Azərbaycanda teatr sənəti — Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biridir.

thumb|300px|Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppası, Bakı, 1898 thumb|300px|Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Tarixi Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.Əvvəllər müxtəlif qruplar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923–1933) və Məşədi Əzizbəyovun (1933–1991) adlarını daşımışdır.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M. F. Axundovun, N. Vəzirovun, M. S. Ordubadinin, Q. Zakirin, M. Ə. Sabirin, C. Məmmədquluzadənin, M. P. Vaqifin, M. V. Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Təbriz Azərbaycan teatrı Cənubi Azərbaycanda ilk teatr nümunələrinin yaranması Bakı mühitində fəaliyyət göstərən sənətçilərlə sıx bağlı olub. Ilk belə əsərlərin tarixi 1905–1911-ci illərə, İran inqilabı dövrünə təsadüf edir. Azərbaycan teatrının fəaliyyət tarixinin ilkin mərhələlərində, iyirminci əsrin əvvəllərindən başlayaraq Bakıdan və Tiflisdən İranın müxtəlif şəhərlərinə teatr dəstələri qastrola gedirdilər.

Bu qastrol səfərlərini təmsil edənlər, Bakıdan Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil Bağdadbəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı Əsgərov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov müəyyən dəstələrlə, ayrı-ayrı illərdə dəfələrlə Tehranda, Təbrizdə, Rəştdə, Ənzəlidə, Qəzvində, Xoyda, Makuda, Urmuda, Culfada, Ərdəbildə, Salmasda, yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar oynayırdılar.

Təbriz teatrının yaranma tarixi də təxminən o dövrlərə təsadüf edir. Təbriz şəhərində teatr həvəskarlarından Mehdi xan Şəfizadə və Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən, Ələsgər xan və Ələkbər xan başda olmaqla on iki nəfər "Xəyanət" adlı tamaşa hazırlayıblar və bu tamaşa 1908-ci ildə göstərilib.

1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlib və yerli ziyalılarla birlikdə bir neçə tamaşa hazırlayıb. Onların hazırlayıb tamaşaçılara təqdim etdikləri ilk tamaşa Hüseynqulu Sarabskinin "Cəhalət" əsəri olub. Bu tamaşa fransız katoliklərinin klubunda göstərilib.

Bundan sonra nümayiş etdirilən ikinci tamaşa isə Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsi olub və "Bağ-meşə qapısı" adlanan məhəllədə yan-yana sıralanmış dükanların üstündəki böyük otaqda oynanılıb. O səfərdə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Jan Batist Molyerin "Zorən təbib" əsərləri də göstərilib. Bu qastrollar öz nəticəsini verib. Təbrizdə yerli ziyalılar teatr sənətinə daha böyük maraq göstəriblər.

1910–1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda daha çox Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun faciə və komediyaları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri, Üzeyir bəy Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun opera və operettaları və s. oynanılıb.

1920-ci ildə Sidqi Ruhulla, M. Şəfizadə, M. R. Vaizzadə və başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası — "Xeyriyyə teatrı" tikilir. Orada yaşayan Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya və Xoy şəhərlərində Ü. Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu.

Təbrizdə "Azərbaycan" cəmiyyətinin teatr truppası

1930-cu ildə Bakı və Tiflis teatrlarında, dövlət teatrlarında rejissorluq və aktyorluq etmiş Mirseyfəddin Kirmanşahlı Irana gələrək üç il ərzində Tehranda və Təbrizdə müxtəlif teatr dəstələrində rejissorluq edib. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşmasında onun da xüsusi əməyi var. Rza Quluzadə Şərqli və Rza Vaizzadənin də bu teatrın inkişafında böyük xidmətləri olmuşdur. Teatr dəstələrində Şərqlinin "Mirzə Rza kirmani", "Cinayət", "Börkün bəlası", "Quqquluqu", "Dəlilər yurdu", "Pul, yoxsa xəyanət" ("Xəyanət və vəfa"), Rza Vaizzadənin "Cəhalət qurbanı", "Tükənməz xəzinə", Mirzə Cabbar Əsgərzadənin "Noi bəşər", "Çadramın mühəssənatı", "Müəllimlər həyatı", Abdulla Fərivərin "Bəhram Çubinə", Hilal Nasirinin "Mirzə Tağıxan Əmir Kəbir" pyesləri tamaşaya hazırlanıb.

Teatrşünas İlham Rəhimlinin Azərbaycan Teatr Tarixi kitabından: "1941-ci ildə Təbrizdə "Azərbaycan" cəmiyyəti yaranıb və teatr truppası da təsis edilib. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsi olub. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayıb, burada bir neçə əsərə səhnə quruluşu verib. Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabr ayının əvvəllərindən dekabra qədər Təbrizdə qastrol səfərində olub. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradıb. Az sonra ziyalıların cəm olduqları "Azərbaycan cəmiyyəti"nin təşəbbüsü ilə Təbrizdə "Azərbaycan aktyorları heyəti" yaradılıb. Təbrizdə çıxan "Azərbaycan" qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri cəmləşdirmək məqsədilə 11 nəfərdən ibarət müdiriyyət heyəti təyin edib. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün içə 9 nəfərdən ibarət komissiya fəaliyyətə başlayıb.

1940–1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri "Fərhəng-e sinema", "Honər", "Şiri Xurşid" teatr binalarında tamaşalar oynayıblar. Repertuarda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", Üzeyir bəy Hacıbəyovun bütün operettaları və əksər operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub…".

Azərbaycan Dövlət Dram Teatrı … 12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda Azərbaycan Milli Hökuməti yaradılıb. "Milli hökumət zamanında Təbriz Azərbaycan Dövlət Dram Teatrı yaradılıb və bu teatrın truppasının əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil ediblər. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olub və Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının tamaşası göstərilib. Təbrizdən sonra 1946-cı ildə Urmiyada da Dövlət Teatrı açılıb. Sərabda, Əhərdə, Astarada, Qara Ziaəddində, Ələmdarda, Miyanada, Herisdə, Binabda, Şəbüstərdə, Zəncanda, Marağada, Xoyda dram dərnəkləri fəaliyyətə başlayıb"

1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan və Milli Hökumətin süqutundan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948–1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir. 1970-ci ildə Urmuda "Arya" teatrı yaradılıb və qısa müddətdən sonra bu teatr da bağlanıb. 1950-ci illərin sonlarında və 1960-cı illərin birinci yarısında Tehranda azərbaycanlıların "Mad film", "Azər film" kinostudiyaları fəaliyyət göstərib. Orada çalışan azərbaycanlılar müəyyən bayramlarda teatr tamaşaları da göstəriblər. XX əsrin səksəninci illərindən İranın Tehran və Təbriz şəhərlərində Azərbaycan dilində müəyyən teatr tamaşaları göstərilməsinə cəhdlər edilsə də, indiyədək İranda otuz milyondan çox azərbaycanlının doğma dildə bir dövlət teatrı da mövcud deyil…

İstanbul Azərbaycan teatrı 1919-cu ilin 6 martında yazıçı Rəşad Nuri Güntəkin "Böyük məcmuə"də "Azərbaycan teatrı" adlı məqalə dərc edir. Yazıda bildirilir ki, iki aya yaxındır ki, İstanbulda Azərbaycan teatr heyəti fəaliyyət göstərir və tərkibi, əsasən, gənc və peşəkar olmayan aktyorlardan ibarətdir, lakin Rəşad Nuri Dârülbedâyi ni (1914-cü ildə qurulan, hazırda İstanbul Şəhər Teatrı kimi fəaliyyət göstərən qurum) çıxmaqla, bu heyətin son zamanlar şəhərdəki ən yaxşı heyət olduğunu bildirir:

Tiflis Azərbaycan teatrı

XIX əsrdə Qafqazın mədəniyyət mərkəzi sayılırdı Tiflis. 1873-cü ilə dayanan Azərbaycan teatr tarixinin təməli də məhz Tiflisdən başlanır. Əvvəllər Mirzə Fətəli Axundzadənin, indi isə Heydər Əliyevin adını daşıyır. İlk dövlət stutusunu teatr, 1922-ci ildə qazanır. 1921-ci ilin sonlarında Tiflis teatr həvəskarları bir dəstədə birləşərək dövlət statuslu teatr yaratmaq naminə səylə çalışırdılar. Və yalnız bir il sonra bu istəyə nail olunur. Mirzə Fətəli Axundov adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti 2 yanvar 1947-ci ilədək sürdü. Müəyyən səbəblərdən dolayı bağlanmış teatrın Gürcüstan dövləti tərəfindən bərpasına isə 51 il sonra, 17 may 1998-ci ildə fərman verildi.

İrəvan Azərbaycan teatrı

Yaranması və inkişafı

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı, "Novruz" "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.

Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.