Fərhad və Şirin () - özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan ikinci əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir. Lakin, Nəvainin “Fərhad və Şirin”i həm də, özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir.

Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər kimi, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir.

Məzmunu

Fərhad Çin xaqanının oğludur. Fərhadın atası oğlu üçün qəsr tikdirməkdən ötrü Xəta vilayətinin iki məşhur sənətkarını – rəssam Manini və memar Banini gətirib, Fərhad üçün dörd saray tikdirməyə başlayır. Fərhada sənətkarların hünəri çox xoş gəlir. Memarlıq və rəssamlıq sənətlərini mənimsəməyi arzulayır. Atasından icazə alıb işə başlayır və çox çəkmədən mahir bir daşyonan olur, dörd il tamam şəxsən tikinti işlərində iştirak edir. Hər dörd saray tikdirilib başa çatdırılır. Fərhad hər üç ayda sarayların birində yaşayıb dövran sürür.

Fərhadın atasının xəzinələrinə baş çəkərkən sirli bir güzgü görür. Bu güzgü hər kəsin başına gələcək işləri göstərən və sirrləri aşkar edən bir güzgü idi. Fərhad, bu sehrli güzgünün sirrlərini öyrənmək üçün atasının etirazlarına baxmayaraq Yunanıstana tərəf yola düşür. Gedib yunan dağlarında Süheyla adlı bir həkimlə görüşür. Süheyla onu öz adı ilə çağırır. Nə məqsəddən ötrü buraya gəlməsini soruşur və ona Cəmşid camını tapmaq üçün yol göstərir. Fərhad Süheyla həkimin göstərişlərinə əməl edir, əjdahanı, divi öldürür. İskəndərin tilsimlərini sındırır. Nəhayət cami-cahannümanı və çoxluxəzinə əldə edir. Yunan xalqı onu böyük təntənə ilə qarşılayır. Fərhad oradakı zülmü aradan qaldırıb, ədaləti bərpa edir, sonra isə Çinə qayıdır. Orada Yunanıstanda aldığı təlimlər əsasında güzgüyə baxır, özünü həmişəlik qəmli və kədərli görür. Güzgü Fərhada başına gələcək bir çox hadisələri göstərir. Burada Fərhad həmçinin, Ərmənzəmində yaşayan Şirinin camalını görür və o gündən qıza vurulur. Şirinin eşqinin əsiri olaraq, bütün ixtiyarını əldən verir.

Fərhad səyahətə çıxarkən gəmisi tufana uğrayıb dənizdə qərq olur. O, bir taxta üzərinə çıxır. Külək fərhadı Yəmən vilayətinə və Taif sərhəddinə tərəf aparır. Gəmi ilə mirvari sövdasına gedən tacirlər Fərhada nicat verirlər.

Gəmi dəniz quldurlarının basqınına məruz qalır. Sərnişinlərin həyatı və sərvəti təhlükə altına düşür. Fərhad silaha sarınıb oğruları qətiyyətlə dəf edir. Elə bu zaman Şərqi və Qərbi gəzmiş, çoxlu həyat təcrübəsinə malik rəssam Şapuru Fərhada təqdim edirlər. Buradan da Şapur və Fərhadın tanışlığı başlanır. Fərhadla Şapur Yəmən mülkündən Ərmənzəminə tərəf birgə yola düşür, uzun müddət yol getdikdən sonra birgə Ərmən mülkünə çatırlar. Onlar qart daşdan bir dağa rast gəlir və çoxlu adamın bu dağı yarmaqla məşğul olduğunu görürlər, soruşduqda isə öyrənirlər ki, bu Məhinbanunun əmridir. Fərhad onlara kömək etmək qərarına gəlir və işə başlayır. Çox çəkmədən pəhləvan Fərhadın şöhrəti hər yana yayılır; xəbər Məhinbanuya da gedib çatır. Banu şirinlə birlikdə Fərhadı yaxından görmək məqsədi ilə dağa gedir. Qart daşaları mum kimi əridən Fərhadın məharəti onları məftun edir. Fərhad onları görəcək, güzgüdə görüb aşiq olduğu qızı tanıyır.

Şirin Fərhadı sarayına apararaq ona eşqini elan edir və həmin gündən eşqinə sadiq qalır. Lakin, Xosrov onların eşqinə mane olur və Frəhadı hüzuruna çağırır. Şirin gecə-gündüz Fərhad haqqında düşünür. Məhinbanu ona təsəlli verib hələlik də olsa Fərhadı unutmağı məsləhət görür. Lakin, Şirin onu unuda bilmir. Xosrov Fərhadı həbsə atdırır. Şapur məhbus Fərhadla görüşüb, əlaqə saxlayır. Fərhad Şapur vasitəsiylə Şirinlə məktublaşır. Buna görə də Xosrov Şapuru casusluqda ittiham edərək həbsə atır.

