Toğrul Fərman oğlu Nərimanbəyov () — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 345 nömrəli Sərəncamı

Onun əsərləri Fransada "Fransa qalereyası", Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-də "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.

Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.

O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italyan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir.

Həyatı Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. Onun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub. Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycana qayıdıb və Bakıda qubernator kimi fəaliyyət göstərib. Atası Fərman Nərimanbəyov AXC-nin xaricdə oxumağa göndərdiyi 40 tələbədən biri olub. O Tuluza Universitetinin mühəndis-elektrik ixtisasını bitirib. Fransada yaşayarkən İrma Lya Rude adlı dərzi bir xanımla ailə həyatı qurub. Toğrulun qardaşı Vidadi burada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır və tələbə yoldaşı elektrikləşmə naziri İslamzadənin köməyilə Mingəçevir SES-də işə düzəlir. Toğrul Nərimanbəyov həmin ərəfədə dünyaya gəlir. 1930-cu ilin sonlarında Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olarkən Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını vermişdir. left|thumb|Toğrul Nərimanbəyov, həyat yoldaşı və oğlu ilə Toğrul Nərimanbəyov 1946-cı ildə əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. 1955-ci ildə buradan məzun olur. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayır. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşür. 1961-ci ildə Toğrulun anası bəraət alıb Bakıya qayıdır. Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən vətəni Azərbaycana qayıdır.

1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayır. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilir və burada fərdi sərgilər açır. 1992-ci ildə Lüküsemburq şəhərinə köçür. 1992–1993-cü illərdə sənət həyatını burada davam etdirir. Burada bir neçə salonda sərgiləri keçilir və böyük rəğbət toplayır. 1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçür. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldan dövrlərindən biri hesab edilir.

Ailə həyatı Toğrul Nərimanbəyov iki dəfə ailə qurub. Onun ilk xanımı 1922-ci il doğumlu heykəltəraş Elmira Hüseynova olub. Bu evlilikdən Toğrul Nərimanbəyovun Əsmər adlı bir qızı dünyaya gəlib. Elmira Hüseynova 23 yanvar 1995-ci ildə dünyasını dəyişib. Görkəmli rəssam sonradan ikinci dəfə musiqiçi Sevil Nəcəfzadə ilə ailə həyatır qurur. Bu evlilikdən rəssamın bir oğlu doğulub: Fransua Nərimanbəyov. Oğlu Fransua atasının yolunu davam etdirərək rəssamlıqla məşğul olur.

Yaradıcılığı thumb|"Həyat naminə" adlı rəsm əsəri

İlk illəri Rəssamın yaradıcılığı abstraksionizm və fiquratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, həmçinin özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur.

Sovet İttifaqı dövründə rəssamın sənətini araşdıran sənətşünaslar həmişə Toğrul Nərimanbəyovu "novator" (novator) kimi qələmə verirdilər. Toğrul Nərimanbəyov yaradıcılığına 1950-ci illərdə başlayır. O bu barədə deyir: Mənim sənətə ilk gəldiyim illər çox qarma-qarışıq və təzadlı illər idi. Elə bir dövr idi ki, sənətdə sosialist realizmi kimi bir istiqamət böyük önəmə sahib idi. Üstəlik, rəssamlara "səyyar eksponentlər" kimi bir siyasi məsələni reallaşdırmaq tapşırığı verilmişdi. Bu istedadlı insanların bədii azadlığını məhdudlaşdırmaq, sosialist-realizm üslubunda yalnız şablon sənət əsərləri yaratmaq siyasəti idi.Nərimanbəyov yaradıcılığına yeni başlayanda onun bəzi əsərlərində Avropa və Rusiya incəsənətinin təsiri olmuşdur. Gözləri ənənəvi rəsmlərə öyrəşmiş Azərbaycan sənətsevərləri rəssamın fərqli bədii üslubunu birmənəlı qarşılamadılar.

Rəssam 1950-ci ildə Türkiyənin küçəsi adlı əsəri ilə Azərbaycan Dövlət Rəsm Sərgisinə qoşulur. Daha sonra 1953-cü ildə qardaşı Vidadi Nərimanbəyovu rəsm etdiyi "Qardaşımın portreti", "Venera gecələri" əsərlərini ərsəyə gətirir. O ən uğurlu rəsmlərindən biri olan "Yaylaqdan dönüş" əsərini 1954-cü ildə tamamlayır. Nərimanbəyovun 1955-ci ildə Litva İncəsənət Universitetinin rəssamlıq fakültəsində bitirmə dissertasiyası olan "Baltikyanı balıqçılar" əsəri rəssamın ilkin əsərləri sırasında ən qiymətli rəsm əsərlərindən biridir.

1955-ci ildə o vətəni Azərbaycana qayıdır. Bu dövrdə Azərbaycanda yaşayan rəssamların həyata və sənətə baxışlarında fərqliliklər var idi. Nərimanbəyov özünü həmişə müxtəlif cərəyanlarda müxtəlif qollarda sınayıb. O, rəngkarlığın müxtəlif sahələrində, xüsusilə mənzərə, portret və natürmortda çoxlu uğurlu əsərlər yaratmışdır.

Rəssam ilk mənzərə və natürmort əsərlərində "sərt üslub" sənətindən təsirlənmişdir. Onun bu istiqamətdə ərsəyə gətirdiyi ilk əsərləri "Bakıda bağ (qapı önü)" (1955), "Bayıl mənzərəsi" (1955), "Bakı günorta vaxtı" (1956) tablolarıdır. Onun 1963-cü ildə çəkdiyi "Ağaclar və qayalar" əsəri də bu istiqamətdə çəkilmiş mənzərə əsərlərindəndir. Bu yöndə çəkdiyi ilk natürmort əsərləri isə "Meyvələr", "Qabaqla natürmort", "Narlar və armudlar" əsərləridir.

Toğrulun ilk uğurlu əsərlərindən biri olan "Xəzərdə şəfəq" (1957) romantik üslubda çəkilmişdir. Cəsur neftçilərdən bəhs edən "Fırtınadan da güclü" (1960), "Xoşbəxtlik" (1961), "Sevinc" (1963), nasist həbsxanasının çətin şəraitini təsvir edən "Həyat üçün" (1963) tablolarında dramatizm və rəssamın fəlsəfi fikirləri diqqəti cəlb edir.

Nərimanbəyov 1961-ci ildə Polşa ekspedisiyası zamanı çəkdiyi "Polyak gənc qızın portreti", "Görüş", "Kafedə", "Krakov", "Polşa sirki" və s. əsərlərində ölkədə inkişaf edən şəhərlər, insanların həyatı, mənəvi dünyası, sevgi içində yaşayan sevgililəri, kafelərdə dincələn gəncləri təsvir etmişdir. Rəssam yaradıclılğının ilk dövrlərində diqqətəlayiq portretlər də çəkmişdir. Onun bu dövrdə "Türk şairi Nazim Hikmət" (1960), "Sürücü Məmmədağa" (1960), "Şair Rəsul Rza" (1964), "Səs sənətçisi Bülbül" (1964), "Şair Bəxtiyar Vahabzadə" (1965), kətan üzərinə yağlı boya ilə çəkdiyi "Siqaret çəkən Settar Bəhlulzadə" (1961) və "Rəssamın portreti" (1962) rəsmləri rəssamın çox dəyərli portret əsərlərindəndir.

1963-cü ildə "Ana" tablosunda Nərimanbəyov öz anası və atası sürgündə olarkən ona və qardaşına dayəlik edən polyak əsilli Anna Andreyevnanı təsvir etmişdir.

1960–1980-ci illər 250px|thumb|right|Osmanlı Sultanı II Bəyazidin elçiləri Şah İsmayıl Xətainin qəbulunda (1504). Azərbaycan Tarix Muzeyində saxlanılır. 1960–1980-ci illər Nərimanbəyovun sənətdə ustalıq dövri idi. Bu illərdə Sovet İttifaqında rəssamlıq özünün inkişaf dövrünü yaşayırdı. 1960-cı illərin ikinci yarısı həm də, yeni sənət cərəyanlarının ortaya çıxdığı illər hesab olunur. Bu dövrdə o, sənət axtarışlarını cəsarətlə davam etdirir. Nərimanbəyov, bu dövrə aid əsərlərində, xüsusən mənzərə və natürmortlarında Azərbaycan torpağının bərəkətli olması ideyasını əks etdirmişdir. O, yaxın dostu, Azərbaycanın digər məşhur rəssamı Səttar Bəhlulzadə ilə Azərbaycanın bölgələrini gəzmiş, "Göyçay bağlarında" (1965), "Bolluq" (1968), "Bərəkət" (1968) və s kimi əsərlərini bu səyahətlər nəticəsində meydana çıxmışdır. Nərimanbəyov mənzərə əsərlərində daha çox doğulduğu şəhər olan Bakını təsvir edib. Sənətinin orta dövrlərində kətan üzərində yağlı boya texnikası ilə "Köhnə Bakı" (1964), "Bakıda bahar" (1964), "Bakı" (1965), "Bakıda küləkli gün" (1977) tablolarını ərsəyə gətirmişdir. Nərimanbəyovun Bakıya, onun tarixinə və memarlığına bağlılığı rəssamın tablolarında daha çox köhnə şəhər mənzərələrinin təsviri formasında özünü göstərirdi.

Nərimanbəyovun mövzulu əsərlərində bolluq, yaxşı həyat ideyalarının ön plana çıxdığını görürük. O, vətəni Azərbaycanı, xalqının həyat tərzini, gündəlik məişətini, adət-ənənələrini təsvir etdiyi bir çox əsər yaratmışdır. Rəssamın xalq məişətindən təsirləndiyi bayramlar mövzusunda "Buzovna kəndində bayram" (1965), "Festival" (1982), bazar mövzusunda isə "Bakı ətrafı bazar" (1968), "Bakıda bazar" (1974), "Şəki bazarı", (1976) və "Payız bazarı" (1976) əsərlərində şərq bazarının səs-küylü mühiti, rəngarəngliyi təsvir edilmişdir.

Nərimanbəyov sənətinin bu dövründə portret əsərlərinə də böyük önəm vermişdir. Rəssamın portretlərinin ən mühüm xüsusiyyəti odur ki, çəkdiyi insanlarla əvvəlcə uzun müddət dostluq edər, onları tanıdıqdan sonra onların daxili aləmini, ideya və düşüncələrini müxtəlif cizgi və rənglərlə təsvir edərdi.

1960–80-ci illərdə rəssam, Azərbaycan yazıçıları, şairləri və rəssamları təsvir etdiyi "Şair Fikrət Qoca" (1966), "Yazıçı Anar" (1968), "Bəstəkar Emin Sabitoğlu" (1977), "Müğənni Yavər Kələntərli" (1977) və "Gürcü rəssamı Niko Pirosmani" (1966) və s. kimi portretlərini çəkmişdir. Toğrulun öz anası, fransız əsilli qadın İrma Lya Rudeni təsvir etdiyi "Anamın portreti" (1981) əsəri də rəssamın yaradıcılığında mühüm yer tutur. Rəssamın özünü təsvir etdiyi "Avtoportret" (1976) əsərində sənət axtarışında olduğunu anlamaq mümkündür.

Bu dövrdə Nərimanbəyov uşaqların portretlərini də çəkmişdir. Onun bu mövzuda uğurlu əsərləri "Gənc rəssam" (1965), "Tomik" (1969), "Günel" (1972), "Aysel" (1974), "Günay" (1975) və s əsərləridir. Öz qızını çəkdiyi "Yatmış Əsmər" (1964) və "Qız və natürmort" (1968) kompozisiyalarında balaca qız paklıq və bolluq rəmzi kimi təbiətin qoynunda, qızılgüllərin, çiçəklərin və meyvəli nar ağacının altında təsvir edilib.