|Şəklin izahı=Beatles qrupu }} Rok musiqisi () — 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində ABŞ-də "rok-n-roll" kimi yaranmış və 1960-cı illərin ortalarından etibarən müxtəlif janr və üslubları yaranmış geniş populyar musiqi janrıdır. Rok musiqisinin mənşəyi, 1940-1950-ci illərin rok-n-roll üslubuna dayanır ki, bu üslub birbaşa blüz, ritm və blüz, həmçinin kantri musiqisindən ilhamlanır. Rok, həmçinin elektrik blüz və folk kimi janrlardan da böyük ölçüdə təsirlənmiş və caz kimi digər musiqi üslublarından da ilham almışdır. Rok, adətən elektrik gitara başda olmaqla, elektrik bas gitara, zərb alətləri və bir və ya bir neçə vokal ifa ilə birlikdə tək və ya qrup şəklində ifa olunur. Ümumiyyətlə, rok xanə ölçülü və nəqərat-bənd formasından istifadə edən mahnı əsaslı musiqidir, lakin janr zamanla çox dəyişmişdir. Pop musiqisi kimi, rok musiqisinin sözləri də əsasən romantika, sevgi mövzusuna yönəlir, lakin tez-tez sosial və ya siyasi mövzulara toxunan geniş mövzuları da əhatə edir. Rok musiqisi 1950-ci illərdən 2010-cu illərə qədər ABŞ-də və Qərb dünyasının böyük bir hissəsində ən populyar musiqi janrı olmuşdur.
Rok musiqiçiləri 1960-cı illərin ortalarından etibarən albomu sinql əvəzinə ön plana çıxardılar və eyni zamanda qeyd edilmiş musiqi ifadəsi və istehlakının dominant forması kimi təqdim etməyə başladılar. Onların töhfələri bu janrın əsas cərəyanda mədəni haqq qazanmasına və musiqi sənayesində onilliklər boyu davam edəcək rok əsaslı albomlar dövrünün başlamasına səbəb oldu. 1960-cı illərin sonlarında, "klassik rok" dövründə, rok musiqisinin müxtəlif alt janrları, o cümlədən blüz rok, folk rok, kantri rok, cənub roku, raqa rok və caz rok kimi hibrid janrlar yarandı. Bu janrlar anti-mədədəniyyətlə əlaqədar olan psixodeliya musiqisi və hippi səhnəsindən təsirlənərək, psixodelik rokun inkişafına töhfə verdi. Yaranan janrlar arasında texnika cəhətdən geniş və mürəkkəb proqressiv rok və vizual üslubu və parlaqlığı vurğulayan qlem rok da vardı. 1970-ci illərin ikinci yarısında enerjili sosial və siyasi tənqidlər çıxaran pank rok cərəyanı yarandı. Pank musiqisi 1980-ci illərdə törəmə formaları olan yeni dalğa, postpank və nəhayət alternativ roka təsir etdi.
1990-cı illərdən etibarən alternativ rok rok musiqisində üstünlük təşkil etməyə başladı və qranj, Britpop və indi rok kimi əsas cərəyana daxil oldu. O vaxtdan bəri pop-pank, elektronik rok, rep rok və rep metal kimi daha çox füzyon rok janrları meydana gəldi. Bəzi qruplar rokun tarixini yenidən nəzərdən keçirməyə çalışdı; 2000-ci illərdə qaraj roku/postpank dirçəlişi buna misal ola bilər. 2010-cu illərdən başlayaraq rok, dünya mədəniyyətində dominant populyar musiqi janrı mövqeyini itirdi, lakin yenə də kommersiya baxımından uğurlu oldu. Hip-hop və elektronik rəqs musiqisinin artan məşhurluğu rok musiqisində, xüsusən 2010-cu illərin əvvəllərindəki texno-pop səhnəsində və 2020-ci illərin pop-pank-hip-hop dirçəlişində görmək olar.