Xosrov Şirinin Fərhada yazılmış bir məktubunu ələ keçirdikdən sonra, onun Fərhada olan sonsuz məhəbbətindən daha da hiddətlənir. Öz qəzəbini söndürmək üçün Ərmənzəmini tamamilə viran etmək qərarına gəlir. Şirini Fərhadın eşqindən soyutmaq üçün yeni bir tədbir görməyi tələb edir. Büzürgümidin yeni tədbiri ilə xosrov hiyləgər bir qadını lazımi göstərişlə zindana, Fərhadın yanına göndərir. Qarı yalandan, məcburiyyət qarşısında qalmış Məhinbanunun Xosrovla barışıb, qardaşı qızı Şirini də ona ərə verdiyini Fərhada söyləyir. Ancaq artırır ki, yazıq qız, Xosrovun əlinə düşməsin deyə, zəhər içib özünü öldürdü, onların toy məclisi yasa döndü. Bu yalan qara xəbərin dözülməz əzabı Fərhadın nəcib ürəyini partladır, o yerə yıxılıb zindanda can verir.

Fərhadın ölüm xəbəri tezliklə hər yana yayılır. Xosrov öz namərd tədbirinin uğurla həyata keçirilməsinə sevinir. Xəbər Şirinin də qulağına çatır, onun mehriban və nəcib ürəyi hədsiz kədərlənir, başdan-ayağa qara geyinib matəmə bürünür. Fərhadın ölümündən sonra Xosrov utanmadan Məhinbanunun yanına elçi göndərir. Banu olduqca çıxılmaz vəziyyətə düşür. Bir tərəfən ölkənin viran və işğal olunması, əhalinin qırılması və talanması, digər tərəfdən Fərhadın ölümü, Şirinin matəmə qərq olması, Xosrovun Şirini tələb etməsi Banunu düşündürür. Məhinbanu Xosrovdan icazə alaraq Şirini bir müddətlik Ərmən dağlarına aparır. Yolda Xosrovun oğlu Şiruyə Şirinin kəcavəsinə rast gəlir və qıza vurulur. Şiruyə düşünür ki, Şirinin vüaslına yetişməyin yeganə yolu rəqibinin, yəni atasının aradan götürülməsidir. Beləliklə, o bir oxla iki nişan vuraraq həm taxt-taca, həm də gözələ sahib ola bilər.

Bundan sonra Şiruyə qoşun, saray xadimləri içərisində Xosrovun əleyhinə gizli təbliğata başlayır. O, tədricən atasından narazı olanları bir cəbhədə toplayır və üsyan qalxır, Xosrov həbsə alınır. Rəqibi tamamilə aradan qaldırmaq məqsədi ilə gecə zindana soxulan Şiruyə xəncərlə atasının bağrını yarır. Şirin, “mən hələ də Fərhadın eşqi ilə nəfəs alıram” deyərək Şiruyənin elçisini rədd edir. Nəvai Şirini özünü Fərhadın cənazəsi üzərində qətlə yetirir. Fərhadın uşaqlı yoldaşı Xəta mülkünün böyük sərkərdəsi olan Bəhram faciədən xəbər tutaraq, Ərmənzəminə qoşun çəkir. Şiruyədən Fərhad və Şirinin intiqamını alır. Onlar üçün məqbərə tikdirib, Şapuru da həmin məqbərənin xadimi edir.

Əsas obrazlar Fərhad

Nəvai Fərhadı rəşadətli, cəngavər və igid kimi təsvir edir. Onun Xosrovla görüşünü iki rəqibin üz-üzə gəlməsi kimi tərənnüm edir. Fərhad ilə Xosrovun mülakiməsini iki bərabər hüquqlu sərkərdənin danışığı kimi verir. Fərhad Xosrovun qarşısında əsir olsa da, öz mənliyini, vüqar və mətanətini itirmir. Xosrovun suallarına lazım bildiyi kimi cavablar verir.Beqdeli, 250

Nizaminin əsərindən fərqli olaraq, Nəvainin əsərində Şirin Fərhadı sevir və ona sadiqdir. Şapur məhbus Fərhadla görüşüb, əlaqə saxlayır. Onun ruhən və cismən çəkdiyi əzabları Məhinbanuya danışır. Banu isə Şirinin əzablarından bəhs edir.

Nəvai Fərhadın simasında öz xalqının simvolunu, istək və arzularının rəmzi olan bir qəhrəmanı təcəssüm etdirir. Şair bütün arzularını bu cəsarətli insanın sarsılmaz mübarizəsində əks etdirib, bu ideal surətin nakam eşq və məhəbbət faciəsini göstərir. Şair, Fərhad obrazında bütün müsbət xüsusiyyətləri toplayır. Onu ilk gəncliyindən elmi sevən, cəsarətli, cəngavər, qələmlə yanaşı, balta və külünglə də çarpışan, daş yonub binalar tikən, maddi abidələr yaradan bir şəxs kimi oxucularına təqdim edir.Beqdeli, 254

Şirin

Nəvainin “Fərhad və Şirin” əsərində Şirin surəti Nizamidə olduğu kimi məhəbbət, vəfa və nəciblik simvoludur. Lakin Nəvai ona Xosrovu yox, Fərhadı sevdirir. Fərhadı sevdiyi gündən ölənə kimi bir gün də olsun başqası haqqında düşünmür. Nəvainin əsərində Şirin və Fərhad gənc və həmyaşıddırlar. Həmçinin Nəvai bir dəfə də olsun Xosrov və Şirini üz-üzə gətirmir.Beqdeli, 258-262

