Qlazqo Universiteti () — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.
Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur. Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur. Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır. Hazırda, 9 institut və 4 kollec başda olmaqla, ümumən 3 kampusda yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır. Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.
Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş, 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir. The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir. Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə, QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır. Bundan əlavə, Böyük Britaniya üzrə milli ali təhsil müəssisələri reytinqində ilk onluqda yerləşir.
Qlazqo Universiteti Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərinin təmərküzləşdiyi Rassell qrupunun, o cümlədən qabaqcıl universitetlərin beynəlxalq elmi-tədqiqat assosiasiyası olan Universitas 21-in qurucu üzvüdür. Universitet nəzdnindəki tədqiqat prosesi "Tədqiqat Mükəmməlliyi Çərçivəsi"nin müəyyənləşdirdiyi xüsusi standartlara əsasən təşkil olunur və aparılan tədqiqatların 81%-i "Dünya miqyaslı" kateqoriyasında səciyyələndirilir. Qlazqo Universiteti tələbə qəbulu prosesində kifayət qədər tələbkar bir ali təhsil müəssisəsi kimi xarakterizə olunur və qəbul şərtlərinin çətinliyinə görə Birləşmiş Krallıqda 4-cü sırada yerləşir.
Müxətlif sahələrdə görkəmli şəxsiyyətlər yetirən universitet, 6 baş nazirlə yanaşı, yüzlərlə nazir, millət vəkili, bürokrat və diplomat yetişdirmişdir. Məzunları sırasında Amerika Birləşmiş Ştatlarının qurucularından olan Ceyms Vilson, kapitalizmin banisi Adam Smit, Kelvin temperatur şkalasının yaradıcısı Lord Kelvin, müasir antropologiyanın banilərindən biri olan Ceyms Corc Freyzer, Sənaye inqilabına böyük töhfələr vermiş Ceyms Vatt, Aberdin Univeristetinin qurucusu Vilyam Elfinston, Stratklayd Universitetinin qurucusu filosof Con Anderson, MakQill Universitetinin qurucusu Ceyms MakQill, maqnezium elementini kəşf etmiş və karbon qazı anlayışını elmə gətirmiş kimyagər Cozef Blek, dünyanın ilk ali təhsilli afroamerikalı həkimi Ceyms Makkyun və dünyanın ilk qaradərili futbolçusu Endryu Vatson da vardır. Bundan əlavə, Qlazqo Universitetinin 8 məzunu Nobel mükafatı laureatıdır.
Tarixi
Erkən tarixi right|150px|thumb|Qlazqo Universiteti Hay küçəsində, 1650. XV əsrin əvvəllərində Şotland kralı II. Ceyms Şotlandiyada Sent-Endryus Universitetindən sonra daha bir ali təhsil müəssisəsi yaratmaq üçün Papa V. Nikolaya müraciət etdi. Beləliklə, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə Qlazqo Universitetinin əsası qoyulmuşdur. Ardınca, Papa dövləti Yepiskop Vilyam Törnbula sözügedən universiteti şəhər kafedralında qeydiyyatdan keçirmək üçün səlahiyyət vermiş və bununla da, Qlazqo Universiteti bir qurum kimi fəaliyyətə başlamışdır.
Ali təhsil ocağının quruluş mərhələsindən bir qədər sonra Şotlandiya kilsəsi ilə papalıq institutunun ayrılması ilə nəticələnən Şotlandiya islahatları dövründə baş vermiş iğtişaşlar universitetə təsirsiz ötüşmədi. Təlatümlü proseslər zamanı onun maddi-texniki bazasına ciddi ziyan dəymiş, hətta Roma Papasının təyinatı ilə universitetin rektoru vəzifəsini icra edən Qlazqo şəhərinin Baş yepiskopu Ceyms Biton Papanın rəsmi razılıq məktubu daxil olmaqla, bir sıra mühüm arxiv sənədlərini götürərək, Fransaya mühacirət etmişdir. Cərəyan edən hadisələrin fonunda, qısa zaman kəsiyində fəaliyyətini bərpa edən ali təhsil ocağında qeyd olunan islahatların da təsiri ilə, məhdud sayıda olmaqla, klassik ədəbiyyat və fransız dili kimi dünyəvi fənnlərin tədrisinə start verildi.
Universitetdə tədris prosesi ilk zamanlar Qlazqo kafedralının nəzdnindəki tikilidə həyata keçirilmişdir. Sonrakı dövrlərdə müvəqqəti olaraq Rotenrou küçəsindəki binaya köçən Qlazqo Universiteti, 1563-cü ildə Şotlandiya şahzadəsi Meri tərəfindən edilmiş ianələr hesabına Hay küçəsində bir neçə binadan və bir saat qülləsindən ibarət kiçik bir kampus yaratmağa müyəssər oldu.
