Kayseri — Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşən böyük sənayeləşdirilmiş şəhər. Kayseri ilinin inzibati mərkəzidir. Kayseri Böyükşəhər Bələdiyyəsinin fəaliyyət göstərdiyi şəhər, struktur olaraq beş böyük ilçə, Qocasinan, Məlikqazi və 2004-cü ildən bu yana Hacılar, İncəsu və Talas, bunlarla yanaşı 11 kiçik ilçə, Ağqışla, Bünyan, Dəvəli, Fəlahiyyə, Özvətən, Pınarbaşı, Sarıoğlan, Sarız, Tomarza, Yəhyalı olmaqla ümumilikdə 16 ilçədən ibarətdir.

Kayseri, hündürlüyü 3916 metr olan Ərciyəs dağının ətəyində yerləşir. Şimal və şimal-qərbdə Yozqat, şimal-şərqdə Sivas, şərqdə Qəhrəmanmaraş, cənubda Adana, cənub-qərbdə Niğdə, qərbdə Nevşəhər ilə əhatə olunmuşdur. Dünyanın ən qədim şəhərlərindən biri olan Kayseri antik dövrlərdə Kappadokiya adlanan tarixi bölgənin bir hissəsi olmuşdur. İpək yolu üzərində yerləşən şəhər, coğrafi mövqeyinə görə daim düşmən işğallarına məruz qalmışdır. Həmçinin, bölgə bir çox sivilizasiyaların beşiyi olmuşdur.

Türkiyə iqtisadiyyatında diqqətçəkici ölçüdə inkişafa malik şəhərlərin yer aldığı Anadolu Pələngləri qruplaşmasında ilk sırada yer alan Kayseri, regionda yüksək sənayeləşməsi ilə digər şəhərlərdən kəskin fərqlənir. Şəhərdə işsizlik digər şəhərlərə nisbətən olduqca aşağıda səviyyədə olmuş, oxuma-yazma qabiliyyətinə görə isə İstanbul və Ankara kimi böyük şəhərlərlə daim rəqabətdə olmuşdur. Savadlılıq səviyyəsi isə 93,82% olaraq təyin olunmuşdur. Kayseri torpaqlarının 54,3%-i kənd təsərrüfatı üçün olduqca əlverişlidir.

Şəhər bir sıra tarixi abidələri, o cümlədən Səlcuqlu dövrünə aid bir çox tarixi abidəyə ev sahibliyi edir. Adətən Kappadokiya ziyarətlərində xeyli miqdarda turist qəbul edən Kayserinin özünə məxsus bir çox görməli məkanları var. Səlcuqlu və Osmanlı dövrünə aid tarixi abidələr və muzeylər yer alan Pınarbaşı, Ağqışla, Talas və Dəvəli ilçələri, şəhər ətrafında alpinizm və trekinq üçün Ərciyəs dağı, raftinq üçün Zamantı çayı olduqca məşhurdur. Şəhərdə Erkilet Beynəlxalq Hava Limanı xidmət göstərir. Bununla yanaşı, şəhər 2 dövlət Ərciyəs Universiteti, Abdullah Gül Universiteti, 1 özəl Nuh Naci Yazqan Universitetinə ev sahibliyi edir.

Türkiyə Statistika Qurumunun 2011-ci il siyahıyaalmasına əsasən, şəhər əhalisi 1,389,000 nəfər olmuşdur.

Etimologiya Kayseri şəhərinin adı latıncada "Saezera" (), yunancada isə "Keysəriyyə" () sözlərindən yaranmışdır. Bu adlarla yanaşı "Mazaka" və "Kaisareia" () sözlərindən də şəhərin adlandırılmasında istifadə olunmuşdur. "Kaysar" və ya "Keysər" () isə Roma və Şərqi Roma imperatorlarına verilən sezar ünvanının İslam ölkələrində istifadə olunan qarşılığıdır. Osmanlı sultanları isə II Mehmeddən başlayaraq rəsmi ünvanları arasında "Kayser-i Rum" ifadəsindən istifadə etməyə başlamışdır.

Sezar ünvanı əsasən Roma dövlət xadimi Qay Yuli Sezarın ləqəbi olaraq istifadə olunmuşdur. İlk Roma imperatoru, Qay Yuli Sezarın ruhani oğlu Oktavian Avqust, sezar ləqəbini fəxri ünvan olaraq qəbul etmişdir. Sonralar Roma imperatorları Sezar və Avqustun ünvanlarını istifadə etmişdirlər. Rus hökmdarları 1453-cü il Konstantinopolun fəthindən qısa müddət sonra Sezar adının rus forması olan "Çar" () sözünü qəbul etmişlər. Bu adlandırılmada məqsəd Osmanlı sultanlarının Yunan sivilizasiyasının varisi olmaq iddialarına qarşı çıxmaq və Bizans taxtının varisliyini tələb etmək olmuşdur.

Yunanlar tərəfindən "Mazaka" şəhəri işğal edildikdən sonra bu bölgəyə "İmperatorlar şəhəri" mənasını verən "Kaysarea" adı verilmişdir. Daha sonralar, xalq arasında bu ad geniş yayılaraq, türkləşdirilərək hal-hazırkı formaya çatmışdır.

Tarix

Eramızdan əvvəlki dövrlərdə

thumb|right|Kanişdə tapılan xetlərin dövründən qalma bəzədilmiş keramika qab. Kayseri şəhərinin eramızdan əvvəlki məskunlaşma tarixi haqqında ən vacib məlumat Kaniş ərazisində aparılan qazıntılar nəticəsində əldə edilmişdir. Bu ərazidə Mərkəzi Anadolunun ən böyük kurqanlarından birinə rast gəlinmiş və mövcud məlumata görə, bu tapıntılar Kayserinin Kiçik Asiya tarixi boyu əhəmiyyətli bir yaşayış məskəni olmasını sübut etmişdir.

Paleolit dövrünün izləri Kappadokiyada nadir görülsə də, bu günə qədər aparılan araşdırmalar nəticəsində üst paleolit dövrünə aid bir çox tarixi abidələrə rast gəlinmişdir. Paleolit dövründən sonrakı vulkanizm prosesinin davam etməsi, neolit dövrünədək burada məskunlaşma şəraitinə mane olmuşdur. Bölgədə aparılan arxeoloji tədqiqatlarda neolit dövrünə aid bir çox yaşayış məntəqələri müəyyən edilmişdir. Ürgüp yaxınlığında neolit dövrünə aid daş alətlər neolit dövrünə aid ən böyük məskunlaşma mərkəzlərindən biri olmuşdur. Kappadokiyadakı ilk yaşayış izləri isə olduqca qədim tarixə malikdir. Höyük ərazisində aparılan arxeoloji tədqiqatlar isə bölgədə xetlərdən Bizans dövrünə qədər müxtəlif mədəniyyətlərin yaşadığını sübut edir. Bu dövrün izlərini yerli sakinlərin istifadə etdiyi alətlərin qalıqlarının köməyilə görmək mümkündür.

Kappadokiyanın tarixi Çatalhöyükdən başlayır. E.ə 5000–4000-cü illər arasında burada müxtəlif xalqlar yaşamışdır. Lakin Kappadokiyanın ilk tanınmış sakinləri luvilər və hettlər olmuşdur. Kaniş, Kayseri düzənliyinin şimal-şərqində yerləşən Karahöyük kəndinin cənubunda yerləşir. Bu bölgələrdə əsasən Assuriya tacirləri məskunlaşmışdır.

