Sabir Kamal oğlu Hacıyev () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı (2005-ci ildən).

Həyatı Sabir Kamal oğlu Hacıyev 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1991), üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.

Eyni zamanda Azərbaycan Respublikası Təhlükəsizlik şurasının katibi vəzifəsi həvalə edilmişdir. Bir müddət müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət katibini vəzifə səlahiyyətlərini icra etmişdi.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

2 övladı var.

Partiya fəaliyyəti 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci ildə Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir.

Vətəndaş Birliyi Partiyası 22 may 2023-cü ildə özünü buraxma qərarı almışdır və beləliklə Sabir Hacıyev bitərəf siyasətçi olaraq fəaliyyətinə davam etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycanın dövlət müşavirləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Vətəndaş Birliyi Partiyasının sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları