Zemfira Əli qızı Meftahətdinova () — 1986–1991-ci illərdə SSRİ yığmasının, 1991–2014-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edən stend atıcısı, beynəlxalq dərəcəli SSRİ idman ustası (1986), Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2017), Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi (2015–2023), Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti (2021-ci ildən) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti (2021-ci ildən). Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib olan Zemfira Meftahətdinova dörd il sonra, 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarının isə bürünc medalına sahib olub.

Karyerası ərzində Zemfira Meftahətdinova Dünya və Avropa Çempionatlarında da dəfələrlə uğurlara imza atıb. Zemfira Meftahətdinova 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa Çempionatlarının qalibi olub. Komanda turnirlərində isə 1987 və 1990-cı illərdə turnirin qızıl medallarına sahib olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftahətdinova 1995 və 2001-ci illərdə Dünya Çempionatlarının qalibi olub.

Zemfira Meftahətdinova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun Fərmanına əsasən 1991-ci ildə Azərbaycan SSR-in Fəxri fərmanı ilə, Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanlarına əsasən 1995-ci ildə "Tərəqqi" medalı ilə, 2000-ci ildə "Şöhrət" ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2004-cü ildə "Tərəqqi" medalı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə, daxili işlər orqanlarında xidmətlərinə görə isə 2018-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Karyerasını başa vurandan sonra Zemfira Meftahətdinova daxili işlər orqanlarında vəzifəyə təyin edildi. Zemfira Meftahətdinova 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisidir, 2021-ci ildən isə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.

Həyatı Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Milliyyətcə tatardır. Yasamal rayonunda T. Abbasov adına 225 nömrəli tam orta məjtəbdə təhsil alan illərdə Zemfira Meftahətdinova idman gimnastikası ilə məşğul olmuşdur. Daha sonra Meftahətdinovlar ailəsi Nizami rayonunda yaşamağa başlamışdır. Təhsilini A. Məmmədov adına 115 nömrəli tam orta məjtəbdə davam edən Zemfira Meftahətdinova dərslərdən sonra qızlarla birgə evləri ilə üz-üzə olan tirə getmişdir. Atıcılığı marağı olan 12 yaşlı Zemfira bu idman növü ilə məşğul olmağa başlamışdır. Zemfira Meftahətdinova Hafiz Cəfərovun rəhbərliyi altında Dinamoda məşq etmişdir.

1979–1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000–2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil almışdır.

Zemfira Meftahətdinova ailəlidir. Bir qızı və bir oğlu var. Qızı Regina polis serjantıdır və Səbail Rayon Polis İdarəsində xidmət edir.

Karyerası

1986–1991-ci illər: Sovet yığması ilə birgə Avropa çempionluqları Zemfira Meftahətdinova 1986-cı ilin 1–6 iyulunda İtaliyanın Montecantini şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Bu onun beynəlxalq səviyyədə birinci turniri idi. Həmin turnirin final mərhələsində 190 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatının gümüş medalına sahib oldu. Turniri qalibi isə digər sovet idmançısı Svetlana Demina oldu. Həmin il Zemfira Meftahətdinovaya beynəlxalq dərəcəli SSRİ idman ustası adı verildi. 1986-cı ilin əsas turniri isə Şərqi Almaniyanın (ADR) Zul şəhərində baş tutan Dünya Çempionatı oldu. Zemfira Meftahətdinova stend atıcılığı turnirinin final mərhələsində 192 bal nəticə göstərdi və yeddinci pillənin sahibi oldu. Komanda turnirində isə Svetlana Demina, Yelena Puşina və Zemfira Meftahətdinovadan ibarət SSRİ yığması Dünya Çempionatının gümüş medalına sahib oldu.

Daha sonra Zemfira Meftahətdinova 1987-ci ilin 18 iyul-20 avqustunda Finlandiyanın Lahti şəhərində Avropa Çempionatında mübarizə apardı. Bir il əvvəl turnirin gümüş medalına sahib olan Zemfira Meftahətdinova bu səfər final mərhələsində 188 bal nəticə göstərdi. Bu nəticəyə əsasən o, sovet idmançıları Svetlana Demina və Yelena Puşinadan sonra üçüncü pillədə qərarlaşdı və Avropa Çempionatının bürünc medalına sahib oldu. Komanda turnirində isə Demina, Puşina və Meftahətdinova ibarət SSRİ yığması Avropa Çempionatının qalibi oldu.