Assuriya tacirləri yazı ilə yanaşı Anadoluya silindr möhürləri, mədən, məbədlər və tanrı ideyaları da gətirmişlər. Beləliklə, Anadolunun yerli mədəniyyəti Mesopotamiya mədəniyyətinin təsiri altında inkişaf etmiş və burada bənzərsiz mədəniyyət meydana çıxmışdır. Assuriya tacirlərinin burada məskunlaşma dövrü, e.ə. 1850–1800 illəri arasında başa çatmışdır. E.ə 1900–1750 illər arasında burada tacirlərin sayı artmış, ticarət inkişaf etmişdir. Höyük bölgəsində xetlərə və frigiyalılara aid bir çox tarixi qalıqlara rast gəlinmişdir. "Gözəl atların böyüdüldüyü məkan" mənasını verən Kappadokiyanın tarixi adı da Assuriyalıların mirasıdır. Assuriyalıların Katpatuta adlandırdığı bölgə fars dövründə Kapadokiya adlandırılmışdır.

Bizans İmperiyası dövründə

225px|thumb|Şəhərin mühüm coğrafi mövqeyi ilə bağlı hücumların qarşısını almaq məqsədilə tikilən Kayseri qalası 2006-cı ildə. 395-ci ildə Roma İmperiyası ikiyə bölünmüş, Kappadokiya Şərqi Roma dövlətinin tərkibinə daxil olmuşdur. Bizans dövründə Anadolunun iki yeparxiyasından biri olmuşdur. Şərqi Roma dövlətinin ilk illərində bölgədə sakit bir dövr yaşandı. İmperiyanın sərhədlərinin Qafqaza qədər uzanmasına baxmayaraq, Kappadokiya bu bölgənin mərkəzi olaraq qalmağı bacardı. Kappadokiya sakinləri bu dövrdə roman ellinizm ideyalarından daha çox İrandan təsir aldı. Şərqdən güclü Ərəb və Sasani basqınların başlaması, I İraklinin Anadolunun əhəmiyyətli bir hissəsini hərbi əyalətlərə çevirməsinə səbəb oldu. 210px|thumb|left|Kayseri Arxeologiya Muzeyində yer alan e.ə 150–160-cı illərə aid Heraklın on iki zəhmətini təsvir edən heykəl Yerli sakinlər Dərinquyu və Qaymaqlı kimi düzənliklərdə yaşayan insanlar yeraltı şəhərlərə sığınmış, İmperiyanın Şərq bölgələrinin işğal edildiyi bu qarışıqlıq dövründə müharibələr fasiləsiz olaraq davam etmişdir. 574-cü ildən bəri ara-sıra bu vilayətlərə fars işğalları baş tutmuşdur. Konstantinopolun fəthindən sonra bu ərazilərin hakimiyyəti yenidən müsəlmanların əlinə keçmiş, lakin sonradan yenidən Bizansın işğalı altında düşmüşdür.

Bu dövr həmçinin, rahiblər və Bizans imperatorları arasında mülk və gücün mübarizə apardığı bir dövr olaraq yadda qalmışdır. Bu mübarizənin səbəbi monastır rahiblərinin ianələr toplamasının imperiya xəzinəsinə mənfi təsir etməsi, ordu təmənnasız şəkildə xidmət göstərməyə məcbur olmuş və nəzarətsiz qalmasına səbəb olmuşdur. Beləliklə, bu hadisələr, imperatorların monastır sahibliyini məhdudlaşdırmasına gətirib çıxarmışdır. Bütün bu daxili qarşıdurmalar Bizansın Mərkəzi və Şərqi Anadolunu sürətlə itirməsinə yol açdı. Sonrakı illərdə Bizans İmperiyasında taxt döyüşləri türk qüvvələrinin hökmranlığını artırdı. Lakin Oğuz türklərinin sıravi ordusunun, nizamlı Bizans ordusuna qarşı çıxması elə də asan olmadı. Əvvəlcə 1064-cü ildə Kayseri və Nevşəhər vilayətlərinə hücum etsələr də, məğlub oldular və geri çəkilməli oldular. Bu tarixdən sonra Alp Arslanın komandirlərindən biri olan Afşin bəy Bizans ordusunu məğlub edərək bölgədə hakimiyyəti ələ keçirdi, lakin bu vəziyyət də uzun davam etmədi. Anadolunun qapıları 1071-ci ildə Malazgird döyüşü ilə türklərə açıldı.