Tarixi

Əlişir Nəvai “Xəmsə”sini 1483-1495-ci illərdə öz ana dilində (özbək dili) yaratmışdır.Beqdeli, 219 Bu əsər şairin geniş həyat müşahidələrinin məhsulu, ləyaqətli hökmdarlıq təcrübələrinin nəticəsi idi. Nizami Gəncəvidən sonra “Xəmsə” yaratmaq Zaqafqaziya, Orta Asiya və Hindistanda bir ənənə şəklini almışdı. Şübhə yoxdur ki, Nəvai də öz “Xəmsə”sini nəzmə çəkməzdən əvvəl şifahi ədəbiyyatdan əlavə, sələflərinin, xüsusən Nizami Gəncəvi, Əmir Xosrov Dehləvi və Əşrəf Marağainin “Xəmsə”ləri ilə tanış olmuşdur.Beqdeli, 239

“Fərhad və Şirin” əsəri Əlişir Nəvai “Xəmsə”sinin üçüncü əsəridir. Əsərin müqəddiməsindən görünür ki, Nəvainin nə XIV əsrin ortalarında yaşamış Azərbaycan şairi Arif Ərdəbilinin “Fərhadnamə”sindən Bu əsərin yeganə əlyazma nüsxəsi İstanbulun Ayasofiya Kitabxanasında saxlanılır. və də Qütbünün cığatay dilinə tərcümə etdiyi “Xosrov və Şirin”indən heç xəbəri yox imiş. Çünki, o, Nizami və Dəhləvinin əsərlərini birinci və ikinci, özünün “Fərhad və Şirin”ini isə üçüncü hesab edir. Arifin və Qütbünün isə adlarını çəkmir. Ola bilsin ki, Nəvai Qütbünün tərcüməsini müstəqil əsər hesab etmədiyi üçün adını çəkməmişdir.

Lakin, Arif Ərdəbilinin əsərinə gəldikdə, Q. Beqdelinin fikrincə, qəti demək olar ki, Nəvainin bu əsərdən xəbəri olmamışdır. Əks təqdirdə, Marağalı Əşrəfin (1350) “Xəmsə”, o cümlədən “Xosrov və Şirin” poemasının adını çəkdiyi kimi, Arif Ərdəbilinin də əsərinin adını çəkər, əsərə öz münasibətini bildirərdi. Nəvai, Əşrəfin “Xosrov və Şirin” poemasına zəif və müvəffəqiyyətsiz bir əsər kimi baxıb, Onu Nizami və Dehləvinin əsərləri ilə bir sıraya qoymaq istəməmişdir. Məhz buna görə də, öz poemasını üçüncü adlandırmışdır.Beqdeli, 241 Nəvai, 1484-cü ildə “bu köhnə dastana yeni bir don geydirmişdir.” Əsər Nizaminin “Xosrov və Şirin” poemasına nəzirə yazılmışdır və vəzni də Nizamidə olduğu kimi həzəc bəhridir.

Tədqiqi

Nəvainin “Fərhad və Şirin”i özündən əvvəlki bütün eyni məzmunlu əsərlərdən fərqlənən yeni bir əsərdir.Beqdeli, 242 Bu əsəri fərqləndirən birinci xüsusiyyət budur ki, Nəvai özündən əvvəlki bütün şairlər ki, əsəri fars dilində yox, öz dilində - özbək dilində yazmışdır. Digər yenilik isə, əsərdə özbək xalqının, türkdilli xalqların adət-ənənə, istək və arzularının tərənnüm edilməsidir. Əsərdə surətlər, hadisələr, məqsəd və hədəf tamamilə başqadır. Burada yeni tipli şəxslər təsvir olunmuş, əsərin məzmunu, həm də qəhrəmanı Nizami əsərindən tamamilə fərqlidir.

Poema tarixi fakt əsasına işlənmiş olsa da, sələflərini təkrar etməsin deyə Nəvai əsərin quruluşunda, süjet və obrazlarında əsaslı dəyişikliklər əmələ gətirmişdir. Burada əsərin əsas qəhrəmanı Nizami əsərində olduğu kimi, Sasani hökmdarı Xosrov yox, Çin xaqanının oğlu Fərhaddır. Nəvainin süjetə daxil etdiyi ən mühüm dəyişiklik, özündən əvvəlki şairlərdə ikinci dərəcəli surət olan Fərhadı baş qəhrəman kimi səciyyələndirib, birinci yerə keçirməsidir. Y. E. Bertels qeyd edir ki, “buna görə də, o, haqlı olaraq poemanın adını dəyişərək “Fərhad və Şirin” qoyur.” Е. Э. Бертельс – Наваи, М.-Л., 1948, стр. 188 Nəvai bütün diqqətini Fərhada verərək, onun həyatını anadan olduğu gündən ölənə qədər təsvir və tərənnüm edir.

Nizaminin "Xosrov və Şirin" poemasının təsiri