Firuz Əliabbas oğlu Əliyev () — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının Xalq artisti (2007).
Həyatı Firuz Əliyev 1950-ci il iyunun 4-də Buzovna qəsəbəsində anadan olub. 1957-ci ildə 206 nömrəli məktəbədaxil olub, 1965-ci ildə 8-ci sinfi bitirib və həmin ildə indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb. bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində çalışır. Eyni zamanda "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. 2002-ci ildə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə: ABŞ-da, Kanadada, Fransada, Braziliyada, Yunanıstanda, Türkiyədə, İranda, Hollandiyada, Almaniyada, Avstraliyada, Macarıstanda, Rumuniyada, Belçikada və s. yerlərdə qastrolda olmuşdur. Dəfələrlə beynəlxalq müsabiqələrdə, festivallarda iştirak etmiş, laureat adına layiq görülmüşdür. Xarici ölkələrdə muğamlarımızdan ibarət kompakt-diski buraxılmışdır. Moskva şəhər Azərbaycan Təhsil Mədəniyyət Mərkəzi və Ümum-Rusiya Azərbaycan Konqresinin Moskva regional Bölməsinin təşəbbüsü və rəhbərliyi ilə, kamança ustası Mirnazim Əsədullayevlə, eyni zamanda Qorxmaz Axundov və Zaur Teymurbəyovla birlikdə münsiflər heyətinin üzvü olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan tarzənləri