Rok həm mədəni həm də ictimai hərəkatlar üçün bir vasitə rolunu oynamış və panklar, qotiklər, rokçular kimi əsas subkulturaların yaranmasına səbəb olmuşdur. ABŞ-də 1960-cı illərdə San-Fransiskodan yayılan hippi hərəkatı və daha geniş Qərb anti-mədəniyyət hərəkatı eyni şəkildə 1970-ci illərdə pank mədəniyyətinin qotik, pank və emo subkulturalarının yaranmasına səbəb olmuşdur. Etiraz mahnısı ənənəsini miras alan rok musiqisi siyasi fəallıqla, eləcə də irq, cins və narkotik istifadəsi kimi sosial münasibətlərdə dəyişikliklərlə əlaqələndirilmiş və tez-tez gənclərin yetkin istehlakçılığa və uyğunluğa qarşı üsyanının ifadəsi kimi qəbul olunmuşdur. Bununla yanaşı, kommersiya baxımından son dərəcə uğurlu olmuş və "kommersiya məqsədləri üçün sənət satmaq" ittihamlarına məruz qalmışdır.
Musiqi tərkibi
Rok musiqisinin tərkibi ənənəvi olaraq gücləndirilmiş elektrik gitara üzərində qurulub. Bu gitara müasir formasını 1950-ci illərdə rok-n-rollun populyarlaşması ilə qazanmışdır. Elektrik-blüz gitaraçılarının ifası da bu musiqi növünə təsir etmişdir. Rok musiqisində elektrik gitara tez-tez elektrik bas gitara ilə müşayiət olunur; elektrik bas gitara da eyni dövrdə caz musiqisində istifadə olunmuşdur. Həmçinin, zərb alətləri ilə yaradılan zərb səsi də rok musiqisində mühüm rol oynayır. Bu trioya tez-tez piano, Hammond orqanı və sintezator kimi klavişli alətlər əlavə olunur. Rokun musiqi alətləri blüz qrupunun alətlərindən (başlıca gitara, ikinci akkord aləti, bas və zərb alətləri) törəmişdir. Rok musiqisi ifa edən bir qrup musiqiçiyə rok qrupu () deyilir. Tipik olaraq, bir rok qrupu triodan (güc üçlüyü) beşliyə qədər dəyişə bilər. Klassik olaraq, bir rok qrupu dörd üzvdən ibarət kvartet olur və bu üzvlər adətən vokalçı, gitaraçı, ritm gitaraçı (hər qrupda olmaya bilər), bas gitaraçı və zərb alətləri ifaçısıdır; bəzən əlavə olaraq klavişli alətlər və ya digər instrumental ifaçılar da ola bilər.
Rok musiqisi tez-tez ölçüdə sadə sinkoplaşdırılmış ritmlərə əsaslanır və iki və dörd vuruşlarda təkrarlanan tələ nağara dəstək ritmi ilə xarakterizə olunur. Melodiyalar, adətən, Dorik və Miksolidik kimi qədim ladlarda, həmçinin major və minor modlarında bəstələnir. Harmoniyalar, əsas triad akkordları, paralel təmiz kvarta və kvinta ilə dissonant harmonik irəliləyişlərdən ibarətdir. 1950-ci illərin sonlarından, xüsusilə də 1960-cı illərin ortalarından etibarən, rok musiqisi blüz və folk musiqisindən gələn nəqərat-bənd strukturunu istifadə etmiş, lakin bu modeldə müxtəlif dəyişikliklər baş vermişdir. Tənqidçilər rok musiqisinin eklektizmini və üslub müxtəlifliyini vurğulayırlar. Tarixi mürəkkəbliyi və digər musiqi və mədəni formalardan alıntı etmə meyli səbəbindən, rok musiqisini dəqiq bir musiqi tərifinə sıxışdırmaq çətin sayılır. Musiqi jurnalisti Robert Kristqaunun fikrincə, "ən yaxşı rok mahnısı xalq sənətinin təbiiliyini, funksionallığını və birbaşa cazibəsini müasir texnologiya ilə birləşdirərək günümüzə gətirir və modernist dissosiasiya ilə yeniləyir."
Rok musiqisinin mahnı sözləri romantik sevgi, cinsi əlaqə, cəmiyyətə qarşı üsyan, sosial problemlər və həyat tərzi kimi geniş mövzulara toxunur. Bu ənənə Tin Pan Alley pop ənənəsi, folk musiqisi və ritm və blüz kimi müxtəlif mənbələrdən miras qalmışdır. Kristqau rok lirikasını "soyuq mühit" olaraq təsvir edir və onun sadə dil və təkrarlanan nəqəratlərə malik olduğunu qeyd edir; rok musiqisinin əsas funksiyasının isə "musiqi, daha dəqiq desək, səs-küy" olduğunu irəli sürür. Rok musiqisində ağ dərili, kişi və ümumiyyətlə orta sinif musiqiçilərin üstünlük təşkil etməsi tez-tez vurğulanır və rok musiqisi, qara dərili musiqi formalarının gənc, ağ və əsasən kişi auditoriyasına ötürülməsi kimi qəbul edilir. Buna görə də, rok musiqisi həm üslub, həm də lirika baxımından bu qrupun narahatlıqlarını ifadə etməyə xidmət edirdi. Kristqau, 1972-ci ildə yazdığı məqalədə, bəzi istisnalarla, "rok-n-rollun ümumiyyətlə kişi sexsuallığı və təcavüzü ilə eyniləşdirilməsini" nəzərdə tutduğunu bildirmişdir.
1960-cı illərin sonlarından etibarən "rok" termini "rok-n-roll" əvəzinə istifadə olunmağa başlayanda, pop musiqisi ilə müqayisə edilirdi. Rok musiqisi pop musiqisi ilə bir çox xüsusiyyətləri paylaşsa da, adətən musiqi, canlı ifa və ciddi, mütərəqqi mövzulara diqqət yetirməklə pop musiqisindən fərqlənir. Saymon Fritə görə, rok "pop və rok-n-roll-dan daha çox fərqli" idi və rok musiqiçiləri bacarıq və texnikaya vurğunu, orijinal və şəxsi ifadə ilə romantik sənət anlayışını birləşdirdilər.
Yeni minillikdə "rok" termini pop, reqqi, soul və hətta hip hop kimi musiqi janrlarını əhatə edən geniş və ümumi bir termin kimi istifadə edilmişdir. Bu janrlar tarix boyu rok musiqisinə qarşı çıxmış olsalar da, ondan müəyyən dərəcədə təsirlənmişdir. Tənqidçi Robert Kristqau "rok" terminini geniş şəkildə "rock'n'roller" həssaslığına müraciət edən populyar və yarı populyar musiqi janrlarına istinad etmək üçün istifadə etmişdir. Bu həssaslığa yaxşı ritmə olan sevgi, mənalı və yumoristik lirikalar, eləcə də gənclik mövzusunun "əbədi cazibəsi" daxildir. Bu həssaslıq, o qədər universal bir şəkildə mövcuddur ki, hər bir gənclik musiqisinin öz sosiologiyası və sahə araşdırması hissəsi var. Kristqau "Christgau's Record Guide: The '80s" (1990) kitabında bu həssaslığın folk müğənnisi-bəstəkar Mişel Şoked, reper LL Cool J və sinti-pop dueti Pet Shop Boys-un musiqisində, eləcə də Çak Berri, Ramones və The Replacements kimi musiqiçilərin əsərlərində aydın göründüyünü qeyd edir. Bu həssaslıq, öz şəxsiyyətlərini kəşf etməyə çalışan bütün gənclərin musiqisində özünü göstərir.
1940-1950-ci illər: Rok-n-rollun yaranması Rok-n-roll
Rok musiqisi 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində ABŞ-də yaranmış və tezliklə bütün dünyaya yayılan rok-n-rolldan qaynaqlanır. Rok-n-roll ritm və blüz, qospel musiqisi, kantri və vestern kimi afro-amerikan musiqi janrlarının birləşməsindən yaranmışdır.
