Əbdül Süleyman oğlu Xalıqov () — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR əməkdar hüquqşünası (1980), general-mayor (1974).

Həyatı Əbdül Süleyman oğlu Xalıqov 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir.

1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir.

1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir.

1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əks-kəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.

1985-ci ildə təqaüdə çıxmış və ittifaq əhəmiyyətli fərdi pensiyaçı olmuş, xidmət etdiyi dövrdə Lelin ordeni və 2 Qızıl ulduz medalı ilə təltif edilmişdir. Bununla yanaşı, "SSRİ DTK-nın fəxri əməkdaşı" (1964) və "Azərbaycan SSR əməkdar hüquqşünası" (1980) fəxri adları verilmişdir.

Əbdül Xalıqov 1996-cı ilin iyul ayının 30-da Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.

Xarici keçidlər http://www.mns.gov.az/az/pages/112-139.html

Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ general-mayorları