İstiqlaliyyət küçəsi — Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən tarixi küçə. Küçə öz başlanğıcını indiki BMT-nin Əlliilliyi küçəsindən götürür və Əziz Əliyev küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1,3 km-dir.

XIX əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi , artıq 100 ildən çoxdur ki, Bakının ən gözəl və önəmli küçələrindən biridir. İçərişəhər ətrafı şəhər magistralının mühüm hissəsini təşkil edən İstiqlaliyyət küçəsinin böyük bir hissəsi həm də Bakı Şəhər Halqasına daxildir.

Bakıda ilk çoxmərtəbəli bina burada tikilmiş (Mirzəbəyovun mədaxil evi), ilk park burada salınmış (Filarmoniya bağı), ilk heykəl burada ucaldılmış (Mirzə Ələkbər Sabirin heykəli) və ilk hərbi parad bu küçədə keçirilmişdir. Küçə ilk dəfə İmperator I Nikolayın şərəfinə Nikolayevski adlandırılıb. SSRİ dövründə küçə Kommunistiçeskaya adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə küçənin adı növbəti dəfə dəyişdirilərək “İstiqlaliyyət” adlandırılıb.

Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX–XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.

Tarixi left|thumb|280x280px|Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümünə həsr olunmuş Azərbaycan ordusunun hərbi paradı, 1919-cu il İstiqlaliyyət küçəsinin yerləşdiyi ərazinin mənimsənilməsində 1870-ci illərdən başlanılmışdır. 1878-ci ildə memar Ferdinand Lemkul tərəfindən kustar emalatxana sıralarının inşa layihəsi hazırlanmışdır. 1882–1883-cü illərdə burada Taurekin sirki üçün taxtadan sirk binası inşa edilmişdir. 1890-cı illərin əvvəllərində inzibati-ictimai tikililər üçün yer ayrılması ilə İstiqlaliyyət küçəsinin yerləşdiyi ərazinin (təxminən 3 ha) nizama salınması layihəsinə başlanmışdır. Layihəyə əsasən küçədə Qubernator evi, Şəhər Duması və Upravasının binaları, realnı məktəb, məscid və ticarət sıralarının inşası nəzərdə tutulurdu. Bu tikililər üçün Bakı qalası divarları boyunca yer ayrılmış, küçənin əks tərəfində isə yaşayış binalarının tikilməsi qərarlaşdırılmışdı. Sonrakı iyirmi il ərzində küçə möhtəşəm ictimai, mülki və yaşayış binaları ilə tikilib abadlaşdırılmışdır. Küçə ansambl xüsusiyyətinə malikdir, burada yerləşən tikililər isə tarix və memarlıq əhəmiyyətinə malik abidələr kimi dövlət qeydiyyatına alınmışdır.

İçərişəhər ətrafı dairəvi magistralın bu hissəsinin şimal-qərbindən cənub-şərqinin küncünə kimi yerləşən bütün binalar mühüm şəhərsalma mövqeyi tuturlar. Memarlıq xüsusiyyətləri ilə seçilən binalar arasında Sadıqov qardaşlarının mədaxil evi (Q. Ter-Mikelov, 1910–1912), Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası (Q. Ter-Mikelov, 1910–1912), Bakı Şəhər İcra Hakimiyyətinin binası (Y. Qoslavski, 1900–1904), Zeynalabdin Tağıyevin qız məktəbinin binası (Y. Qoslavski, 1898–1901), İsmailiyyə sarayı (İ. Ploşko, 1907–1913) binalarını qeyd etmək mümkündür. Küçədə milli-romantik, barokko və neoqotika üslublarından istifadə edilərək stilistik istiqamətlərin müxtəlifliyinin yaradılmasına baxmayaraq, küçənin inşasında klassik memarlıq üsullarına üstünlük verilmişdir.

Memarlıq-planlaşdırma quruluşu və həcmli-məkan sistemi kimi İstiqlaliyyət küçəsi, Bakı şəhərinin özünəməxsus ensiklopedik şəhərsalma formasını təşkil edir. XIX əsrin sonları XX əsrin əvvəllərinin əsas memarlıq təzahürləri, indiki dövrə qədər öz stilistik cizgilərini tam olaraq qoruyub saxlamış bu bədii panoramada əksini tapmışdır. Memarlar Dmitri Buynov, İosif Qoslavski, İosif Ploşko, Yevgeni Skibinski, Qavriil Ter-Mikelov, Məşədi Mirzə Qafar İsmayılov, Həsən Məcidov öz yaradıcılıqları ilə Bakı şəhərinin tarixi ərazisində şəhərsalma ansamblının yaradılmasına nail olmuşlar.

Tarix və memarlıq abidələri