Təbriz üsyanı və ya Təbriz məşrutəçilərinin üsyanı və mühasirəsi – məşrutəçilərlə Məhəmmədəli şah Qacar arasında Təbriz və Azərbaycan əyalətində baş verən qarşıdurma nəzərdə tutulur. Qarşıdurma "Kiçik İstibdad"ın və Milli Məclisin topa tutulmasından sonra başlamış və dolayı yolla Tehranın ələ keçirilməsinə, Məhəmmədəli şah Qacarın taxtdan endirilməsi ilə nəticələnmişdir. Məclisin topa 1287-ci ilin 2 tir tarixində topa tutulmasından sonra Tehran və digər bir çox şəhərlərdəki məşrutəçilər ya məğlub edildilər, ya qaçdılar, ya da həbs edildilər. Lakin Təbrizdəki məşrutəçilər Məhəmmədəli şahın tərəfdarlarına müqavimət göstərib, onların geri çəkilmələrinə nail oldular. Bu da ölkənin digər yerlərindəki məşrutəçilərin ümidlənməsinə və həvəslənməsinə yol açdı.
Təbrizdəki məşrutəçilər Azərbaycan Əyalət Əncüməni və Gizli Mərkəz formasında təşkilatmış halda və Qafqazdakı sosial-demokrat çevrələrlə əlaqə içində idilər. Buna görə də onlar silahlanmağın və təlim keçməyin zəruriyyətindən xəbərdar idilər. Beləliklə, münaqişə başlamamışdan əvvəl artıq Təbriz məşrutəçiləri tədarük görmüşdülər. İlk günlərdə şahçı qüvvələr uğurlu olmağı bacardılar və şəhərin böyük hissəsini ələ keçirdilər. Lakin Səttar xanın başçılığı altında Təbrizin Əmirxiz məhəlləsindəki mücahidlərin müqaviməti nəticəsində Rəhim xan Çələbiyanlının komandanlığındakı qüvvələrin məğlub edilməsinə yol açdı. Buna görə də məşrutəyə qarşı olanlar Təbrizdə İslam Şurası adlı təşkilat qurdular. Bu təşkilatın əsas məqsədi məşrutəçiləri xalqın gözündə din düşməni kimi göstərmək idi. Bununla da məşrutəçilər 1908-ci ilin avqust-sentyabr aylarında bütün Təbrizin idarəsini öz əllərinə almağı bacardılar. Məhəmmədəli şah Qacar Əbdülməcid Mirzə Qovanlı-Qacarın komandanlığı altında qüvvələr göndərdi və bu qüvvələr şəhəri mühasirəyə aldı. Əbdülməcid Mirzə şəhərə ərzaq və digər lazimi şeylərin girişini əngəllədi. Bu da şəhərdəki insanların və məşrutəçi döyüşçülərin aclıq və qıtlıqdan böyük əziyyət çəkmələrinə yol açdı. Rusiya öz vətəndaşlarının canını qorumaq bəhanəsi ilə İran ərazisinə girdi və məşrutəçilərin icazəsi ilə şəhərə daxil oldu. Ruslar ilk mərhələdə məşrutəçilərlə xoş davransa da, tədricən onları təzyiq və təqib etməyə başladı. Beləliklə aydın etdilər ki, Təbrizdən getmək fikirləri yoxdur. Nəticədə Təbrizdəki məşrutəçilərin bir qismi dağıdıldı, bir qismi qaçaq düşdü, bir qismi isə digər məşrutəçilərə qatılaraq Tehranın ələ keçirilməsində iştirak etdi.
Bu hadisə müxtəlif sahələrdə öz əksini tapmış, bu barədə incəsənət əsərləri yaradılmışdır. 1972-ci ildə Əli Hatəmi "Səttarxan" adlı film çəkmişdir. Təbrizdəki bu hadisələr zamanı rol oynamış hərbi və siyasi liderlərin büstləri Təbriz Məşrutə Muzeyində nümayiş etdirilməkdədir.
