Şəki dövləti; Şəki məlikliyi; Şəki şahlığı; Şəki çarlığı daha sonra Şəki hakimliyi və sonra Şəki xanlığı— indiki Azərbaycan Respublikası ərazisinin şimal-qərbində, Gürcüstan Respublikası ərazisinin şərqində və Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinin cənubunda ən geci VII əsrin ortalarından 1117-ci ilə qədər mövcud olmuş dövlət.

Mənbələrdə ilk olaraq ərəblərin VII əsrin ortalarında Cənubi Qafqaza etdikləri yürüşlərindən bəhs edilərkən adı çəkilir. Gürcü mənbələrinə əsasən Şəkidə VIII əsrin ortalarında knyazlıq formalaşmış, IX əsrin əvvəlləri üçün bu çarlığa çevrilmişdir. “Albaniya tarixi”ndə isə Şəki hökmdarlığının mövcud olması ilk dəfə yalnız IХ əsrin ortaları üçün xatırlanır.

IХ əvvəllərində Şəki hökmdarı Qriqor Hammamın oğlu Atrnerseh, həmin əsrin ortalarında Atrnersehin oğlu İşxan Əbu Əbdülmalik olmuşdur. XI əsrin onuncu illərinin əvvəlləri üçün isə mənbələrdə çariça Dinarın adı çəkilir. Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi, XI əsrin onuncu illərində onun 90-dan çox yaşı olmalı idi.

XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. Bu gürcü mənbələrində “Hereti-Kaxeti”, yaxud “Kaxeti”, digər mənbələrdə isə əvvəlki kimi yenə də “Şəki” yaxud, “Albaniya”, adlanmış, hökmdarları isə artıq “ranların və kaxların çarı” titulunu daşımışdır. Birləşməyə qədər isə Şəki hökmdarlarının titulu “ranların çarı”, yəni “albanların çarı” olmuşdur. Birləşmə 1104-cü ilə qədər – gürcü çarı IV David tərəfindən Kaxetinin tutulmasına qədər davamlı olmuş, birləşmiş dövlətin birinci hökmdarı Böyük Kvirikedən sonra onun bacısının oğlu, nəvəsi, nəticəsi və ən nəhayətdə kötücəsi hakimiyyətdə bir-birlərini əvəz etmişlər.

1117-ci ildə isə IV David Şəkinin yerli knyazı Qriqolun Asat və Şot adlı iki oğlunun sığındığı Kiş qalasını da tutaraq Şəki dövlətinin müstəqilliyinə son qoydu. Bundan sonra gürcü çarlarının rəsmi, yaxud qeyri-rəsmi titulları sırasına “ranların çarı”, yaxud “Şəki çarı” titulu da əlavə olundu.

1117-ci ildə Şəkinin müstəqilliyi uğrunda Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat Qriqol oğlunun oğlu Qriqol Asat oğlu isə 61 il sonra 1178-ci ildə Şəkidə mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanın rəhbərlərindən biri olmuş, onun oğlu Asat çariça Tamaranın (1184-1213) dövründə əvvəlcə Hereti eristavı, sonra ali orqanın üzvü olmuş, Asatın oğlu Qriqol isə atasından sonra Hereti eristavı vəzifəsini tutmuşdur.

XIII əsrin birinci rübündə Şəki ərazisi Şirvanşahlar dövlətinin, daha sonra – XIV əsrin əvvəllərində isə ayrıca vilayət kimi Hülakülər dövlətinin Azərbaycan adlı bölgəsinin tərkibində idi. XIV əsrin son rübündə isə Şəkinin müstəqilliyi bərpa olunmuş, 1117-ci ildə ləğv edilmiş Şəki dövlətinin yerində Şəki hökmdarlığı meydana çıxmışdır.

