Paytakaran (, Pʿaytakaran) — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Ərazisi əsasən aşağı Kür və Araz hövzəsi, Muğan düzü və Xəzər dənizinin cənub-qərb sahilləri ilə əlaqələndirilir; tarixi-coğrafi rekonstruksiyalar onun bəzi havarlarının Arazın cənubunda, İran Muğanı və Atropatenanın şimal ərazilərində yerləşdiyini göstərir.
Paytakaranın ərazisi antik müəlliflərin Kaspiana adlandırdıqları bölgə ilə əsasən üst-üstə düşürdü. Bölgə antik və erkən orta əsrlərdə Atropatena, Ermənistan, Qafqaz Albaniyası və Sasani imperiyasının siyasi sistemləri ilə müxtəlif dövrlərdə əlaqəli olmuşdur. Sonrakı mənbələrdə onun ərazisinin bir hissəsi Balasakan adı ilə də tanınırdı, lakin Kaspiana, Paytakaran və Balasakan tam eyni coğrafi və siyasi anlayışlar hesab edilmir.
"Paytakaran" həm tarixi əyalətin, həm də onunla əlaqəli eyniadlı şəhərin adı olmuşdur. V əsr erməni narrativ mənbələrində adın bir sıra erkən attestasiyaları məhz şəhərə aiddir; 12-13 havarlı tarixi əyalətin ən sistemli təsviri isə "Aşxaratsuyts"da qorunmuşdur.
Adı və etimologiyası
Adın klassik ermənicə forması qəd. erm. Փայտակարան (Pʿaytakaran)dır. Toponimin etimologiyası tam müəyyən edilməmişdir. Henrix Hübşman Paytakaran adını qədim erməni toponimiyası daxilində araşdırmış, lakin onu sadəcə ermənicə pʿayt ("ağac, odun") sözü ilə izah etməyin qənaətbəxş olmadığını göstərmişdir.
Anahit Perixanyan adın ikinci hissəsini İran mənşəli *karan- — "kənar, sahil, sərhəd, ölkə" komponenti ilə əlaqələndirmişdir. Bu izah Paytakaranın sərhəd və Xəzəryanı coğrafiyası ilə uyğunlaşdırılmışdır. Adın birinci komponentinin mənşəyi isə daha mübahisəlidir və onun kaspi etnonimi də daxil olmaqla müxtəlif İran formaları ilə əlaqələndirilməsi hipotez səviyyəsində qalır.
Azərbaycan tarixşünaslığında Sara Aşurbəyli adı "paytaxt" və "Aran" komponentləri ilə izah etmiş, Qiyasəddin Qeybullayev isə Paytakaran və Baylaqan/Beyləqan adları arasında etimoloji əlaqə axtarmışdır. Bu izahlar İran *karan- komponentinə əsaslanan etimologiyadan fərqlənən tarixşünaslıq hipotezləridir.
Mənbəşünaslıq
Paytakaranın tarixinin rekonstruksiyası müxtəlif dövrlərə aid və fərqli məqsədlərlə yazılmış mənbələrin müqayisəsinə əsaslanır. Antik müəlliflər "Paytakaran" deyil, əsasən Kaspiana adından istifadə edirlər. Strabon Kaspiananın I Artaşes və Zariadr tərəfindən midiyalılardan alındığını bildirir, başqa bir pasajda isə Kaspiananı Albaniyaya aid edir. Strabon bu iki siyasi vəziyyət arasındakı dəyişikliyin nə vaxt və necə baş verdiyini göstərmir.
IV əsr hadisələri haqqında məlumat verən Favstos Buzand Sanesan, Qriqoris və maskutlarla bağlı rəvayətləri qoruyur, lakin həmin epizodlarda Sanesanı Paytakaran hökmdarı adlandırmır. Muşeq Mamikonyanın yürüşü haqqında məlumatda isə mətn konkret olaraq — "Paytakaran şəhəri" ifadəsini işlədir. Buna görə həmin məlumat bütün sonrakı 12 havarlı əyalətə avtomatik şamil edilmir.
Movses Xorenatsi Sanesan rəvayətinin fərqli versiyasını verir və Sanatruku Paytakaran şəhəri ilə birbaşa əlaqələndirir. Sonrakı tarixşünaslıqda Sanesan və Sanatruk tez-tez eyniləşdirilsə də, bu identifikasiya mübahisəlidir.
Paytakaranın 12 havarlı tarixi əyalət kimi əsas mənbəyi "Aşxaratsuyts"dur. Əsərin uzun və qısa redaksiyaları mövcuddur. Əlyazma ənənəsində əsər Movses Xorenatsiyə aid edilsə də, müasir tədqiqatlarda VII əsr erməni elmi-coğrafi mühiti və Ananiya Şirakatsi ilə əlaqələndirilir; əsərin mövcud mətninin müəllifliyi və redaksiya tarixi isə daha mürəkkəb hesab edilir.
"Aşxaratsuyts"un 15 aşxarh sistemi əsərin tərtib və redaktə edildiyi dövrün aktual siyasi xəritəsi deyil. Buna görə Paytakaranın əsərdə Böyük Ermənistanın əyaləti kimi göstərilməsi onun VII əsrdə Ermənistanın faktiki inzibati vahidi olduğunu bildirmir. Eyni şəkildə 12 havar siyahısının e.ə. II əsrdən dəyişmədən mövcud olmuş inzibati sistem kimi qəbul edilməsi üçün mənbə yoxdur.
Sebeos və Gevond Paytakaranın sonrakı siyasi coğrafiyası üçün mühüm məlumatlar verir. Sebeosun məlumatlarında Paytakaran şəhəri Sasani inzibati sistemi və VII əsrdə I İraklinin yürüşləri kontekstində görünür. Gevond isə VIII əsrdə "Paytakaran ölkəsi"ni və Arazın cənubunda Atşi-Baqavan, Spandaran-Peroj və Ormizd-Peroj kimi qədim Paytakaran havarlarını qeyd edir. Bu məlumatlar "Paytakaran" anlayışının sərhədlərinin zamanla dəyişdiyini göstərir.
Paytakaranla qismən üst-üstə düşən Balasakan haqqında III əsrdən başlayaraq Sasani epiqrafik mənbələri mövcuddur. I Şapurun Kəbeyi-Zərdüşt kitabəsində və Kartirin kitabələrində Balasakan Albaniyadan ayrıca adla çəkilir.
Coğrafiya
Paytakaranın sərhədləri bütün tarixi dövrlər üçün sabit və dəqiq müəyyən edilmiş xətt kimi bərpa edilə bilmir. Bölgənin əsas coğrafi nüvəsi aşağı Kür və Araz hövzəsi, Muğan düzü və Xəzərin cənub-qərb sahilləri olmuşdur.
"Aşxaratsuyts" Paytakaranı Utinin şərqində, Araz boyunca yerləşdirir. Havarların tarixi-coğrafi rekonstruksiyası əyalətin yalnız Kür və Araz arasındakı düzənliklə məhdudlaşmadığını göstərir. Atşi-Baqavan, Spandaran-Peroj, Ormizd-Peroj və ehtimalla Alevan kimi havarların Arazın cənubunda yerləşməsi Paytakaran coğrafiyasının İran Muğanı və Şimali Atropatena istiqamətində uzandığını göstərir.
Şərqdə Xəzər dənizi bölgənin əsas təbii sərhədini təşkil edirdi. Bununla belə qədim Xəzər sahil xətti və aşağı Kür–Araz hidroqrafiyası müasir vəziyyətlə eyni olmamışdır. Holosen dövründə Xəzərin səviyyə dəyişmələri, Kür və Arazın məcralarının dəyişməsi və delta sisteminin inkişafı qədim coğrafiyanın müasir xəritəyə birbaşa köçürülməsini çətinləşdirir.
Paytakaranın qərb istiqamətində Uti ilə həmsərhəd olması "Aşxaratsuyts"un birbaşa məlumatıdır. Cənub və cənub-qərbdə isə Atropatena, İran Muğanı, müasir Qaradağ və Ərdəbilin şimalındakı ərazilərlə əlaqə görünür. Lakin Savalan və ya Talış dağlarını bütün dövrlər üçün dəyişməz Paytakaran sərhədi kimi göstərmək mümkün deyil.
Paytakaranın şimal sərhədi daha mübahisəlidir. Azərbaycan tarixşünaslığında Sara Aşurbəyli əyalətin sərhədlərini aşağı Kürdən cənub-şərqi Şirvan və Abşerona qədər genişləndirmişdir. Bununla belə 12 havarın mətn və coğrafi təhlili Abşeronun Paytakaranın tərkibində olmasını qəti şəkildə təsdiqləmir. Yotnporakian-Baqink və Atşi-Baqavanın Abşeronun od kultu mərkəzləri ilə eyniləşdirilməsi tarixşünaslıq hipotezi olaraq qalır.
Talış dağları antik Kaspiananın cənub coğrafiyasının müəyyənləşdirilməsində əhəmiyyət daşısa da, "Aşxaratsuyts"un Paytakaran havarları arasında ayrıca Talış vahidi yoxdur. Buna görə bütün Talış bölgəsinin Paytakaranın tərkibində olması müəyyən edilmiş fakt kimi qəbul edilmir.
Muğan düzü Paytakaranın coğrafi nüvələrindən biri olsa da, "Paytakaran" və "Muğan" anlayışları sinonim deyil. Tarixi Paytakaranın bəzi havarları Muğanın hüdudlarından cənub və qərbə uzanırdı; orta əsr Muğanının sərhədləri də qədim Paytakaranın sərhədləri ilə tam eyni deyildi.
İnzibati bölgü
"Aşxaratsuyts" Paytakaran haqqında — "on iki havarı vardır" ifadəsini işlədir. Bununla belə mətn ənənəsində mürəkkəb toponimlərin parçalanması səbəbindən bəzi nəşrlərdə ayrı-ayrı ad vahidlərinin sayı 12-dən çox görünür. Xüsusilə Atşi-Baqavanın komponentlərinin ayrı adlar kimi qəbul edilməsi 12/13 problemi yaradır. Gewondun Atşi-Bagavan formasında vahid toponim işlətməsi bu iki komponentin bir havar adı kimi qəbul edilməsini dəstəkləyir.
Mətn variantları və Robert H. Hyusenin müqayisəli tarixi-coğrafi rekonstruksiyası əsasında 12 havar aşağıdakı şəkildə göstərilə bilər:
+ Paytakaranın 12 havarı № Havar Qeyd 1 Hrakot-Peroj Paytakaran şəhərinin yerləşdiyi bölgə ilə əlaqələndirilir. Adın Peroj komponenti İran mənşəlidir. Pedram Jam havarın adını Sasani inzibati toponimikası ilə müqayisə etmişdir. 2 Vardanakert Mənbədə ayrıca havar kimi göstərilir. Tarixi-coğrafi rekonstruksiyalarda əsasən Arazın cənubundakı Muğanla əlaqələndirilir; dəqiq inzibati mərkəzi müəyyən edilməyib. 3 Yeotnporakian-Baqink Adın bagink komponenti klassik ermənicə bagin — "məbəd, qurbangah" sözü ilə əlaqəlidir. Dəqiq lokalizasiyası mübahisəlidir. 4 Kʻoekyan Mətn ənənəsində qorunan, lakin lokalizasiyası zəif müəyyən edilmiş havarlardandır. 5 Rot-i-Baqa Müxtəlif mətn və tədqiqatlarda adın variantları mövcuddur. Onun Baqanrotla münasibəti tarixşünaslıqda mübahisəli olmuşdur. 6 Baqanrot Əvvəlki ədəbiyyatda Baganrot və başqa variantlarla da işlənmişdir. Bolqarçay hövzəsi və ərəb mənbələrindəki bəzi toponimlərlə eyniləşdirilməsi hipotezdir. 7 Arospijan Bəzi mətn variantlarında qonşu Hani ilə ad bölgüsü problemli görünür. Müasir rekonstruksiyalarda yuxarı Viləşçay–Yardımlı və Ərus/Aros ətrafı ilə əlaqələndirilmişdir. 8 Hani Mənbədə ayrıca havar kimi göstərilir; dəqiq lokalizasiyası müəyyən edilməyib. 9 Atşi-Baqavan Bəzi mətn formalarında komponentləri ayrı görünsə də, Gevondun Atşi-Bagavan forması onun vahid toponim kimi qəbul edilməsini dəstəkləyir. VIII əsr coğrafi ardıcıllığı havarı Arazın cənubu ilə əlaqələndirir. 