Zəmin
Təbrizdə Qacarlar dövründə Azərbaycan imperiyanın paytaxtından sonra ən mühüm əyalət hesab edilirdi. Fətəli şahın dövründən Məşrutə inqilabı dövrünə qədər bura vəliəhd şahzadəyə verilirdi. Buna görə də əyalətin mərkəzi olan Təbrizə "darülsəltənə" deyilməkdəydi. Təbriz ölkənin əhalisinə görə ikinci şəhəri idi. Bharierin bildirdiyinə görə burada 200 min, Bartoldun bildirdiyinə görə isə 240 min insan yaşamaqda idi. Bu sakinlər şəhərin əsas 16 məhəlləsində yaşamaqda idilər. Bu məhəllələr müəyyən kəsimdən olan insanların daha çox sakini olması ilə seçilirdi. Məsələn, Şeşgilan məhəlləsi dağa çox əsilzadə sinfinin, Xiyavan və Nobar məhəllələri tacirlərin, Qara Ağac və Leylabad isə sənətkarlar tərəfindən daha çox məskunlaşdırılmışdı. Dəvəçi məhəlləsi daha çox aşağı gəlirli insanların məskunlaşdığı məhəllə olsa da, burada da bəzi varlı tacirlər yaşamaqda idi. Təbriz böyük iqtisadi əhəmiyyətə malik idi və Osmanlı, Rusiya ilə geniş ticari əlaqələri vasitəsilə dünya bazarlarına çıxışa sahib idi. Məşrutə inqilbı ərəfəsində ölkənin ixracının 15 faizi, idaxılının isə 25 faizi bu şəhərdən keçməkdə idi. Təbriz tacirlərinin bəziləri Osmanlı və Rusiya imperiyalarına gedib-gəlməklə modernliklə tanış oldular və onlardan bir neçəsi intelektual fəaliyyətə də sahib oldu. Bundan sonra onlar qanuna və konstitusiyaya (məşrutəyə) əsaslanan siyasi sistem tələb etməyə başladılar. Bununla da Təbrizdə mütləqiyyətçi və məşrutəçi təbəqə formalaşdı. Bu təbəqələrin sırasına Seyid Həsən Tağızadə də daxil olmaqla bəzi ruhanilər, müəllimlər və tacirlər də daxil idilər. Təbrizdən Tehrana iki teleqraf xətti var idi. Bu teleqraf xətlərindən biri dövlətə, digəri isə Hind və Avropa şirkətinə məxsus idi. Buna görə də, Təbriz paytaxtdakı hadisələrdən çox sürətli xəbər tuturdu. Eyni zamanda İranın ilk modern məktəbi Təbriz şəhərində yaradılmış, Tehranda sonra jurnal ilk dəfə bu şəhərdə buraxılmışdı.
Məşrutə inqilabı ərəfəsində, İrandan, xüsusilə də Azərbaycan əyalətindən xeyli sayda insan Qafqaz mühacirət edərək orada işləyirdilər. Bu mühacirlər arasından xeyli insan 1905-ci il Birinci Rus inqilabından təsirlənmişdilər və radikal ideologiyalara meyillənmişdilər. Buna görə də, İran Azərbaycanında sosial-demokrat meyilləri çox populyar idi. Elə bu qüvvələr məşrutəçi qüvvələrin əsasını təşkil edən İctimaiyyun-Amiyyun, Azərbaycan Əyalət Əncümənini formalaşdırmışdılar. İctimaiyyun-Amiyyun partiyasının ilk üzvlərindən olmuş İsmayıl Əmirxizinin bildirdiyinə görə, partiya şəmsi 1285-ci ildə, yəni məşrutə barədə fərmanın verilməsi ilə təxminən eyni vaxtda yaradılmışdı. Partiyanın Təbriz şöbəsinin qurucuları sırasına Məhəmmədəli Tərbiyət, Əli Müsyö, Hacı Əli Davafuruş, Yusif Xəzdoz və Həsən Şərifzadə kimi şəxslər daxil idi. Onlar təşkilatı idarə etmək üçün xüsusi idarə formalaşdırdılar və onu Gizli Mərkəz adlandırdılar. Bu partiya əvvəldən fəaliyyətinin sonu olan 1288-ci ilə qədər çox gizli fəaliyyət göstərmişdir və buna görə də fəaliyyətinin tam olaraq nədən ibarət olduğu barədə az məlumat vardır. Lakin düşünülür ki, mərkəzin Bakıdakı sosial-demokratlarla yaxın əlaqələri mövcud olmuşdur.
