Əhməd Zevayl (, ; ) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999).

Həyatı

Uşaqlıq illəri

Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Dəmənhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Dəsuq qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı. Misirdə Əhməd dövlət pulsuz orta məktəbini əla qiymətlərlə başa vurmuşdu. Ailəsi onun öz məqsədinə çatması üçün əlavə stimullaşdırıcı qüvvə idi.

Məktəb tətili dövrünü balaca Əhməd öz dayısı ilə keçirirdi. O, sonralar bu barədə yazırdı: "Mən öz valideynlərimlə həyatı dərk etdim, dayımla isə gələcək barədə planlar qurdum". Əhməd həmişə mümkün olmayanı mümkün olana çevirmək səyləri ilə başqalarından seçilirdi. "Ailədə bir oğlan və 3 qız uşağı böyüyürdü. Şəhər icmasının üzvü olan atam çox həyatsevər, şən və faydalı insan idi. O, hökumətdə işləyirdi və özünün biznesi də vardı. Anam çox xeyirxah, genişürəkli qadın idi, bütün həyatını uşaqlarına, xüsusən də mənə həsr etmişdi. O özünün təbii zəkası, öz işinə sədaqəti, xoşxasiyyəti ilə mənim həyatımda mərkəzi yeri tuturdu",-deyə Əhməd Zevayl sonralar xatırlayırdı. Ailə ilk günlərdən balaca Əhmədin hərtərəfli tərbiyə almasına, onun elmi biliklərə maraq göstərməsinə stimul yarada bilmişdi. Valideynləri ona böyük ümidlər bəsləyirdilər. Balaca Əhmədin elmi biliklərə maraq göstərməsində valideynləri ilə yanaşı, onun dayısı Rizanın böyük təsiri olub. Dayısı onda məntiqi təfəkkürün formalaşmasında, inkişafında, tənqidi analizin mənimsənilməsində böyük rol oynamışdı. Dayısının ətrafındakı ziyalı mühiti də Əhmədin düzgün ixtisas seçimi etməsinə imkan vermişdi.

O, mütaliəni, musiqini sevir, idmanın bəzi növləri ilə məşğul olurdu. Onun musiqi zövqünün formalaşmasında böyük müğənni Umm Gülsüm böyük rol oynamışdı. Alim xatırlayır ki, Gülsümün mahnıları hətta onun fizika və kimyanı öyrəndiyi vaxtlarda belə ona xüsusi zövq və xoşbəxt anlar yaşadıb.

Əhmədin fiziki elmlərə daha çox meyil etməsi özünü çox erkən yaşda göstərib. "Riyaziyyat, mexanika, kimya həm də xüsusi zövq verən elm sahələri idi. İctimai elmlər mənim üçün o qədər də cəlbedici deyildi, çünki mənim diqqətim özümə belə bəlli olmayan səbəbdən əsasən predmetin yadda saxlanılmasına yönəlmişdi. Mənim beynim "necə", "niyə" suallarını verməkdə davam edirdi. Bu xüsusiyyət mənim bütün həyatım boyu özünü göstərib. Bir sıra mürəkkəb məsələləri həll edərkən keçirdiyim həyəcanlı, sevincli anları mən indi də xatırlayıram. Kimyada əsasən bir sıra məsələlərin yaddaşda saxlanılmasının tələb olunmasına baxmayaraq, məni "kimyanın riyaziyyatı" daha çox maraqlandırırdı". Valideynləri bəzi fənlərdən o qədər də yaxşı qiymətlər almadıqda onu yüngülcə cəzalandırmağı da unutmurdular. Əhmədin elmə və texnologiyalara marağı güclü idi.

Bir dəfə apardığı təcrübə nəticəsində az qala öz otağı yanacaqdı. Balaca Əhməd hətta öz yataq otağında anasının kofe bişirdiyi plitə və bir neçə şüşə borudan ibarət kiçik aparat yaradaraq oduncağın yanaraq yanar qaza və maye maddəyə çevrilməsini müşahidə edirdi. Bu kiçik eksperiment təkcə elmi əhəmiyyət kəsb etmirdi, həm də bütün evin yanması təhlükəsi var idi. Maşınların nəzəriyyədə necə işləməsini anlamaq üçün o, bir dəfə dayısının maşınını qaçırmışdı. Nil çayının kənarına çatan Əhməd dayısının maşınını az qala çaya salacaqdı. On illərdən sonra alim gənclik illərindən xatirə qalan bu epizodlar barədə tez-tez danışardı. "Həyatımın erkən çağlarından elmə bu qədər həvəs göstərməyimin səbəbi mənə hələ də məlum deyil", - deyə alim sonralar yazırdı.

Onun doğulduğu və çox sevdiyi Damanhur şəhəri bütün dünyada qədim intellektual irs hesab olunan İsgəndəriyyə və Rəşit şəhərləri arasında yerləşir. Qədim Misir yazı nümunəsini özündə əks etdirən məşhur daş 1799-cu ildə Rəşid şəhərində tapılıb. Ən qədim tarixə malik məşhur İsgəndəriyyə kitabxanasında isə minlərlə qədim papirus yazı nümunələri saxlanılır. Əhməd Zevayl bu məkanlarla fəxr edir. Amerikalı yazıçı-publisist Endrü Sikri yazır ki, Zevayl üçün bu şəhərlər qədim tarixi elemetlərdən daha çox, elmi işləri üçün bir ilham mənbəyidir. Elmə, riyaziyyata və ölkəsinin mədəni irsinə dərin bağlılıq Zevaylın həyat tarixcəsində üzvi surətdə birləşir.

Elm yollarında ilk addımlar

"Necə oldu ki, misirli oğlan böyük alimlərdən biri oldu" adlı məqaləsində amerikalı yazıçı-publisist Endrü Sikri yazır: "Günəşin isti şüaları Misirin Desuk şəhərində kiçik evin pəncərəsinə düşür. 1960-cı ildir, pəncərə önündə əyləşmiş yeniyetmə riyaziyyat və kimyadan olan uzun tapşırıqlar siyahısını araşdırır. O, məsələ həll edir, radiodan isə tanınmış müğənni Umm Gülsümün səsi yayılır. Mahnı qurtaran vaxt yeniyetmə radionun kanalını dəyişir və oradan müğənninin digər mahnısı səslənir. Oğlan riyaziyyat məsələlərini çox yaxşı həll edir, mahnılar isə dərsi daha da xoş edir".

Valideynləri Əhmədin xaricdə təhsil almasını arzu edirdilər. "Ailəmin arzusu mənim xaricdə yüksək təhsil almağım və vətənə dönərək professor kimi Misir universitetlərində işləməyim idi. Mənim professor olmağımı arzulayan valideynlərim hətta otağımın qapısından "Doktor Əhməd" sözü yazılmış lövhə asmışdılar. Baxmayaraq ki, mən bu barədə ümumiyyətlə, düşünmürdüm",-deyə alim yazırdı.

Orta məktəbi bitirdikdən sonra Əhməd Zevayl universitetlərə üz tutub. 60-cı illərdə Misirdə mühəndislik, tibb, farmasevtika və elm zirvə hesab olunurdu. O, İskəndəriyyə Universitetinin təbiət elmləri fakültəsinə qəbul olunub. Bakalavr diplomu aldıqdan sonra Zevayl universitetin müəllimi təyin olunub. Doktorluq elmi dərəcəsi almaq üçün elmi tədqiqatlar aparan Zevayl qarşısına universitetdə işləmək və tələbələrə dərs deməyi qoymuşdu. O, təhsil aldığı illərdə elmi tədqiqatlara o qədər diqqət cəlb etmişdi ki, professor olmasa da, bir sıra professorların mühazirələrindən sonra tələbələrə özünəməxsus "professor mühazirələri" oxuyurdu. Əsas mühazirələrin mahiyyətini anlamaqda tələbələrə kömək edirdi. Bu ona hədsiz zövq verir, elm, təbiət hadisələri arasında əlaqəni tam dolğunluğu ilə mənimsəmələrinə kömək edirdi. 21 yaşında olan Zevayl hesab edirdi ki, elmi işlərin çox sadə və gözəl ifadəsi olmalıdır. O bu fikrə hələ də sadiq qalıb.

Amerika həyatı

İskəndəriyyə Universitetində təhsilini başa vuran Zevayl akademik karyerasını Amerikada davam etdirib. "Mən birbaşa Amerika universitetlərindən təqaüd almaq istəyirdim. Amerikanın onlarca universitetləri ilə yazışmalardan sonra ABŞ-nin Pensilvaniya Universiteti və bir neçə digər təhsil ocağı mənə aylıq 300 ABŞ dolları həcmində təqaüd verməyə razılıq verdilər. Lakin Amerikaya getmək üçün bir sıra ciddi maneələri aşmaq lazım idi"deyən Zevayl bir sıra bürokratik əngəlləri və çətinlikləri dəf etmək üçün çox böyük iradə göstərməli oldu. "Amerikaya gəldikdə mənə elə gəldi ki, məni sanki okeana buraxıblar. Okean bilik, mədəniyyət və müxtəlif imkanlarla zəngin idi. Və seçim aydın idi. Ya mən bu okeanda üzməyi öyrənməli, ya da batmalıydım. Mədəniyyət yad idi, dil çətinliyi var idi, lakin mənim ümidlərim çox böyük idi. Mən ingilis dilində yazmağı, danışmağı bilmirdim, Amerika və qərb mədəniyyəti haqda az məlumatlı idim".

Onun ilk elmi rəhbəri professor Robin Xoxştrasser olub. Öz müəllimini mükəmməl alim və pedaqoq hesab edən alim əldə etdiyi nailyyətlərinə görə elmi rəhbərinə minnətdar olduğunu bildirirdi. Zevaylın digər alimlərlə apardığı elmi tədqiqatların siyahısı genişlənirdi. O demək olar ki, hər gün yeni işlər - kimya, fizika və digər sahələrdəki problemlərlə məşğul olurdu. Elmi laboratoriya, tədqiqat mühiti çox əlverişli idi. Nobel mükafatı laureatı Bob Şrifferdən nəzəri fizika üzrə dərs alan Zevayl demək olar ki, gecə-gündüz işləyir və bir neçə layihə üzrə çalışırdı. O, sadə molekullar üçün Ştark effekti, bərk cismlər üçün Zeeman effekti, ikiqat rezonans, maqnit rezonansı üçün optik detektor və sair mövzular üzrə müxtəlif layihələrə cəlb olunmuşdu.

1974-cü ildə Pensilvaniya Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini alan Zevayl IBM firmasının adlı təqaüdünə layiq görülüb. Daha sonra 2 il Berkli Kaliforniya Universitetində işləyib. 1976-cı ildə Kaliforniya Texnologiya İnstitutuna dəvət alıb. 1982-ci ildə bu institutun professoru olub. 1990-cı ildə məşhur kimyaçı, bioloq, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinqin rəhbərlik etdiyi fiziki-kimya kafedrasının müdiri təyin olunub. Bundan əlavə, o, Milli Elm Fondunda molekulyar fizika laboratoriyasına başçılıq edib.

Femtokimyanın banisi

Ötən əsrin 80-ci illərində Zevayl dünyada ilk dəfə olaraq molekulların izlərini əldə etməyə imkan verən ən sürətli çəkiliş kamerasını yaradıb. Alim bu məqsədlə saniyənin milyonda bir (femtosaniyə - 1fs=10-15 san) uzunluğunda olan lazer impulslarından istifadə edib. Məhz bu, kimyəvi reaksiyaların davam etdiyi zaman miqyasıdır. Məhz bu zaman miqyasında "anı dayandırmaq" və molekulların bir-birinə necə yaxınlaşmasını və onların kimyəvi reaksiyalara daxil olmasını, keçid komplekslərinin və daha sonra isə reaksiya məhsullarının necə yaranmasını izləmək mümkündür.

