Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi — Azərbaycanda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.

Tarixi

Rusiya imperiyası dövrü Azərbaycanın Rusiya İmperiyası tərəfindən tamamilə işğal edilməsindən 12 il sonra, 1840-cı il aprelin 10-da çar tərəfindən "Zaqafqaziyada inzibati və məhkəmə islahatlarının keçirilməsi haqqında" fərman verilmişdir. Fərmanla hərbi-komendant idarəetmə üsulu ləğv edilmiş, quberniya, qəza və sahə üzrə yeni inzibati-ərazi bölgüsü tətbiq olunmuşdur.

Həmin gün "Zaqafqaziya diyarının idarə olunması üçün ali təsdiqnamə" və "Şəhər polisləri haqqında əsasnamə" də qəbul edilmişdir. Bu sənədlərə uyğun olaraq Azərbaycanın iri şəhərlərində polis idarələri yaradılmışdır. Polis orqanları sonrakı illərdə fəaliyyət dairəsini genişləndirmiş və 1917-ci ilə qədər Rusiya imperiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərmişdir.http://qafqazinfo.az/AZƏRBAYCAN_POLISININ_TARIXI___FOTOLARI-21026-xeber.html

Azərbaycan Xalq Cümhuriyyəti dövrü 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra Fətəli xan Xoyskinin sədrliyi ilə ilk hökumət təşkil edilmişdir. Hökumətin tərkibində Daxili İşlər Nazirliyi yaradılmış, Fətəli xan Xoyski eyni zamanda cümhuriyyətin ilk daxili işlər naziri vəzifəsini tutmuşdur. Nazirliyin tabeliyində olan polis orqanları əsasən Rusiya imperiyası dövründən mövcud olmuş polis sisteminin bazasında formalaşdırılmışdır.

1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" 178 nömrəli qərar qəbul etmişdir. Həmin qərara əsasən, iyulun 2-də Gəncədə ilk polis orqanları yaradılmış, onların kadr və maliyyə məsələlərinə baxılmışdır.

1918–1920-ci illərdə Daxili İşlər Nazirliyi və onun tərkibində fəaliyyət göstərən polis orqanları dövlət idarəetmə sisteminin təşkili, ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərmişdir.

Azərbaycan SSR dövrü 1920-ci il aprelin 27–28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovet hakimiyyəti qurulmuşdur. Daxili işlər orqanları sovet hakimiyyətinin idarəetmə sistemi daxilində yenidən təşkil edilmiş, Həmid Sultanov ilk Azərbaycan SSR xalq daxili işlər komissarı təyin edilmişdir.Elbrus Şahmar. Azərbaycan polisinin tarixinə nəzər

Sovet dövründə daxili işlər orqanları əvvəlcə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı, sonrakı illərdə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyi kimi İttifaqın daxili işlər sistemi çərçivəsində fəaliyyət göstərmişdir. Onların əsas fəaliyyət istiqamətləri cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasından ibarət olmuşdur.

1920–1940-cı illərdə milisin 500-dək əməkdaşı cinayətkarlıqla mübarizə zamanı həlak olmuşdur. 1937–1939-cu illərdə isə onun təxminən 320 əməkdaşı repressiyaya məruz qalmışdır.

1941–1945-ci illərdə daxili işlər orqanlarının 800-ə yaxın əməkdaşı İkinci Dünya müharibəsində iştirak etmiş, onlardan bir qismi orden və medallarla təltif olunmuşdur.

Müstəqillik dövrü 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və müstəqil Azərbaycanın daxili işlər orqanı kimi fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatına (İnterpol) üzv qəbul edilmişdir. Həmin il noyabrın 24-də Daxili İşlər Nazirliyinin strukturunda İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu yaradılmışdır.

Daxili işlər orqanları üçün ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarı əsasında N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi yaradılmışdır. İdarə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi, korrupsiya və digər hüquqpozmalarla bağlı risklərin müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılmışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, habelə xidməti fəaliyyət zamanı göstərdikləri xidmətlərə görə daxili işlər orqanlarının 66 əməkdaşına "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni ilə, 247 əməkdaş isə digər orden və medallarla təltif edilmişdir.

Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.

Polis Polis Azərbaycan Respublikasının daxili işlər orqanları sistemində fəaliyyət göstərən əsas hüquq-mühafizə orqanıdır. Polis ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətkarlıqla mübarizə və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

Bakı şəhərində polis orqanlarının tarixi Rusiya imperiyası dövrünə gedib çıxır. 10 aprel 1840-cı ildə Bakıda Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinə tabe polis idarəsi yaradılmış, Bakı Şəhər Polis İdarəsi 1 yanvar 1841-ci ildə fəaliyyətə başlamışdır. 7 mart 1917-ci ildə Bakı Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsi yanında Bakı Şəhər Milisiyası yaradılmışdır. Həmin il noyabrın 13-də şəhərdəki polis orqanları ləğv edilmiş və onların yerində sovet milisi təşkil olunmuşdur.

