədzadə 29 oktyabr 1898-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub. Dindar bir ailədə doğulduğuna görə atası və anası ilk növbədə dini təhsil alması məqsədilə Zülfüqarı müsəlman məktəbinə qoyublar. Zülfüqar müsəlman məktəbini bitirdikdən sonra ibtidai rusdilli kənd məktəbində təhsilini davam etdirib. Rus məktəbində aldığı təhsil, eyni zamanda onun rus dilini və klassik rus ədəbiyyatını yaxşı bilməsi üçün vacib rol oynayıb. 14 yaşında olarkən Zülfüqar bir çox tanınmış müəllimlərin yanında dərslər alaraq, fars, ərəb, türk və rus dillərində mükəmməl yazıb-oxumaqla yanaşı, danışmağı da bacarıb. Şeirlər yazmağa başlayıb. Rəsmlər çəkib və hətta çəkdiyi rəsmlərin bir çoxu çoxu Lənkəran şəhərində baha qiymətə satılıb.
1911–1912-ci illərdə Zülfüqar Lənkərana təyinatla göndərilmiş bir müəllimin yanında 19 ay fərdi məşğələlər keçərək riyaziyyat, təbiətşünaslıq, ədəbiyyat, coğrafiya və fizika fənlərini mükəmməl öyrənib.
1912-ci ildə Çar Rusiyasının yerli bölgə nümayəndəsi Mir Əhməd xan Talışinskinin torpaq mülkiyyətçilərinin mülklərini əllərindən alması, kəndlilərə qarşı zülm və istismarı gündən-günə artırması və yerli ruhanilərin də xana dəstək verməsi Lənkəran qəzasının Bütəsər (Pensər) kəndini üsyanın ən qaynar siyasi ocağına çevirib. Mir Əhməd xana qarşı olan bu üsyan tezliklə qonşu kəndlərə də yayılıb və 14 yaşında olan Zülfüqar üsyanın gənc fəallarından biri olub. Bir müddət sonra üsyan yatırılıb.
1918–1920: AXC dövrü Zülfüqar Əhmədzadə 1918-ci ildə imperiya əleyhinə fəal çıxışlar edib və Azərbaycanda və bütün islam dünyasında ilk milli sosial-demokrat təşkilatı olan Hümmət Sosial-Demokrat Müsəlman Təşkilatına üzv olub. 1918–1919-cu illərdə "Ədalət" inqilabi fəhlə təşkilatının üzvü olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulana qədər təşkilatlarda fəaliyyət göstərən digər siyasi xadimlərlə birgə çalışıb.
1920–1937: Azərbaycan SSR dövrü Zülfüqar Əhmədzadə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox məsul vəzifələrdə işləmişdir. 1920–1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalıan kəndində icraiyyə komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri işləmişdir. 1923–1925-ci illərdə Lənkəran rayonu Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın rayonunun, 1926–1928-ci illərdə Zaqatalanın, 1928–1929-cu illərdə isə Ağdamın icraiyyə komitələrində çalışmışdır. 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilmişdir. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılıb və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilib.
1930-cu illərin əvvəllərində Azərbaycanda kolxoz quruculuğu dövründə Astara Rayon Daxili İşlər İdarəsinin işçiləri Astara əhalisini səbəbsiz incidir və kəndlilərin İrana qaçmasına səbəb olurmuşlar. Zülfüqar Əhmədzadə Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edildikdən sonra vəzifəsindən istifadə edərək kəndlərə gedir, əhalinin sosial-iqtisadi vəziyyəti ilə tanış olur və əhaliyə divan tutan NKVD işçilərini həbs etdirməyə, İrana qaçmış kəndliləri isə geri qaytarmağa müvəffəq olur.
