Göyarx (əvvəlki adları: Levonarx; Köyarx) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiya Kənd Qarabağ düzündə, dağətəyi ərazidə yerləşir.

Tarixi Kəndi XIX əsrin ikinci yarısında indiki Goranboy rayonunun Rus Borisi kəndindən ayrılmış malakan rus ailələri Levanarx çayının kənarında salmışdılar. Sonralar ermənilər kəndin adını təhrif edərək Levonarx kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Göyarx adlandırıldı. 1933-cu ildə Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində Lev kəndi qeydə alınmışdır. Toponimiyada lev "kənar" mənasında işlənir.

Göyarx kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Mardakert rayonunun tərkibində idi və adı Levonarx idi. DQMV-ndə separatçılıq baş qaldırılandan sonra Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi 26 noyabr 1991-ci il tarixli qanun ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu, Mardakert rayonunun isə adı dəyişdirilərək Ağdərə rayonu adlandırıldı.

Birinci Qarabağ müharibəsi zamanı kənd 1992-ci ildə işğal olunmuş, amma Ağdərə əməliyyatı nəticəsində Azərbaycan qoşunları kəndi 30 iyun 1992-ci il tarixində işğaldan azad etmişdilər.

Azərbaycan Respublikasının Milli Məclisinin 25 avqust 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi. Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə isə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Bununla, kənd Tərtər rayonunun tərkibində yerləşmiş oldu. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.

22-25 aprel 1994-cü il tarixində kənd yenidən işğal olundu və bununla Ermənistan Respublikası Silahlı Qüvvələri işğalına düşdü. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, 9-10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyanata əsasən, kənd Rusiya Federasiyasının Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Göyarx kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü il tarixli qanunla kənd yenidən yaradılmış Ağdərə rayonunun tərkibinə daxil edilib.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağdərə rayonunun kəndləri