Azərbaycan qaraçıları (özünüadlandırma , , , ) — Azərbaycanda yaşayan azsaylı xalqlardan biri, qaraçıların Azərbaycandakı icması. 1999-cu il və 2009-cu ilin əhali siyahıyaalması prosesində onlar hesaba alınmamışdır, lakin 2010-cu illərə aid edilən müxtəlif mənbələrdə Azərbaycanda yaşayan qaraçıların ümumi sayı təqribi olaraq 1,000, 2,000, 10,000 və 20,000 kimi göstərilmişdir. Qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur.

Azərbaycan qaraçıları İrandan çıxan "dom" boyundandırlar. Onlar ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. XIX əsrin sonlarında hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüştçü məbədləri ziyarət etməyə gəlmişdilər. Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmiş, lakin deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir. Beləliklə, 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar. Birinci Qarabağ müharibəsi zamanı Şuşa, Cəbrayıl və Ağdamın kiçik qaraçı icmaları Ermənistan Silahlı Qüvvələri tərəfindən evlərindən qovulmuşdur.

İndiki dövrdə qaraçılar mədəni və linqvistik olaraq azərbaycanlılaşmaya məruz qalırlar. Onlar öz dillərini demək olar tamamilə unutmuş, əsasən müxtəlif ölçülərdə və müxtəlif kombinasiyalarda Azərbaycan, fars və rus dillərində, kürd dilinin kurmanci dialektində danışırlar. Qaraçıların əksəriyyəti islam dininin şiəlik məzhəbinə aiddirlər. Qaraçı musiqisində Türkiyə və az da olsa Hindistan musiqi mədəniyyətinin təsirləri olsa da, onlar əsasən Azərbaycan musiqisini məsimsəmişlər. Aşıq ənənəsi, muğam və oyun havaları qaraçılar arasında populyardır.

Azərbaycanda qaraçıların hüquqlarını qoruyan xüsusi bir icma yoxdur, Azərbaycan hökuməti qaraçıları QHT layihələrinə cəlb etməyə cəhd göstərsələr də, ictimaiyyətə görünməməyi arzulayan qaraçılar buna razı olmamışdır. Qaraçıların ictimai imici böyük ölçüdə mənfidir, etnik stereotiplər və onlara qarşı sosial düşmənçilik yüksək səviyyədədir. Qarabağ münaqişəsi səbəbindən azərbaycanlılar ilə ermənilər arasında yaranan münaqişəli münasibətlər çərçivəsində bu iki xalq bir-birini "qaraçı" adlandıraraq təhqir edir. Qaraçı ailələrinin yaşayış səviyyəsi Azərbaycan üzrə orta səviyyədən xeyli aşağıdır. Qaraçılarda çoxunun sənədlərinin olmamasına görə onlar tibbi xidmətdən və sosial təminatdan məhrum qalırlar.

Adlandırma thumb|200x200px|Qaraçıların Avropaya miqrasiyasını təsvir edən xəritə.

Azərbaycanda bu etnik qrup üçün əsasən "qaraçılar", həmçinin "çıqanlar", "çingənələr", "romalar", "romanlar" və "romanilər" adlarından istifadə edilir. Buna baxmayaraq, Azərbaycanda qaraçılar özlərinə ənənəvi olaraq "dom" deyirlər. Bəzi farsdilli qaraçı icmaları özlərinə "pars" deyirlər. Kurmancdilli qaraçılar özlərinə "kürd" və ya "kürd domlar" deyirlər. Bəzi qaraçılar özlərinə "koul" deyirlər.

"Qaraçı" adının Azərbaycan dilində "qara" rəngi və "-çı" şəkilçisindən formalaşdığına inanılır. Azərbaycan dilində bu sözün başqa bir mənası da "çığırqan" deməkdir və bu adlandırmanın keçmişdə qaraçıların tətbiq etdikləri ticarət üsullarının xüsusiyyətləri ilə əlaqədar olduğu da təklif edilmişdir. Buna baxmayaraq, Türkiyənin Diyarbəkir şəhərində yaşayan bir qaraçı öz əcdadlarının Pakistandan, Sind regionunun Kəraçi şəhərindən gəldiklərini bildirmişdir və "qaraçı" adını buna bağlamışdır. Şamaxıdan olan bir qaraçının sözlərinə görə, onlar Hindistanın "Qara" şəhərindəndirlər və "qaraçı" termini buradan yaranmışdır.

"Çıqan" və "çingənə" sözləri orta yunan dilindəki "" (; mənası – "toxunulmazlar") terminindən gəlmişdir. Bu ad afinqanlara aid edilirdi. "Roman" və "romani" sözləri, o cümlədən "dom" sözü sanskrit dilindəki "" sözündən gəlir və bu, "oxumaq və musiqi ilə yaşayan, aşağı kastadan olan insan" deməkdir. Hər halda, "" sözünün mənşəyi bilinmir, lakin kökü "baraban çalmaq" mənasında olan sözlə oxşardır.

Tarixi

Mənşə Azərbaycan qaraçılarının mənşəyi, ümumiyyətlə icma kimi onlara aid yazılı ədəbiyyatda işlər yox deyiləcək qədər azdır. XIX əsrin axırlarında erməni əsilli Rusiya etnoqrafı Kerope Patkanov yazmışdır ki, qaraçılar haqqında çox az məlumat mövcuddur və "ədəbiyyatda qaraçıların dili və varlığı məsələsinə çox az toxunulurdu".

Fransız əsilli və Rusiya alimi İvan İvanoviç Şopen qaraçılar haqqında məlumat vermiş, onların orta əsrlərdə Baktriyadan köçən roman xalqlarından biri hesab etmişdir. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi, etnoqraf Emil Kərimova görə, qaraçıların əcdadları Azərbaycana İrandan gəlmişdir. Zəfər Kamal oğlu Qılıncərə görə, Azərbaycanda yaşayan qaraçılar Hindistandan İrana köç etmiş, oradan da Azərbaycan, Gürcüstan və Qazaxıstana getmişdilər. Bəzi mənbələrə görə, onlar Azərbaycan ərazisinə XII əsrdə gəlmişdirlər. Etnoqraf Nərgiz Quliyevaya görə, qaraçılar XIII əsrdə Kəraçi və Sind regionlarından köçərək əsasən Quba və Nuxa ərazilərində məskunlaşmışdılar. Güllük kəndində yaşayan bir qaraçıya görə, onların əcdadları Pakistandan İrana, oradan Azərbaycana sürgün olunmuşdular.

Qılıncər Azərbaycan qaraçılarının İrandan çıxan "dom" boyundan gəldiyini bildirmişdir. Patkanov Cənubi Qafqazdakı qaraçılar, Avropadakı romanlar, Kiçik Asiyadaki boşalar və İrandakı domların eyni xalq olduğu, sadəcə tarixi səbəblərə görə bir neçə qrupa bölündükləri qənaətində idi. Onların az-çox İran Azərbaycanının Təbriz şəhəri ətrafında yaşayan qaraçılarla (), İran Kürdüstanında suzmanilərlə, həmçinin Türkiyənin cənub-şərqindəki qaraçılarla (, ) qohumluğu var.

Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana, Balakən rayonu ərazisinə farsdilli qaraçılar köçürülmüşdür. Bu, I Abbasın yerli qiyamların qarşısını almaq üçün həyata keçirdiyi köçürmə siyasətinin bir hissəsi idi. Onlar özlərini "pars" adlandırırlar. Bu səbəblə Azərbaycanda xalq onları bəzi bölgələrdə qaraçı deyil, farsca danışan kürd etnik qrupu olaraq görmüşlər.

XXI əsrə qədər Xalq arasında yayılmış bir hekayətə görə, şəhər divanxanasında bir bazar meydanında şahı təhqir edən bir qaraçının işinə baxılmalı idi. Şah Abbas hansısa qaraçı ilə ünsiyyətdə olmadığını və buna görə həmin qaraçının onu başqasının təşviqi ilə söydüyünü bildirərək vəzirdən qaraçını azad etməsini, onu təhqirə təşviq edəni tapmasını tapşırmışdır.

250px|thumb|right|Miəcik karvansarasının görünüşü.

Abşeron rayonunun Səngəçal qəsəbəsi yaxınlığında təqribən XV əsrdə, Şirvanşah I Xəlilullah tərəfindən tarixi Bakı–Şamaxı karvan yolunun üstündə tikilmiş Miəcik karvansarası mövcuddur. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansara istifadəsiz qalmış, sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansaranı "Qaraçı karvansarası" adlandırmışdır.

Azərbaycana ən böyük qaraçı köçünün XIX əsrin sonlarında qruplar halında olduğu təxmin edilir. XIX–XX əsrlərdə hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüştçü məbədləri ziyarət etməyə gəlmişdilər. 1887-ci ildə Kerope Patkanov o zaman Rusiya imperiyasının tərkibində olan Cənubi Qafqazda yaşayan qaraçıların () 2,399 nəfər olduqlarını qeyd etmişdir. Patkanova görə, Azərbaycan qaraçıları ünsiyyətdə Azərbaycan və tat dilləri ilə yanaşı qaraçı dilindən də istifadə edirdilər. Onlar əsasən Göyçay qəzasında (indiki Azərbaycanın Göyçay, Ucar, Ağsu və İsmayıllı rayonları) və Naxçıvanda yaşayırdılar. Patkanov bildirmişdir ki, Xaçmaz şəhərindən cənub-şərqdə yerləşən Qaraçı kəndi qaraçıların ən böyük yaşayış məntəqəsi olmuşdur. Onların əsas məşğuliyyəti kişilər tərəfindən hazırlanmış və qonşu şəhərlərdə qadınlar tərəfindən satılan səbət, ələk, saqqız kimi məişət əşyalarının istehsalı idi. Patkanov digər gəlir mənbələri arasında falçılıq və mal-qara oğurluğunu da sadalayır. Köçəri qaraçı qrupları heyvanlara fəndlər öyrədərək onlarla birlikdə xalq qarşısında çıxış edirdilər, səyyar musiqiçi və rəqqaslıq ilə məşğul olurdular. Patkanov qeyd etmişdir ki, tatar toyları "" adlanan qaraçı musiqiçilər, "" adlanan qaraçı xanəndələr və "" adlanan qaraçı rəqqaslarla keçirilirdi.

