Tahir İsrafil oğlu İsayev () — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı (1968).
Həyatı Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 28 aprel 1922-ci ildə anadan olmuşdur. Müharibə cəbhəsində Mozdokun ətrafındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş (1942) və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.
Döyüş yoldaşları "Serafino" adını ona atasının adına (İsrafil İsayev) uyğun olaraq vermişdilər. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Həmyerlimiz, leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirmişdir. O, İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan "Qaribaldi ulduzu", "Antonio Qramşi", "Banderi Kalori" ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşıdır. Tahir İsayev alman və italyan dillərini bilirdi.
1974-cü ildə çəkilən "Onun adı Serafino idi" filmi Tahir İsayevdən bəhs edir.
T. İsayev 2001-ci ildə vəfat etmiş və doğulduğu kənddə dəfn olunmuşdur.
Ev-muzeyi 2001-ci ildə öldükdən sonra Tahir İsayevin Şıxlı kəndində yaşadığı ev muzeyə çevrilmişdir. Bir müddət onun həyat yoldaşı Cəvahir İsayeva ona məxsus şəxsi əşyalarına qulluq etsə də, o da öldükdən sonra ev baxımsız və qəzalı vəziyyətə düşmüşdür. Tahir İsayevə aid orden və medallar Qazax Tarix-Diyarşünaslıq Muzeyində qorunur.
İstinadlar
Xarici keçidlər "Onun adı Serafino idi" (Его звали Серафино) İtaliya qəhrəmanı adına layiq görülən qazaxlı Serafino kimdir İtaliyanın "Serafino" ləqəbli azərbaycanlı qəhrəmanı / Belə belə İşlər
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Qazax rayonunda vəfat edənlər Kateqoriya:Qazax rayonunda dəfn olunanlar Kateqoriya:İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçıları Kateqoriya:SSRİ leytenantları Kateqoriya:SSRİ kəşfiyyatçıları