Ramiz Ənvər oğlu Mehdiyev () — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü (2007-2026); Azərbaycan Respublikasının Həqiqi Dövlət Müşaviri.; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü (2019–2025); Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin (1993–2021) və Veteranlar Şurasının üzvü (2021–); Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini (2004–2024) və üzvü (2004–2025), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini (2001–2025)

2026-cı ilin oktyabrında Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və rüşvət alma maddələri ilə üzrə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Erkən həyatı və təhsili Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1968-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub.

1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

Fəaliyyəti

Əmək fəaliyyəti 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma" İdarəsində işləyib. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967–68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. AMEA-ya rəhbərliyi dövründə akademiyanın bir sıra üzvləri və heyəti tərəfindən bir sıra tənqidlərlə üzləşib.

2022-ci ilin fevralında Azərbaycanda bir sıra akademik və siyasətçilər Ramiz Mehdiyevin AMEA-dakı vəzifəsindən istefa etməsini tələb etmişdilər. AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov hesab etmişdir ki, Mehdiyevin 2019-cu ilin oktyabrında AMEA prezidenti seçilməsi ilə "Akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoyulmuşdur". Millət vəkili Etibar Əliyev də Mehdiyevin istefasını tələb etmişdir. Ramiz Mehdiyev cavab olaraq AMEA-nın ümumi yığıncağı tərəfindən seçildiyini və Prezident İlham Əliyev tərəfindən təsdiqləndiyini qeyd etmiş, istefa verdirmək səlahiyyətinin "yalnız dövlət başçısına aid olduğunu" vurğulamışdır. Mehdiyev şəxsi sağlamlığında heç bir problem olmadığını və işinin başında olduğunu bildirmiş, həmçinin bəzi şəxslərin "dövlət başçısının səlahiyyətlərinə müdaxilə etməyə cəhd etmələrini qəbuledilməz saydığını" ifadə etmişdir. AMEA-nın mətbuat xidməti Mehdiyevə qarşı səsləndirilən tənqidlərin sifarişli olduğu və diqqəti ölkə gündəmindəki əhəmiyyətli məsələlərdən yayındırmağa yönəldiyi iddia etmişdir. Buna baxmayaraq, 14 fevralda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqlamışdır. 19 fevralda Ramiz Mehdiyev həmin ay AMEA-dakı vəzifəsindən istefa vermişdir. Analitiklər hesab etmişdilər ki, Mehdiyev ölkədəki nüfuzunu həmişəlik aradan qaldırmaq üçün istefaya getməyə məcbur edilmişdir. Siyasi müşahidəçi Elman Fəttahın fikrinə görə, Ramiz Mehdiyev hələ də "təyin etdiyi dövlət məmurları arasında müəyyən nüfuz və nüfuzunu qoruyub saxlaymış və siyasətə təsir etməyə cəhd göstərmişdi". Fəttah bildirmişdir ki, bu, "hakimiyyəti istər-istəməz qıcıqlandırmışdır" və onlar hesab etmişdilər ki, Ramiz Mehdiyev "təsir göstərmək üçün əlində olan bütün imkanlardan məhrum edilməlidir". 1 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ramiz Mehdiyevin rəhbərliyi ilə 2020–2023-cü illərdə baş vermiş qanun pozuntuları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında hərtərəfli araşdırma aparıldığını elan etmişdir.

Siyasi fəaliyyəti 1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə təyin edilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.

1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib. Həmin dövrdə Ramiz Mehdiyev Azərbaycanda ateizmin təbliği ilə aktiv şəkildə məşğul olurdu.

1983-cü ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunmuş və 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.

1980–1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib.

7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuşdur. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2025-ci il tarixli Fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə 8 sentyabr 2020-ci ildə imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri Ramiz Mehdiyev vəzifəsindən azad edilmiş, onun əvəzinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sədr təyin edilmişdir.

Jurnalist Eynulla Fətullayev Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyası üzvü olduğunu iddia etmişdir.

