Hümbətov Həsən Həşim oğlu — azərbaycanlı neft mühəndisi, texnika elmləri doktoru. Əmək fəaliyyətinə "Neft Daşları"nda başlamış, "Azneft" İB-nin baş mühəndisi vəzifəsində çalışmış, Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynamışdır.

Həyatı Hümbətov Həsən Həşim oğlu Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1959-cu ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirmişdir. 1971-ci ildə namizədlik, 1996-cı ildə isə "Azərbaycanın dəniz neft yataqlarının mürəkkəb şəraitlərində neftin yığılması, nəqli və hazırlanması proseslərinin səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Əmək fəaliyyətinə "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsi-ndə (NQÇİ) operator kimi başlayaraq, usta köməkçisi, neft hasilatı ustası kimi müxtəlif vəzifələrdə işləmişdir. 1968–1992-ci illərdə Hümbətov H. H. "Nərimanovneft" Neft və Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində işləmişdir ki, burada onun rəhbərliyi altında kompleks elmi-tədqiqat işləri aparılaraq, əldə edilmiş nəticələr müvəffəqiyyətlə istehsalata tətbiq edilmişdir.

1992–1994-cü illərdə "Azneft" İB-nin neft-qaz hasilatı üzrə Baş İdarəsinin neftin hazırlanması və nəqli istehsalat şöbəsinə rəhbərlik etmiş, 1994-cü ildən 2003-cü ilə dək dənizdə neft hasilatı üzrə İB-də baş mühəndis, daha sonra isə Dövlət Neft Şirkətinin Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutu-nda direktor müavini vəzifəsində işləmişdir.

Həsən Hümbətov 2003-cü il 13 noyabr tarixində Bakı şəhərində vəfat etmişdir. Ailəli olmuş, iki övladı və dörd nəvəsi var.

Sənədli film Həsən Hümbətov, Bakıdan mühəndis (1968) - qısametrajlı sənədli film (Hassan Goumbatov, ingénieur à Bakou - 1968)

1968-ci ildə Belçikanın RTBF (Radio-télévision belge de la communauté française) televiziya şirkəti tərəfindən Azərbaycanda neft sənayesinə həsr olunmuş sənədli film çəkilmişdir. 26 dəqiqəlik filmdə Neft Daşlarında çalışan Həsən Hümbətovun peşəkar fəaliyyəti və Azərbaycan neftçilərinin gündəlik həyatını əks etdirilir. Filmdə onun ev şəraiti, dəniz platformasında çalışması, neft hasilatı prosesini idarəetməsi və həmkarları ilə iş mühiti təsvir olunur. Film həmçinin o dövrün texniki şəraitini və mühəndis əməyinin əhəmiyyətini nümayiş etdirir.

Elmi fəaliyyəti Həsən Hümbətov neft və qazın saxlanması və nəqli sahəsində tanınmış alimdir. 100-dən artıq elmi məqalənin və 23 monoqrafiyanın, bir sıra ixtiraların müəllifidir. 1999-cu ildə Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü seçilmiş və Avropa Beynəlxalq Biblioqrafik Mərkəzinin baş direktoru təyin edilmişdir. Yüksək ixtisaslı alim və mütəxəssis kimi kompleks elmi-tədqiqat işləri aparmışdır və onun neft və qaz hasilatının artırılması üçün əldə etdiyi nəticələr müvəffəqiyyətlə istehsala tətbiq edilirdi.

Mükafatları "Şöhrət" ordeni — 20 sentyabr 2001

"Azərbaycan SSR əməkdar neft və qaz sənayesi işçisi" - 5 noyabr 1989 İstinadlar

Kateqoriya:Azərbaycan neftçiləri Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri