Konsulyar tribun ( və ya Tribuni militum consulari potestate (Konsul hökmlü hərbi tribun)) — böyük ehtimalla erkən Roma Respublikası dövründə magistrat növü. Roma ənənəsinə görə, konsulluq səlahiyyətinə malik hərbi tribun kollegiyaları eramızdan əvvəl V və IV əsrlərdə "mülki təbəqələrin mübarizəsi" adlanan dövründə fəaliyyət göstərmişdir. Qədim tarixçi Livi iki izahat təklif etmişdir: Roma dövlətinin hərbi səylərini dəstəkləmək üçün daha çox magistrata ehtiyacı ola bilərdi; adi konsulluğa alternativ olaraq, plebeylərə konsulluq səlahiyyətinə malik hərbi tribun vəzifəsi təklif edildi ki, bu da patrisilərə konsulluq üzərində inhisarçılığı saxlamağa imkan verdi.

Müasir baxışlar müxtəlif səbəblərdən bu anlayışa şübhə ilə yanaşır. Heç bir konsulyar tribun döyüş zəfəri qazanmamış və bu dövrdə hərbi diktatorların təyinatı azalmamışdır. Bundan əlavə, seçilən konsulyar tribunların böyük əksəriyyəti patrisilərdən ibarət idi. Bəzi müasir akademiklər konsulyar tribunlarının Romanın İtaliyadakı genişlənmiş hərbi mövcudluğunu dəstəkləmək və ya dəstələrə və ordulara komandanlıq etmək üçün seçildiyinə inanırlar. Daha tənqidi baxımdan, konsulyar tribunlar sonrakı Roma tarixçilərinin ixtirasıdır, onun məqsədi respublikanın erkən dövründə bir neçə hərbi liderin təyin olunmasını izah etmək və eyni zamanda bu faktı iki nəfərdən ibarət daimi konsulluq ideyası ilə uzlaşdırmaq idi.

Adı Roma mənbələrində konsulyar tribunlara istinad etmək üçün müxtəlif adlar istifadə olunurdu. Tit Livi onları "tribuni militum" (əsgərlərin tribunları) və ya "tribuni militares" (hərbi tribunlar), "consulari potestate" (konsul hökmlü), həm də "tribunes pro consulibus" və ya "pro consules", eləcə də sadəcə "tribuni konsullar" (konsulyar tribunlar) adlandırırdı. İmperator Klavdi və Avl Gelli onları "tribunes consulari imperio" (imperi konsulluğu olan tribunlar) adlandırırdılar.

Ənənəvi versiya Roma ənənəsinə görə, eramızdan əvvəl 444-cü ildən başlayaraq konsulyar tribunlar konsullar əvəzinə ali magistrat vəzifəsinə seçilirdilər: bu, eramızdan əvvəl 444 və 367-ci illər arasında əlli bir seçkidə (halların 70%-də) baş vermiş və bu təcrübə eramızdan əvvəl 408 və 367-ci illər arasında daha tez-tez tətbiq edilmişdir. Livi aydınlıq gətirmək üçün iki izahat təklif edir: ya hərbi komandanlığa artan ehtiyac magistratların sayının artırılmasını tələb edirdi, ya da bu, mülki təbəqələrin mübarizəsi ilə əlaqəli siyasi bir hərəkət idi, bu müddət ərzində patrisilər plebeyləri konsulluğa buraxmır və bu vəzifəni tribunatla əvəz edirdilər.

Livi daha sonra bildirir ki, müəyyən bir il üçün kimin - konsulyar tribunlar və ya konsulların - seçiləcəyi ilə bağlı qərar Senatın fərmanı ilə qəbul olunmuş və bu, hansı növ magistratların seçiləcəyi ilə bağlı illik mübahisələrə səbəb olurdu. Konsulyar tribunların sayı üçdən altıya qədər dəyişirdi və onlar iki senzorun həmkarları hesab olunduqları üçün tarixi mənbələrdə bəzən "səkkiz tribun"un da adı çəkilir.

Əvvəlcə bu vəzifələri patrisilər tuturdular; onlar hərbi tribun titulunu daşıyırdılar və döyüşdə qoşunlara komandanlıq etməkdən məsul idilər. Yalnız xeyli sonra, respublikanın orta və son dövrlərində legionların zabitləri olan hərbi tribunlardan fərqləndirmək üçün onların titullarına "konsul hökmlü" kimi anakronik dəqiqləşdirmə əlavə edildi.

