Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP — Azərbaycanda 26 yanvar 1991-ci il tarixlərində təsis edilmiş, 17 oktyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən rəsmi qeydiyyata alınmış, ardınca 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatından keçmiş, lakın 1 sentyabr 1995-ci ildə qeydiyyatı ləğv olunmuş, sonuncu dəfə isə 3 fevral 2000-ci ildə yenidən rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiya.

Azərbaycan Demokrat Partiyası I çağırış Azərbaycan Respublikasının Milli Məclisində transfer üsulu ilə 7 millət vəkili — Zəminə Dünyamalıyeva, Şamil Yusifov, Akif Şahbazov, Solmaz Ələsgərova, Mahir Əsədov, Yusif Bağırzadə və Umar Əfəndiyev ilə təmsil olunmuşdur. Beləliklə, partiya Azərbaycanda ilk dəfə siyasi transfer etmişdir.

Azərbaycan Demokrat Partiyası indiyədək 11 qurultay (2-si qurultay səlahiyyətli konfrans olmaqla) və 4 konfrans keçirmiş, 3 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında bir çox tanınmış şəxslər olmuşdur. Bu şəxslərə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Telman Orucov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev və oğlu Elman Salayev, jurnalist Aydın Quliyev, hüquqşünas Qurban Məmmədov, Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Tağıyev, sabiq milli təhlükəsizlik naziri müavini Sülhəddin Əkbər misal göstərilə bilər.

Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 2003-cü ildə Yusif Bağırzadə təmsil etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokrat Partiyasının üzvlərinin 97%-i kişi, 3%-i isə qadın olmuşdur.

Tarixi

Yaranması 1990-cı illərin əvvəlində Naxçıvan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri Elman Cəlilov, Sərdar Cəlaloğlu və Sülhəddin Əkbər Xalq Cəbhəsindən ayrılaraq yeni partiya yaratmağı planladılar. Onlar Xalq Demokratik Partiyası adlı partiya yaratmaq üçün çalışmağa başladılar. Elman Cəlilov partiyanın nizamnaməsini yazmağa başlamış, lakin Cəlaloğlu və Əkbər nizamnaməyə müəyyən dəyişikliklər etmək istədiyi üçün mübahisələr yaranmışdır. Bunun ardınca Sülhəddin Əkbər və Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyası adlı partiyanın yaradılması üçün fəaliyyətə başladılar.

Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci ildə Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri aşağıdakı şəxslərdir:

Azərbaycan Demokrat Partiyası 17 oktyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qeydiyyata alınmışdır. Bundan sonra 25 aprel 1992-ci ildə Naxçıvan şəhərində partiyanın I Konfransı keçirilmişdir. 14 mart 1993-cü ildə, yəni "Siyasi partiyalar haqqında" qanun qəbul edildikdən sonra Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən Azərbaycan Demokrat Partiyası rəsmi dövlət qeydiyyatına alınmışdır. Elə həmin il partiyanın mərkəzi qərərgahı Naxçıvan şəhərindən Bakı şəhərinə köçürülmüşdür. Bakıya köçən Azərbaycan Demokrat Partiyası 28 iyul və 23 yanvar tarixlərində II və III konfransını keçirmiş və qurultay qərarı almışdır.

Partiyanın qurucularından və sədr müavini olmuş Sülhəddin Əkbərin 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini təyin olunması və Müsavat Partiyasının bərpa prosesində iştirak etməsi partiyanın qərarlarına tabe olmama kimi dəyərləndirilmişdir. Bu səbəbdən o, Azərbaycan Demokrat Partiyası İdarə Heyəti tərəfindən partiyadan uzaqlaşdırılmışdır.

I Sərdar Cəlaloğlu dövrü (1994–1996) 7–8 may 1994-cü ildə Azərbaycan Demokrat Partiyasının I Qurultayı keçirilmiş, qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilmişdir.

1994-cü ildə Azərbaycan Demokrat Partiyası Müsavat Partiyası, Azərbaycan Ana Torpaq Partiyası, Xalq Azadlıq Partiyası və Azərbaycan Xalq Cəbhəsi ilə birgə Demokratik Konqes adlı birliyi yaratmışdır. 1995-ci ildə, parlament seçkiləri ərəfəsində Azərbaycan Demokrat Partiyası bu qurumdan ayrılmışdır.

1995-ci il parlament seçkiləri ərəfəsində, 1 sentyabr 1995-ci ildə Ədliyyə Nazirliyi partiyanın dövlət qeydiyyatını ləğv etmişdir. Partiya rəhbərliyi bunun siyasi sifariş olduğunu və partiyanın seçkilərdə iştirakının qarşısının alınması məqsədilə icra olunduğunu iddia etmişdir.

10 sentyabr 1995-ci ildə Azərbaycan Demokrat Partiyasının II Fövqəladə Qurultayı keçirilmişdir.

1998-ci ildə 20 siyasi partiya prezident seçkilərində iştirak etməkdən imtina etdi. 5 partiya isə bu seçkiləri boykot etmək haqqında protokol imzaladı. Ardınca 26 mart 1998-ci ildə 36 ictimai-siyasi təşkilatı birləşdirən Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) koalisiyası yaradıldı. Sonrakı dövrdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası daxil olmaqla 67 partiya və təşkilat təmsil olunmuşdur.

İlyas İsmayılov dövrü (1996–1998) 30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir. Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir. Birləşmədən sonra Ədalət Partiyasından gəlmiş ədliyyə generalı İlqar Qasımov partiya Ali Məclisinin sədri seçilmişdir və 1998-ci ilədək bu vəzifədə çalışmışdır.

25 may 1998-ci ildə Azərbaycan Demokrat Partiyasının V Növbədənkənar Qurultayı keçirilmişdir.

Həmsədrlər dövrü (1998–2000) 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. Beləliklə, partiya Azərbaycanda ilk dəfə siyasi transfer etmiş və parlamentdə de-fakto 7 mandat sahibi olmuşdur.

2000-ci ildə Yaqub Abbasovun sədrlik etdiyi Demokratik Yol Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.

3 fevral 2000-ci ildə Azərbaycan Demokrat Partiyası yenidən rəsmi dövlət qeydiyyatına alınmışdır.

Rəsul Quliyev dövrü (2000–2007) Partiya 5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmışdır. 21 sentyabr 2000-ci ildə Mərkəzi Seçki Komissiyası Azərbaycan Demokrat Partiyasının proporsional seçki üçün tələb olunan 50 min imza üçün təqdim olunmuş imza vərəqələri haqda yekun rəyində 53644 imzadan 4744-nin saxta olduğunu açıqladı. Beləliklə, partiyanın seçkiyə buraxmamaq haqda qərar çıxarıldı. Partiyanın Ali Şurasının sədri Nurəddin Məmmədli isə imzalarla bağlı tərtib olunan protokola 5 ekspertdən ikisinin imza atdığını bildirdi. Oktyabrın 2-də Turan İnformasiya Agentliyi birmandatlı dairələr üzrə partiyanın 60 namizədindən heç birinin qeydə alınmaması haqda məlumat yaydı. Komissiyanın qərarlarından sonra ABŞ Dövlət Departamenti və Avropa Şurası Azərbaycan hakimiyyətinə bütün müxalifət partiyalarını seçkiyə buraxması üçün çağırışı etdi. Oktyabrın 6-da Prezident Heydər Əliyev MSK-ya müraciət edərək siyasi partiyaların Milli Məclisə proporsional seçki sistemi üzrə iştirakını məhdudlaşdıran qərarlara yenidən baxılmasını istəmişdir. Daha sonra komissiya "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında" Qanunun 2.2-ci maddəsinin 10-cu bəndini rəhbər tutaraq, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası və Azərbaycan Liberal Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul etdi.

Seçkilərdə Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi. 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi. Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.

2000-ci il parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra müxalif Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası bütün müxalifəti seçki nəticələrini tanımamağa və seçkiləri boykot etməyə səsləmişdir. 6 mandat almış Azərbaycan Xalq Cəbhəsi Partiyası, hər biri 2 mandat almış Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası da bu çağırışa cavabsız qalmamışdır. 14 noyabr 2000-ci ildə 6 müxalif partiya — Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası yeni parlamenti boykot edən və yeni seçkilər keçirilməsini tələb edən saziş imzaladılar. Ardınca müxalifət 18 noyabr 2000-ci il tarixinə etiraz aksiyası təyin etdi. Təkrar seçkilərin elanından sonra boykotçu siyasi partiyalardan Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar) və Vətəndaş Həmrəyliyi Partiyası seçkilərdə iştirak qərarı almışdır. Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (klassiklər), Azərbaycan Liberal Partiyası və Müsavat Partiyası isə seçkiləri boykot etmişdir.

13 iyun 2003-cü ildə Azərbaycan Demokrat Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına üzvlüyü irəli sürülmüş Yusif Bağırzadə komissiya üzvü seçilmişdir.

22 iyun 2003-cü ildə Azərbaycan Demokrat Partiyasının VII Fövqəladə Qurultay Səlahiyyətli Konfransı keçirilmişdir.

Azərbaycan Demokrat Partiyası 2003-cü il prezident seçkilərində Rəsul Quliyevin namizədliyini irəli sürmüşdür. Onun namizədi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmamışdır. Bundan sonra partiya sədri Rəsul Quliyev Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbərə dəstək verməyə səslədi. Seçki nəticəsində İsa Qəmbər 338 145 səs (13.97%) toplayaraq seçkiləri Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin ardınca 2-ci sırada tamamladı. Bu səbəbdən müxalif qüvvələr etiraz aksiyalarına başladı. Etiraz aksiyalarının iştirakçılarından və təşkilatçılarından Azərbaycan Demokrat Partiyası sədr müavini Sərdar Cəlaloğlu da həbs olunmuşdur. Bu etirazlarla bağlı Milli Məclis "konstitusiyaya zidd olduğu" səbəbilə qərar çıxarmışdır. Seçkilərin yekun protokolunu Yusif Bağırzadə də imzaladığı üçün partiya onunla əlaqələrini kəsmişdir.