Müzəffərəddin şah Qacarın vəliəhdi Məhəmmədəli Mirzə Təbrizdə sərt bir şəkildə hakimlik etməkdə idi. Cəzalandırma təhlükəsi insanların əsas qorxusuna çevrilmişdi və onlar hətta öz evlərində belə rahatlıqla danışa bilmirdilər. Məhəmmədəli Mirzə dini vacibatların yerinə yetirilməsinə xüsusi diqqət ayırır, Aşura mərasimləri təşkil etdirir, xeyli sayda dini-məzhəbi və dua kitablarını çap etdirirdi. Məşrutə inqilabı zamanı Məhəmmədəli Mirzə paytaxtda baş verən hadisələrin Azərbaycan əyalətinə sıçramasına icazə vermədi. Tehranda qarışıqlıqlar meydana çıxarkən Azərbaycan və onun mərkəzi Təbriz şəhəri siyasi baxımdan sakit idi. Təbrizdəki məşturəçilərin ümumi və ilk açıq addımı 1906-cı ilin yay sonlarında, sakinlərin Milli Məclisə yollayacaqları nümayəndələri seçən zaman oldu. Bu zaman hətta seçki nizamnaməsi belə Təbrizə göndərilməmişdi. Şəhərin gizli cəmiyyətləri insanlar ingilis konsulluğunda bəstə oturmağa dəvət etdilər və bu dəvət bir çoxları tərəfindən qəbul edildi. Qacar şahı sentyabr ayında Azərbaycan seçkilərin keçirilməsinə icazə verdi. Gizli Cəmiyyətdə toplanan Təbriz məşrutəçiləri seçkilərə nəzarət etmək üçün Azərbaycan Əyalət Əncüməni adlanan təşkilat formalaşdırdılar. Bu təşkilatın fəaliyyəti seçkilərdən sonra da davam etdirildi.
1906-cı ilin dekabrında Müzəfərəddin şah Qacar xəstələndi və buna görə də vəliəhd Məhəmmədəli Mirzə Təbrizdən Tehrana çağırıldı. Azərbaycan Əyalət Əncüməni bu fürsətdən yararlanaraq silahlı qruplar yaratmaq, onlara təlim keçmək üçün istifadə etdi. Bu qrup sonralar məşrutə mücahidləri adı ilə məşhurlaşdı. Azərbaycanda hakim dəyişikliyindən qaynaqlanan güc boşluğu əyalətdə təhlükəsizliyin, iqtisadi vəziyyətin pisləşməsinə yol açdı. Bu zaman bu qrup ortaya çıxaraq möhtəkiləri topladıqları taxılı insanlara satmağa məcbur etdilər. Eyni zamanda ərzaq qiymətləri də nəzarətə alındı və bahalaşmaya icazə verilmədi. Bunlar nəticəsində qrupa qatılanların sayı daha da artdı. Şəhərdəki natiqlərin çıxışlarında da insanlar bu qrupa qatılmağa təşviq edilirdilər.
