Teymur İbrahim oğlu Mirzəyev () — müğənni, "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (1993).

Həyatı T. İ. Mirzəyev 1936-cı ildə Ağdamda anadan olmuşdur. Anası Bella İlyinşina əslən yəhudi idi. Qardaşı Tofiq Mirzəyev də musiqiçi və aktyor idi. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirmişdir. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuşdur. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı "Qaya" ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin laureat adını qazanmışdır (I yer).

T. Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı ansamblın çıxışları geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilmişdir. Kollektivin böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunmuşdur. Estrada ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan T. Mirzəyev kollektivin bədii rəhbəri kimi eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirmişdir.

Kollektivlə birgə gözəl sənətkar milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində — Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.

O, eyni zamanda təcrübəli bir sənətkar kimi öz qayğısını gənclərdən əsirgəməmişdir. Klassik estrada, caz ifaçılığı məktəbinin yüksək ənənələri əsasında T. Mirzəyev bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsinə sərf etmişdir. Azərbaycan, rus, Qərbi-Avropa bəstəkarlarının əsərlərini və müxtəlif ölkələrin xalq mahnılarını yeni üslubda ifa etməklə az bir zamanda populyarlıq qazanmışdır.

Uzun müddət İsraildə yaşayan Teymur Mirzəyev 27 sentyabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.Xalq artisti Teymur Mirzəyev vəfat etdi (FOTO) . Qaynarinfo.az. 27.09.2021

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 yanvar 1978Respublikanın musiqi ifaçılığı sənəti xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1978-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 23 yanvar 1993

Filmoqrafiya Ürək... Ürək... (film, 1976) Əlvida, cənub şəhəri (film, 2006)

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ müğənniləri