Müasir dövrdə polis orqanlarının ərazi strukturlarına Bakı və Gəncə şəhər baş polis idarələri, rayon və şəhər polis idarə və şöbələri, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi daxildir. 2020-ci il Qarabağ müharibəsindən sonra Şuşa Rayon Polis Şöbəsi Şuşa şəhərində fəaliyyətini bərpa etmiş, Kəlbəcər Rayon Polis Şöbəsi isə Kəlbəcər rayonunda yaradılmışdır.

Azərbaycanda 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyulun 2-də Gəncədə ilk polis orqanlarının yaradılması ilə bağlıdır.

Daxili Qoşunlar

Azərbaycan Respublikası Daxili Qoşunları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbiləşdirilmiş qurumdur. Daxili Qoşunlar ictimai asayişin təmin edilməsi, kütləvi iğtişaşların və daxili silahlı qarşıdurmaların qarşısının alınması, habelə mühüm dövlət və xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirir.

Azərbaycanda martın 12-si Daxili Qoşunlar Günü kimi qeyd olunur.

Təhsil müəssisələri

Polis Akademiyası

Polis Akademiyasının əsası 1921-ci ildə Azərbaycan Daxili İşlər Xalq Komissarlığının qərarı ilə sıravi milis əməkdaşları və komanda heyəti hazırlayan məktəbin yaradılması ilə qoyulmuşdur. Məktəb 1936-cı ilədək Bakıda fəaliyyət göstərmiş, həmin ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür.

1957-ci ildə Bakı Milis Məktəbi SSRİ Daxili İşlər Nazirliyinin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrilmişdir. Məktəbi bitirənlərə orta ixtisas hüquq təhsili haqqında diplom verilmiş, təhsil müddəti iki il müəyyən edilmişdir.

1957–1961-ci illərdə məktəbin əyani və qiyabi şöbələri, habelə təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və digər şəhər və respublikalar üçün peşəkar kadrlar hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 nömrəli fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 nömrəli qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyası yaradılmışdır. Sonrakı dövrdə Akademiyaya I dərəcəli kateqoriya verilmişdir.

Daxili Qoşunların Ali Hərbi Məktəbi

Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbi Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2012-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin nizamnaməsi təsdiq edilmişdir.

Ali Hərbi Məktəb Daxili Qoşunlar üçün ali hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını, habelə elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Məktəbdə "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası üzrə kadrlar hazırlanır.

Tədris Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun təşkil olunur. Təhsil müddəti dörd ildir.

Beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir.

Nazirlik həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələri saxlayır.

Struktur Nazirliyin strukturu aşağıdakı kimidir: Nazirliyin Aparatı Katiblik (baş idarə səlahiyyətli) Baş Təşkilat-İnspeksiya İdarəsi Növbətçi Hissələri İdarəetmə Xidməti (idarə səlahiyyətli) Baş Cinayət Axtarışı İdarəsi Baş İstintaq və Təhqiqat İdarəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş Narkotiklərlə Mübarizə İdarəsi Daxili Təhlükəsizlik İdarəsi Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Kriminalistik Tədqiqatlar İdarəsi Baş İctimai Təhlükəsizlik İdarəsi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi Daxili Qoşunların Baş İdarəsi Nəqliyyatda Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi Baş Mühafizə İdarəsi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Səfərbərlik işləri və mülki müdafiə idarəsi İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli) Baş Kadrlar İdarəsi Daxili Təhqiqatlar İdarəsi Şəxsi Heyətlə İş İdarəsi Beynəlxalq Əməkdaşlıq İdarəsi Baş İnformasiya-Kommunikasiya İdarəsi Mətbuat Xidməti (idarə səlahiyyətli) Maliyyə-Plan İdarəsi Maddi-Texniki Təminat Baş İdarəsi Tibb İdarəsi Komendant Xidməti (idarə səlahiyyətli) İdman cəmiyyəti (idarə səlahiyyətli) Polis Akademiyası

Rəhbərlik

Daxili işlər naziri: general-polkovnik Vilayət Eyvazov Daxili işlər nazirinin birinci müavini: polis general-leytenantı Seyfulla Əzimov Daxili işlər nazirinin müavini: polis general-leytenantı Oqtay Kərimov Daxili işlər nazirinin müavini: polis general-leytenantı İsmət Əliyev Daxili işlər nazirinin müavini — Daxili Qoşunların komandanı: general-leytenant Şahin Məmmədov Daxili işlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi: polis general-leytenantı Fazil Quliyev

İstinadlar

Xarici keçidlər

Kateqoriya:28 mayda yarananlar Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Daxili İşlər Nazirliyi Kateqoriya:Daxili işlər nazirlikləri Kateqoriya:1991-ci ildə yaradılmış dövlət orqanları