10 Spandaran-Peroj Tədqiqatçı Pedram Jam tərəfindən Sasani inzibati coğrafiyasında attestasiya olunan orta farsca Šahr-pādār-Pērōz ilə əlaqələndirilmişdir. Sasani bullaları həmin inzibati vahidin aparatının mövcudluğunu göstərir. 11 Ormizd-Peroj Ad İran mənşəli Ohrmazd/Hormizd və Pērōz komponentləri ilə əlaqəlidir. Gevondun məlumatı onun Arazın cənubundakı İran coğrafiyası ilə əlaqəsini göstərir. 12 Alevan Lokalizasiyası qəti müəyyən edilməyib. Tarixi-coğrafi rekonstruksiyalarda Arazın cənubundakı bölgələrlə əlaqələndirilir. Havarların mənbədə attestasiya olunması ilə onların müasir xəritədə lokalizasiyası eyni sübut səviyyəsinə malik deyil. Bir sıra lokalizasiyalar toponimlərin, narrativ mənbələrin və sonrakı coğrafiyanın müqayisəsinə əsaslanan rekonstruksiyalardır. Buna görə müəyyən arxeoloji abidənin ehtimal olunan havar ərazisində yerləşməsi həmin abidənin havarın inzibati mərkəzi olduğunu göstərmir.
Havar siyahısının bütün dövrlər üçün dəyişməz inzibati bölgünü əks etdirdiyi də məlum deyil. Hrakot-Peroj, Spandaran-Peroj və Ormizd-Peroj kimi İran və Sasani siyasi-inzibati mühiti ilə əlaqəli adlar siyahının müəyyən qatlarının son antik dövrün inzibati dəyişikliklərini əks etdirə biləcəyini göstərir.
Tarix Kaspiana və I Artaşes dövrü
Sonrakı Paytakaranın ərazisinin böyük hissəsi antik mənbələrdə Kaspiana adı ilə tanınırdı. Strabonun məlumatına görə, I Artaşes və Zariadr öz dövlətlərini qonşu ərazilər hesabına genişləndirərkən Kaspiana, Favnitida və Basoropedanı midiyalılardan almışdılar.
Strabon Albaniya haqqında başqa bir pasajda isə Kaspiananı artıq albanların ölkəsinə aid edir. Mənbə Kaspiananın Ermənistan hakimiyyətindən nə vaxt və hansı şəraitdə çıxdığını bildirmir. Hyusen bu keçidi II Tiqranın dövlətinin süqutundan və e.ə. I əsrin ortalarındakı siyasi dəyişikliklərdən sonrakı dövrlə əlaqələndirmişdir.
III–IV əsrlər
III əsrdə aşağı Kür–Araz və Muğan–Xəzər bölgəsi Sasani siyasi sisteminin təsir dairəsinə daxil oldu. I Şapurun III əsrin ortalarından sonrakı Kəbeyi-Zərdüşt kitabəsində Balasakan Albaniyadan ayrıca siyasi-coğrafi ad kimi göstərilir. Kartirin kitabələrində də Ermənistan, İberiya, Albaniya və Balasakan ayrıca adlarla çəkilir.
IV əsrin ilk yarısının Sanesan/Sanatruk hadisələri sonrakı tarixşünaslıqda Paytakaranla sıx əlaqələndirilsə də, ən erkən rəvayət daha mürəkkəbdir. Favstos Buzand Sanesanı maskutların hökmdarı adlandırır və Qriqorisin onun ölkəsində öldürülməsindən bəhs edir. Sanesan daha sonra müxtəlif qüvvələrdən ibarət ordu ilə Kür çayını keçərək Ermənistana yürüş edir. Favstos bu epizodda Sanesanı Paytakaran hökmdarı adlandırmır.
Movses Xorenatsinin sonrakı rəvayətində isə Sanatruk Paytakaran şəhərini ələ keçirən və Ermənistan taxtına iddia edən Arşaki kimi təqdim edilir. Sanesanla Sanatrukun eyniləşdirilməsi ənənəvi tarixşünaslıqda geniş yayılsa da, müasir tədqiqatlarda mübahisəlidir.