1932-ci ildə Zülfüqar Əhmədzadə bir müddət Azərbaycan Sovet Respublikası Mərkəzi İcraiyyə Komitəsində işləmişdir və həmin ildə komitədə Mərkəzi Komitənin katibi Vladimir Polonski, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Mir Cəfər Bağırov, Mir Cəfər Bağırovla arası yaxşı olmayan Respublikanın ikinci katibi Yusif Qasımov və Zülfüqar Əhmədzadə də daxil bir sıra məsul vəzifəlilərin iştirakı ilə fəalların yığıncağı keçirilmişdir. Yığıncaqda Mir Cəfər Bağırovla Vladimir Polonski, Yusif Qasımovun işdən azad olunması üçün ona qarşı çıxışlar edirlər. Yığıncaqda söz növbəsi çatan Zülfüqar Əhmədzadə özünün ona qarşı "xalq düşməni" kompaniyasına səbəb olacaq tarixi çıxışını edir: Məhz bu çıxışdan sonra Zülfüqar Əhmədzadə haqqında "Xalq Düşməni" planı işə düşməyə başlayır çox keçmədən Azərbaycan Sovet Respublikası Mərkəzi İcraiyyə Komitəsindəki vəzifəsindən azad olunaraq Zaqafqaziya Mərkəzi Komitəsinə işə göndərilir. Komitə onu Ermənistan SSR-nin Vedi rayonuna İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edir. 1932–1933-cü illərdə Vedi rayonuna İcraiyyə Komitəsinin sədri kimi çalışır. Zülfüqar Əhmədzadə çıxışını və çıxışdan sonrakı bu təyinatı bir beyt şeirdə cəmləşdirərək yazır: 1933-cü ildə Zülfüqar Əhmədzadə yenidən təyinatını öz vətəninə alır və 1935-ci ilə qədər Azərbaycan Xalq Maarif Komissarlığında Ali Məktəblər idarəsinin rəisi işləyir. 1935-ci ildən etibarən artıq Zülfüqar Əhmədzadənin yüksək vəzifələrdən uzaqlaşdırılması siyasəti başlanır, lakin həmin dövrdə Azərbaycanın xalq maarifi komissarı çalışan Ağa Sultanov, Məmməd Cuvarlinskidən Zülfüqar Əhmədzadəni Bakıya gətirməsini tapşırır və Zülfüqar Əhmədzadə Azərbaycan Dövlət Nəşriyyatıda "Azlıqda Qalan Xalqlar" şöbəsinin müdiri vəzifəsinə təyin edilir. 1938-ci ilədək Zülfüqar Əhmədzadə Azərbaycan Dövlət Nəşriyyatıda "Azlıqda Qalan Xalqlar" şöbəsinin müdiri vəzifəsində çalışır.
1938–1942: Repressiya və ölümü Zülfüqar Əhmədzadənin repressiya olunması ilə bağlı bir çox qarışıq mənbələr var. Tarixi sənədlərdə rast gəlinməyən bir çox mənbələrdə qeyd olunur ki, Z. Əhmədzadə 1937-ci ildə Məmməd Cuvarlinski ilə birlikdə saxta ittihamlarla həbs olunub. Lakin sənədlərdən məlumdur ki, M. Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələnir, Z. Əhmədzadə isə 1938-ci ilə qədər Azərbaycan Dövlət Nəşriyyatıda "Azlıqda Qalan Xalqlar" şöbəsinin müdiri vəzifəsində çalışır.
Tarixi sənədlər sübut edir ki, Zülfüqar Əhmədzadə 1938-ci ildə "Əksinqilabi fəaliyyətdə ittiham olunaraq və evində tapıldığı iddia edilən tapancaya görə mart ayının 15-dən 16-na keçən gecə SSRİ cinayət məcəlləsinin 64-cü maddəsinə əsasən "vətənə xəyanət" və "Sovet hökumətinə qarşı silahlı mübarizə aparan təşkilatın üzvü kimi" həbs edilib. Məhkəmə prosesi zamanı, Lənkəran rayonunun Girdəni kəndindən olan köhnə inqilabçı Şirəli Axundov ağır işgəncə səbəbindən Z. Əhmədzadənin əleyhinə ifadələr verir. İlk əvvəl ifadə vermək istəməyən Şirəli Axundovun sağ ayağının dərisini soyurlar. Ağrılara tab gətirə bilməyən Şirəli Axundov ifadəsində yazır: Bu ifadədən sonra onun Sibirə sürgünü rəsmiləşir, lakin Ş. Axundov yaraları sağaldıqdan bir müddət sonra Z. Əhmədzadənin əleyhinə verdiyi ifadələrin ağrılardan qurtulmaq üçün olduğunu yazılı sürətdə bildirir: Ş. Axundovun bu yazılı ifadəsindən sonra Zülfüqar Əhmədzadənin günahsız olduğu sübuta yetirilir. 1938-ci il mayın 12-də cinayət məcəlləsinin 64-cü maddəsiylə irəli sürülən ittiham rəsmən Z. Əhmədzadənin üzərindən götürülür və onun azad olması vərəqinə imza atılır, lakin o, həbsdən buraxılmır. 23 avqust 1938-ci ildə haqqında məhkəmə qərarı çıxır və 1938-ci il sentyabrın 21-də heç bir maddə göstərilmədən Moskva Xüsusi İdarəsinin qərarıyla "əks-inqilabi dəstəylə əlaqəsi olduğuna görə" 5 il azadlıqdan məhrum edilir. Zülfüqar Əhmədzadə 1938-ci ilin mart ayında həbs edilsə də, ailəsinə ilk məktubu 1938-ci ilin 15 oktyabrında Daşkənddən göndərə bilir. Məktubunda müraciətlə yazır: Z. Əhmədzadə Sibirdə həbs düşərgəsində olarkən ədəbi yaradıcılıqla məşğul olur və düşərgə qəzetinin redaktoru təyin olunur. Şeirlərinin bir qismini də düşərgədə yazır. Eyni zamanda xalq şairi Səməd Vurğuna bir neçə dəfə şeirlə məktub göndərir. 15 yanvar 1940-cı ildə Səməd Vurğuna yazdığı bir şeirdə Sibirin dəhşətindən və öz taleyindən belə bəhs edir:
Zülfüqar Əhmədzadənin sürgündən qaytarılması üçün Səməd Vurğun şəxsən Mircəfər Bağırovdan xahiş edir, lakin Mircəfər Bağırov: — "Get Səməd, get, yoxsa səni də onun yanına göndərərəm." deyə cavabında deyir.
