Rauf Rüstəm oğlu Hüseynov () — Azərbaycan fiziki; Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014).

Həyatı Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.

Elmi fəaliyyəti Rauf Hüseynov Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas və ümumi fizika kurslarından 15 il dərs deyib. O, AMEA Fizika İnstitutunun nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür.

Rauf Hüseynov "Yarımkeçiricilərin və dielektriklərin fizikası" ixtisası üzrə "Kristalda eksiton spektrinin dayanıqsızlığı ilə bağlı olan elektron faza keçidi" mövzusunda namizədlik dissertasiyası, "Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulon qarşılıqlı təsir və kollektiv hadisələr" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.

Rauf Hüseynov 30 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

AMEA Fizika İnstitutu nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür.

Əsas elmi nailiyyətləri Yarımkeçiricinin elektron spektrinin eksiton dayanıqsızlığı "eksiton dielektriki" adlı yeni fazanın əmələ gəlməsinə gətirib çıxarır. Bu fazaya keçidin nəzəriyyəsi qurulub və göstərilib ki, keçid birinci növ faza keçidi yolu ilə baş verir. Yarımkeçirici nanostrukturlarının – nazik təbəqələrin və ifratqəfəslərin eksiton spektrinin və optik xassələrinin nəzəriyyəsi qurulub. Bu sistemlərdə yeni tipli həyacanlanmalar aşqar edilmişdir və bunları nəzərə almaqla belə sistemlərin optik xassələri hesablanmışdır.

Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə elektron-deşik mayesinin nəzəriyyəsi inkişaf etdirilib və göstərilib ki, onların anizotropiyası izotrop yarımkeçiriciyə nisbətən daha dayanıqlı hala gətirir.

Elmi əsərləri R.R.Hüseynov, L.V.Keldış. " Kristalın elektron spektrinin eksiton dayanıqsızlığı halında faza keçidin növü haqqında". R.R.Hüseynov. "Elektron spektri güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə elektron-deşik mayesi". R.R.Hüseynov. "İfratqəfəsdə eksitonların eninə hərəkətinin spektri".

İstinadlar

Kateqoriya:AMEA-nın müxbir üzvləri