Cəmil Poladxan oğlu Həsənli () — Azərbaycan tarixçisi, siyasətçi, tarix elmləri doktoru (1992), professor (1993), Milli Şuranın qurucu üzvlərindən biri və sədri (2013), Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı (2000–2010), Azərbaycan Respublikasının əməkdar müəllimi (2009).

Həyatı Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur.

1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır.

1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir.

1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir.

1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir.

1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrası üzrə professor vəzifəsini tutmuşdur. 1994-cü ildən 2011-ci ilə qədər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru olmuşdur.

1998-ci ildə Cənubi İllinoys Universitetində yay məktəbində, 2011-ci ildə Vudro Vilson mərkəzində (Vaşinqton DC.), 2013-cü ildə Humbolt Universitetində tədqiqat proqramlarında iştirak etmişdir.

Fəaliyyəti

Elmi-pedaqoji fəaliyyəti 1975-ci ildə ali məktəbi bitirib, Cəlilabad rayonunun Təzəkənd orta məktəbində tarix müəllimi işləmişdir.

1976–1977-ci illərdə V. İ. Lenin mərkəzi müzeyinin Bakı filialında mühazirəçi vəzifəsində çalışmışdır.

1980-ci ildən başlayaraq ADU-da tarix təlimatçısı (1980–1985), köməkçi professor (1985–1992) və "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrasının müdiri (1992–1994) işləmişdir. 2011-ci ildə könüllü olaraq işdən çıxmışdır.

2007-ci ildə AMEA-nın tarix üzrə müxbir üzvülüyünə namizəd olmuş, lakin yetərli səsi yığa bilməyərək bu vəzifəyə seçilə bilməmiş və sonradan AMEA-ya olan seçkilərdən bəhs edərkən "müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun "alimləridir" demişdir.

İctimai-siyasi fəaliyyəti Cəmil Həsənli 1988–1991-ci illər Azərbaycan Milli Azadlıq Hərəkatının iştirakçılarından biri olmuş və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) də üzvü olmuşdur. AXC-nin BDU təşkilatında təmsil olunmuşdur. 1994–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin humanitar məsələlər üzrə müavini olmuşdur. 2005-ci ildə AXCP üzvlüyündən çıxmışdır.

Cəmil Həsənli 1993-cü ilin aprel-iyun ayları arasında Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərmişdir.

2005–2013-cü illərdə Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuşdur.

2009-cu ildə təsis edilmiş Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biri olmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkiləri ərəfəsində yaradılan Milli Şuranın qurucu üzvü olmuşdur. Bu dövrdə Milli Şuraya daxil olan partiya və təşkilatlarla yanaşı MŞ-dan ayrı fəaliyyət göstərən Nida Vətəndaş Hərəkatı da Cəmil Həsənlini dəstəkləmişdir. Seçkilərdən sonra isə Milli Şuranın liderinə çevrilmişdir. 3 dekabr 2013-cü ildə isə sözügedən qurumun sədri seçilib.

Parlamentdə 5 noyabr 2000-ci ildə proporsional seçki sistemi və 6 noyabr 2005-ci ildə majoritar seçki sistemi əsasında 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir.

II çağırış Cəmil Həsənli Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmiş və bu seçkidə "Həsənov" soyadı ilə iştirak etmişdir. 5 noyabr 2000-ci ildə keçirilmiş seçkidə proporsional seçki sistemi əsasında iştirak edərək 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.

II çağırış dövründə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, İntizam komissiyasının, Azərbaycan—İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasınınAzərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında. e-qanun.az üzvü olmuşdur.

III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərində Azadlıq Blokunu təmsil etmiş və bu seçkidə "Həsənli" soyadı ilə iştirak etmişdir. Seçkidə majoritar seçki sistemi əsasında iştirak edərək 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmuş və 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir.

III çağırış dövründə Elm və təhsil məsələləri daimi komissiyasının, Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

IV çağırış 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə müstəqil namizəd kimi 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin seçkilərin rəsmi nəticələrinə əsasən 2927 səs toplayaraq 17,5 %-lə II yeri tutaraq deputat seçilə bilməmişdir.