Z. Əhmədzadə həbs düşərgəsində bir müddət çörəkbölüşdürən təyin olunur. O, neft tapıb, bu nefti yanacaq kimi çay qoymaq üçün istifadə edir. Dustaqlardan biri rəhbərliyə xəbər verir ki, guya Əhmədzadə buranı neftlə yandırmaq istəyir. Bundan sonra onun otağında axtarış aparılır və neft maddi sübut kimi götürülür. Əhmədzadəni 10 sutkalıq, boğaza qədər su ilə dolu "karserə" salırlar. Cəza bitdikdən sonra ayağı axsamağa, tez-tez xəstələnməyə və saçı tökülməyə başlayır. Azadlığa buraxılmasına bir il qalmış, 9 iyun 1942-ci ildə Kemerovo vilayətinin Mariinsk Şəhər Xəstəxanasında ağır dərəcəli "kataral pnevmoniya" xəstəliyindən dünyasını dəyişib. Həmin ay dünyasını dəyişdiyinə dair ailəsinə son məktubu göndərilib. Zülfüqar Əhmədzadənin ölümündən sonra yazıçı Mehdi Hüseyn onun ailəsi ilə yaxından maraqlanmışdır.
9 avqust 1956-cı ildə ölümündən sonra bəraət alıb.
Ədəbi fəaliyyəti Zülfüqar Əhmədzadə ictimai-siyasi xadim olmaqla bərabər həm də böyük şair və yazıçı olub. Zülfüqar Əhmədzadə ilk növbədə mədrəsədə oxuduğu vaxtlarda dini motivlərdə şeirlər və mərsiyələr yazmağa başlayıb. Özünün ilk böyül əsəri olan "Toloşi jimon" poemasını 1931-ci ildə yazıb. Şairin ana dilində yazdığı bu poemada Talış xalqının maddi-mənəvi mədəniyyəti, milli-məişəti, adət-ənənələri əks olunur. Şairin daha bir ana dilində yazdığı "Dəvardə rujon" poeması əsasən şahidlərin xatirələrindən yazılıb. Talış xanlarının əsasən də Mir Abbas bəyin hakimiyyəti dövründə talışın faciəli həyatından, çətin yaşayışından bəhs olunur. Zülfüqar Əhmədzadənin növbəti poeması "Arktika dastanı" doğma azərbaycanca yazılmışdır. Bu poema 1934-cü ildə ədəbi yaradıcılıq konkursunda birinci yerə layiq görülmüş və 5 min rubl mükafatı şairə təqdim olunmuşdur. Həmin tədbirdə iştirak edən Səməd Vurğun şairi qucaqlayaraq təbrik etmişdir. Müsabiqədə müəlliflər ləqəblə iştirak edirdilər və Zülfüqar Əhmədzadə "Göyərçin" ləqəbi ilə qalib gəlib. Aparıcı xahiş edirik "Göyərçin" tribunaya çıxsın, dedikdə Zülfüqar Əhmədzadə irəli çıxır və bu zaman bütün zal ayağa qalxaraq qalibi alqışlayır. Bu hadisədən sonra zalda əyləşən Mikayıl Müşfiq talış şairləri haqqında dediyi ifadəyə görə Zülfüqar Əhmədzadədən üzr istəyir. Mikayıl Müşfiq bu hadisədən bir neçə il qabaq öz şeirlərinin birində yazır: Ehtimal olunur ki, şair Mikayıl Müşfiq bu sözləri zarafatyana söyləmişdir, lakin Mikayıl Müşfiq talışlara qarşı sərt ifadələrini daha bir poemasında işlədir. 1933-cü ildə özünün "Mənim Dostum" adlı pomeasında şair dostu Saday Mirzənin Zuvanda təyinatından və oradakı vəziyyətindən yazır. Mikayıl Müşfiq poemanın əvvəllərində dostunun fırıldaqçılığından və Zuvandda məktəbdə etdiyi oğruluqdan da söz açır:Daha sonra şair Zuvandda maarif müfəttişi işləyən dostunun xatirələrini belə qələmə alır:Bütün bunlardan belə məlum olur ki, Mikayıl Müşfiqin talışlar haqqında işlətdiyi ifadələr bir qədər yarı-zarafat, bir qədər də yarı-ciddi olmuşdur. Çünki Mikayıl Müşviq poemasında bu yerləri "cahillər vilayəti" adlandırır: