Əjdər Rza oğlu Xanbabayev () — Azərbaycan naşiri, jurnalist, ictimai xadim, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1989), "Azərnəşr", "Yazıçı" və "Elm" nəşriyyatlarının direktoru, Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi və Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini (1986–1989).
Həyatı Əjdər Rza oğlu Xanbabayev 25 avqust 1931-ci ildə Naxçıvan MSSR-in Ordubad şəhərində anadan olmuşdur. Ordubadda fəhlə-gənclər məktəbində oxumuş və eyni zamanda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı dövrdə Stalin təqaüdünə layiq görülmüşdür. 1956-cı ildə ali təhsilini başa vurmuşdur.
Əjdər Xanbabayev 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının "Elm" nəşriyyatında redaktor vəzifəsində əmək fəaliyyətinə başlamış, daha sonra baş redaktor vəzifəsində çalışmışdır. 1960-cı ildə "Elm" nəşriyyatının direktoru təyin edilmiş və 1972-ci ilədək bu vəzifədə işləmişdir. 1972–1978-ci illərdə "Azərnəşr", 1978–1986-cı illərdə isə "Yazıçı" nəşriyyatının direktoru olmuşdur.
1986-cı ildə Azərbaycan SSR Mətbuat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə yenidən "Azərnəşr" nəşriyyatının direktoru olmuş və ömrünün sonunadək bu vəzifədə çalışmışdır.
Əjdər Xanbabayevin nəşriyyat sahəsində fəaliyyəti dövründə 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası", 50 cildlik "Dünya uşaq ədəbiyyatı" seriyası, "Dünya ədəbiyyatı kitabxanası"nın ilk 30 cildi və Azərbaycan və rus dillərində 20 cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası" nəşr edilmişdir. Həmçinin Nizami Gəncəvi və digər Azərbaycan şairlərinin əsərlərinin xarici dillərdə çapı həyata keçirilmişdir.
1990-cı ilin yanvarında 20 Yanvar faciəsi haqqında Azərbaycan və rus dillərində nəşr olunan "Qara yanvar" kitabının hazırlanmasına və çapına rəhbərlik etmişdir.
Əjdər Xanbabayev 1989–1990-cı illərdə Heydər Əliyevin Azərbaycana qayıtmasını dəstəkləmiş və bu istiqamətdə fəaliyyət göstərən şəxslərdən biri olmuşdur.
Qətli Əjdər Xanbabayev 30 may 1990-cı ildə Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnərək öldürülmüşdür.
Qətllə bağlı cinayət işi başlanılmış, 1995-ci ildə aparılan istintaq nəticəsində Tofiq Qasımov və Tarix Quliyev həbs edilmişdir. Məhkəmənin hökmü ilə Tofiq Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Tarix Quliyev isə ölüm cəzasına məhkum olunmuşdur. Sonradan Tarix Quliyevin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir.
İstintaqın versiyasına görə qətl Əjdər Xanbabayevin Heydər Əliyevin Azərbaycana qayıtmasını dəstəkləməsi ilə əlaqədar təşkil edilmişdir. 17 yanvar 1996-cı ildə Azərbaycan Prokurorluğu Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynovu (və "Böhran" qrupunu) qətlin təşkilində ittiham etmişdir. Cinayət işində Azərbaycan SSR DTK-nın digər əməkdaşlarının da adları hallanmışdır. 2001-ci ildə DTK-nın keçmiş əməkdaşı Sadıx Əliyev bu və digər cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilmişdir.
Xatirəsi Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1995-ci il tarixli Sərəncamı ilə Əjdər Xanbabayevin xatirəsi əbədiləşdirilmişdir. Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulmuş, şəhərin küçələrindən birinə onun adı verilmişdir. Həyat və fəaliyyətinə həsr olunmuş "Sifarişli qətl" (1996), "Gələcəyi görən insan" (1999) və "Naşirin ölümü" (2000) kitabları nəşr edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan naşirləri Kateqoriya:Azərbaycan Dövlət Nəşriyyatının direktorları Kateqoriya:Qətl qurbanları