Məmmədrəfi İsmayıl oğlu Məmmədov () — Sovet və Azərbaycan Respublikası hərbçisi, dövlət xadimi, Azərbaycan Respublikasının müdafiə naziri olmuş general-leytenant.
Həyatı Məmmədrəfi Məmmədov 1942-ci ilin 4 fevralında Quba şəhərində anadan olmuşdur. 1959-cu ildə Quba şəhərində orta məktəbi bitirdikdən sonra təhsilini Quba Kənd Təsərrüfatı Texnikumunda davam etdirmişdir.
Hərbi xidməti
Sovet Ordusu dövrü 1963-cü ilin noyabrında Sovet Ordusuna həqiqi hərbi xidmətə çağırılmışdır. Belarusun Brest şəhərindəki artilleriya alayında xidmət keçmişdir. 1967-ci ildə Tambov şəhərindəki artilleriya-texniki məktəbini bitirmiş və leytenant rütbəsi alaraq Almaniyadakı Sovet Qoşunları Qrupunda xidmətə başlamışdır. 1973-cü ildə baş leytenant Məmmədov Sankt-Peterburqdakı Maddi-Texniki Təminat və Nəqliyyat Hərbi Akademiyasına daxil olmuş, buranı bitirdikdən sonra mayor rütbəsində Ukrayna SSR ərazisində xidmətini davam etdirmişdir. 1979-cu ildə artıq Məmmədov polkovnik-leytenant idi. Sonradan diviziya komandirinin müavini vəzifəsinə qalxmışdır. 1983-cü ildə Əfqanıstan Demokratik Respublikası Silahlı Qüvvələrində korpus komandiri və məsləhətçi kimi ezam olunmuş, döyüş əməliyyatlarında iştirak etmişdir. 1986-cı ildə Leninqrad Hərbi Dairəsində ordu komandirinin müavini, 1989-cu ildə isə SSRİ Silahlı Qüvvələri Baş Qərargah Akademiyasının rəis müavini vəzifələrinə təyin edilmişdir. 1989-cu il noyabrın 1-də SSRİ Nazirlər Sovetinin qərarı ilə ona general-mayor rütbəsi verilmişdir.
Müstəqillik dövrü fəaliyyəti Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəyə dəvət edilmişdir. 2 sentyabr, 1993-cü ildə prezident Heydər Əliyev göstərişi ilə Məmmədrəfi Məmmədov müdafiə naziri vəzifəsinə təyin olunmuşdur. Məmmədrəfi Məmmədov nazir olduqdan sonra orduda islahatlar aparmağa başladı: 1993-cü il, 2 noyabr tarixi orduda islahatların başlanğıc tarixi hesab edilir. Həmin dövrdən etibarən struktur dəyişiklikləri, kadr təmizləmələri, vahid komandanlıq altında hərbi əməliyyatların planlaşdırılması, hərbi hissələrin elmi üsullarla idarə olunması, ordunun siyasi məsələlərdən uzaqlaşdırılması və sair işlər həyata keçirilməyə başlandı. Qısa müddət ərzində Ağdam və Füzuli rayonlarının bəzi yaşayış məntəqələri azad edilmişdir.
Məmmədov vəzifədə olarkən Azərbaycan Respublikasının fərmanı ilə ona general-leytenant rütbəsi verilmişdir. Ermənistanla 12 may, 1994-cü il atəşkəs müqaviləsinin imzalanması da Məmmədrəfi Məmmədovun müdafiə naziri olduğu dövrə təsadüf edir. Bişkek protokolunu imzalayanlardan biri də Məmmədrəfi Məmmədov olmuşdur. Müharibədən sonra o, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı himayəsi altında 3500 alman sülhməramlı qüvvələrini Qarabağa gətirmək üçün böyük təşəbbüs göstərmiş, lakin bu alınmamışdır.
1995-ci ilin 6 fevralında tutduğu vəzifədən azad edilmiş və yerinə Səfər Əbiyev təyin olunmuşdur.
Məmmədrəfi Məmmədov hazırda Rusiya Federasiyasında yaşayır.
Təltifləri SSRİ və beynəlxalq xidmətləri dövründə bir çox orden və medallarla təltif edilmişdir:
"SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni (III dərəcəli) "İgidliyə görə" ordeni (Əfqanıstan)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Azərbaycan general-leytenantları