Adlanması

Müasir gürcü tarixçilərindən David Musxeleşvili hesab edir ki, ərəb mənbələrində adı çəkilən Şəki çarlığı, gürcü mənbələrində Hereti, erməni və Bizans mənbələrində isə Albaniya çarlığı kimi göstərilir. David Musxeleşviliyə görə gürcülər bu dövləti ən yaxın qonşularının, qədim alban tayfalarından biri olan herlərin adı ilə, ərəblər bu dövləti paytaxtı şəhərinin adı ilə, ermənilər və bizanslılar isə onu bu yerdə daha əvvəl mövcud olmuş Albaniya çarlığının adı ilə tanıyırmışlar. David Musxeleşvili bununla yanaşı olaraq həm də qeyd edir ki, nədənsə, “Kartlis tsxovreba”da da «bəzən “Hereti” termininin əvəzinə “Şəki” termini işlədilir»; «gürcü mənbələrində X əsrə qədər Hereti knyazlığı barədə heç bir məlumat yoxdur».

“Şəki” adı “Kartlis tsxovreba”da

Şəki dövləti tarixinin öyrənilməsi üçün ən əhəmiyyətli ilkin mənbə rolunu oynayan və XIV əsrə qədərki tarixi hadisələrdən bəhs edən “Qədim Kartlis tsxovreba” müxtəlif dövrlərdə, ayrı-ayrı müəlliflər tərəfindən yazılmış, bir-birini tamamlayan 10 məqalədən ibarətdir; XV—XVII əsrlərə aid redaktə variantları var, son redaktəsi isə XVIII əsrdə edilib. “Qədim Kartlis tsxovreba”da yer adı kimi “Şəki” sözünə yalnız 1 dəfə – XI əsr müəllifi Cauanşer Cauanşerianinin qələmə aldığı “Vaxtanq Qorqasalın həyatı” adlı məqalədə, “Şakix” şəklində təsadüf edilir; 1 yerdə – XI əsr gürcü tarixçisi “Baqrationilərin tarixi və hekayəsi”ndə isə etnos adı kimi “şaklar” sözü işlədilir. Bunlar istisna olmaqla “Qədim Kartlis tsxovreba”da Şəki ərazisi “Hereti”, Şəki əhalisi isə “herlər” adı ilə təqdim olunur.

Tarixi

Şəkinin adı çəkilən ilk tarixi hadisələr və Şəkidən çıxmış Albaniya katolikosları

IX əsr ərəb tarixçisi əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) «Arran torpağında , qapılarını və Dudaniyyə qapılarını saldırdı». Bu Şəkinin adı çəkilən ilk iki tarixi hadisələrdən biridir.

Şəkinin adı çəkilən ikinci ilk tarixi hadisə isə erməni katolikosu II İovannesin öz katolikosluğu dövründə – 557-574-ci illərdə, Albaniya katolikosu Abbasa (551-595) ünvanladığı məktubunda Şəki yepiskopu Ambakumun da adını çəkməsidir. Məktubdan aydın olur ki, artıq 557-574-cü illər arasında Alban kilsəsinin tabeliyində olan 8 yepiskopluqdan birinin adı Şəki imiş və Şəki yepiskopun adı isə Ambakum imiş. Bundan sonra “Albaniya tarixi”ndə daha bir Şəki yepiskopunun – Yeliazarın, və bir də Şəkidə kiçik keşiş olmuş Mikayılın adları göstərilir. Bunlardan birincisi 683-689-cu illərdə, ikincisi isə 707-744-cü illərdə Albaniya katolikosu idi və hər ikisi katolikos kürsüsünə əyləşənə qədər Şəkidə dini fəaliyyətlə məşğul olmuşlar. Adları çəkilənlərdən sonra Albaniya katolikos kürsüsü hələ 1000 il mövcud olsa da bu kürsüdə Şəkidən bir nəfər belə oturmamışdır, o cümlədən, Albaniya katolikosuna tabe olan sonrakı Şəki yepiskop və keşişlərinin adları da məlum deyil.