Səlcuq İmperiyası dövründə

thumb|1238-ci ildə sultanə Hunat Hatun tərəfindən tikilən Səlcuqlu dövrünə aid Hunat Hatun Məscidinin giriş qapısının tarixi bəzəkləri. Səlcuqlular, Anadolu torpaqlarının bütövlüyünün qorunmasına nail olmaq üçün səy göstərən güclü rəhbərliyi, əzəməti və ədaləti ilə tanınır. II Qılınc Arslan, 1164-cü il avqustun 4-də, ən böyük rəqiblərindən olan Yağıbasanın ölümündən sonra 1169-cu ildə Darenda-Deluk, Kayseri və Zamantı bölgələrini ələ keçirərək Səlcuqlu sülaləsinin hakimiyyətini bərpa etdi. Lakin siyasi səhvə yol verərək ölkəni iki oğlu arasında bölüşdürmək bu torpaqların müstəqilliyini yenidən təhlükə altına atdı. Şəhərin görkəmli sakinlərindən olan və Məlik Nurəddin şahın əmirlərindən biri olan Həsən adlı nüfuzlu, xeyirxah bir insanın öldürülməsi Kayseri sakinlərinin Qütbəddinə qarşıdurmalarına səbəb olmuş və sonradan Qütbəddin sui-qəsd nəticəsində öldürülmüşdür. 1196-cı ildə Rüknəddin Süleyman Şah qardaşlarına vacib vəzifələr vermiş və Anadolunun topraq bütövlüyünü yenidən qurmağı vəd etmişdir. Rüknəddin Süleyman Şah ordusu ilə Sivas, Kayseri, Aksaray və 4 aylıq mühasirədən sonra Konyanı torpaqlarına qatmağı bacarmışdır. Lakin bu qalibiyyətlərdən sonra bir həftə içində 1204-cü ildə ağır bir xəstəlikdən vəfat etmişdir. Süleyman Şahdan sonra I Qiyasəddin Keyxosrov 1205-ci ildə doqquz illik ayrılıqdan sonra yenidən taxta çıxmışdır. Sultan Keyxosrov 1205-ci ildə Kayseridə bacısı Gəvhər Nəsibənin adına mədrəsə tikdirmişdir. Keyxosrov, 1211-ci ildə Bizanslılarla müharibədə şəhid olmuş, Malatyadan böyük oğlu I İzzəddin Keykavus taxt-tac üçün Kayseriyə dəvət olunmuşdur.

Hökmranlığı ərəfəsində I Əlaəddin Keyqubad ilə taxt-tac mübarizəsinə girən İzzəddin Keykavus, Keyqubadın sığındığı Ankara qalasını mühasirəyə almış, sonradan Malatyada bir qalaya həbs etdirmişdir. Beləliklə, hökmranlığını gücləndirən və daxili qarışıqlıqlara son qoyan İzzəddin Keykavus, erməni kralı II Levon ilə mübarizəyə girərək Uluqışla və Ereğli ilçələrini geri almışdır. Sonradan II Levonu məğlub edən İzzəddin Keykavus, onun canını 20.000 dinar qızıla bağışlayır. İzzəddin Keykavus yeni bir ekspedisiya üçün 1219-cu ildə Malatyaya gəlmiş və burada da 1220-ci ildə vəfat etmişdir. Səltənəti dövründə sərhədlər genişlənmiş, əhəmiyyətli limanlar fəth edilmiş, çox sayda karvansara, məscid, mədrəsə və qala divarları inşa edilmişdir. Kayseridəki Gülük, Yoğunbürc, Hunat məscidləri də onun hakimiyyəti dövründə inşa edilmişdir. thumb|Səlcuqlu vəziri Sahibata Fəxrəddin Əli tərəfindən 1267-ci ildə inşa edilən Səhabiyyə mədrəsəsi.|224x224px