Rok-n-roll musiqisinin “ilk səsyazması” iddia edilən bir çox mahnı səsyazması barədə mübahisələr mövcuddur. Həmin mahnı səsyazmalarına nümunə olaraq Rozetta Tarpın 1944-cü ildəki "Strange Things Happening Every Day", Artur Krudupun 1946-cı ildəki "That's All Right" (1954-cü ildə Elvis Presli bu mahnının kover versiyasını ifa etmişdir), Ella Mae Morse və Freddi Slekin 1946-cı ildəki "Cow Cow Boogie", Venonya Herrisin 1948-ci ildəki "Good Rockin' Tonight", Qori Karterin 1949-cu ildəki "Rock Awhile", Cimmi Prestonun 1949-cu ildəki "Rock the Joint" (1952-ci ildə Bill Haley & His Comets tərəfindən kover versiyası yaradılmışdır), Ceki Brenston və Delta Cats tərəfindən 1951-ci ildəki "Rocket 88" mahnısını (əslində Ayk Törner və qrupu the Kings of Rhythm tərəfindən ifa edilmişdir) göstərmək olar. Bu mahnıların hər biri rok-n-roll musiqisinin yaranmasına təsir etmişdir.
1951-ci ildə Ohayo ştatının Klivlend şəhərində radio aparıcısı Alan Frid çox irqli auditoriyaya ritm və blüz musiqisi (o vaxtlar "irq musiqisi" adlanırdı) çalmağa başladı və bu musiqini təsvir etmək üçün "rok-n-roll" ifadəsini istifadə edən ilk şəxs oldu. Dörd il sonra, Bill Heleyin "Rock Around the Clock" (1954) mahnısı Billboard jurnalının əsas satış və airplay çartlarında birinci yerə çıxan ilk rok-n-roll mahnısı oldu və bu yeni pop mədəniyyət dalğasının dünya miqyasında yayılmasına qapı açdı. Erkən rok-n-roll hitləri arasında Çak Berri, Bo Diddli, Fats Domino, Litl Riçard, Cerri Li Lüis və Cin Vinsent kimi sənətkarlar var idi. Tezliklə rok-n-roll musiqisi Amerika rekord satışlarında dominant gücə çevrildi və əvvəlki onilliyin populyar musiqisində dominantlıq edən Eddi Fişer, Perri Komo və Patti Peyc kimi sənətkarların populyar musiqi siyahılarında görünmək şansları əhəmiyyətli dərəcədə azaldı.
Rok-n-roll, 1950-ci illərin ortalarında Karl Perkins, Cerri Li Lüis, Baddi Holli kimi ağdərili müğənnilər tərəfindən ifa olunaraq və "hillbilly" kantri musiqisi ilə birləşdirilərək rokabilli kimi müxtəlif alt janrların yaranmasına səbəb oldu və Elvis Presli kimi müğənnilər ilə tanınmağa başladı. İspan və Latın Amerikasının rok-n-roll hərəkatları ABŞ-nin cənub-qərb bölgəsində yayılmağa başladı və nəticədə ABŞ-də Latın roku və Çikano rokunun yaranmasına səbəb oldu. Rok-n-rollun standart musiqiçilərindən olan Riçi Valens və ənənəvi Nyu-Meksiko musiqisində rok-n-rollu kantri-vestern musiqisi ilə birləşdirən Al Hurricane və onun qardaşları Tayni Morri və Bebi Qebi kimi sənətkarlar bu dövrdə tanındı. Bundan əlavə, 1950-ci illərdə elektrik gitarasının populyarlığının artması və rok-n-roll üslubunda ifaçılığın inkişafı Çak Berri, Link Urey və Skatti Moor kimi nümayəndələr tərəfindən təmin edildi. Distortiondan istifadə Qərb svinq gitaraçıları Cunyor Barnard və Eldon Şemblin tərəfindən təkmilləşdirildi və 1950-ci illərin ortalarında Çak Berri tərəfindən populyarlaşdırıldı. Güc akkordlarının istifadəsi 19-cu əsrdə Fransisko Tarreqa və Heitor Villa Lobos tərəfindən təkmilləşdirildi, 1950-ci illərin əvvəllərində Villi Conson və Pat Heri tərəfindən həyata keçirildi və 1950-ci illərin sonunda Link Urey tərəfindən populyarlaşdırıldı.