Şəkinin adının ilk dəfə vilayət kimi çəkilməsi

“Albaniya tarixi”ndə Şəkinin vilayət, yaxud şəhər olması ilə bağlı heç bir qeyd yoxdur. Əvəzində isə VII əsr erməni müəllifi Ananiya Şiraklı “Aşxaratsuyts”da Şəkini Qafqaz Albaniyasının bir vilayəti olaraq göstərir. O cümlədən, VIII əsr erməni tarixçisi da Şəkinin adını vilayət adı kimi çəkir – o, VII əsrin sonlarında Cənubi Qafqazda xəzərlərin hücumuna məruz qalmış vilayətlərin adlarını sadalayarkən, Şəkinin adını da göstərir və bu vilayətin Albaniya vilayəti olduğunu qeyd edir.

Hökmdarlığın meydana çıxması və anonim hakimlər

Şəkinin Albaniyanın bir vilayətindən, müstəqil bir hökmdarlığa çevrilməsi mənbələrdə ilk olaraq VII əsrin ortalarında baş vermiş bəzi tarixi hadisələrin təsvirində göstərilir. Məsələn, Bəlazuri yazır ki, Osman ibn Əffanın xəlifəliyi zamanı (644–656) Salman ibn Rəbiənin komandanlığı altında Qafqaz Albaniyasına gələn ərəblər Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə və hökmdarları ilə vergi ödəmələri şərti ilə müqavilə bağlamışdırlar.

Gürcü mənbələrinə görə isə VIII əsrin ortalarında keçmiş gürcü eristavlığı Heretinin, yəni qədim alban kantonu Şəkinin yerində, Hereti knyazlığı formalaşmış, daha sonra bu çarlığa çevrilmişdir. Başqa sözlə, VI əsrdə Iberiya çarı Vaxtanq Qorqasali (440–502) öz çarlığının ərazisinə qatdığı qədim alban çarlığının bəzi kantonlarından ibarət Hereti eristavlığını təsis etmiş, Kaxeti çarı hakimiyyəti dövründə – 736–786-cı illərdə isə onun himayəsi altında Şəki vilayətinə köçmüş üç qardaş Arçilin özünün (786) və oğlunun ölümündən (807) sonra vilayətin müstəqilliyinə nail olmuş və çar adlanmışdırlar. Şəkiyə köçmüş üç qardaşın, yaxud onların nəslindən olması ehtimal edilən sonrakı Şəki hökmdarlarının genealogiyası bir qədər mübahisəlidir; bir sıra tədqiqatçılar onları Baqratilərdən, digərləri isə Mehranilərdən, yaxud Mehranilərin sələflərindən hesab edirlər.

"Alban ölkəsinin tarixi"ndə isə Şəkidə hökmdarlığının mövcud olması faktı bir qədər də gec, yalnız IX əsrin ortaları üçün, özü də ötəri olaraq tanınır: təxminən, 820–853 arasında Albaniya katolikosu olan Davudun həmdövrü olmuş hansısa Şəki hökmdarından bəhs edilir, amma adı çəkilmir.

Ərəblərə qarşı üsyan XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılmış "Tarix-i əl-Bab"a görə xəlifə Məmun (813–833) Xalid ibn Yəzid əş-Şeybanini Azərbaycan, Arran və Ermənistana vali göndərdiyi zaman Şəki əhalisi üsyan qaldırmış və onun nümayəndəsini (amilini) öldürmüşdür.

Hadisənin təsvirində Şəki hökmdarının adı çəkilməsə də, fəaliyyəti qabarıq şəkildə hiss edilir. Aydındır ki, Xalidlə sülh bağlayan və ona ildə 500 min dirhəm ödəməyə boyun olan Şəki ağsaqqalları yox, hansısa Şəki hökmdarı ola bilərdi.