Cəmil Həsənli 8 noyabr 2010-cu ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə, səsvermə günü adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, habelə müvafiq dairə seçki komissiyasının sədri tərəfindən həmin dairənin hüdudlarında yerləşən qapalı müəssisələrdə onların seçicilərlə görüşünün keçirilməsini təşkil etməməklə qanunsuz hərəkətsizlik etdiyini bildirib, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cəmil Həsənli 13 noyabrda Mərkəzi Seçki Komissiyasına yeni eyniməzmunlu müraciət etmiş, lakin müraciət təmin edilməmişdir.

VII Prezident seçkiləri

250px|thumb|2014-cü ildə.

Cəmil Həsənli 23 avqust 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının zərbaycan Respublikası prezidentliyinə ehtiyat vahid namizədi kimi göstərilmişdir. Namizədliyi 29 avqust 2013-cü ildə MSK tərəfindən təsdiqlənmişdir.

9 oktyabr 2013-cü ildə baş tutmuş seçkilərin rəsmi nəticələrinə görə 204635 səs toplayaraq, 5,53 %-lə II yeri tutmuşdur.

Cəmil Həsənli seçkilərin kütləvi saxtalaşdırıldığını söyləmiş və nəticələri tanımadığını açıqlamışdır.

Əsərləri

Tədqiqat sahəsi thumb|250px|left|Cəmil Həsənli Aslan İsmayılovun "Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı" adlı kitabının yeni nəşrinin təqdimatında (28.02.2013). Cəmil Həsənlinin "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918–1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 1920–1930-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də Azərbaycan Respublikasının 1918–1920-ci illərdəki xarici siyasətinin araşdırılması ilə bağlı monoqrafiya bütövlüklə yeni açılmış arxiv sənədləri əsasında yazılmışdı. 1993-cü ildə nəşr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920" əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq professor C. Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci dünya müharibəsi və müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan "Soyuq müharibə"nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C. Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə "21 Azər" hərəkatını "Soyuq müharibə" fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C. Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-nin Harvard Universitetində ingiliscə və Moskvada rusca nəşr olundu. C. Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, irihəcmli monoqrafiya hazırlamışdır. Professor Həsənlinin dərc olunan "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954–1959)" adlı kitabı daha bir həqiqəti ortaya qoydu ki, Sovet cəmiyyətinin bir görünən, bir də görünməyən tarixi var idi.

Cəmil Həsənli ABŞ Vudro Vilson Mərkəzinin Tarix və Publik Siyasət Proqramının işturakçısı olub (2011, 2020), Türk Tarix Qurumunun xarici üzvüdür (2013). Vudro Vilson Mərkəzinin Demokratiya uğrunda İon Ratui mükafatını alıb (2015). Şanghai Şərqi Çin Normal Universitetində dəvətli araşdırmaçı kimi çalışıb (2016–2017). Amerika Tarixçilər Cəmiyyətinin üzvüdür (2021). London Universiteti Tarix Araşdırmaları İnstitutunun dəvətli araşdırmaçısı, baş elmi işçisidir (2021–2024).

Məqalələri Bu irihəcmli monoqrafiyalardan əlavə C. Həsənli 100-dən artıq emi əqalənin müəllifidir. Bu məqalələr Azərbaycan, rus, ingilis, türk, alman, italyan, polyak, fars, yapon, koreya dillərində nəşr olunub. Onun 2009-cu ildə Berlində nəşr olunmuş "Qara dəniz boğazları üzərində Stalinin nəzarət cəhdləri", həmin il Romada italyan dilində nəçr olunmuş "Soyuq müharibənin Türkiyə böhranı", 2011-ci ildə Vyanada alman dilində nəşr olunmuş "Sovet İttifaqının Yaxın Şərqdə neft uğrunda mübarizəsi" kimi məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. C. Həsənlinin araşdırmalarının əsas hədəflərindən biri XIX –XX əsrlərdə Qarabağda cərəyan edən hadisələrdir. Bu mövzuda professor Həsənlinin yazdığı məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc edilmişdir. Bu araşdırmalarda XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı fəth etməsindən 1923-cü ildə Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına qədər hadisələrin maraqlı mənzərəsi yaradılmışdı.

Kitabları 250px|thumb|left|Cəmil Həsənlinin "Синьцзян в орбите советской политики — Сталин и мусульманское движение в Восточном Туркестане" monoqrafiyasının üz qabığı