Konsulyar sələfləri kimi, tribunlar da konsulluq səlahiyyətinə ("potestas") malik idilər; bu, onların "comitia centuriata" tərəfindən seçilməli olduqlarını və köhnə konsulluq sisteminin artıq dövlətin təcili ehtiyaclarını ödəmədiyini göstərir. Əvvəlcə üç olan konsulyar tribunların sayı ilk dəfə eramızdan əvvəl 426-cı ildə Roma tərəfindən Fidenlər şəhərinin ələ keçirilməsi və ilhaqı zamanı yaranan hərbi vəziyyətə cavab olaraq dördə çatdırılmışdır.

Eramızdan əvvəl 405-ci ildə konsulyar tribunların sayı ilk dəfə altıya çatdırıldı; sonradan müxtəlif mənbələrə görə, seçkilərdə məhz altı belə tribun (konsullar əvəzinə) seçildi - müvafiq olaraq doqquz və dörd seçilən 380 və 376-cı illər istisna olmaqla. Bu say artımı konsulyar tribunların təkcə Romanın hərbi işləri ilə deyil, həm də şəhərin inzibati ehtiyacları ilə məşğul olması zərurətindən irəli gəlirdi. Demək olar ki, hər il Roma dövləti konsulluq səlahiyyətinə malik altı hərbi tribun tərəfindən idarə olunurdu, bu vəziyyət vəzifənin ləğvi, konsulluğun bərpası və Litsini-Seksti qanunlarının qəbul edilməsi nəticəsində preturanın yaradılmasına qədər davam etdi.

Müasir baxış ucaqları Erkən respublika tarixinin ənənəvi təfsiri ciddi tənqidlərə məruz qalmışdır: onun "mərhum Respublikanın ədəbi ixtirası" olduğu və o dövrün real hadisələrini yenidən qurmaq üçün az dəyərə malik olduğu iddia edildi. Xüsusilə konsulyar tribunlara gəldikdə isə, Livinin təqdim etdiyi ənənəvi versiya "əvvəlki tarixi ənənədə mövcud olmayan hadisələrdə siyasi motivləri görməyə meylli" olan bir salnaməçi Lisini Makra istinad etdiyini əks etdirə bilər. Bundan əlavə, salnaməçilərin Roma hərbi komandanlığının erkən tarixinə aid "mövcud dəlilləri erkən Roma hökumətinin quruluşu haqqında olan öz təsvirlərinə uyğunlaşdırmaq" istəyini əks etdirə bilər ki, bu da Romanın keçmişə anaxronizmlərə və tarixi faktların təhriflərinə məruz qalmasına dəlalət edir.

Livinin təqdim etdiyi xronologiya da şübhəlidir: “Yevtropinin qeydə aldığı ənənəyə görə, konsulyar tribunlar yalnız 389-cu ildə [e.ə.] vəzifəyə başlamışdılar.” Tarixçilər həmçinin ənənənin iki konsulyar tribununun seçilməsini "konsulların" seçilməsi ilə qarışdırıb-qarışdırmadığını (saylarındakı dəyişmələrə görə) da şübhə altına alırlar. Ümumilikdə, "şübhəli şəkildə bu [ənənəvi] izahlar sadəcə iki magistrat [konsulyar tribunat və konsulluq] arasındakı ən aşkar fərqlərdən irəli gələn düşüncələr" kimi görünür.

Hərbi ehtiyac Tədqiqatçılar həmçinin konsulyar tribunlar institutunun mülki təbəqələr arasındakı mübarizənin nəticəsi olaraq yarandığı nəzəriyyəsini də rədd etmişdilər: "Çox vaxt əvvəl [yəni 1924-cü ildə] Meyer Livinin bu institutun mülki təbəqələr arasındakı mübarizənin məhsulu olduğu iddiasını rədd etmiş və bunun əvəzinə hərbi liderlərin illik sayının artmasının səbəbinin patrisi ailələri arasında artan rəqabət olduğunu irəli sürmüşdür." Konsulyar tribunlar institutunun plebeylərə ən yüksək magistratata (fərqli ad altında olsa da) çıxış imkanı vermək üçün yaradılması ilə bağlı izahat da inandırıcı deyil, çünki seçilmiş plebeylərin sayı az idi və onların seçilməsi bu qurumun tarixinin son mərhələsində baş vermişdi.