1988-ci ilin əsas turnirlərindən biri 10–20 iyulda İstanbul şəhərində baş tutan Avropa Çempionatı oldu. Ötən turnirlərdə fərqlənən Zemfira Meftahətdinova bu səfər də medala sahib oldu. Final mərhələsində 192 bal nəticə göstərən Zemfira Meftahətdinova turnirin gümüş medalına sahib oldu.

1989-cu ildə beynəlxalq turnirlərdə çıxış eləməyən Zemfira Meftahətdinova 1990-cı ildə İsveçin Uddevalla şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Final mərhələsində 188 bal nəticə göstərən Zemfira Meftahətdinova turnirin gümüş medalına sahib oldu. Komanda turnirində isə Svetlana Demina, Yelena Puşina və Zemfira Meftahətdinova ibarət SSRİ yığması növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Bununla da Avropanın ən güclü stend atcılılarından biri olan Zemfira Meftahətdinova altıncı dəfə Avropa Çempionatlarının medalına sahib oldu. Həmin il Zemfira Meftahətdinova həm də Dünya Çempionatında mübarizə apardı. Komanda turnirində Svetlana Demina, Yelena Puşina və Zemfira Meftahətdinova ibarət SSRİ yığması turnirin bürünc medalına sahib oldu

Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli Fərmanına əsasən nail olduğu idman nəticələrinə görə Zemfira Əli qızı Meftahətdinova Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edildi.

Zemfira Meftahətdinova SSRİ bayrağı altında sonuncu beynəlxalq turnirdə 1991-ci ilin iyulunda mübarizə apardı. İtaliyanın Bolonya şəhərində baş tutan Avropa Çempionatının final mərhələsində Zemfira Meftahətdinova 182 bal nəticə göstərdi və turniri yeddinci pillədə başa vurdu. 90-cı illərin əvvəllərində Sovet İttifaqında baş verən siyasi proseslər nəticəsində SSRİ dağıldı. Zemfira Meftahətdinova isə Azərbaycan bayrağı altında turnirlərdə mübarizə aparmağa başladı.

1991–1999-cu illər: Avropa və Dünya çempionluqları 1991-ci il dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müharibənin, iqtisadi böhranın, siyasi gərginliyin olduğu bir zamanlar idi. Bu illər ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə medal qazanmasa bir tərəfə, mübarizə aparması belə çətin məsələ idi. Uzun fasilədən sonra Zemfira Meftahətdinova 1993-cü ildə Çexiyanın Brno şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 118 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatının qızıl medalına sahib oldu. Karyerası ərzində üçüncü dəfə Avropa Çempionatının qızıl medalına sahib olsa da, onun qazandığı bu qələbə Azərbaycan idmanı tarixində qazanılan birinci ciddi uğurlardan idi.

Zemfira Meftahətdinovanın 1994-cü ildə birinci turniri Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatı oldu. Turnirin final mərhələsində 108 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatını beşinci pillədə başa vurdu. Daha sonra isə Zemfira Meftahətdinova 24 iyul-4 avqustda İtaliyanın Fanyano şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 110 bal nəticə göstərən Zemfira Meftahətdinova beşinci pillədə qərarlaşdı. Zemfira Meftahətdinova həmin il həm də ISSF World Cup turnirinin V mərhələsində mübarizə apardı. İtaliyanın Fanyano şəhərində baş tutan turnirin final mərhələsində o, dairəvi stend turnirində 11 bal nəticə göstərdi və 30-cu pillədə qərarlaşdı.

Zemfira Meftahətdinova 1995-ci ildə Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Karyerasının ən uğurlu mövsümlərindən biri də məhz bu il oldu. Zemfira Meftahətdinova əvvəlcə Finlandiyanın Lahti şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Dairəvi stend turnirində o, 50 bal nəticə göstərdi və çempionatı 34-cü pillədə tamamladı. Stend atıcılığı turnirinin final mərhələsində isə Zemfira Meftahətdinova 116 bal nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Zemfira Əli qızı Meftahətdinova "Tərəqqi" medalı ilə təltif edildi.

