Polistirol — stirol monomerinin polimerləşməsi nəticəsində alınan sintetik termoplast polimerdir. Onun təkrarlanan struktur vahidi [–CH2–CH(C6H5)–]n şəklində göstərilir. Polistirol şəffaf, sərt və şüşəyəbənzər görünüşə malik maddədir. O, ucuz və asan emal olunan böyükhəcmli plastiklərdən biri hesab olunur.
Alınması Polistirol əsasən stirolun radikal polimerləşməsi yolu ilə alınır. Sənayedə stirol, adətən, benzol və etilendən alınan etilbenzolun dehidrogenləşdirilməsi ilə istehsal olunur. Daha sonra stirol kütlə, suspenziya və ya emulsiya polimerləşməsi üsulları ilə polistirola çevrilir.
Polistirolun sənaye istehsalında alınma üsulu məhsulun son xassələrinə təsir göstərir. Məsələn, ümumi təyinatlı polistirol şəffaf və sərt olur, zərbəyə davamlı polistirol isə kauçuk fazası ilə modifikasiya edildiyi üçün daha davamlıdır.
Xassələri Polistirol yüksək sərtliyə, yaxşı dielektrik xassələrinə və aşağı rütubət udma qabiliyyətinə malikdir. O, asanlıqla rənglənir, qəliblənir və ekstruziya, presləmə, ştamplama kimi üsullarla emal olunur.
Polistirolun əsas çatışmazlıqları onun nisbətən kövrək olması, istiliyə davamlılığının məhdudluğu və ətraf mühitdə çətin parçalanmasıdır. Buna görə polistirol tullantılarının təkrar emalı və utilizasiyası mühüm ekoloji məsələ hesab olunur.
Növləri Polistirol müxtəlif formalarda istehsal olunur. Ən geniş yayılmış növlərinə aşağıdakılar daxildir: ümumi təyinatlı polistirol; zərbəyə davamlı polistirol; köpükləndirilmiş polistirol; ekstrüde polistirol; sindiotaktik polistirol.
thumb|Köpükləndirilmiş polistirol parçası
Köpükləndirilmiş polistirol yüngül, istilik izolyasiyaedici və zərbəni udan material kimi tanınır. Bu xüsusiyyətlərinə görə qablaşdırmada və tikinti izolyasiya materiallarında geniş istifadə olunur.
Tətbiqi Polistirol kütləvi plastik və köpüklü plastik şəklində istifadə olunur. Ondan qablaşdırma materialları, birdəfəlik qablar, laboratoriya ləvazimatları, məişət texnikası hissələri, elektronika korpusları, avtomobil detalları və istilik izolyasiya panelləri hazırlanır.
Tökmə sənayesində polistirol modellərin hazırlanmasında istifadə oluna bilər. Köpükləndirilmiş polistirol həmçinin yüngül doldurucu və izolyasiya materialı kimi tətbiq edilir.
Ətraf mühitə təsiri Polistirol bioloji parçalanmaya davamlı materialdır və təbiətdə uzun müddət qala bilər. Xüsusilə köpükləndirilmiş polistirolun yüngül olması onun ətraf mühitə yayılmasını asanlaşdırır. Bu səbəbdən polistirol tullantılarının mexaniki və kimyəvi təkrar emalı, həmçinin alternativ materialların tətbiqi üzrə tədqiqatlar aparılır.
İstinadlar
Ədəbiyyat Şükürov R. İ. Metalşünaslıq. Bakı: Çaşıoğlu, 2002. Scheirs, John; Priddy, Duane B. Modern Styrenic Polymers: Polystyrenes and Styrenic Copolymers. John Wiley & Sons, 2003.
Kateqoriya:Üzvi polimerlər Kateqoriya:Vinil polimerlər