Feodal era right|thumb|150 px|Endryu Melvil Şotlandiyada islahatların geniş vüsət alaraq elm sahəsinə də sirayət etməsi, bu sferada irimiqyaslı dəyişikliklərə səbəb oldu. Orta əsrlərdə daha çox ruhani profilə sahib Şotlandiyada universitetləri sözügedən aktdan sonra dünyəviləşərək, faktiki olaraq dinamik elmi-düşüncə mərkəzlərinə çevrildilər. Qlazqo Universitetində bu proses şotlandiyalı alim Endryu Melvilin idarəçi vəzifəsinə təyinatından sonra başladı. 1574-cü ildə Cenevrədən Qlazqoya dəvət olunan Melvil, Parisdə təhsil almış görkəmli filoloq, filosof və teoloq kimi tanınırdı. Onun təyinatı ilə həm tədris proqramında, həm də pedoqoji heyətin tərkibində ciddi dəyişikliklər baş verdi. Dərslərin konkret bir zaman kəsiyində (semestr, yaxud bütöv il) öyrədilməsi, o cümlədən müəyyənləşdirilmiş bir tədris dövrü boyunca bir müəllimin prosesi aparması, nəticələrin ölçülməsi kimi mütərəqqi addımlar məhz onun adı ilə bağlıdır. Eyni zamanda, bu dövrdə xalqın universitet qurumunu daha yaxından tanıması və mənimsəməsi üçün tarix, fəlsəfə və din mövzularında ictimai mühazirələr də oxunmuşdur. Bütün bunların fonunda, ali təhsil anlayışına yanaşmanın nəzərəçarpacaq dərəcədə dəyişməsi özünü tələbə müraciətləri sayındakı təqribən ikiqat artımla büruzə vermişdir.
Endryu Melvilin rəhblərliyi dövründə metafizikanın tədrisindən imtina edilmiş, Yunan, Arami, İvrit və Süryani dillərinin öyrədilməsi icbariləşdirilmişdir. Qədim dillərin tədqiqində bərqərar olan yeni yanaşma sayəsində, Qlazqo Universitetinə Avropanın müxtəlif yerlərindəki alimlərin marağı artmış və zaman-zaman kütləvi halda ali təhsil ocağında çalışmaq üçün müraciətlər edilmişdir. Melvilin Qlazqo Universitetində başlatdığı köklü restrukturizasiya hərəkatı Şotlandiyada yerləşən digər ali təhsil ocaqlarına da yayılaraq yeni bir ənənənin əsasını qoymuşdur. Bu qəbildən olan meyllər Şotlandiyada durğunluq içərisində olan elmin inkişafına təkan vermiş və burada yerləşən universitetlərə Avropanın digər qədim ali təhsil ocaqları ilə rəqabət qabiliyyəti aşılamışdır.
Sənayə inqilabı və maarifçilik dövrü left|thumb|250 px|Qlazqo Universitetinin Qilmorhil kampusu, 1890-cı illərdə. XVIII–XIX əsrləri əhatə edən Şotlandiya maarifçiliyi mahiyyət etibarilə universitetlərin intellektual resursu tərəfindən idarə olunmuş, zaman-zaman yönləndirilmişdir. Vaxt ötdükcə, maarifçilik hərəkatı sırf universitetlərdən təsirlənən bir proses olmaqdan çıxaraq, əvvəldə onu istiqamətləndirən quruluşlara əhəmiyyətli ölçüdə təsir etməyə başladı. Cərəyan edən hadisələrin fonunda, Qlazqo Universitetində də, humanist və rasionalist fundamentə söykənən yeni ali təhsil sisteminin bərqərar olması hərəkatın məntiqi nəticəsi kimi meydana çıxdı. Bu dövr ərzində, sözügedən ali təhsil qurumu bir elm mərkəzi kimi çoxsaylı alim və mütəfəkkirlərə ev sahibliyi etmişdir. Buna nümunə kimi müasir iqtisad elminə böyük töhfələr vermiş Adam Smitin Qlazqo Universitetində əvvəlcə dekan, ardınca rektor (1787–1789) kimi fəaliyyəti göstərilə bilər.