1995-ci ilin əsas turniri Kiprda baş tutan Dünya Çempionatı oldu. Dairəvi stend turnirində o, 60 bal nəticə göstərdi və çempionatı 46-cı pillədə tamamladı. Stend atıcılığı turnirinin final mərhələsində isə Zemfira Meftahətdinova 118 bal nəticə göstərdi və Dünya Çempionatının qızıl medalına sahib oldu. Bununla da o, Dünya Çempionatının qalibi olmağı bacaran birinci azərbaycanlı qadın idmançı oldu.

1996-cı il ərzində nüfuzlu beynəlxalq turnirlərdə çıxış eləməyən Zemfira Meftahətdinova 1997-ci ildə Finlandiyanın Sipoo şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 120 bal nəticə göstərən Zemfira Meftahətdinova dörd ildən sonra növbəti dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu. İlin əsas turniri isə Perunun Lima şəhərində baş tutan Dünya Çempionatı oldu. Son Dünya Çempionatının qalibi olan Zemfira Meftahətdinova bu səfər turniri altıncı pillədə başa vurdu.

1998-ci ildə Zemfira Meftahətdinova əvvəlcə Avropa Çempionatında mübarizə apardı. Kiprda baş tutan turnirin final mərhələsində o, 70 + 22 bal nəticə göstərdi və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Həmin ilin iyulunda İspaniyanın Barselona şəhərində baş tutan Dünya Çempionatında da Zemfira Meftahətdinova medala sahib ola bilmədi. Final mərhələsində 72 + 24 bal nəticə göstərən Meftahətdinova, çempionatı beşinci pillədə tamamladı. Zemfira Meftahətdinova Avropa və Dünya Çempionatlarında medala sahib ola bilməsə də, ISSF World Cup turnirlərində ciddi nailiyyətlərə imza atdı. Əvvəlcə o, Misirin Qahirə şəhərində baş tutan turnirdə 74 + 18 bal nəticə ilə dördüncü pillənin, sonra isə İtaliyanın Lonato şəhərində baş tutan mərhələdə 68 bal nəticə ilə doqquzuncu pillənin sahibi oldu. Bu nəticələrə əsasən Zemfira Meftahətdinova ISSF World Cup turnirinin finalına vəsiqə qazandı. İtaliyanın Montecatini şəhərində baş tutan turnirdə isə Zemfira Meftahətdinova 70 + 25 bal nəticə göstərdi. Bununla da o, birinci dəfə ISSF World Cup turnirinin qalibi oldu.

1999-cu il Zemfira Meftahətdinovanın ən uğursuz mövsümlərindən biri oldu. Zemfira Meftahətdinova əvvəlcə Fransanın Pusan şəhərində baş tutan Avropa Çempionatında uğursuz çıxış etdi. Final mərhələsində 70 bal nəticə göstərən Zemfira Meftahətdinova turniri yeddinci pillədə başa vurdu. Daha sonra isə o, Finlandiyanın Tampere şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnirdə Zemfira Meftahətdinova 66 bal nəticə göstərdi və Dünya Çempionatında doqquzuncu pillədə qərarlaşdı. ISSF World Cup turnirlərində də Zemfira Meftahətdinova uğur qazana bilmədi. Turnirin Kumamoto şəhərində (Yaponiya) baş tutan mərhələsində o, gümüş medala sahib olsa da (70 + 24 bal nəticə ilə), Lonato şəhərində (İtaliya) baş tutan mərhələdə beşinci pillədə qərarlaşdı (70 + 22 bal nəticə ilə). ISSF World Cup turnirinin Küveyt şəhərində baş tutan finalında da Zemfira Meftahətdinova uğur qazana bilmədi. Final mərhələsində o, 70 + 22 bal nəticə göstərdi və turniri altıncı pillədə başa vurdu.

2000–2003-cü illər: Sidney Olimpiadasında zəfər 2000-ci il həm Zemfira Meftahətdinova həm də atıcılıq idmanı üçün önəmli bir il idi. Buna səbəb stend atıcılığı turnirinin tarixdə birinci dəfə Olimpiya Oyunlarının proqramına salınması idi. 37 yaşlı Zemfira Meftahətdinovanın birinci dəfə Olimpiya Oyunlarında mübarizə aparmaq şansı var idi.