Əvvəllər mücahidlər əsasən peşə sahibləri və kiçik ticarətçilərdən ibarət olsalar da, sonradan digər təbəqədən olan insanları da öz aralarına almağa başladılar. Bu zaman onların arasına lotular da daxil idi. Lotular və mücahidlərin ortaq cəhədi ədalət axtarma və məzlumları dəstəkləmi kimi xarakterik xüsusiyyətlər idi. Onlar əsasən qorxmaz olurdular və münaqişələrə girməkdən çəkinmirdilər. Bununla belə lotular arasında başda qanuna tabe olmamaq və intizamsızlıq da daxil olmaqla müəyyən problemlər var idi. Səttar xan da mücahidlərə qoşulan lotulardan biri idi. Mücahidlərə qoşulan dəstələrdən biri də Bakıda İctimaiyyun Firqəsinə qatılmış təbrizlilərdən ibarət idi. Tağızadənin sözlərinə görə, onlar Qafqaz döyüş paltarı geyindiklərinə görə "Qafqaz mücahidləri" adlandırırdılar. "Qafqaz mücahidləri" öz üzvlərini müstəqil formada toplayır və onlara təlim keçir, eyni zamanda da Gizli Mərkəzə tabe olmadığını bildirirdi. Bu mücahidlərin Bakıdakı sosialist mərkəzlərə bu qədər bağlı olması sonda Gizli Mərkəzin də onlara qarşı şübhə ilə yanaşmasına yol açdı. Təbrizli mücahid qruplar arasında mühafizəkarların da silahlı dəstəsi var idi və onlara Mir Haşim Təbrizi rəhbərlik edirdi. O, ümumilikdə həm Gizli Mərkəzə, həm də "Qafqaz mücahidləri"nə eyni gözlə baxırdı və hər ikisinin xaricilərdən asılı olduğunu düşünürdü. Zaamn keçdikdə bu silahlı qrupların arasındakı gərginlik gücləndi və onlar üz-üzər gəldilər, hətta bəzi hallarda bir-birləri ilə münaqişəyə də girdilər.
1907-ci ilin noyabr və dekabr ayları ərzində Məhəmmədəli şah Milli Məclisi buraxmaq üçün özünün ilk addımlarını atmağa başladı. Məşrutəçilərin onun bu istəklərində uğursuzluğa düçar etmələrinə və guya özünün də istəklərindən geri addım kimi görünməsinə baxmayaraq, gizlində məclisi dağıtmaq üçün hazırlıqlar aparırdı. Bu zaman məşrutə əleyhinə olan qüvvələrin gücləndiyi yerlərdən biri də Azərbaycan olmuşdu. Onların gördüyü işlərə ideologi və məhəlli fərqliliklərin təhrik edilməsi, məşrutəçilərə qarşı təbliğatın aparılması daxil idi. Bütün bunların nəticəsində məşturəçi silahlı qüvvələr arasında fərqliliklər daha da qabarıqlaşdı. Bu zaman ən önəmli toqquşmalardan biri 1908-ci ilin 17 yanvar tarixində Xiyaban məhəlləsindən olan və Mir Haşim Təbrizi ilə Bağır xanın rəhbərliyindəki mücahidlərlə Tüfəngçiyanın rəhbərliyindəki Səhrab məhəlləsindən olan mücahidlər arasında baş verdi. Döyüşlər iki həftə davam etdi və 20 nəfər yaralanması və ölməsi ilə nəticələndi. Azərbaycan Əyalət Əncüməninin vasitəçiliyi ilə bu toqquşmaya son qoyulsa da, bütün məhəllələrdən olan məşrutəçi rəhbərlər gələcək döyüşə hazırlaşmaq üçün adam toplamağa yönəldilər. 1286-cı ilin Esfənd ayının 5-də məşrutəyə qarşı olanlar İslam Əncümənini qurdular. Bu əncümənin gördüyü ən önəmli işlərdən biri təbliğat apararaq məşrutəçiləri dinsiz kimi göstərmək idi. Bu təbliğat insanlara təsir etdi və Təbrizdəki siyasi atmosferi daha da gərginləşdirdi.
Tehranda