Altı günbəz sinaqoqu — Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən, memar Gilel ben Xaimin layihəsi əsasında 1888-ci ildə inşa edilmiş sinaqoq. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır.

Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır.

Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır. Hazırda dindarların istifadəsində olan məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı və mətbəx də vardır.

Həmçinin bax Qırmızı Qəsəbə Azərbaycan yəhudiləri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Quba rayonu sinaqoqları Kateqoriya:1888-ci ildə yarananlar Kateqoriya:Qırmızı Qəsəbə Kateqoriya:Qubadakı binalar və tikililər