Bəzi həmkarları qeyd edirdilər ki, Zevaylın uyğunluq prinsipi üzrə eksperimentləri heç vaxt baş tutmayacaq. Lakin o, nəinki bu sahədə təcrübələr aparmaqla tərəqqiyə nail oldu, həm də başqalarının nəzəri cəhətdən qeyri-mümkün hesab etdiyi nəticələr əldə etdi. Onun uşaqlıqdan alışdığı nəzəriyyə və təcrübə arasında fərqi görmək bacarığı öz işini görürdü.

Zevaylın uyğunluq prinsipinə inamı özünü 1980-ci ildə öz təsdiqini tapıb. O həmkarları ilə birlikdə təcrid olunmuş karbohidrogen antrasen molekullarında koqerant dəyişmələri nümayiş etdirib. Bu molekullar daxilində uyğunluq reallığını sübut edirdi. Bu yenilik kimyaçılara uyğunluq prinsipindən isfifadə edərək kimyəvi reaksiyaların gedişini əvvəlcədən söyləməyə imkan verirdi. Bu, Zevaylın ilk elmi zəfəri idi. Lakin o, bununla kifayətlənmək istəmirdi, daha da qabağa getməyə can atırdı. Zevayl Amerikaya gələnə qədər heç vaxt lazer texnologiyasından istifadə etməmişdi. Lakin o, etiraf edirdi ki, əgər əlinizdə qısa işıq impulsları verən lazer varsa, ondan istifadə etməklə kimyəvi reaksiyaların əslində necə baş verməsini izləmək olar. Bunun üçün isə çox qısa, cəmi bir neçə femtosaniyə, hələlək elmə məlum olmayan milyard dəfə kiçik impulslar tələb olunurdu. Beləliklə, Zevaylın təşəbbüsünü həyata keçirmək üçün ilk femtosaniyə lazer qurğusu yaradıldı və alim onu öz aparatına daxil etdi. Zevayl və onun həmkarlarının femtosaniyə lazer aparatı ilə öyrənməyə çalışdıqları ilk kimyəvi reaksiyalar kimyəvi rabitənin pozulması ilə bağlı idi. 1986-cı illn sonunda onlar femtosaniyə lazer qurğusunu sadə yod-sianid molekulunun öyrənilməsinə tətbiq etdilər. Zevayl və onun əməkdaşları yod və karbon atomları arasında, sonra sianid qrupu arasında rabitənin necə dartılmas və sonradan isə dağılmasını müşahidə ediblər. "Rabitə tədricən qırıldı, bu vaxta qədər heç kim real zaman rejimində kimyəvi rabitənin necə pozulduğunun şahidi olmamışdı", - deyə Zevayl yazırdı. Bu, Zevaylın ikinci ən böyük elmi qələbəsi idi. Femtokimya çox qısa zaman ərzində kimyəvi reaksiyaların təsvirini verməyə imkan verir.

Kimyada inqilab

Əhməd Zevayl 1999-cu ildə femtokimya sahəsində elmi tədqiqatlarına görə Nobel mükafatına layiq görülüb. Onun tədqiqatlarının əhəmiyyəti ona Osloda Nobel mükafatı təqdim olunan zaman bir daha qeyd olundu. İsveç Elmlər Akademiyası bəyan etmişdi ki, "Zevayl bizə ayrı-ayrı atomların hərəkətini görməyə imkan verməklə kimyada inqilab edib". Nobel komitəsi etiraf edirdi ki, Zevaylın işləri bir sıra mühüm kimyəvi reaksiyaların baş verməsini və gedişini anlamağa imkan verir.