Məhəmmədhəsən bəy Vəliyev-Baharlıya görə, Azərbaycanda 1920-ci illərdə köçəri çadırlarda yaşayan qaraçılar türk sözlərinin qarışığı ilə tat dilində danışırdılar. Onların sayları 2 min nəfərə çatsa da onların əksəriyyəti çoxdan azərbaycanlılaşmışdı. Azərbaycan qaraçıları 1920–1930-cu illərdə sovet hakimiyyətinin qaraçılara qarşı siyasətinin əhatə dairəsindən kənarda qalmışdı. Bunun səbəbinin qaraçıların saylarının nisbətən az olması və yerli hakimiyyət orqanlarının laqeydliyi olduğu güman edilir. Əslən qaraçı olan islam din xadimi və müəllim, 1881-ci il təvəllüdlü Həsən Kamal oğlu Niyazov 1939-cu ildə qaraçı uşaqların təhsili üçün domari dilində latın qrafikası ilə yazılmış "Məktubi" adlı bir primer nəşr etmişdir. Primerdən müəllif 1942-ci ildə həbs edilərək İrana sürgün edilənə qədər istifadə edilmişdir. İosif Stalinin dövründə qaraçılar sovet hökuməti tərəfindən repressiyaya məruz qalmışdılar. SSRİ Xalq Komissarları Sovetinin 17 dekabr 1936-cı il tarixli, 2123–420ss saylı qərarına əsasən, "keçmişdə əks-inqilabi cinayətlərə görə repressiya edilmiş şəxslər, qaçaqmalçılar, quldurlar və onların ailə üzvləri" Azərbaycan SSR-dən Qazaxıstan SSR-ə deportasiya edilmişdir. Deportasiya edilənlərin neçə hissəsinin qaraçı olduğu aydın deyil, çünki sənədlərdə ermənilər ilə türklər (568 ailə) və kürdlər (553 ailə) haqqında danışılır. Buna baxmayaraq, deportasiya edilən türklərin arasında qaraçıların da olduğu xüsusi olaraq qeyd edilmişdir. 1956-cı ildə deportasiya ilə bağlı qərarlar ləğv edilmiş və 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana özlərini kürd adlandıran kurmancdilli qaraçılar gəlməyə başlamışdır. Onların sayı 100–120 ailədən ibarət idi və böyük bir hissəsi 1967-ci ildə Qazaxıstandan Azərbaycanın Yevlax şəhərinə köçürülmüşdür. Bu prosesin bir hissəsi olaraq sovet hökuməti ev tikib qaraçılara vermişdir. 1970-ci illərə qədər qaraçı kişiləri hərbi xidmətə aparılmırdılar, yalnız 1970-ci illərdən başlayaraq qaraçılar SSRİ Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmağa başladılar. Sovet hakimiyyəti qaraçı kimliyinin kökünü kəsmək üçün onların pasportlarında milliyyət qrafasına "azərbaycanlı" sözünü yazmaq kimi tədbirlər görmüşdür.

İndiki dövrdə İndiki dövrdə qaraçılar mədəni və linqvistik olaraq azərbaycanlılaşmaya məruz qalırlar. Azərbaycanda qaraçıların hüquqlarını qoruyan xüsusi bir icma yoxdur və onların bağlı olduqları hər hansı bir dərnəkləri yoxdur. Azərbaycan hökuməti qaraçıları QHT layihələrinə cəlb etməyə cəhd göstərsələr də, ictimaiyyətə görünməməyi arzulayan qaraçılar buna razı olmamışdır.

Birinci Qarabağ müharibəsi zamanı Şuşa, Cəbrayıl və Ağdamın kiçik qaraçı icmaları Ermənistan Silahlı Qüvvələri tərəfindən evlərindən qovulmuşdur. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş qaraçı əsilli Gündüz Süleymanov şəhid olmuşdur. Azərbaycanda yaşayan boşa qaraçı icması əsasən keçmiş Şaumyan rayonu ərazisində məskunlaşmışdı. Onların əsasən Bakıda, Sumqayıtda və Azərbaycanın rayon yerlərində yaşamış qohumları var idi. Boşaların əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra Ermənistana mühacirət etmişdir.