Səhl ibn Sunbat, yaxud Müaviyə ibn Səhl (?) "Alban ölkəsinin tarixi"ndə () Səhl ibn Sunbat haqqında və ona aid ola biləcək yalnız aşağıdakı məlumatlar var: Səhl ibn Sunbatın knyaz titulu daşıması; Səhl ibn Sunbatın "böyük knyaz" və "igid" olması; Səhl ibn Sunbatın Zərmihr padşah nəslindən olan knyaz Eranşahik Smbatın oğlu olması; Səhl ibn Sunbatın qardaşlarının olması və döyüşə qardaşları ilə birlikdə getməsi; Səhl ibn Sunbatın 821/22-ci ildə Bərdədən çıxıb Amaras vilayətini qarət edən, min nəfərə qədər əsir alıb Mets İranika yeparxiyasına aid Şikarkar məntəqəsində möhkəmlənən ərəblərə öz qardaşları və öz qoşunu ilə səhərçağı hücum edərək əsirləri azad etməsi, ərəblərdən çoxunu qılıncdan keçirərək qalanını qaçırtması; 837/838-ci ildə Bağdaddan Albaniyaya gələn onikiminlik ərəb süvari qoşununu məğlub etməsi; 837/838-ci ildə Babəyi tutub ərəblərə təslim etməsi, əvəzində isə xəlifə tərəfindən "Erməniyə, İberiya və Albaniya" üzərində ali hakimiyyətin ona verilməsi; Qelam havarını zəbt etmiş Sünik hakıminin Hayk (Haykazuni) nəslindən olması və onun da adının Səhl olması; Səhl ibn Sunbatın Babəyi ərəblərə təslim etməsindən cəmi 1 il sonra "Erməniyə, İberiya və Albaniya" hakiminin "hökmdarlar ağası" Hovannesin olması. Ərəb mənbələri Səhl ibn Sunbat haqqında "Alban ölkəsinin tarixi"ndəki məlumatları təsdiqlənməklə yanaşı, həm də Səhl haqqında daha ətraflı əlavə məlumatlar verir. Ən əhəmiyyətli məlumatlar aşağıdakılardır: Səhlin iştirak etdiyi Babəkin tutulma səhnəsi daha geniş təsvir edilir; Səhlin Kazac adlı şəhərin sahibi olması və Babəklə bu şəhərdə qarşılaşması; 837-ci ildə Araz boyunca uzanan torpaqların Səhl ibn Sunbata məxsus olması; Səhl ibn Sunbatın Babəyi təslim etməsi müqabilində xəlifədən "batriklərin başçısı" titulu və xeyli pul alması; O cümlədən, Səhlin oğlu Müaviyəyə Babəkin qardaşını ərəblərə təslim etdiyi üçün də mükafat verilməsi; Səhlin daha əvvəl – 835-ci ildə, həqiqətən də ərəblərə qarşı vuruşması və qalib gəlməsi; "Alban ölkəsinin tarixi"ndən fərqli olaraq, Səhl ibn Sunbatın həm də "əl-Ərməni" kimi təqdim edilməsi.

"Alban ölkəsinin tarixi"ndə Səhl ibn Sunbatın əcdadı kimi təqdim edilən Zərmihr bütün tədqiqatçılar tərəfindən vaxtilə, mehrani Vardanın arşak xanədanından 60 nəfəri nahara dəvət edərək, onlara "zəhərli çörək" verib hamısını məhv edərkən sağ buraxdığı yeganə nümayəndənin adı hesab edilir. Lakin unutmaq olmaz ki, "Alban ölkəsinin tarixi"ndə padşah nəslindən olan daha bir Zərmehrin də adı çəkilir: Deyləm hakiminin oğlu Zərmehr-e Varaz Kürdəkeyan, – o, qardaşı Məhəmməd-e Şiruyan ilə birlikdə Albaniyada Albaniya çarının bağışladığı torpaqlarda məskunlaşmışdı, 703–705-ci illər arasında baş tutmuş Bərdə kilsə qrultayında iştirak etmişdir.