Əslində, konsulyar tribun vəzifəsi yaradıldıqdan sonra, 43 il ərzində - eramızdan əvvəl 444-cü ildən 401-ci ilə qədər - vəzifəli şəxslərin siyahılarında ("fasti") bir dənə də olsun plebey tapılmır. Bəzi müasir elm adamları hesab edirlər ki, konsulyar tribunların seçilməsi Romanın artan hərbi və inzibati ehtiyaclarını əks etdirir: üç qədim tayfadan - ramnlar, titsilər və lutserlərdən seçilmiş bu tribunlar, döyüş effektivliyini artırmaq məqsədi ilə Roma dövlətinin hərbi strukturunun daha genişmiqyaslı yenidən qurulmasının bir hissəsi idi; bu yenidənqurma həmçinin senzor (hərbi xidmətə yararlı vətəndaşların sayını müəyyən etmək üçün siyahıyaalma aparmaqdan məsul idi) və kvestor (orduları vəsait və maddi resurslarla təmin etməkdən məsul idi) vəzifələrinin yaradılmasını da əhatə edirdi. Onların təyinatı Romanın mərkəzi İtaliyaya genişlənməsi ilə üst-üstə düşür; daha böyük konsulyar tribunlar kollegiyalarının seçilməsi hərbi zərurətdən irəli gələ bilər. Lakin bu izahat hərbi diktatorların təyin edilməsi, sülh dövründə konsulyar tribunların seçilməsi və onların ümumiyyətlə döyüş meydanında uğursuz çıxışları faktları ilə bir qədər uyğun gəlmir.

Özəl aristokratlar Son dövrlərdə bəzi müəlliflər iddia edirlər ki, konsulyar tribunlar öz müştərilərinə və xidmətçilərinə - bir növ özəl döyüş qüvvəsinə və ya basqın dəstəsinə - rəhbərlik edən aristokratlar ola biləcəyini irəli sürmüşlər; onların fikrincə bu Roma dövlətinin müharibələr üzrə öz inhisarını qurmasından əvvəlki dövrdə baş verə bilərdi. R. Ross Hollovey adları və əməlləri (real və ya uydurma) ailə ənənələri və qeydlərində qorunub saxlanılan fərdi hərbi liderlərin sonrakı tərtibçilər tərəfindən anakronik olaraq "tribunlar" (və ya konsullar) adlandırıldığını irəli sürür, çünki həmin tərtibçilər dövlət vəzifəsi ilə hərbi komandanlığın ayrılmaz şəkildə əlaqəli olduğu bir zamanədə yaşayırdılar.

Fred Droqula iddia edir ki, konsulyar tribunların və uydurma prokonsulluqların təsis edilməsi Livi və Dionisi (və ya onların mənbələri) kimi tarixçilər tərəfindən vəzifəli şəxslərin sayını onların daimi iki nəfərlik konsulluq anlayışı ilə uzlaşdırmaq üçün erkən respublika dövrünə aid edilmişdir. Erkən Roma tarixinin Yunan tarixi ilə sinxronluq əsasında qurulduğuna (məsələn, monarxiyanın süqutunun təxminən tiran Hippinin Afinadan qovulması ilə eyni vaxta - eramızdan əvvəl hardasa 509-cu ilə təsadüf edir) və konsulların sayının respublikanın güman edilən başlanğıcından bəri ötən illərin sayına uyğun gəlmədiyinə inanan Hollovey "konsulyar tribun" vəzifəsinin hər il dəyişən magistratların siyahılarındakı boşluqları doldurmaq üçün tətbiq olunduğuna inanır.

Konsulyar tribunlar institutunun eramızdan əvvəl 367-ci ildə patrisilər və plebeylər arasındakı mübarizə nəticəsində (Litsini-Seksti qanunlarının qəbulundan sonra) ləğv edildiyi nəzəriyyəsi də "şübhəsiz" rədd edilir; bunun əvəzinə, bu dəyişiklik Roma dövlət idarəçiliyinin artan ehtiyaclarının və hər il seçilən sabit sayda hərbi magistrat təmin etməyən əvvəlki sistemi əvəz edən hərbi komandanlığın institusionallaşdırılması zərurətinin nəticəsi kimi qəbul edilir.

İstinadlar

Mənbələr