İngilitərədə başlayan Sənaye inqilabı, nisbətən kiçik Qlazqo şəhərinə zənginlik və rifah gətirərək, onu Britaniya İmperiyasındakı sənayeləşmə prosesinin hərəkətverici qüvvələrindən birinə çevirdi. XVIII əsrin ortalarında transformasiya prosesi daha geniş vüsət aldıqca, mütənasib olaraq şəhərin iqtisadi imkanları da maksimallaşaraq daha çox istehsal müəssisənin təşəkkül tapmasına rəvac verirdi. Belə olan halda, rəqabət üstünlüyü əldə etmək niyyətində olan müəssisələr effektivliyi artıracaq ən müxtəlif elmi-texniki metodları istehsal prosesinə inteqrasiya etməyə çalışırdılar. Sözügedən dövr ərzində, Ceyms Vatt kimi Qlazqo Universitetinin müəllim heyətinin tanınmış simalarının ixtiraları və irəli sürdükləri nəzəriyyələr məhz Sənaye inqilabını dəstəkləmiş, hətta zaman-zaman istiqamətləndirmişdir.
Sənaye inqilabının ardınca gələn dövrdə Qlazqo Universiteti qanunla tənzimlənən bir sıra struktur islahatları keçirdi. Məsələn, 1858-ci ildə və Şotlandiyada qəbul olunmuş "Universitetlər haqqında Qanun"a əsasən universitetdaxili inzibati idarəetmə ayrı-ayrı orqanlara həvalə olunmuş, 1889-cu ildə qəbul olunmuş düzəlişlərlə isə struktur təkmilləşdirilmişdir. Bununla yanaşı, dövr ərzində Qlazqo Universiteti bir tədqiqat universiteti kimi elmi və ictimai sferada çoxsaylı ilklərə imza atmışdır. Məsələn, 1840-cı ildə Britaniya İmperiyasında ilk dəfə Qlazqo Universitetində mühəndislik üzrə professor təyin olunmuşdur. Şotlandiyanın ilk peşəkar qadın həkimləri isə 1894-cü ildə Qlazqo Universitetinin tibb məktəbindən məzun olmuşlar.
Müasir dövr thumb|right|200 px|Hal-hazırda Qlazqo Universiteti XX əsrin əvvəllərində 1922, 1932 və 1966-cı illərdə parlament tərəfindən Şotlandiyada fəaliyyət göstərən universitetlərin fəaliyyət prinsiplərini tənzimləmək üçün qəbul edilən bir sıra qanunlar Qlazqo Universitetinin müasir strukturunun formalaşmasına gətirib çıxardı.
İkinci Dünya müharibəsindən günümüzə Dünyada ilk dəfə ana bətnindəki fetusun ultrasəs müayinəsi ilə görüntülənməsi prosesi də, məhz Qlazqo Universitetinin professoru Yan Donaldın rəhbərliyi altında aparılmışdır.
Qlazqo Universiteti 2021-ci ildə Qlazqo şəhərində keçirilən BMT-nin COP26 İqlim Konfransının bir sıra elmi müzakirələrinə ev sahibliyi etmişdir.
Təşkilati strukturu 200px|right|thumb|Tarixi binadakı sütunlar Şotlandiyanın digər qədim universitetlərində olduğu kimi Qlazqo Universitetinin də nizamnaməsi əsası orta əsrlərdə qoyulmuş ilkin universitet qanunlarına söykənir. Qeyd olunan qanuna əsasən Qlazqo Universitetinin təşkilati strukturu 3 qurumdan, Universitet palatasından (icraedici orqan), Elmi senatdan (elmi işlər üzrə orqan) və Ümumi şuradan (məsləhət-məşvərət orqanı) ibarətdir. Universitetə rəhbərliyi isə rektor, kansler, vitse-kansler və onun müavinləri həyata keçirir. Bütün bu qurumların və məsul şəxslərin əsas məqsədi icraedici mexanizmlərlə elmi idarəetmənin ahəngdar formada fəaliyyətini təmin etməkdir.
Universitet palatası
Rektorunun rəhbərlik etdiyi palata universitetin əsas idarəedici orqanıdır. Başqa sözlə, müqavilə məsələlərinə, işçilərin işə götürülməsinə və maliyyə və idarəçiliklə bağlı bütün digər işlərə cavabdeh olan səlahiyyətli qurum Universitet palatasıdır. Sözügedən palata universitetin strateji planlarını hazırlamaqla yanaşı, resursların səmərəli bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edir.
Universitet palatasına inzibati rəhbərlik Universitet Katibliyi tərəfindən həyata keçirilir. Bununla yanaşı, sözegedən katiblik Universitet Xidmətləri altında cəmlənən müxtəlif qurumların fəaliyyətini koordinasiya etməklə məsuldur və Vitse-kanslerə gündəlik idarəetmədə kömək edir. Hazırda Universitet katibi vəzifəsini Devid Dunkan daşıyır.
Elmi senat