Ramiz Mehdiyev Azərbaycandakı siyasi proseslərin mərkəzində olan fiqurlardan biri hesab edilmiş və "boz kardinal" olaraq tanınmışdır. "Azadlıq Radiosu"na görə, Mehdiyev sistemə çox güclü şəkildə nüfuz etmiş şəxs olmuşdur. O, uzun müddət ölkənin daxili işlərində mühüm rol oynamış və bəzi analitiklər tərəfindən "dəyişdirilə bilməz" kimi qiymətləndirilmişdir. Politoloq Elman Telmanoğlu bildirmişdir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanın siyasi sistemində formalaşdırdığı əlaqələr şəbəkəsi, ideoloji və informasiya sahəsindəki təsiri Rusiyanın postsovet məkanında fiquru kimi qiymətləndirilmişdir. "Meydan TV"də qeyd olunmuşdur ki, Ramiz Mehdiyev seçki saxtakarlığı etmək, mətbuatı hakimiyyətdən asılılaşdırmaq və xalqdan oğurladıqları ittihamları ilə bağlı uzun müddət tənqid olunmuşdur. "OC Media" nəşrinin məlumatına görə, Ramiz Mehdiyevin Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil jurnalistikaya qarşı həyata keçirilən təzyiqlərdə mühüm rol oynamışdır. O, 2014-cü ildə etdiyi çıxışında vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil jurnalistləri "beşinci kolon" adlandırmışdır. Bu bəyanatdan sonra ölkədə bir sıra repressiv addımların atıldığı bildirilmişdir. Həmin dövrdə "Azadlıq Radiosu"nun Bakı bürosunun bağlanması, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs edilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunun qəbul edilməsi və hakimiyyətdən asılı olmayan mediaya qarşı cinayət işlərinin başlanması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilmişdir. 2015-ci ildə Mehdiyev xarici jurnalistlərin Azərbaycanda fəaliyyətinə dörd il müddətinə qadağa qoyulması qərarının qəbulunda rol oynamışdır. Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədova görə, "Azərbaycanda siyasi sistemin ölü vəziyyətə salınmasının müəllifi Ramiz Mehdiyevdir". Bundan əlavə, Mehdiyev İkinci Qarabağ müharibəsində dəstək xarakterli çıxış etmədiyi üçün də mətbuatda tənqid edilmişdir. Hətta iddia edilmişdir ki, Mehdiyev Azərbaycanın əldə etdiyi qələbə barədə mənfi fikirlər də səsləndirmişdir.

Elmi fəaliyyəti "V. İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" olmuşdur. Həm namizədlik, həm də doktorluq mövzuları sosial fəlsəfə sahəsinə aiddir.

Müxtəlif vəzifələrdə işlədiyi müddətdə elmi fəaliyyətini də davam etdirən Ramiz Mehdiyev 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilən Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunmuşdur.

Ramiz Mehdiyev həmçinin, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası tərəfindən nəşr edilən "Fəlsəfə, Sosial və Siyasi Elmlər" jurnalının redaksiya heyətinin sədridir.

Elmi dərəcəsi fəlsəfə elmləri doktoru, elmi rütbəsi professor olan Ramiz Mehdiyev postsovet Azərbaycanının inkişafına fokuslanan 250-dən çox elmi məqalənin müəllifidir. Onun məqalələrinin əsas mövzusu sosial fenomen, iqtisadi inkişaf, fəlsəfə və dialektikadır. O, həmçinin 26 kitabın müəllifidir. Kitablarından 7-i müxtəlif xarici dillərə tərcümə olunmuşdur. 7 kitab, 81 məqaləsi həmçinin, xaricdə nəşr edilmişdir. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı isə 39-dur.

Şəxsi həyatı O, Qalina Mehdiyeva ilə evlidir. Professor Kamilə Əliyevanın və fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin atasıdır.

Mehdiyev ateistdir.Gen gündə elmi ateizm, dara düşəndə peyğəmbərdən hədis — Ramiz Mehdiyev təzadı

Həbsi

14 oktyabr 2025-ci ildə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. 2026-cı il 10 fevralda ev dustaqlığı qətimkan tədbiri 4 ay uzadılıb.

2026-cı ilin oktyabr ayında təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınmaqla cəzasının şərti tətbiq edilməsi qərara alınıb. Əmlakları müsadirə olunub. Dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

30 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin qərarı ilə Ramiz Mehdiyev AMEA-nın üzvləri sırasından çıxarılıb.

Əsərləri Azərbaycanın inkişaf dialektikası. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2000. 288 s. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri. Bakı, 2000. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.